Ölməz adama mənəvi abidə

 

Dədə Qorqudun qəbri Azərbaycanın qədim şəhəri olan Dərbənddədir

 

Vaqif Arzumanlının «Dədə Qorqudun qəbrinin izi ilə» («Qartal» nəşriyyatı, 2012) kitabı diqqətimi çəkdi. Böyük fransız yazıçısı O.Balzakın yaradıcılığına qiymət verən O.Uayld obrazlı şəkildə yazırdı ki, Balzakın əsərlərinə qədər XIX əsr mövcud deyildi, bu əsri onun romanları gerçəkləşdirdi. Bu, Balzak yaradıcılığına, on doqquzuncu yüz il Avropa ədəbiyyatının korifeyinə verilən layiqli qiymət idi. Fəqət, dünya miqyasında, məcazi mənada, Azərbaycan üçün cəmi bir əsrin deyil, ən azı min beş yüz ilin yaradıcısı olan «gəlimli-gedimli dünya»nın ölməz Adamına — Dədə Qorquda bərabər tutulacaq ikinci bir şəxsiyyət yoxdur: Düz min beş yüz ildir ki, oğuzlar, xüsusən də Azərbaycan türkləri Dədə Qorqudu mənəvi ata hesab edir, milli psixologiyanı, ədəbiyyatı, mədəniyyəti, mənəviyyatı, bir sözlə, xalqın kimliyini birbaşa onun müqəddəs adına bağlayırlar. Dədə Qorqud mənsub olduğu xalqın həyatının yeni mərhələsi, onun sonrakı yaşam tarixinin əbədi müşayiətçisidir. Məhz bu səbəbdəndir ki, xalq özünün milli kimlik simvolunu ölümsüzləşdirib, onun adı ilə bağlı nağıllar, rəvayətlər yaradıb, bəşəriyyətə dünya ədəbiyyatı və folklorunun təkrarsız incisini — «Kitabi-Dədə Qorqud»u bəxş edib.

