“Babəkin ən çox sevdiyi “azadlıq” duyğusudur”

 

Hüseynağa Qəniyev: "Qorxu olan yerdə azadlıq, azadlıq olan yerdə qorxu yoxdur”

 

 

Etiraf edək ki, tarixi şəxsiyyətlərimizin keçdikləri həyat yolundan yetərincə məlumatlı deyilik. Hətta deyərdim, yüzillər boyu həmin şəxsiyyətlərimizlə bağlı yalan dolu məlumatları bizlərə sırımağa çalışıblar. Hə yazıq ki, bu yalanları bir çox hallarda həqiqət kimi qəbul edib nəsildən-nəsilə ötürmüşük. Bu isə bir millətin tarixinə vurulan zərbədir ki, yaşadığımız 21-ci əsrdə onun ağrı-acısını hər addımda hiss edirik. Belə bir deyim də var - "keçmişini təhlil edib sistemləşdirməyən xalq gələcəyini düzgün müəyyənləşdirə bilməz". Ancaq sevindirici haldır ki, həqiqətləri araşdırıb üzə çıxaran, xalqa tarixi şəxsiyyətlərinin keçdikləri əzablı ömür yolundan bəhs edənlər var. Həmin araşdırıcılardan biri də gözəl qələm sahibi olan həmkarım, eyni zamanda keçmiş millət vəkili, müstəqil Azərbaycanın Konstitusiyasını yaradanlardan biri, bu gün isə siyasi fəaliyyətini əqidəsinə uyğun bir partiyada - BAXCP-də davam etdirən, nəhayət, sözün həqiqi mənasında ziyalı kimi özünə hörmət qazanan Hüseynağa Qəniyevdir.

Hüseynağa müəllimin tarixi şəxsiyyətlərimizdən biri olan Babək haqqında araşdırma yazısı - "Babək müsəlman deyildimi" - Litdiaspora.az saytında yerləşdirilən gündən rekord sayda oxucu auditoriyası qazınıb. Belə ki, martın 10-dan dünənki tarixə olan məlumata görə, həmin araşdırma yazıya 348.927 oxucu tərəfindən baxılıb. Hüseynağa Qəniyev bu araşdırmasıyla Babəkin real obrazını bir daha bizə sevdirdi, tarixi şəxsiyyətimizin kimliyini dərk edib qürur duyduq, Babəkdən Vətəni, Xalqı, Torpağı sevməyi və sevdiklərin uğrunda ölümdən qorxmamağı öyrəndik. Bu müsahibədə də Babəkdən bəhs edəcəyik.

 

- Son zamanlar tarixi şəxsiyyətlərimizin - Babəkin, Şah İsmayılın, Hizami Gəncəvinin, Mirzə Fətəli Axundovun, Səməd Vurğunun bostanına daş atanlar da tapılır. Buna münasibətinizi bilmək maraqlı olardı.

 

- Xalq arasında belə bir deyim var - "keçmişinə güllə atanı gələcək topa tutacaq". Mən isə keçmişə güllə atanları, gələcəyin top atəşinin ümidinə buraxmaqla razı deyiləm. Onları elə bu gün top atəşinə tutmağı daha düzgün hesab edirəm. Allah Məmməd Səid Ordubadiyə qəni-qəni rəhmət eləsin. O, qəhrəmanlıq və müdriklik tariximizin karifeylərini rəmzi olaraq, qılınc və qələm adlandırmışdı. Bu baxımdan keçmişə daş atanların məqsədini xalqın qılıncını korşaldıb kəsərdən salmağa, qələmini isə sındırmağa cəhd kimi dəyərləndirirəm. Qılınc və qələmi, qəhrəmanlığı, igidliyi və müdrikliyi olmayan xalqın keçmişi, keçmişi olmayan xalqın isə gələcəyi yoxdur. O xalq xoşbəxtdir ki, onun tarixi bu günlə, ağsaqqallarının müdrikliyi və təcrübəsi gənclərin enerjisi, cəsurluğu və çevikliyi ilə, milli dəyərləri dünyəvi dəyərlərlə vəhdətdədir.

