Qədim Türk yurdu Kərkük elinə
sevgiylə...
"İraq
türkmanlarının ləhcəsi "Kitabi-Dədə
Qorqud"un dil xüsusiyyətlərini tamamilə əks
etdirir"
Hazırda İraqın Kərkük bölgəsində
yaşanan dəhşətlər hər kəsə bəllidir. Azərbaycan
Türkcəsinin sınırlarının qismən dəyişikliklərlə
qorunduğu bölgədə 3 milyon soydaşımız
yaşayır. Artıq onların
arasında dədə-baba yurdunu məcburiyyətdən tərk
edənlərin kütləvi hal aldığı xəbərləri
gəlməkdədir. Tanınmış
araşdırmaçı, professor Qəzənfər
Paşayev "Kitabi-Dədə Qorqud"dakı sözlərin
Kərkükdəki soydaşlarımızın dilində, məişətində
yaşadığını elmi faktlarla əsaslandırır:
"İki yüz ildən artıqdır ki, dünya alimlərinin
diqqət mərkəzində olan "Kitabi-Dədə
Qorqud" bir çox dillərə tərcümə olunub,
tarixçilərin, etnoqrafların, filosofların, folklorşünasların,
xüsusən də dilçilərin tədqiqat obyektinə
çevrilib. Bu ölməz abidəyə
İraqda da böyük maraq var. Əsər ərəb dilinə
tərcümə edilərək "Hekayəti Dədə
Qorqut" adı altında çap edilib (Bağdad, 2007, 264
s.). Kitaba ön sözü ədəbiyyatımızın
böyük dostu dr.Əbdüllətif Bəndəroğlu
yazıb. Əsəri ərəb dilinə İraqda və
Türkiyədə tərcüməçi, tədqiqatçı,
eləcə də yazıçı kimi tanınan Cəlal
Polad tərcümə edib, ona maraqlı və çox
geniş giriş məqaləsi yazıb, indiyə qədər
aparılmış tədqiqatlardan və "Kitabi-Dədə
Qorqud"un dünya şöhrətindən söz
açıb. Bununla belə, deməliyəm ki,
"Kitabi-Dədə Qorqud" İraq türkmanları
arasında geniş yayılan, sevilən və tədqiqata cəlb
edilən əsərdir. Bu, heç də əsassız
deyil. Əsrlərlə başqa xalqlar əhatəsində
qalan, məhz buna görə də qədim leksik və fonetik
göstəricilərini daha çox saxlayan İraq
türkmanlarının ləhcəsi "Kitabi-Dədə
Qorqud"un dil xüsusiyyətlərini
tamamilə əks etdirir. "Kitabi-Dədə Qorqud"da yer alan onlarca sözün indinin özündə
belə Kərkük dolaylarında işlək olması, daha
doğrusu, həmin sözlərin yalnız həmin mənada
işlənməsi tutarlı dəlil-sübutdur. Məsələn:
kəpənək (yapınçı),
xerxız//xırxız (oğru), əkmək (çörək),
ənsə (arxa), qlağuz//qlavuz (bələdçi),
qısraq (at, madyan), yayan (piyada), nəsnə (əşya, alət),
səmiz (kök), sığır (buğa, çöngə),
mavlamaq (huşunu itirmək), qanara (çarmıx), borı
çalmaq (şeypur çalmaq), davul dögmək (təbil
çalmaq), ismarlamaq (tapşırmaq), yarın (sabah), ög
(ön), xoyrad (qaba, kobud, nadan), yağmalamaq (talamaq), qavat
(alçaq, əskik adam), oda (otaq), imdi (indi), baş üzərinə
(baş üstə), qaum-qardaş (qohum-qardaş), kəlisa
(kilsə), eyi (gözəl), kəndi (özü), dam (tələ),
yoğurd (qatıq) və s.
Maraqlıdır
ki, Dəli Domrul bu gün də Kərkük dolaylarında
"dəlli dobur" formasında "dəlidolu" mənasında
işlənir.
Təsadüfi
deyil ki, "Koroğlu" və "Arzu Qənbər"
dastanlarına dərin təsir göstərən, qədim ədəbiyyatımızın
başlanğıc mənbəyi olan bu təkrarsız əsəri
azərbaycanlı tədqiqatçılar Azərbaycan
şifahi və yazılı ədəbiyyatının
babası, kərküklü tədqiqatçılar isə
İraq türkmanlarının "Ana kitabı"
adlandırırlar".
Qəzənfər
Paşayev Kərküklə bağlı duyğularını
dilə gətirir: "Kərkük həmişə bizim
üçün doğma bir yer olub. Kərkükə getmək
arzum gerçəkləşəndə özümü
çox xoşbəxt hiss edirdim. 60-cı illərdən
Kərkükün özünəməxsus təbiətini,
dilini, adamlarını, folklorunu öyrənməyə
başladım, tədqiqatlar apardım. Azərbaycanda
o dövrdən başlayaraq Kərküklə bağlı
kitablar çıxmağa başladı. "Arzu və
Qəmbər dastanı", ardınca "Kərkük atalar
sözləri, tapmacaları", "Kərkük
bayatıları", Həsiminin "İraq divanı",
"Kərkük şeiri antologiyası", "Kərkük
folkloru", "6 il Dəclə-Fərat sahillərində"
işıq üzü gördü.
