Bənzərsiz qrafik rəssam

 

Azərbaycan incəsənətinin, o cümlədən təsviri sənətimizin daha da zənginləşməsi və püxtələşməsi istiqamətində yaddaqalan töhfələr bəxş etmiş sənətkarlarından biriodur. Onu həmçinin qrafika sahəsinin linoqravüra texnikasında özünəməxsus əsərlər yaratmış ustad sənətkar kimi də xarakterizə etmək olar. O, Azərbaycanın əməkdar rəssamı Ələkbər Ələsgər oğlu Rzaquliyevdir.

Ələkbər Rzaquliyev 1903-cü ildə Bakı şəhərində anadan olub. O, 1925-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Ə.Rzaquliyev həmçinin Moskvada Ali rəssamlıq-texniki emalatxanalarında dərs alıb (1925-1928). Rəssam burada tanınmış rus rəssamları S.Gerasimov, M.Rodionova, A.Drevina və D.Şterenberqdən sənətin incəliklərini öyrənib.

Ə.Rzaquliyev yaşadığı keşməkeşli illər ərzində doğma xalqının həyatından, özünün ömür-gün gündəliyindən rəssama daha yaxın hadisələri qələmə, fırçaya almaqla bir-birindən maraqlı bədii sənət inciləri yaradaraq, gələcək nəsillərə miras qoyub gedib. Rəssamın əsərləri bu gün doğma ölkəsi ilə yanaşı dünyanın bir çox muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. Rəssam 1926-cı ildən ömrünün sonlarınadək müxtəlif yerli və beynəlxalq əhəmiyyətli sərgilərdə iştirak edib. Onun Bakı (1963), (1974), (2003), Moskva (1966), (1973), Kiyev (1973) və Lvovda (1974) əsərlərindən ibarət fərdi sərgiləri keçirilib. Ə.Rzaquliyevin uğurlu yaradıcılıq fəaliyyəti qiymətləndirilərək ona 1964-cü ildə «Azərbaycanın əməkdar rəssamı» fəxri adı verilib. Rəssam fədakar əməyinin müqabilində 25 ilə yaxın sürgün həyatı yaşamağa məcbur edilib. Bu səbəbdən də onun layiq olduğu sənət şöhrətinə ucalmasına rəğmən, rəssamın yaradıcılıq uğurları qısqanclıqla qarşılanmışdır.

Ə.Rzaquliyev yaradıcılığının ilkin dövrlərində rəngkarlıqla məşğul olub. Onun yaradıcılığa başladığı dövrlərdə araya-ərsəyə gətirdiyi əsərləri hazırda Azərbaycan Milli İncəsənət Muzeyində qorunur. Bunlara misal olaraq «Azərbaycan qadını» (1926), «Pəhləvanlar» (1926) və s. göstərmək olar. Rəssam bu dövrlərdə həmçinin dəzgah rəsmləri də yaradıb: «Musiqiçilər» (1927), «Çəkməsilən» (1927), « neft satan» (1927). Rəssam daha çox ona yaxın olan həyat səhnələrini təsvir etməyə çalışmış və görüb müşahidə etdiyi hadisələri bədii biçimdə cəlbedici sənət əsərlərinə çevirib.

Qeyd etdiyimiz kimi Ə.Rzaquliyev 25 ilə yaxın sürgün həyatı yaşayıb. Lakin onun rəssamlıq istedadını və həyat şövqünü uzun sürgün illəri azaltmayıb. Əksinə onu daha əzmkarlıqla və əsl vətənpərvərlik duyğuları ilə yaddaqalan əsərlər yaratmağa sövq etmişdir. O, uzaq sürgündən 1956-cı ildə qayıdır və yenidən yaradıcılığa daha intensiv başlayır. Bu zaman onun 55 yaşı var idi, rahat yaşamağa, işləməyə heç bir maddi təminatı yox idi. Ə.Rzaquliyev bütün çətinliklərə sinə gərərək ruh yüksəkliyilə işləməyə başlayır. Rəssam o dövrdə əsasən təsviri sənətin qrafika sahəsinin linoqravüra texnikasında fəaliyyət göstərib. Elə gözlənilən yaradıcılıq şöhrəti də rəssamı qeyd olunan sahədə yaratmış olduğu silsilələri ilə tapır.

Ə.Rzaquliyevin linoqravüra silsilələrinə misal kimi «Tələbəlik» (1963), «Köhnə Bakı» (1958-72), «Neft» (1964), «Lənkəranda balıq istehsalı» (1961-65), «Azərbaycan pambıqçıları» (1967), «Azərbaycan tütünçüləri» (1967) və digərlərini qeyd etmək olar. Rəssam yaşının çoxluğuna baxmayaraq, yüksək sənət coşğusu ilə 60-cı illərdə özünün mənəvi və fiziki zəhməti hesabına, gərgin yaradıcılıq axtarışları nəticəsində özünəməsus dəst-xətlə yaratdığı əsərləri ilə tamaşaçıların və sənət adamlarının diqqətini cəlb etmiş, onların sevgisini qazana bilmişdir.