«Kitabi-Dədə Qorqud» haqqında bu vaxta qədər çox yazılıb, indi də yazılmaqdadır, gələcəkdə də bu davam etdiriləcəkdir. Yazılanların ümumi məğzi belədir ki, dastanda tariximiz, tarixi coğrafiyamız, psixologiyamız, məişətimiz, həyat tərzimiz, maddi və mənəvi mədəniyyətimiz öz əksini tapıb. «Kitabi-Dədə Qorqud» elə bir zəngin xəzinədir ki, tarixçilər, etnoqraflar, ədəbiyyatçılar, dilçilər, çoğrafiyaçılar, psixoloqlar, kulturoloqlar oradan özləri üçün bolluca materiallar əldə edə bilirlər. Dastanın daha bir böyük əhəmiyyəti isə ondadır ki, orada baş qəhrəmanın özü haqqında tamamilə aydın bilgilər verilməkdədir. «Kitabi-Dədə Qorqud»u başqa dastanlardan fərqlərindən əsas cəhətlərdən biri də məhz budur. Dastanın müqəddiməsindəki ilk cümlələr Dədə Qorqudun tarixi şəxsiyyət olduğunu, onunzaman yaşadığını, nələrə qadir olduğunu aydın şəkildə göstərir: «Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyından, Qorqut ata diyərlər, bir ər qopdı. Oğuzın, ol kişi təmam bilicisiydi, nə diyərsə, olurdı. Ğaibdən dürlü xəbər söylərdi»… Elə bu cümlələr, eləcə də dastanın mətnlərindəki açılan kodlarzənnimizcə, mətnlərdə Qorqudun şəxsiyyətini daha dolğun müəyyənləşdirə biləcək açılmamış kodlar hələ də var — Dədə Qorqudun tarixi şəxsiyyət olduğunu, onun Məhəmməd peyğəmbər zamanına yaxın yaşadığını, öncəgörmə qabiliyyətini sübut edir. Amma bütün bunlara baxmayaraq, hələ də bəzi elmi ədəbiyyatlarda Dədə Qorqud mifik şəxsiyyət kimi təqdim edilir. Təbii ki, Dədə Qorqud şəxsiyyətinin mifikləşdirilməsi həm də dastanın yazıya alınmasına qədər ağızlarda dolaşan əfsanə və rəvayətlərdən qaynaqlanır, «Kitab»ın meydana çıxması isə bu əfsanə və rəvayətlərə yeni çalarlar qatır. Nəzərə alanda ki, hansı dildə yaranmasından asılı olmayaraq bütün dastan, əfsanə və rəvayətlər gəzərgi olur, onda böyük bir coğrafiyada Dədə Qorqudla bağlı ən müxtəlif rəvayətlərin bu gün də dolaşması məsələsinə təbii yanaşmaq lazım gəlir. Lakin onu da nəzərə almaq lazımdır ki, bütün söylənilənlərin içərisində ən mühüm rasional cəhət Dədə Qorqudun tarixi şəxsiyyət kimi təsdiqidir və bu tarixi şəxsiyyətin «filan yerdə» (Dədə Qorqudun fərqli məkanlarda məzarlarının olduğu qənaətləri vardır) dəfn edildiyinin göstərilməsidir. Bir gün doğulan bir gün dünyadan köçür, ölümsüzlük fiziki deyil, mənəvi məsələdir. Belə olan halda Dədə Qorqud oğuzun coğrafiyası daxilində məhz harada doğulub, harada dəfn edilib? Oğuzun tarixi coğrafiyasında Bayat elinin sınırları məlum olduğundan Dədə Qorqudun doğum yeri haqqında müəyyən təsəvvür əldə etmək mümkündür. Lakin Böyük Dədənin harada, hansı şəraitdə öldüyü, harada dəfn edilldiyi məsələsi hələ də tədqiqatçılar arasında suallar doğurmaqdadır. Bu barədə fikir və mülahizələr irəli sürən, yeri gəldikcə rəvayətlərə, yeri gəldikcə tarixi qaynqaqlardan istifadə edərək daha çox məntiqə söykənən tədqiqatçıları adbaad sadalamağa ehtiyac yoxdur. Onların sözügedən problemlə bağlı araşdırmaları bütün hallarda alqışalayiqdir. Amma əsas məsələ əsl gerçəkliyi üzə çıxarmaqdır. Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlının bu günlərdə işıq üzü görən «Dədə Qorqudun qəbrinin izi ilə» kitabı («Qartal» nəşriyyatı, 2012) bu baxımdan diqqəti çəkir. Bəri başdan deyək ki, əsəri bütün parametrləri ilə qorqudşünaslığımıza verilən layiqli töhfə kimi dəyərləndirmək olar.

