Nuru Paşa-böyük türk birliyini qoruyan kişi

 

Fazil Mustafa: «Bakının işğaldan azad olunmasının, Azərbaycanın millət və dövlət olaraq xilasının 95 illiyi bu torpağın üzərində addımlayan insanlar üçün bir minnətdarlıq dərsi olacaqmı

Arzu Şirinova

Millət vəkili Fazil Mustafa maraqlı, həm də hər birimizin əməl etməli olduğumuz bir məsələyə toxunub. Fazil bəy deyir:»Bu il 15 sentyabr bazar gününə düşdüyündən dərslər başlamayacaq. Ancaq bu ilin 15 sentyabrında Azərbaycan vətandaşları üçün nə zamansa ağır imtahanla üz-üzə qalacaqları bir dərs başlayır. Bakının işğaldan azad olunmasının, Azərbaycanın millət və dövlət olaraq xilasının 95 illiyi bu torpağın üzərində addımlayan insanlar üçün bir minnətdarlıq dərsi olacaqmı? Bir cüt qərənfillə ziyarət etmək imkanı olmasa da, evinin bir küncündə qəlbində, dilində Huru Paşanın, Türk əsgərinin ruhuna bir salam göndərəcəkmi bu məmləkətin insanı?»

Huru Paşa kimdir? Nağı bəy Şeyxzamanlının xatiratında onun kimliyi Gəncədə qarşılanma törənində çox gözəl əksini tapıb: «Camaat şəhər mərkəzinə yığılmışdı. Dövlət idarələri, məktəblər tətil etmiş, şagirdlər dəstə halında düzülmüşdülər. Müharibə vaxtı rusların işğal etdikləri Türkiyənin şərq vilayətlərindən toplanaraq «Cəmiyyəti-xeyriyyə» tərəfindən Azərbaycanın hər bir şəhərindən uşaq evlərinə yerləşdirilmiş sahibsiz uşaqlar da dəstə şəklində meydanda idilər. Sevincdən hər kəsin gözləri yaşarmışdı. Millət nicat yolunu Gəncədə görürdü. Türk əsgərləri Gəncədə Azərbaycan dilinə oxşar şirin ləhcədə danışır, onlara hörmətlə yanaşırdılar. Sanki bu ordu zəfər üçün yaranmış və Azərbaycana zəfər üçün gəlmişdi. Bütün təhdidlərə, təzyiqlərə baxmadan qan və can qardaşlarını qorumaq, daşnak qüvvələrindən qurtarmaq üçün çalışırdı».

Azərbaycan Cümhuriyyətinin yaradıcılarından olan Məhəmməd Əmin Rəsulzadə isə deyirdi: «»Gəncə Nuru Paşanı göydən enmiş mələk kimi qiymətləndirirdi. Xalqın kəndisinə yapdığı istiqbal Gəncə tarixində görünməmişdi». Qafqaz İslam Ordusunun sayı, hərbi sursatı, təyinatı barədə istefada olan polkovnik Rüştü bəy «Bakı yollarında» əsərində müfəssəl məlumatlar verərək ordunun Gəncəyə iki qrup halında girdiyini yazır. Birinci qrupda 147 zabit, 2812 əsgər, digərində isə 110 zabit və 2763 əsgər olan ordunun dislokasiyası, komplektləşdirilməsi işini Nuru Paşa sürətlə həyata keçirməyə başladı. Beləliklə, Zaqafqaziya kommissarlığının Müsəlman Korpusu və könüllülər də Türk ordusu ilə çiyin-çiyinə döyüş hazırlığına başladı. Düşmən qüvvələrinə nisbətdə sərəncamında olan əsgəri heyətin say azlığı, sursat və texnikanın yetərincə olmaması Nuru Paşını qayğılandırmaya bilməzdi. O, general Şıxlınskinin qısa vaxt ərzində formalaşdırdığı Müsəlman Korpusundakı vəziyyətdən mütəəssir olaraq belə nəticəyə gəldi ki, Bakının bolşeviklərdən azad olunması planı bu qüvvələrlə mümkün olmayacaq.

