Venaların varikoz genişlənməsi

 

Bir sıra belə hallar ayağın kəsilməsinə, hətta ölümə də səbəb ola bilər

Ayaqlarda ağırlıq hissi və ya ağrı, ayaqların yorulması, ödemi, qıcolması (xüsusilə gecə qıcolmaları), venaların genişlənməsi, ayaqlarda damar toru və trofik pozğunluqlar ayaq dərisinin tündləşməsi və dərialtı piy toxumasının qalınlaşması artıq sizdə varikozun olduğundan xəbər verir.

Damar genişlənməsinə 20-30 faiz qadınlarda rast gəlinir. Bu xəstəliyə kişilərdə çox az təsadüf edilir.

Qan arteriya vasitəsilə ayaqlara gəlir və oradan sürətli axınla ürəyə gedir. Kiçik damarlara yaxınlaşdıqda qanın hərəkəti yavaşayır və sonra yenidən damara yığılaraq ürəyə axır. Damarlarda klapanlar var. Bu klapanlar qanın geriyə axmasının qarşısını alır. Damarların divarları isə hər zaman tonusda olur və bu qüvvə qanı ayaqdan ürəyə itələyir. Ayaqlarımızın əzələsi qanın yaxşı işləməsində az rol oynamır. Bunun üçün eyni bir qaydada duranda ayaqlarımızı komfortlu hiss etməməyimiz təsadüfi deyil.

Damarlarda varikoz genişlənməsi zamanı ayaqların əzələsi və damarlarımızın divarlarının tonusu çox aşağı olur. Qan ürəyə vurulmaqdansa klapanlar arasında durur. Bunun nəticəsində damarlar genişlənir, dərinin üzərinə çıxır və damarlar öz elastikliyini itirir. Bu da şişkinliyə, ayaqlarda ağrılara, hüceyrələrin normal qidalanmasına mane olur.

Varikoz çox zaman ayaqlarda olur, yoğun bağırsağın çıxışında rast gəlinən varikoz babasil (hemorroy), yumurtalıqda rast gəlinən varikoçele adlanır. Varikoz genişlənməyə səbəb, bir çox xəstəliklərdə olduğu kimi, artıq çəki problemi ola bilər. Varikoz bəzən ürək xəstəliklərinin də xəbərçisi olur. Varikoz genişlənmə damarların uzanması və diametrinin artması deməkdir. Bədənin hər hansı bir hissəsində əmələ gələ bilər. Ancaq bədəndə ən çox təzyiq ayaqlara düşdüyü üçün varikozun ən çox göründüyü yerlər də ayaqlar olur.

Varikozun meydana gəlməyində təsirli olan bir çox faktor var: artıq çəki, hamiləlikdə yaşanan hormon dəyişməsi, estrogenli dərman istifadəsi, uzun müddət oturaq iş, uzun müddət ayaqüstü qalmaq, idmansız həyat, siqaret, spirt və yaşlılıq.

İşdə bütün günü ayaq üstündə duran və uzun müddət kompyüter və ya sükan arxasında vaxt keçirən şəxslərdə aşağı ətraf venalarının varikoz genəlməsi riski daha yüksəkdir. Bu, oturaq vəziyyətdə venaların sıxılması və buradan keçən qan cərəyanının ləngiməsi ilə əlaqədardır. Məhz bu hal aşağı ətraf venalarının varikoz genəlməsinə təkan verir.

Venaların vəzifəsi hüceyrə və orqanlardan gələn istifadə edilmiş qanı təkrar oksigenlə zənginləşmək üçün geri ağciyərlərə qaytarmaqdır. Nazik venalar qanı ürək və ağciyərlərə doğru itələmək iqtidarında deyil və bunun üçün aşağıdakı sistemlər onlara kömək edir:

1. Venaların daxili qişalarının çıxıntısı olan venoz klapanlar birtərəfli hərəkətin təmin edilməsi üçün tənzimləyici rolunu oynayır. Onların adekvat işi sayəsində qanın geriyə hərəkəti mümkün deyildir. Klapanlar Yerin cazibə qüvvəsinin əksi istiqamətində qanı kifayət qədər yüksək məsafəyə qaldırmalı olduqlarına görə təbiət tərəfindən üçqat venoz sistem düşünülmüşdür. Bunun sayəsində yük orqanizmin venoz sistemləri arasında paylanır.

2. Əzələ nasosu. Venaların əzələ qişası yaxşı inkişaf etməmişdir, ona görə də qanın ürək və ağciyərlərə qovulmasına skelet əzələləri kömək edir. Onlar, yığılaraq venaları sıxır və qan orqanlara ötürülür. Əzələ pompası və klapanların işinin pozulması dərin venaların üzərinə düşən yükü artırır. Artan yükə davam gətirə bilməyən dərin venalara aparıcı rolu dərialtı venalara ötürür ki, bunun nəticəsində də sonuncular tədricən genişlənir və venaların varikoz xəstəliyini provokasiya edir.

