Qacarın qətli

 

Bu hadisə Azərbaycanın Rusiya tərəfindən işğalını sürətləndirdi

 

XVIII yüzil xalqımızın tarixində qaranlıq səhifələrlə doludur. Belə ki, bu dövr tarixçilərimiz tərəfindən həmişə mübahisə predmetinə çevrilir. Maraqlıdır, həmin əsr yaddaşımıza necə işıq salır? Əvvəla, Nadir şahın öldürülməsindən sonra yaranan siyasi şəraitə nəzər yetirək. Bu zaman üç şəxs hakimiyyət uğrunda ölüm-dirim mübarizəsinə qoşulmuşdu. Bunlardan birincisi, Nadir şahın əmisi oğlu — Əfşar tayfasından olan Fətəli xan idi. Fətəli xan Əfşar Azərbaycanın cənub xanlıqları olan Xoy, Təbriz, Qaradağ, Marağa və Sərab xanlıqlarını özündən asılı vəziyyətə salmışdı. İkinci şəxs farsların Zəng tayfasından olan Kərim xan idi. Kərim xan Zənd çox hiyləgər və tədbirli idi. Bütün fars vilayətləri onu dəstəkləyirdi. Üçüncü şəxs isə Qacar tayfasının başçısı olan Məhəmmədhəsən xan idi. Məhəmmədhəsən xan Qacar Mazandaran, Gilan və Astrabadı tutmuşdu. Bu üç şəxs arasında hakimiyyət uğrunda gedən mübarizədə ilk mərhələlərdə məğlub olan tərəf Kərim xan Zənd olmuşdu. O, döyüş bölgələrindən qaçmaqla canını qurtara bilmişdi. Məhəmmədhəsən xan Qacar ömründə bir dəfə səhv etdi və bu səhvin də qurbanı oldu. Belə ki, 1759-cu ilin fevralında Kərim xan Zəndin üzərinə kiçik bir qüvvə ilə getdi və döyüşdə öldürüldü. Tariximizdə ibrət dərsi olsun deyə bir məsələni də qeyd edim ki, düşmənlərimiz bizə qarşı həmişə türkü türkün əli ilə məhv etmək siyasətindən istifadə ediblər. Ərəb xilafəti Babəki məhv etmək üçün türk sərkərdəsi olan Afşini onun üzərinə göndərmişdi. Belə bir siyasətdən Kərim xan Zənd də istifadə etdi. Fətəli xan Əfşarla bacara bilməyən Kərim xan Zənd Qarabağlı İbrahimxəlil xanı, Xoylu Şahbaz xanı və başqalarını ittifaqa cəlb edərək, əsas düşməni olan Urmiyalı Fətəli xan Əfşarı aradan götürdü. Bayramı birlikdə qeyd etmək bəhanəsi ilə ittifaqa cəlb etdiyi xanları özü ilə Şiraza apardı. 1763 — cü ildə baş verən bu hadisə tarixdə «Şiraz qonaqlığı» adlanır.

Atası Məhəmmədhəsən xan Qacar Kərim xan Zənd tərəfindən öldürüldükdən sonra Ağa Məhəmməd Qacar tayfasını Türkmənistan səhrasına apardı. Ağa Məhəmməd başına bir dəstə atlı toplayaraq Kərim xanın idarə etdiyi vilayətlərə hücumlar edirdi. İş o yerə çatdı ki, Kərim xan bütün ordusunu toplayaraq Ağa Məhəmmədin üzərinə getdi. Kiçik bir dəstə ilə böyük bir ordu üz-üzə gəldi.

Ağa Məhəmməd nəinki qorxub geri çəkilmir, əksinə, Kərim xan Zəndin ordusunun mərkəzinə hücum edir, mərkəzi yarıb o biri tərəfə çıxır. Lakin adamlarının əksərini itirir. Ağa Məhəmməd gəlib bir vilayətə çıxır, bu vilayət də Kərim xanın torpağı idi. Buna görə burada da hücuma məruz qalır, yaralanır, qanaxmadan huşunu itirir. Atdan yıxılır və onu tuturlar. Ağa Məhəmməd xan təxminən 15 ilə qədər Kərim xan Zəndin yanında dustaq olur. Bu müddət ərzində dərin mütaliə edir. XII əsrdə yaşamış əndəlüslü filosof İbn Tofeylin yazdığı «Nəyyebni Yəqzən» fəlsəfi romanını oxuyur.

