Nizami rayonunun
sosial-iqtisadi inkişafı
Real vəziyyət və
perspektivlər
Azərbaycan
prezidentinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı
ilə "2014-2016-cı illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı"nın təsdiqi
ölkənin sosial-iqtisadi siyasətində mühüm yer
tutur.
Bu sahədə
həyata keçirilən məqsədyönlü tədbirlərin
uğurlu icrası nəticəsində Bakının
bütün rayonlarında, həmçinin qəsəbələrində
infrastruktur təminatı daha da
yaxşılaşdırılıb, təhsil, səhiyyə,
mədəniyyət və idmanın inkişaf etdirilməsini
təmin edən tədbirlər həyata keçirilməyə
başlanıb, yeni məktəblər, xəstəxana,
poliklinika, ambulatoriya binaları tikilir, mövcud binalar əsaslı
təmir edilib, müasir tipli idman kompleksləri istifadəyə
verilib. Paytaxtın digər rayonlarında
olduğu kimi Nizami rayonunda da prezidentin sərəncamına
uyğun olaraq işlər aparılmaqdadır.
Nizami paytaxtın ən gənc rayonlarından sayılsa
da, burada yeni yaradılan sosial infrastrukturlar,
bütövlükdə şəhər təsərrüfatı
inkişaf göstəricilərinə görə digər
rayonlardan nəinki geri qalmır, hətta bəzi sahələrdə
xeyli üstünlüklər qazanıb. Bu
üstünlüklər isə təkcə yol, elektrik enerjisi,
qaz, su, istilik təsərrüfatlarının yenidən
qurulmasında deyil, iqtisadi nailiyyətlərdə, makroiqtisadi
göstəricilərdə, sosial infrastrukturda, səhiyyə və
təhsildə, xüsusən orta təhsilin səviyyəsində
də özünü göstərir. Ölkəmizdə
sahibkarlığa göstərilən dövlət
qayğısının ilbəil artması, təşəbbüskarlığa
geniş meydan verilməsinin nəticəsidir ki, 2003-2014-cü
illər ərzində Nizami rayonunda 600-dən artıq yeni
istehsal və xidmət sahəsi yaradılıb. İlin əvvəlindən fəaliyyət dairəsini
xeyli genişləndirən özəl müəssisələr
rayon əhalisinin ərzaq və qeyri-ərzaq mallarına olan tələbatının
ödənilməsində müstəsna rol oynayıb.
Ölkəmizin ən iri sənaye müəssisələrindən
sayılan H.Əliyev adına Bakı Neft Emalı Zavodunun
istehsalı olan müxtəlif neft məhsullarına, “NJT-2000”
firmasının istehsal etdiyi plastik məmulatlara, “Kaspi
Yıldız” MMC-nin buraxdığı
yanğınsöndürmə avadanlığına istər
daxili, istərsə də xarici bazarda tələbat getdikcə
artır. Bundan əlavə, “Bakı Yağ Qida Sənaye”, “Zəhmət
Ruzi”, “Bakı-Şərab 1”, “Evropean Tobacco Baku” açıq
səhmdar cəmiyyətləri, “Ulduz” fabriki və “Veysəloğlu
Yaylıcı Qardaşlar” MMC ölkəmizdə ərzaq
bolluğunun təminatında yaxından iştirak etməklə
yanaşı, xarici bazara da məhsul göndərirlər.
Rayon ərazisində
yaradılan istehsal və xidmət sahələri həm də
çoxsaylı iş yerləri deməkdir. Məhz
bunun nəticəsidir ki, son illər Nizami rayonunda uğurlu məşğulluq
strategiyası həyata keçirilir. Təkcə onu qeyd
etmək kifayətdir ki, ötən ildə rayonda 1500 daimi
iş yeri açılıb.