Kərkük bizim üçün dil birliyi, qan birliyi,
adət-ənənə birliyi, məişət birliyi deməkdir. Azərbaycanda
Kərkük mahnıları çox oxunur. Hələ də soydaşlarımızın bəziləri
eşitdiyi, oxuduğu mahnıların bir qisminin Kərkük
mahnıları olduğunu bilmir, bu mahnıları Azərbaycan
mahnıları hesab edir. Sevindirici
haldır ki, Azərbaycanda Kərkük mahnılarını
oxuya bilən sənətkarlarımız çoxdur. Kərkükə səfərlərimiz zamanı bu
torpağın türk ruhunun ifadəsi olduğunu
gördük. Ora hər Azərbaycan
nümayəndə heyətinin səfəri zamanı sanki həsrətin
vüsala qovuşmasının şahidi olmuşuq. Bizi həmişə o ellərə,
soydaşlarımıza sevgi aparıb".
Araşdımaçı
qeyd edir ki, sözügedən tədqiqatında "Kitabi-Dədə
Qorqud"da, İraq türkman ləhcəsində və ədəbi
dilimizdə eyni olan çoxsaylı: pəncərə, dirək,
un, çuval, leş, çomaq, ayaqyolu, sapan, öpmək,
rast gəlmək, muştuluq, küsmək, kəklik,
keşiş, yumruq, yalaq, beşik və s.-dən söz
açmağa lüzum görməyib:
"Doğmalığı, yaxınlığı təmin
edən başqa məqamlara daha çox yer ayırdıq. Bu
doğmalıq, bu yaxınlıq təbii olaraq toponimlərdə
də öz əksini qabarıq şəkildə tapıb:
Ağdam, Ağdaş, Ağsu, Billava, Boyat, Quruçay,
Qarabulaq, Qaraqoyunlu, Qaradağ, Qarabağlı, Əmirli, Yəyçi,
Yengicə, Mandılı, Mərdinli, Üçtəpə,
Xasa, Xəsədərli, Çardaqlı, Saray, Gögçə,
Quşçu, Dərbənd sarulu, Hacılar, Tatar, Azaflı və
s. adlara bir-iki sözdə baş verən kiçik fonetik fərqi
nəzərə almasaq, eynilə Kərkük dolaylarında
da, Azərbaycanda da təsadüf edilir.
Q.Paşayev
öz qənaətini bir daha yəqinləşdirmək
üçün dünyada sözügedən sahəyə
dair faktlara diqqət çəkir: "Dünya alimlərinin
qənaəti budur ki, "Dədə Qorqud" dastanları
Azərbaycan dilində yazılmış və azərbaycanlılara
aid bir abidədir. Bu, təkcə onunla izah olunmur ki,
"Kitabi-Dədə Qorqud"da yer alan əksər
toponimlər Azərbaycanla bağlıdır: Əlincə
qalası, Dəmir qapı Dərbənd, Qazlıq tağı
(Qafqaz dağları), Gəncə, Bərdə, Göyçə
gölü, Dondar, Qaradərə (Qarabağda yer adı) və
s. Söhbət ondan gedir ki, bu təkrarsız əsər Azərbaycan
dilindədir. Dilin fonetik və leksik göstəricilərinə
əsasən Azərbaycan dilinin Cənub və Şərq
qrupu dialekt və şivələrinin xüsusiyyətləri
ilə səsləşdiyinə görə "Kitabi-Dədə
Qorqud" tədqiqatçılarından V.Bartold,
F.Köprülü, A.Dilaçar, M.Ergin onun azərbaycanlılara,
V.Bartoldun təbirincə desək, Qafqaz türkmanlarına məxsus
olduğunu, O.Gökyay, M.Ergin, Y.Yakubovski, H.Araslı, M.Təhmasib,
Ə.Dəmirçizadə, Ş.Cəmşidov, X.Koroğlu
və başqaları isə əsərin Drezden nüsxəsinin,
ümumiyyətlə, Azərbaycanda qələmə alındığını
təsdiq edirlər. Maraqlıdır ki, tədqiqatlarda Azərbaycan
ədəbi dili tarixindən danışarkən XV-XVI əsr ədəbi
dilimizdə Cənubi Azərbaycan və Bağdad (Kərkük)
şivə xüsusiyətlərinin üstünlük təşkil
etdiyi göstərilib, İraq-türkman ləhcəsi Azərbaycan
dilinin cənub qrupu dialekt və şivələri
sırasına daxil edilib".