Dərin ağla, zəkaya, biliyə malik olduğu üçün Kərim xan Zənd ən mühüm məsələlərdə Qacar xandan məsləhət alırdı. Hətta bu müddət ərzində də Ağa Məhəmməd xan ruhdan düşmür, öz hisslərini gizlədərək ürəyində yaşadır. Qacarın əsas məqsədi hakimiyyətə gəlmək, qisasını Zənd hakimiyyətindən almaq idi. Onun hakimiyyətə gələndən sonra dediyi sözlər də bunu təsdiq edir: «Atamın, özümün, qardaşlarımın qisasını aldım». Qacar son dərəcə ehtiyatlı bir şəxs idi. O, Zənd tayfasına olan nifrətini biruzə vermir, gizlətməyi bacarırdı. Hətta Kərim xan Zəndin qardaşı vəzir Mirzə Cəfər xan qardaşına həmişə deyərmiş: — «Sən bu Xacəyə inanma, danışanda onun gözünün içinə bax! Onun dili ilə ürəyi başqa-başqa şeylər deyir». Lakin Kərim xan Zənd Qacardan heç vaxt şübhələnməzdi. Qacar isə səbirsizliklə Kərim xanın ölümünü gözləyirdi. Nəhayət, 1779-cu ildə Kərim xan Zənd öldü. Bu zaman Ağa Məhəmməd xan Qacar ovdan şəhərə qayıdırdı. Qacar görür ki, şəhərin qapıları bağlıdır. O saat bilir ki, Kərim xan Zənd vəfat edib. Qacar şəhərə girmədən Şirazdan Tehrana doğru istiqamət götürür ki, bu xəbər yayılmamış özünü qardaşlarına çatdırsın, qoşun yığsın, hakimiyyəti ələ keçirsin. Beş gündə 900 km-dən artıq məsafəni qət edən Qacar məqsədinə nail olur, hakimiyyəti ələ keçirir. Bundan sonra Zənd tayfası ilə Qacar arasında şiddətli mübarizə başlayır. Şirazı, İsfahanı, Mazandaranı tutan Qacar 1785-ci ildə Tehranı paytaxt elan edir. Zəndlərlə mübarizə 1794-cü il Kirmanda Lütfəli xanın məğlubiyyəti ilə başa çatır.

Mirzə Adıgözəl bəy «Qarabağnamə»də (səh.57) yazır ki, İbrahimxəlil xan Qacarın ikinci yürüşünü eşidərək Şuşanı tərk edib öz yaxın adamları ilə birlikdə Ümma xanın yanına gedir. Ağa Məhəmməd şah bu xəbəri Araz kənarında eşidir və İbrahim xanı tuta bilmir. Eyni məzmunlu məlumatı Mirzə Camal Cavanşir də söyləyir (səh. 126). Eyni zamanda Əhməd bəy Cavanşir də özünün yazdığı «Qarabağ xanlığının siyasi vəziyyətinə dair» (1747-ci ildən 1805-ci ilə qədər) əsərində bu məlumatı təsdiq edir.

Şuşanın qarşı tərəfində meşə var və onun adı Topxana meşəsidir. Nə üçün meşənin adı belədir? Qacar Şuşa üzərinə ikinci yürüşündə topları həmin meşədə qurdurub Şuşanın müdafiə barısını vurdurur. Buna görə də həmin vaxtdan meşənin adı Topxana meşəsi qalır. Topçular qalanın hündür barısını gündüz topla vurub dağıdırdılar, lakin gecə qaladakılar həmin yeri yenidən hörüb bərpa edirdilər. Bu barədə fransız J.Kevr «Xacə şah» əsərində yazır. Qacarın ordusunda Rusiya-Türkiyə müharibələrində iştirak etmiş Həmid adlı bir təcrübəli topçu var idi. Ağa Məhəmməd şah Həmidi yanına çağırıb qalanın müdafiə barısını dağıtmaq üçün nə etmək lazım olduğunu soruşur. Həmid bildirir ki, biz gərək gecə dağıdılmış yerə atəş açaq ki, müdafiəçilər bərpa işləri görə bilməsinlər. Bu taktika öz bəhrəsini verdi. İbrahimxəlil xan başa düşdü ki, belə getsə, Şuşa tezliklə alınacaq. Ona görə xan başda olmaqla bir qrup sütunvari şəkildə düzülərək qəflətən Topxanaya hücum edirlər. Qacarın toplarını İbrahimxəlil xan məhv edir. Lakin Şuşa qalasının yolunu İran ordusu bağladığı üçün qalaya qayıda bilmir və Cara getməyə məcbur olur. Məntiqi nəticə budur ki, «Qarabağnamə»lərin verdiyi məlumat doğru deyil. Ona görə ki, Qərb tarixçiləri o zaman İranda səfirlikdə işləyən adamların qeydlərindən, Qacar tarixçilərinin məlumatlarından istifadə edərək bu məsələni təsdiq ediblər. Mirzə Camal Cavanşir «Qarabağnamə»sində (səh.126) göstərir ki, İbrahimxəlil xan 20 gün Balakəndə qaldı. 128-ci səhifədə isə göstərir ki, 3 ay qaldı…

Qacar Şuşanı tutdu. Azərbaycanın şimalı da şaha tabe oldu.