 

- Babək haqqında dəyərli bir araşdırmanız var. "Babək müsəlman deyildimi?" araşdırmanızda Babəkin kimliyini açıb göstərmisiniz və bunu tarixi faktlarla sübut etmisiniz. Babək haqqında araşdırmada demədiyiniz daha nə sözünüz var?

 

- Babəkə inqilaba qədər ərəb işğalçılarının, inqilabdan sonra kommunist ideoloqlarının gözü ilə baxmışıq. Ona doğma xalqının gözü ilə baxmaq vaxtı çoxdan gəlib çatıb. Kitablar yazmaq lazımdır. O da yetərli deyil. Birinci növbədə xalqımızın şüuruna, daha sonra Spartak kimi ümumdünya tarixinə və bəşəriyyətin yaddaşına yazmaq ümdə vəzifəmizdir.

 

- Siz Babəkin islama qarşı mübarizə aparmasını inkar edirsiniz. Halbuki, 9-cu əsr ərəb tarixçiləri və siyasətçiləri də, 20-ci əsr sovet tarixçiləri və siyəsətçiləri də Babəkin islama qarşı mübarizə aparmasını təsdiq ediblər. Buna necə baxırsınız?

 

- Babək elə böyük tarixi şəxsiyyət idi ki, xəlifələr ona qarşı mübarizə aparmaqda aciz idilər. Bu səbəbdən onlar saxta kitabları ilə Babəkə qarşı daha möhtəşəm qüvvə ortaya qoymaq zorunda qalmışdılar. Ona görə şəxsi düşmənlərini islamın düşməni elan etdilər ki, bütün dünya müsəlmanlarını Babəklə mübarizə üçün bir araya gətirsinlər. Sovet hökumətinin isə islama gücü çatmadığı üçün Babəkin möhtəşəm adından və ümumxalq sevgisindən istifadə edib, onun da islama düşmən olduğunu söyləməklə xalqın islama məhəbbətini sarsıtmaq, kommunist partiyasının ideologiyasında mühüm istiqamət olan ateist tərbiyəsinin təsirini artırmaq məqsədini güdürdü. Onların hər ikisinin fikri Babəkə atılan böhtandır. Onun mübarizəsinin ideyasına və tarixi reallığa iftiradır, özlərinin məkirli siyasətini həyata keçirmək üçün vasitədir.

Birincilər onların hüdudsuz hakimiyyətinə mane olan Babəkə qalib gəlmək üçün islamın nüfuzundan, ikincilər kommunist ideologiyasının qələbəsinə mane olan islamı zəiflədib sıradan çıxarmaq üçün Babəkin nüfuzundan vasitə kimi istifadə etməyə çalışıblar. Mənsə Babəkin real obrazını yaratmağa, onu ərəb işğalçılarının, kommunist ideoloqlarının gözü ilə yox, azərbaycanlı vətənpərvərinin, elsevərlərinin gözü ilə görməyə cəhd etmişəm. Onu da qeyd edim ki, saray siyasətçilərindən, tarixçilərindən fərqli olaraq, Qurani Kərimə və islam dininə daha çox ürəkdən bağlı olan möminlərin, ilahiyyatçı alimlərin kitablarında Babəkin müsəlmanlara qarşı mübarizə aparması haqqında heç bir məlumata rast gəlmək mümkün deyil.

 

- Babəkin nifrəti və sevgisi haqqında nə deyə bilərsiniz?

 

- Fikrimcə, Babəkin ən çox nifrət etdiyi "qorxu" hissi, ən çox sevdiyi "azadlıq" duyğusudur. Mən o hissi və duyğunu bir-birini rədd edən qoşa fəlsəfi kateqoriya kimi təsəvvür edirəm. Qorxu olan yerdə azadlıq, azadlıq olan yerdə qorxu yoxdur. Qorxu insanın fəaliyyətini məhdudlaşdıran, şəxsiyyətini kiçildən, alçaldan kateqoriyadırsa, azadlıq insan fəaliyyətini genişləndirən, şəxsiyyətini böyüdən, yüksəldən anlayışdır. Həyatda qorxudan qorxulu heç nə yoxdur.