Onun əsərlərinin səciyyəvi yönləri kimi yaradıcıığında daha çox milli mövzuya bağlılığını, xalqımızın etnoqrafik irsini, milli adət-ənənələri incəlikləri, çalarları ilə təsvir etməsini, obrazlarını xüsusi sevgi ilə yaratmasını, kompozisiya quruluşunda və surətlərin təsvirində bilərəkdən primitivliyə meylini, əlavə detallardan imtinasını və digər xüsusiyyətləri qeyd etmək olar.

Ə.Rzaquliyevin yaradıcılığında xüsusi iz buraxmış və rəssama daha çox şöhrət qazandırmış linoqravüra silsiləsi heç şübhəsiz, «Köhnə Bakı» silsiləsidir. Rəssam bu silsiləni yaratmaqla Azərbaycan xalqının ailə-məişət ənənələrini, etnoqrafiyasını böyük məharətlə əsrarəngiz cizgilərlə təsvir edə bilmişdir. Rəssam bu silsiləsində təsvir edilmiş mövzuları Azərbaycanın hər bir guşəsinə xas olan cəhətləri İçərişəhərdə gördüklərinin timsalında ümumiləşdirmişdir. Rəssamın bu sisiləyə daxil olan əsərlərinə tamaşa edən seyrçi nostalji hisslərə qapılır. Eyni zamanda bu silsilədən olan əsərlər xalqımızın etnoqrafiyasını tədqiq edən tarixçi alimlərimiz üçün əvəzedilməz mənbə ola bilər.

Rəssamın qızı Adilə xanımın atası barədə xatirələrində qeyd etdiyi — «Mən onuvaxt görsəm, işlə məşğul olurdu. Atamdan onunüçün belə çox işlədiyini soruşurdum. Deyirdi «Mən bütün itirilmiş vaxtımı bərpa etmək istəyirəm. O illər mənim bütün ideyalarımı, və xatirələrimi oğurlayıb. Buna görə də, həyatımın qalan illərinin hamısını işləməliyəm» — fikirləri bir daha sadalananları təsdiqləyir.

Əsərlərin adından göründüyü kimi rəssam həm İçərişəhərin tarixi görüntülərini, eyni zamanda xalqımızın mənəviyyatında dərin iz buraxmış dinlə bağlı adət-ənənələri adətləri, qədim Novruz bayramı mərasimlərini və gündəlik ailə-məişət səhnələrini yüksək dəqiqlik və xüsusi rəssam duyumu ilə müxtəlif biçimli kompozisiyalarında təsvir etmişdir.

«Gəlin evi üçün qurbanlıq» əsərinə nəzər yetirsək, görərik ki, rəssamın müraciət etdiyi qədim qurban bayramı mərasimi bu gün daha yaxşı keçirilir. Kompozisiyada o zamankı geyim tərzinə uyğun geyinmiş bir ailənin — ər-arvad və iki oğul nişanladıqları qızın ailəsinə quzu qurbanlığının aparıldığı məqamda təsvir olunub. Evin böyüyü ulaq belində, qucağında quzuevin xanımı isə başı üzərində buta təsvirli örtüklü xonçanı tutmuş vəziyyətdə verilib. Obrazların ümumi təsvir xüsusiyyətlərindən və mövzunun açılma şərhindən çıxış edərək demək olar ki, sovetlər dönəmində dini mərasimlərin keçirilməsinin qadağan edildiyinə baxmayaraq, rəssam özünün yaratmış olduğu əsərilə özünün dini mənsubiyyətinə olan rəğbətini gizlətməmişdir.

Ə.Rzaquliyev həmçinin müstəqil linoqravüra əsərləri də işləmişdir. Bunlara misal olaraq «Bakılılar Berlində» (1968), «Lahıç kəndinin mis qablar ustası» (1968), «Mirzə Ələkbər Sabir» (1963), (1964), «Cəlil Məmmədquluzadə» (1967), «Çayçı» (1972), «Xalçatoxuyanlar» (1972), «Nazim Hikmət gənc rəssamlar dəstəsi ilə» (1972) və başqalarını göstərmək olar. Əsərlərin adından bilindiyi kimi rəssam həm də portretlər işləmişdir. Lakin obrazlarını yaratdığı şəxslərin surətlərinə nəzər yetirdikdə rəssamın üzərinə düşən vəzifəni uğurla icra etdiyini duyuruq. Rəssamın obrazlarını yaratdığı şəxsiyyətlərə fikir verdikdə aydın olur ki, həmin şəxsiyyətlər rəssamın yaradıcılıq dünyasına, onun dünyagörüşünə daha yaxın olanlardır. Biz rəssamın yaradıcılığının şah əsərləri hesab olunan «Köhnə Bakı» silsiləsindən olan əsərlərinin hər birində dahi yazıçımız C.Məmmədquluzadənin və böyük şairimiz M.Ə.Sabirin təsvirlərini görürük. Bu mənada rəssamın özünün mənəvi məslək dostları hesab etdiyi C.Məmmədquluzadənin və M.Ə.Sabirin portretlərini yaratması başadüşüləndir.

 

 

 Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 23 yanvar.- S.13.