Belə çıxır ki, aşağı ətrafların varikozu xroniki xəstəlik olub, venaların diametrinin artması, burada qan durğunluğu, vena divarlarının nazikləşməsi və düyünlərin əmələ gəlməsi ilə xarakterizə olunur. Aşağı ətraf venalarının varikoz genişlənməsi zamanı zədələnmiş venalar dəridən görünür.

Qeyd edilən simptomlardan hətta birinin olması hər hansı venoz patologiyadan xəbər verə bilər. Ola bilsin ki, bu hal hələ xəstəlik vəziyyətinə keçməmişdir. Venoz pozğunluqların ən erkən mərhələlərdə qarşısının alınması sonradan ağrı və ya fəsadlaşma riskindən azad olmaq üçün bütün ömrü boyu həkim təlimatlarına riayət etməkdən xeyli asandır.

Hamiləlik, ardıcıl olaraq qorunmaq üçün həblərdən istifadə etmək və hormonal faktorlar varikozun qadınlarda daha çox olmasına səbəb olur. Genetika da varikozun meydana gəlməsinə böyük təsir edir. Anasında varikoz olan qadınlarda bu xəstəliyin olması riski var. Diametri 1-3 mm arasında olan varikoz genişlənmə birinci dərəcəlidir. Birinci dərəcədə varikoz xaricdən elə də nəzərə çarpmaz, ağrı və sızıltı çox az olar. İkinci dərəcə varikozda damarın diametri 4-5 mm olur, ayaqda nəzərə çarpar, daha şiddətli ağrı və şikayətlənmələrə səbəb olur. Üçüncü dərəcə varikozda ayaqda şişmə başlayar, sağ ayağın diametri 20 sm olsa, sol ayağın diametri 25 santimetr ola bilər. Üçüncü dərəcə varikozda ağrı şikayəti daha çox olur. Ayaqqabı geyə bilmək çətinliyi başlayır. Dördüncü dərəcəli varikozda topuq hissədə dərinin rəngi qaraya çalar. Sonuncu dərəcəyə gəlmiş varikoz topuqda yaralara səbəb olur. Ən sadə varikoz qılça varikozudur. Ən ciddi varikoz isə topuq ətrafında yaraya səbəb olan varikozdur.

Varikozdan xilas olmaq üçün, erkən diaqnozun mühüm əhəmiyyəti vardır. Kiçik damarların dəri üzərində ulduzcuqlar kimi olması, damarların kobud şəkildə çıxması, şişkinlik — varikozun əlamətləridir. Həmçinin ayaqlarda ağırlıq və ağrı, əzələnin yığılması, göynəmə, qaşınma, diskomfort artıq bir siqnaldır.

Varikozun ən gözəl proflaktikası hərəkətli həyat sürmək obrazıdır. Qaçmaq, velosiped sürmək, üzgüçülüklə məşğul olmaq, hündür mərtəbəli binalara piləkənlərlə qalxmaq varikozun qarşısını alır. Həkimlər artıq çəkinin əmələ gəlməməsinə diqqət etməyi tövsiyyə edir. Artıq çəki varikozun əmələ gəlmə səbəblərindən biridir. Bu siyahıya qəbzliyi də əlavə etmək olar. Xroniki qəbz çanağa olan təzyiqi artırır və bu da damarlara mənfi təsir göstərir.

Ayaqların masaji yalnız həkimin göstərişinə görə olmalıdır.

Hər gün 1,5 litir maye içmək məsləhətdir. Mayenin azlığı qanın qatılaşmasına səbəb olur və bu da hərəkəti zəiflədir.

Ağır fiziki işdən və yükdən qaçmaq lazımdır.

Statistika göstərir ki, xəstəlik illər keçdikcə «cavanlaşmağa» meyl edir. Başlanğıc mərhələlərdə venaların varikoz genişlənməsi xəstə üçün heç bir narahatlıq törətməyə bilər, lakin zaman keçdikcə ödemlər, damar ulduzcuqları, əzələlərdə qıcolmalar və ağrılar şəklində ilk xoşagəlməz əlamətlər meydana çıxır. Əgər varikozun profilaktika və müalicəsi vaxtında aparılmazsa, ayaqlarda gözlə görünən vena düyünləri formalaşmağa başlayır.

Varikoz xəstəliyinin ilk əlamətləri yaranan zaman onun daha da inkişaf etməsinin qarşısını almaq üçün sadə qaydalara riayət etmək lazımdır.