 

- Bəzi adamların fikrinə görə, Babək əsir düşməyi intihar etməkdən üstün tutub. Bu, ölümdən qorxmağın əlaməti deyilmi? Halbuki, yazdığınıza görə, Babək tarixdə heç bir şəxsiyyətlə müqayisəyə gəlmir. Babəkin sərkərdəlik istedadı, yenilməz iradəsi, igidlik və şücaəti karfagenli Hannibalı xatırladır. Bəyəndiyiniz karfagenli Hannibal düşmənlərinin əlinə keçməmək üçün ölüm qorxusuna qalib gəlib intihar etmişdi. Babəksə yox.

 

- Fikrimcə, ölümün adı onun özündən daha dəhşətli və vahiməlidir. Ölüm haqdırsa, insanın haqdan qorxması absurddur. Ancaq iki cür ölüm var-işgəncəli və rahat ölüm. Bu mənada karfagenli Hannibal ölümdən qorxmurdu. Lakin əsirliyə düşüb işgəncəli ölümdən qorxurdu. Ona gərə özünün məqbul hesab etdiyi metodla rahat ölümə üstünlük verdi. Babəkin düşüncəsində isə ümumiyyətlə, "qorxu" anlayışı olmayıb-istər rahat ölüm olsun, istərsə də işgəncəli. O, əqidəsindən dönmək şərtilə xəlifənin ona göndərdiyi əfv fərmanını cırıb atıb, fərmanı ona təqdim edən yaxın adamlarından birinin boğazını üzüb, digərini xəbər aparmaq üçün salamat buraxıb.

Qətlə gətirilərkən onun mərdanəliyi, işgəncəli qətl zamanı sarsılmazlığı, sona qədər sınmaması, hətta öləndən sonra da üzündə qorxu əlamətinin görünməməsi üçün üzünü qanı ilə al-qırmızı rəngə boyaması xəlifəni, onun əyam əşrəfini, tarixçilərini heyrətə gətirib, dəhşətli dərəcədə qorxudub. O, ölümü ilə ölümə, ağır, qəddar işgəncələrə, düşmənlərinin hüdudsuz nifrətinə qalib gəlib, ölümü ilə ölməzlik qazanıb.

 

- Mənsub olduğunuz siyasi partiyanın adı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Yazdığınıza görə, Babək də bütöv, müstəqil, azad Azərbaycan uğrunda mübarizə aparıb. Babəkin mübarizə apardığı idealarla partiyanızın məramnaməsi arasında əlaqə görürsünüzmü?

 

- Partiyamızın mərkəzi qərargahında dörd möhtəşəm tarixi şəxsiyyətin - Babəkin, Şah İsmayıl Xətainin, Məhəmməd Əmin Rəsulzadənin və Əbülfəz Elçibəyin portretləri yer alıb. Zənnimcə, onların dördünün də amalı bir zəncirin ayrı-ayrı epoxalardakı həlqələridir. Düşünürəm ki, Babək xalqımızın Milli Azadlıq mübarizəsinin ilk bayraqdarı, bütöv, müstəqil Azərbaycan dövlətinin ilk lideri və şəhididir. Partiyamızın lideri Qüdrət Həsənquliyev Babək haqqında yazmağı bir neçə dəfə mənə tövsiyə edib. Onun fikri ürəyimdən xəbər verdi. Çünki Babək haqqında yazmağı həyatım boyu öz müqəddəs borcum hesab etmişdim. Ancaq cəsarət tapıb borcumu qaytara bilmirdim. Düşünürdüm ki, nəhəng şəxsiyyətlər haqqında onlara layiq olmayan səviyyədə yazmaq və danışmaqdansa susmaq daha yaxşıdır. Bir neçə il araşdırma apardım, nəhayət, konkret fikrə gəldim və yazdım.

 

- Məncə, yazıda məqsədinizə nail olmusunuz, elə deyilmi?