Ümumi təhlilə keçməzdən əvvəl qeyd edək ki, əsərin leytmotivini Dədə Qorqudun tarixi şəxsiyyət olduğu, onun Azərbaycanın tarixi ərazisində — Dəmirqapı Dərbənddə dəfn edildiyi təşkil edir. Göründüyü kimi, bu elmi qənaət bir neçə baxımdan əhəmiyyətlidir. Əvvəla, Vaqif Arzumanlı Böyük Dədənin məhz Dərbənddə dünyaya göz yumduğuna elmi əminlik hiss etdiyindən bu məsələnin üzərində dayanmağı lüzumsuz sayır, diqqəti onun məzarının abadlaşdırılmasının vacibliyinə yönəldir. İkinci tərəfdən, əsərin müəllifi vətəndaş təəssübü ilə məzarın gələcəyi ilə bağlı narahatlığını ifadə edir. Professor olduqca həssas bir məqama işarə edərək yazır: «Biz indi ulu Dədə Qorqudun qəbrinin qayğısına qalmasaq, bərpasına nail olmasaq, sonra çox gec ola bilər. Təbiətin az-çox qoruyub-saxladığı məzar yerinin izini-tozunu məhv etmək istəyən bədxahlarımız məqam gözləyirlər. Fürsət ələ düşən kimi onlar bu çirkin əməllərini də utanmadan, çəkinmədən reallaşdıra bilərlər»… Professorun narahatlığı üçün əsaslar var. Bədxah qonşularımız ermənilər zaman-zaman Azərbaycan türkünün min illər boyu yaratdığı maddi mədəniyyət nümunələrini dağıdıb, onları yer üzündən silməklə dünya ictimaiyyətini çaşdırmağa cəhdlər göstəriblər və bu barbarlıqlarını bu gündavam etdirirlər. İşğal edilmiş ərazilərimizdə ermənilərin apardığı vandalizm siyasəti nəticəsində maddi mədəniyyət nümunələrimiz olmazın zorakılıqlara məruz qalıb. Lakin düşmənlər unudurlar ki, tarixi əyri güzgüdə əks etdirmək cəhdi bu çirkin siyasətin müəlliflərinin özlərini məhz tarixin zibilxanasına atır. Hər halda Vaqif Arzumanlının vətəndaş və alim kimi çağırışındakı həyəcan notları tamamilə təbii qəbul olunmalı və ləngimədən məqsədyönlü fəaliyyətə keçməyin vacibliyi dərk edilməlidir. Vaqif Arzumanlı bu çağırışının arxasında real bir həqiqətin dayandığını sübut etmək üçün kitabın əlavə bölümündə görkəmli Azərbaycan tarixçisi, AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudovun müsahibəsindən sitat gətirir. Yaqub Mahmudov tamamilə açıq kontekstdə deyir: «Dədə Qorqud Azərbaycan və bütün türk xalqları üçün müqəddəsdir. İş o yerə çatıb ki, ermənilər bu müqəddəsliyə də əl uzadırlar. Ermənilər Dədə Qorqudun Dərbənddəki məzarını partlatmaq istəyirlər». Vaqif Arzumanlı məsələnin ciddiliyini və artıq ümummilli əhəmiyyət kəsb etdiyini nəzərə alaraq mətn içərisindəki çağırışını kitabın arxa üz qabığına da çıxaraq ziyalılarımızı, əlaqədar təşkilatları ləngiməməyə səsləyir: «Gəlin məqamı, fürsəti, imkanı əldən verməyək. Dədə Qorqudun ruhu bizim yolumuzu gözləyir!»

Vaqif Arzumanlı kitabında Dədə Qorqudun qəbri ilə maraqlananları, bu barədə tədqiqat aparanları dörd qismə ayırır: Dədə Qorqud haqqında bəzi əfsanələrə əsaslanaraq ölümündən sonra onun basdırıldığı yer barədə fikir söyləyənlər (onlar həm də Dədə Qorqudun ölümsüzlüyünü qəbul edirlər); Dədə Qorqudun qəbrini ziyarət edib, onu görən və bu barədə yazanlar; Dədə Qorqudun qəbri barədə yerli camaatdan eşitdikləri barədə yazanlar; tarixi yazılı mənbələrlə tanışlıqdan sonra Dədə Qorqudun qəbrini görməyə təşəbbüs göstərənlər. Mülahizələrini ümumiləşdirən tədqiqatçı belə qənaətə gəlir ki, Dədə Qorqudun qəbrinin yeri ilə bağlı konkret halda iki versiya mövcuddur: «Onlardan birincisi təsviri səciyyə daşıyan əfsanəvi versiyadır. Konkret məkanı, yeri bilinməyən. İkincisi isə əsaslandırılmış, dəqiq və tarixi faktlara söykənən real versiyadır (dəqiq yeri məlum olan)». Vaqif Arzumanlı təsviri səciyyə daşıyan əfsanəvi versiyanın müəllifləri ilə qətiyyən razılaşmır. Məsələn, ədəbiyyatşünas Füzuli Bayatın «Dədə Qorqud əfsanələri» məqaləsindən bəhs edən V.Arzumanlı müəllifin Dədə Qorqudun «Sır Dərya sahilində, Dərbənddə, Bayburtda qəbirlərinin olması, bu qəbirlərin ziyarətgaha çevrilməsi onun həm ölüb, həm də ölmədiyi ilə bağlıdır… Qorqud Atanın bir neçə yerdə dəfn olunması fikri də dolayısı ilə onun hər iki sferadan çıxarıldığını sübut edir» — fikrini reallıqdan uzaq hesab edir və vaxtilə tanınmış şərqşünaslar A.A.DivayevinK.A.İnostransevinbu mövqedə olduqlarını göstərir.