Əbdüllətif
Bəndəroğlu yaradıcılığı haqqında
danışan araşdırmaçı Səkinə
Qaybalıyeva bildirir ki, o, İraq-türkman folklorunu
bütün fəaliyyət tipləri üzrə
(toplayıcılıq, nəşr, tədqiq) öyrənmiş
İraq-türkman folklorşünası olaraq bu sahədə
özünəməxsus alimdir: "Onun folklora
marağının əsasında təkcə elmi maraq
durmayıb. Bu marağın yaranmasında elmi cəhətlə
yanaşı ciddi siyasi-ictimai, psixoloji-mənəvi amillər
də mühüm rol oynayıb. Bu, bir tərəfdən
xalqın kamil və zəngin yaradıcılığı ilə
bağlıdırsa, digər tərəfdən millətin
soykökü, tarixi yaddaşı, ənənələri ilə
bağlı məqamları daha canlı şəkildə
yaşatması ilə əlaqədardır. Ə.Bəndəroğlu İraq-türkman folklorunun
toplanması, tədqiqi və nəşri kimi mühüm və
nəcib bir işdə həmişə qabaqcıl
ziyalılar cərgəsində olub. Onun məhsuldar
fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmiş
bu sahədə tədqiqatçının xidmətləri əvəzsizdir.
İstər nəşr etdirdiyi "Yurd" qəzetində,
istərsə də ayrı-ayrı tədqiqat əsərlərində
Ə. Bəndəroğlunun
yaradıcılığının bu istiqaməti diqqəti cəlb
edir. Başqa cür ola da bilməzdi.
Çünki Ə.Bəndəroğlu öz
xalqının tərəqqisi, sabahının təminatı
üçün milli dəyərlərinin qorunması və
gələcək nəsillərə
çatdırılmasının nə qədər zəruri
olduğunu dərk edirdi. Hər bir xalqın
milli varlığının güzgüsü olan folklor
nümunələrinin toplanması və yaşadılması
ilk növbədə həmin xalqın milli düşüncə
sahibi olan ziyalılarının payına düşür.
Ə. Bəndəroğlu belə payın xoşbəxt sahiblərindən
biri idi. Tədqiqatçının 1988-ci ildə
2 cilddə çap etdirdiyi "Ata sözlərimiz -
araşdırma, incələmə və
qarşılaşdırma" əsəri bu istiqamətdə
gördüyü ən böyük işlərdəndir.
Kitabın ön sözündə tədqiqatçı
atalar sözlərinin toplanması zərurətindən,
özünəməxsusluğundan, tərtib etdiyi üsul və
metodlardan, ümumiyyətlə, tərtibat prinsiplərindən
söhbət açır. Müəllif yazır:
"Bu kitabı yayımlamaqda məqsədim hər ulusun və
topluluğun yaşadığı gerçəklərdəki
təcrübə və uyğulamalardan süzüb
çıxardığı sonucları sonrakı nəslə
öz söz olaraq ötürdüyü
arıtılmış söz və deyimləri - ata sözlərini
qoruyub saxlayaraq əbədi yaşamasına xidmət etməkdir".
Ə.Bəndəroğlu çox illər öncə bu
kitabda yer alan zəngin el incilərini
toplamağa başlamışdı. Tədqiqatçı
1973-cü ildə İraq türkmanlarının tarixi, dili, ədəbiyyatı
və folklorunun incələnməsinə həsr etdiyi ərəbcə
"Türkmanlar inqilabi İraqda" adlı tədqiqat əsərində
"Türkman ata sözləri" başlığı
altında 103 atalar sözünü əhatə edən bir
araşdırma təqdim etmişdi. Müəllif
həmin atalar sözlərini ərəb dilinə tərcümə
edərək qarşılıqlı mənalarını
göstərmişdi. Tədqiqatçı
bu mövzu ilə bağlı 1971-ci ildə
hazırladığı "Dədələrdən qalma
söz" adlı əlyazma mətnindən qaynaq olaraq istifadə
etmişdi. Ə.Bəndəroğlu bu folklor
materiallarına əlavələr etməklə 10 il sonra 1983-cü ilin may ayında Türkiyədə
- Əskişəhərdə keçirilən I
Uluslararası Türk xalq ədəbiyyatı konfransında
"İraq türk ata sözlərində bənzərliklər"
məruzəsi ilə çıxış etmişdi. 1988-ci ildə tədqiqatçı şifahi xalq
yaradıcılığının əhəmiyyətli və
maraqlı olan bu nümunələrini sanballı tədqiqat əsəri
kimi təqdim etmişdi. O, kitabın birinci cildində
İraq-türkman folklorundan topladığı 876, ikinci
cildində isə 600 atalar sözü verib. İraq-türkman
ziyalıları arasında bu sahədə ilk dəfə
görkəmli alim-tədqiqatçı Əta Tərzibaşı
araşdırma aparıb və 1962-ci ildə Bağdadda "Kərkük
əskilər sözü" adlı tədqiqat əsərini
nəşr etdirib. Həmin kitabda 700 atalar sözü yer
alır və müəllif atalar sözünün tərifini
də verməyə çalışır: "Atalar
sözü xalqa gözəl yol göstərən,
çeşidli görüş və düşüncələrin
təmsili olaraq anladan, basmaqəlib biçimində qısa, fəqət
geniş, həm də toplu anlamlı hikmət ifadə edən
kinayəli, çəkici və yararlı sözdür ki,
xalqın lisan halı olub".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 12 avqst.- S.14.