 

-" Xalq Cəbhəsi" qəzetində, "Yada düşdü" jurnalında, Kulis.az, Litdiaspora.az saytlarında işıq üzü görən yazıya oxucuların münasibəti bu fikri təsdiqləyir. Mart ayının əvvəlində Mətbuat Şurasının respublikanın tanınmış yazıçılarının, ziyalılarının iştirakı ilə "Yada düşdü" jurnalının nəşrinin ikinci ildönümünə həsr olunmuş yığıncağında jurnalın təsisçisi, istedadlı şair Həzakət xanımın dediyinə görə, Babək haqqında yazıyla əlaqədar oxucuların çoxlu sayda razılıq zəngləri, müraciətləri olub. Onlar bu araşdırmanın orta məktəb dərsliklərinə salınmasını arzu ediblər.

 

- Dünyanın başqa xalqlarının özlərinin tarixi qəhrəmanlarına münasibəti necə olub?

 

- Babək kimi tarixi xalq qəhrəmanı dünyanın bir çox böyük xalqlarına nəsib olmayıb. Onlar tarixlərindəki bu boşluğu doldurmaq üçün əfsanəvi xalq qəhrəmanları obrazlarını yaradıb ondan güc-qüvvət alıblar. Eramızdan əvvəl 6-cı və 5-ci əsrlərdə müasir Almaniya, İsveçrə, Fransa, İspaniya və digər dövlətlərin ərazilərində yaşayan brit-kelt adlanan Avropa tayfaları müasir İngiltərənin ərazisinə köçüb və orada məskunlaşıblar. Britlər ölkəsini 1-ci əsrdə romalılar, 5-ci əsrdə anqlosakslar, 11-ci əsrdə normandlar(vikinqlər) işğal edib yerli əhali ilə qaynayıb-qarışıb, yeni svilizasiya yaradıblar. Lakin işğallar dövründə nə brit və keltlərin, nə də anqlosaksların Babəkə tay real tarixi qəhrəmanı olmayıb. Bu tarixi boşluğu dərk edən britlər və ketlər kral Arturun, anqlosakslar isə Robin Qudun əfsanəvi obrazını yaradıb müqəddəsləşdirib, onların vasitəsilə xalqda işğalçılara qarşı nifrət, vətənə məhəbbət ruhunu formalaşdırıb möhkəm bir imperiya yaradıblar. Arturu və Robin Qudu Mark Tven, Vilyam Şekspir, Valter Skot kimi nəhəng sənətkarlar vəsf ediblər. Onların əfsanəvi ruhundan Avropanın bütün xalqları bu gün də güc və qüvvüət alır.

 

- Bəs Babəkin tarixi taleyi necə olub?

 

- Təəssüf doğuran odur ki, bəzi qəzetlərimizdə, internet saytlarımızda Babəkin kafir və ya müsəlman, Azərbaycan torpağında yaşayan hansı xalqın nümayəndəsi, haralı olması barədə araşdırmalar hələ də davam edir və gündəmdən düşmür.

Ona görə də nə qədər çalışıramsa bir ibrətamiz hadisəni danışmamaqdan özümü saxlaya bilmirəm.

Bu yaxınlarda Babək haqqında araşdırmamla əlaqədar Respublika Həmkarlar Komitəsinin Sosial Siyasət Akademiyasında professor müəllim heyətinin və tələbələrin iştirakı ilə görüş keçirdim. Orada Akademiyanın müəllimi Tahir Baxşəliyevin dedikləri məni bir daha dərindən düşündürdü. O dedi: "Qərbi Azərbaycandan qovulmuş qohumum İmişlidəki çadır şəhərciyində ərəb dövlətlərinin birindən hədiyyə edilmiş çadırda yerləşdirilmişdi. Çadırda yeni uşaq dünyaya göz açdı. Adını Babək qoydular. Ertəsi gün çadırı hədiyyə edən dövlətin nümayəndələri Babəkin valideynlərindən çadırı tərk etməyi tələb etdilər. Səbəb? "Bizim çadırımızda Babək adında uşaq yaşaya bilməz", dedilər".

 

Arzu Şirinova

Xalq Cəbhəsi.- 2014.- 3 aprel.- S.5.