1. Varikoz xəstələrinə qaynar vannalar, saunalar, günəş altında qalmaq əks-göstərişdir. Yüksək temperatur venaların tonusunu azaldır və qan durğunluğuna təkan verir;

2. Hipodinamiya ilə mübarizə. Müntəzəm fiziki məşğələlərin köməyi ilə qan dövranını yaxşılaşdırmaq və venaları möhkəmləndirmək olar. Bu məqsədlə üzmək, fitnes, çox sürətli olmayan qaçış göstərişdir;

3. Oturma zamanı ayaqların biri digərinin üzərinə atılmamalıdır, çünki bu zaman venalar sıxılır və qan dövranı pisləşir;

4. Artıq çəki ilə mübarizə. Artıq çəkili şəxslərdə qanın həcmi, eləcə də, ayaqlara düşən yük artır, bu faktorların cəmi isə venaların varikoz genişlənməsinə aparıb çıxarır;

5. Rezini möhkəm corablar və sıx ayaqqabı, eləcə də hündür dabanlı ayaqqabı geymək olmaz;

6. Oturma və ya durma vəziyyətində çox qalmayın, yükü növbələşdirin;

7. Səhərlər ayaqlar üçün gimnastika və yüngül masaj edin

8. Ot və qum üstündə daha çox ayaqyalın gəzin;

9. Tünd çay və qəhvə içməyin;

10. Televizora baxarkən və ya kitab oxuyarkən ayaqlarınızı başınızdan daha hündür səviyyədə saxlayın. Bunun üçün yastıq və ya ədyaldan düzəldilmiş yumaqcıqdan istifadə etmək olar.

Həkimlərin bildirdiyinə görə, venaların varikoz genişlənməsi təkcə xəstənin həyat keyfiyyətini azaltmayıb, həm də letal (ölüm) nəticələrə səbəb ola bilər. Məhz bu səbəbdən də xəstəliyin dərinləşməsinə imkan verməməli və ilk əlamətləri meydana çıxdığı zaman həkimə müraciət olunmalıdır.

Aşağı ətraf venalarının varikozu zamanı cərrahi müdaxilə heç də hər xəstə üzərində aparıla bilməz. Hazırda nisbətən təhlükəsiz və effektiv üsul skleroterapiya hesab edilir. Skleroterapiya qeyri-invaziv üsuldur və bu zaman zədələnmiş venaya xüsusi preparat yeridilir. Dərman vasitəsi venanın üst qatını dağıdır və onun yapışmasına səbəb olur. 1,5 il ərzində yapışmış vena sorulur və onun nəqliyyat funksiyası sağlam venalara ötürülür. Preparat həkim tərəfindən, aparılmış müayinələr əsasında və hər bir konkret xəstənin vəziyyətindən asıl olaraq seçilir. Effektin əldə olunması üçün 3-6 seans tələb olunur. Nəticə 2-8 həftədən sonra görünür.

Bir sıra hallarda həkim-fleboloq əməliyyat tövsiyə edir. Bundan qorxmaq lazım deyil, çünki hazırda çoxlu sayda bənzər əməliyyatlar icra olunmaqdadır və əməliyyatdan sonrakı ağırlaşmalara çox nadir hallarda təsadüf edilir. Əfuslar olsun ki, qadınların əksəriyyəti üçün varikoz xəstəliyi kosmetik problem kimi qəbul edilir. Ona görə də varikoz xəstəliyinə məruz qalanlar tibbi xidmət almaq üçün, əsasən xəstəliyin gecikmiş formalarında müraciət edirlər. Ancaq az adam bilir ki, varikoz xəstəliyini vaxtında düzgün müalicə etmədikdə, çox ağır, hətta həyat üçün təhlükəli olan fəsadlar verə bilər. Belə təhlükəli fəsadlardan biri venoz trombozdur. Tromboz zamanı venanın mənfəzində qan laxtası (tromb) əmələ gəlir. İri vena zədələndiyi halda bu, zədələnmiş sahədə qan dövranının demək olar ki, tam şəkildə tutulmasına, nəticədə isə ətrafın venoz qanqrenasına (ölüb getməsinə) səbəb ola bilər. Bir sıra belə hallarda ətrafı amputasiya (kəsmək) etmək lazım gəlir. Dərin venaların trombozu zamanı, tromb venanın divarından qoparaq, qan axını ilə ağ ciyər arteriyasına daxil olaraq onun müəyyən bir hissəsini qapaya bilər. Nəticədə isə ürəyin öz fəaliyyətini dayandırması səbəbindən ölüm də baş verə bilər. Həkimlər xəstələrə həm də qidalanmalarına nəzarət etməyi və sağlam həyat tərzi sürməyi tövsiyə edirlər.

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2013.- 19 noyabr.- S.13.