xxx

Nuru Paşa Türkiyənin hərbi naziri, qardaşı Ənvər Paşaya təcili məktub göndərərək yazırdı: «Bolşeviklər Quzey Qafqazı tamamilə ələ keçirmək üzrədirlər, hər yerdə ermənilərin təcavüzü artmaqdadır. Bakı sürətlə zəbt edilməsə, burada duruş təhlükəli olacaq. Müsəlmanların təşkil etdikləri korpusda əsgərdən çox zabit var. Korpusun min nəfər şəxsi heyəti var, onların da yarısı əsir türklərdir». Ordunun sıxıntılarını azaltmaq, düşmən qüvvələrilə nisbətdə üstünlük yaratmaq üçün Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Milli hökumət bir sıra tədbirlər həyata keçirməyə başladı. Hərbi çağırış haqqında qərar qəbul edilərək 19 yaşına çatmış oğlanlar səfərbərliyə alındı. Əldə olunan razılaşmaya əsasən ordunun ərzaq baxımından təminatı milli hökumətin üzərində idi və bu iş əzmlə görülürdü. Gəncə və ətraf bölgələrdən olan könüllülər cəlb olunur, əhali bu işdə fəallıq göstərirdi. Nuru Paşanın göstərişi ilə 100 nəfər gəncin zabit kimi yetişməsi işinə təcrübəli türk hərbçiləri cəlb edildi. Qafqaz İslam Ordusunun gəlişiylə Gəncədə sakitlik hökm sürdü və şəhərin qərbində, dağlıq hissəsində yerləşən ermənilər türklərin itaət tələbinə hərbi güc nümayişi ilə cavab verdilər. Azərbaycanın hər tərəfində olduğu kimi, ermənilərin terror hərəkətləri Gəncədə də davam etdirilir, yerli türk əhalisi qətllərə məruz qalırdı. İtaət tələblərini top atəşilə cavablandıran ermənilər Nuru Paşanın qan tökülməməsi istəyini qəbul etmir, silahlarını təhvil verməyərək müqavimət göstərirdilər. Vəziyyət o yerə çatmışdı ki, 15 türk əsgərini parçalayaraq qətlə yetirmişdilər. Səbri tükənmiş Nuru Paşa mayor Zeyni bəyin və Cəmil Cahidin alaylarını döyüş vəziyyətinə gətirərək erməni məhəllələrini mühasirəyə aldı. Qafqaz İslam Ordusu komandanı bu dəfə ermənilərə müqavimətin yersiz olduğunu göstərmək üçün onlara məktubla müraciət etdi. Onların mal və toxunulmazlığının türk ordusu tərəfindən qorunacağını bəyanladı. Mühasirə həlqəsinin daraldığını görən ermənilər iyunun 12-də müqavimətin mənasız olduğunu dərk edərək silahlarını təhvil verdilər. Törətdikləri terror və soyqırımı hərəkətləri, Azərbaycan türklərinə yaşatdıqları faciələrə əvəz kimi ermənilərdən intiqam alınmadı. Lakin Azərbaycan ingilis qoşunları tərəfindən zəbt olunduqdan sonra Nuru Paşanı guya erməni soyqırımı həyata keçirdiyinə görə Batumda həbs edirlər. Bu barədə Nağı bəy Şeyxzamanlı yazırdı: «Gəncə ermənilərindən bir arayış almaq lazım idi ki, Nuru Paşanın Gəncəyə gəlişindən heç bir pislik etmədiyi kimi, erməniləri mühasirədən qurtarıb hürr verdiyini, həyatlarını təhlükəsizlik altına aldığını, bu yaxşılığa qarşı ermənilərin bir heyət göndərərək Nuru Paşaya təşəkkür etdiklərini isbatlamsı mümkün olsun. Arayışın alınması üçün Gəncənin irəli gələnləri ilə bərabər Erməni Milli Şurasına müraciət etdim. Arayışı alacağıma qəti şəkildə inanıram. Ermənilər xahiş etdilər və dedilər: «Biz uşaq deyilik, çox yaxşı bilirdik ki, onun bizə pislik etməməsi məqsədli idi. Nuru Paşa çox yaxşı bilirdi ki, Gəncədə erməni qırğını törədilsəydi, Bakının tutulması vaxtı orada bir nəfər belə türk qalmayacaqdı».

xxx

Lakin buna baxmayaraq Azərbaycanın istiqlal savaşının türk qəhrəmanının Tiflis həbsxanasından qaçırılma planı üzərində düşünülür. Batumda Hopa bəyləri ilə əlaqə qurub 200 min manat müqabilində basqın təşkil edərək Nuru Paşanı həbsxanadan qurtarıb Bakıya gətirirlər. Milli Şura Gəncəyə köçsə də, bura əlverişli deyildi. Çox mürəkkəb tarixi şəraitdə Tiflisdə fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və Fətəli Xan Xoyskinin rəhbərliyilə formalaşan hökumət bütün hazırlıq işlərini gördükdən sonra 1918-ci il iyun ayının 16-da Gəncəyə köçür. Lakin Milli Şura və hökumət burada əlverişli iş şəraiti tapa bilmədi. Rus-erməni birləşmələrinin Bakıda törətdikləri qırğınlardan qaçıb gəlmiş milli burjua nümayəndələri, zadəganlar, Azərbaycanın Osmanlı dövlətiylə birləşməsini istəməyən qüvvələr Milli hökumətə qarşı təbliğat aparır, onların fəaliyyət imkanlarını məhdudlaşdırmağa çalışırdılar. Əmiryanın komandanlıq etdiyi bolşevik qoşunlarına qarşı Göyçay, Ağsu, Kürdəmir hərblərində uğurlar əldə etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Gəncədə artıq real hakimiyyətə sahib idi. Osmanlı dövləti ilə Batumda bağladığı «Dostluq» müqaviləsinin 4-cü bəndinə görə, Azərbaycan Xalq Cümhuriyyətinə qarşı yerli mülkədar burjua dairələrinin apardığı təbliğat Nuru Paşaya və ətrafına da təsir etdi. Milli hökumətin həddən artıq demokratik istiqamətindən narazı olan qüvvələr Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsi fikrini irəli sürür, Nuru Paşanın bu istiqamətdə AXC liderlərinə təzyiq etməsini istəyirdilər. Türkiyənin hərbi naziri Ənvər Paşanın ilhaq məsələsində mövqeyi Milli hökumətə bəlliydi. Hətta Hacınski çıxışlarının birində Ənvər Paşanın mövqeyini belə əsaslandırmışdı:

«Zaqafqaziyanın üç başlıca hissəsi olan Azərbaycan, Gürcüstan və Ermənistanın başda ümumi Zaqafqaziya Seymi olmaqla Türkiyə ilə sıx ittifaqda federasiya və konfederasiya yaratması mümkündür. Vahid Zaqafqaziya Federasiyası yaradılmazsa, onda Türkiyə ilə ümumi sərhəddə olan Azərbaycan Avstriya-Macarıstan timsalında ittifaq bağlaya bilər. İttifaqla ilhaqçılığın fərqini bilməyib vəziyyəti gərginləşdirmək istəyənlər «xalqımız istiqlal istəmir, biz də istəmirik, Osmanlı dövlətinin bir parçası olmaq istəyirik» — deyib, əks mövqedə qruplaşmağa səy göstərirdilər. Bu niyyətdə olan bir neçə nəfəri Şərq Orduları Komandanı Xəlil bəy qəbul edərək onları məsələlərdən hali etdi: «Biz süngümüz ilə Qafqaza daxil olduq. Siz ilhaq olmaq istəməsəydiniz belə, biz sizi süngü ilə ilhaq edərdik. Ancaq buna imkan yoxdur. Bizim birləşməyimizi nə düşmən, nə də dost dövlətlər qəbul edər. Biz sizə yardım edirik və edəcəyik. Evlərinizə qayıdın, qurulacaq istiqlaliyyətinizi qoruyun». İlhaqçıların böyük əksəriyyəti çar Rusiyasının yaratdığı hər cür imkandan yararlanmış xüsusi hakimiyyətə malik idilər və onların Azərbaycanı Osmanlı dövlətinin tərkibinə qatmaq istəkləri türkçü məsləkdən, Turançılıq ideologiyasından irəli gəlmirdi. 1918-ci il yayın sonları idi. Almanlar Bakı civarında olan Qafqaz İslam Ordusunun geri çəkiləcəyini, eyni zamanda zəfəri onlarla bölüşməyəcəyini bilərək öz ikili siyasi oyunlarını həyata keçirməyə başlayaraq Rusiyanın bolşevik hökumətilə danışıqlar aparırdı. Hər iki tərəf üçün yerinə yetirilməsi mümkün olmayan bu saziş Osmanlı imperatorluğunun hərbi-siyasi dairələrində siyasi qalmaqallara yol açdı.

xxx

Almaniya və Rusiya arasında imzalanan 27 avqust tarixli sazişindən sonra Bakı ətrafında döyüşlər yenidən canlanmışdı. Sentyabrın 11-də Azərbaycanın baş naziri Fətəli xan Xoyski İstanbulda olan Məhəmməd Əmin Rəsulzadəyə yazırdı: «Bakı neft mədənlərinin bir hissəsi bizim əlimizdədir. Əminik ki, şəhər yaxın günlərdə təslim olacaq». Sentyabrın 15-i gündüz saat 15:00-a qədər davam edən döyüşlərin nəticəsində Bakını müdafiə edən erməni, rus və ingilislərin müqaviməti qırıldığından şəhəri təslim etməkdən başqa çarə qalmamışdı.

Xalqın qəlbində və tarixində yalnız xilaskarlar abidə qura bilər. Nuru Paşa 94 il öncə qardaş türk ordusuyla Azərbaycanın köməyinə gəldi, Azərbaycan əsgərlərini də öz ordusuna birləşdirərək Bakını çoxsaylı düşməndən azad etdi və bu xalqın ürəyində özünə əbədi abidə ucaltdı.

Huru Paşa hər zaman «Böyük Turan» ideyasını dəstəkləyib. O baxımdan Azərbaycana gələndə də qarşısına təkcə Azərbaycanı işğaldan azad etmək məqsədini qoymayıb. Onun istəyi böyük türk birliyini qurmaq olub.

Bakının işğaldan azad olunması günü, sadəcə, yubiley deyil, XX əsrin ən böyük iki hadisəsindən biridir. O dövrdə Azərbaycan tarixində başlıca olaraq iki böyük hadisə baş verib. Bunlardan biri 28 Mayda Azərbaycan Demokratik Cümhuriyyətinin müstəqilliyinin elan olunması, digəri isə Bakının erməni işğalından azad olunmasıdır. Hər iki hadisənin Azərbaycan tarixində böyük önəmi var.

Ona görə də dəfələrlə deyilmiş bir fikri yenə təkrar edirik-Huru Paşaya və Məhəmməd Əmin Rəsulzadəyə Bakının ən gözəl yerlərindən birində abidə qoyulmalıdır.

 

 

Şirinova Arzu

Xalq Cəbhəsi.- 2013.- 12 sentyabr.- S.5.