Vaqif Arzumanlı «Kitabi-Dədə Qorqud»un Azərbaycanda ilk tədqiqatçılarından olan görkəmli alim Əmin Abidin axtarışlarını yüksək qiymətləndirsə də, Dədə Qorqudun Dərbəndlə bağlılığından bəhs etmədiyi üçün təəssüfünü bildirir. Onun fikrincə, buna səbəb Ə.Abidin A.Oleari, Ö.Çələbi kimi məşhurların araşdırmalarına ciddi yanaşmamasıdır. V.Arzumanlı Dədə Qorqudun qəbri ilə bağlı təsviri səciyyə daşıyan əfsanəvi versiya müəllifləri ilə polemikadan sonra əsaslandırılmış, dəqiq və tarixi faktlara istinad edən araşdırıcıların axtarışlarına nəzər salır. O, XIV-XV əsrlərdə yaşamış azərbaycanlı alim Əbdürrəşid ibn Salih Nuri əl-Bakuvi, alman səyyahı, alim və diplomatı A.Oleari (1599-1671), görkəmli türk etnoqrafı, səyyahı, tarixçisişairi Ö.Çələbi (1611-1682) və başqalarının Dədə Qorqudla bağlı qeydlərini yüksək dəyərləndirir. Əl-Bakuvinin «… Orada (Dərbəndi nəzərdə tutur — müəl.) dağ mağarasında müqəddəs bir kişinin məzarı var. Bura insanlar ziyarətə gəlir», A.Olearinin (Dərbənddə Qırxlar qəbiristanlığını ziyarət etdikdən sonra yazdıqları) «Burada biz daha iki müsəlman müqəddəsinin (övliyasının) məzarına rast gəldik. Onlardan biri Pir Muxtar çöldə (düzənlikdə), digəri İmam Kurxud isə dağda dəfn olunmuşdu. Rəvayətə görə, Məhəmmədin dostu olan Kurxud həmişə onun yanında olmuşondan çox şey öyrənmişdi. Kurxud Məhəmməddən sonra 300 il də yaşamışdır. Onun məzarı qayalı dağdakı mağarada yerləşir. Dörd taxta lövhədən hazırlanmış tabut mağaranın dərinliyində (girişdən uzaq tərəfdə) yerdən iki arşın hündürlükdə elə qoyulmuşdur ki, onu hamı görə bilsin. Keçən gün mən orada idim, hər şeyi öz gözümlə gördüm». Yaxud Ö.Çələbinin «Bir ziyarətgah da böyük sultan Dədə Qorqudundur. Şirvanlılar bu sultana pərəstiş edirlər» qeydlərini, daha doğrusu, bu görkəmli şəxsiyyətlərin şahidliyini V.Arzumanlı öz qənaətini qüvvətləndirmək üçün oxuculara təqdim edir. V.Arzumanlının qəti qənaəti isə dəqiq ünvanlıdır: «Bu məkan, bu yer (Dədə Qorqudun qəbri — müəl.) Azərbaycanın qədim şəhəri olan Dərbənddir, daha doğrusu, Dərbənddəki Narınqaladan bir az aralıda yerləşən dağın döşündəki mağaradır».

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 30 yanvar.- S.15.