Mirzə Camal «Qarabağın tarix»ində yazır: Ağa Məhəmməd şah bir gecə xoşu gəlmədiyi işə görə Səfərəli bəy və Abbas bəy adlı iki nəfər yaxın xidmətçisinə acıqlanıb dedi: «Səhər açılan kimi ağır cəza verəcəyəm» («Qarabağnamələr», səh.127). 3 «Qarabağnamə»nin heç birində şahın Səfərəli bəyi və Abbas bəyi nə üçün cəzalandırdığının səbəbi göstərilmir. İndi həmin səbəbləri araşdıraq. Qarət olunan bir şamaxılı ondan başqa heç kəsin soyulmadığını səhərisi gün bildi. Buna görə də, o, Şuşaya gəlib Axund Hacı Babəklə görüşür və məsələni təfsilatı ilə ona bildirir. Axund Hacı Babək Qədd bayramı münasibətilə Qacarı təbrik etmək üçün saraya gəlir və eyni zamanda şamaxılının şikayətini Qacara çatdırır. Qacar şamaxılını qəbul edir. Həmin şəxslərin əlamətini soruşur, bəlli olur ki, bunun biri xəlvət fərraşxana rəisi Sadıq xan Nəhavəndidir. Sadıq xanı çağırtdırır. Şamaxılıya isə bildirir ki, xəlvət bax gör, bu, həmin adamdırmı? Sadıq xan otağa daxil olur. Şah ona adi bir göstəriş verir. Sadıq xana xəlvət baxan şamaxılı bunun həmin şəxs olduğunu bildirir. Ağa Məhəmməd gün əyilənə yaxın yenidən Sadıq xanı çağırıb deyir: «Get Ərikli kəndinə, yemək üçün mənə ərik gətir». Ərikli kəndi Şuşadan xeyli aralı olduğu üçün Sadıq xan şaha bildirir ki, yolun uzaqlığına görə yalnız sabah qayıdıb gələ bilər. Şah razılığını bildirir. Gecə Sadıq xanın evində aparılan axtarış nəticəsində şamaxılı şikayətçinin mallarının bir hissəsi tapılır və saraya gətirilir. Qacar eyni zamanda xüsusi cəsuslar ayırır ki, Sadıq xanla kimlər görüşsə, xəbər versinlər. Səhəri gün Sadıq xan cəbələrə yığdığı əriyi Şuşaya gətirir. Yolda Səfərəli bəylə Abbas bəyə gecə evində axtarış aparılması haqqında məlumat verirlər. Casuslar Sadıq xanın bu görüşü haqqında şaha xəbər çatdırırlar. Nəhayət, Sadıq xan saraya gəlir. Şah ərikdən bir neçəsini yeyib tərifləyir. Sadıq xana getmə icazəsi verir. Sonra şamaxılını çağırır, bundan sonra Sadıq xanla Abbas bəyi, Səfərəli bəyi çağırtdırır. Sadıq xan şamaxılı kişinin şahın yanında olduğunu görəndə məsələnin nə yerdə olduğunu dərk edir və rəngi qaçır. Qarət edilən malların hamısı saraya gətirilir. Ağa Məhəmməd şah şamaxılıdan soruşur ki, mallarının hamısı burdadırmı? Kişi cavab verir ki, 200 tümən də pulunu alıblar. Şah əmr edir ki, kişinin pulunu verin. Lakin qarətçilərin üstündə pul olmur. Şahın əmri ilə xəzinədar xəzinədən 200 tümən pulu şamaxılıya verir. Şah bildirir ki, sabah bu üç nəfər edam edildikdən sonra onların əmlakından 200 tümən pulu tutub xəzinəyə keçirsinlər. Onlar həbs edilir. Sadıq xan xəlvət fərraşlarının rəisi olduğu üçün həbs otağının qapısına qıfıl vurulmur. Bundan istifadə edən üç nəfər 1797-ci il iyulun 4-də Qacarı öldürdülər. Qacarın qətli Azərbaycan tarixşünaslığında düzgün izah edilməyib. Belə ki, guya Qacarın öldürülməsində Məhəmməd bəyin (Batmanqılınc) xüsusi rolu olub. Eynilə Sadıq xan Şaqaqinin də adı çəkilir. Sadıq xan Şəqaqi Qacarın qoşun fərmandahı idi. Məhəmməd bəy Sadıq xanın qohumu olub və hələ Qacar öldürülməmişdən əmr verərək Məhəmməd bəyi Sadıq xan Şəqaqinin evində göz dustağı etdirib.

Qacarı öldürən qatillər sübh çağı tezdən qaçmaq istərkən Şuşanın çıxacağında Sadıq xan Şəqaqi ilə rastlaşırlar. Sadıq xan Şəqaqi bunları sorğu-sual edir, özlərini şübhəli aparan bu üç qatil Sadıq xan, Abbas bəy, Səfərəli bəy Sadıq xan Şəqaqinin əmri ilə tutulurlar. Qacarın öldürülməsinin üstü açılır. Qacarın ölümü Azərbaycanın Rusiya tərəfindən işğalını sürətləndirdi. Abbas bəylə Səfərəli bəyin qəbri Ağdamda İmarət adlanan yerdədir.

 

 

Ayaz İmranoğlu

 

Xalq cebhesi.- 2013.- 17 yanvar.- S.14.