Rayonun
infrastrukturu
Nizami rayonunda infrastruktur layihələrinin icrası da
getdikcə sürətlənir. Elə rayonda yol-nəqliyyat
infrastukturunun təkmilləşdirilməsi, müasir
standartlara cavab verən körpü, yolötürücü və
tunellərin, yeraltı və yerüstü piyada keçidlərinin
inşası, tıxacların aradan qaldırılması məqsədilə
yeraltı avtomobil dayanacaqlarının tikintisi, magistral
küçə və prospektlərin əsaslı şəkildə
yenidən qurulması burada quruculuq işlərinin miqyası
barədə aydın təsəvvür yaradır. Son illər müxtəlif dövlət
proqramlarında nəzərdə tutulmuş abadlıq-quruculuq
işlərinin və infrastruktur layihələrinin uğurla
reallaşdırılması rayonun simasına əlavə
yaraşıq gətirib. Belə ki, Heydər Əliyev və
Ziya Bünyadov prospektlərinin kəsişməsindəki
müxtəlif səviyyəli yol qovşağı, Babək
prospektində, eləcə də Qara Qarayev prospekti ilə
Naxçıvani küçəsinin kəsişməsindəki
yeraltı piyada keçidləri, Nəqliyyatın
İntellektual İdarəetmə Mərkəzi, Bakı
Metropoliteninin əsaslı yenidənqurmadan sonra istifadəyə
verilən “Koroğlu” stansiyasının
yaxınlığındakı park və digər istirahət
mərkəzləri rayonun ümumi mənzərəsini xeyli
yaxşılaşdırmaqla yanaşı, sakinlərin
rahatlığının təminatı baxımından da
mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Nizami rayonu həm də qonşu rayonlara
giriş-çıxış üçün tranzit rolu
oynadığından nəqliyyat sıxlığı ilə
yüklənmiş olur. Belə ki, paytaxtın digər rayonlarının ərazisinə
ən çoxu iki metrostansiya düşdüyü halda,
Bakı Metropoliteninin düz 4 stansiyası -
"Koroğlu", "Qara Qarayev", "Neftçilər"
və "Xalqlar Dostluğu" Nizami rayonunun payına
düşür. Beləliklə, coğrafi
baxımdan 4 rayonu birləşdirən Nizami rayonunun
paytaxtın yol-nəqliyyat infrastrukturunda rolu daha da artır.
Nəticədə rayon ərazisində tıxac
problemi həlli vacib məsələyə çevrilmiş
olur. Metronun "Koroğlu"
stansiyası yaxınlığında inşa olunan dünya
standartlarına uyğun körpü kompleksi tıxacsız hərəkətin
təmin olunması, sürücü və sərnişinlərin
təhlükəsiz hərəkətinə şərait
yaratmaqla paralel rayonun simasına da möhtəşəmlik gətirib.
Eyni məqsədlə 8-ci kilometr bazarı və
Heydər Əliyev parkı ətrafında çoxmərtəbəli
yeraltı dayanacaq və keçidin inşası, Elşən
Seleymanov küçəsində 3 kilometr uzunluğunda yolun
çəkilişi təmin edilib.
Kommunal
xidmətlər
Rayonda əhaliyə göstərilən kommunal xidmət
sahələrində də ciddi işlər görülməkdədir. Belə ki,
rayon ərazisində qaz təchizatının
yaxşılaşdırılması və fasilələrin
aradan qaldırılması məqsədilə 8-ci kilometr
yaşayış sahəsi və Keşlə qəsəbəsində
qaz xəttləri dəyişdirilib, 14314 p/m yeni qaz xətti
çəkilib. Elektrik enerjisi təchizatının
yüksəldilməsi üçün 3 ədəd
yarımstansiya quraşdırılıb, 32 transformator daha
güclüsü ilə əvəz edilib, 57000 metr hava xəttləri
yeni “SİP” kabel xəttləri ilə əvəz edillib. Son vaxtlar Nizami rayonunda daha çox
narahatçılıq yaradan hallardan biri də istilik təchizatı
məsələsidir ki, bu istiqamətdə də ciddi nailiyyətlər
əldə edilib. Belə ki, rayonun 128 yaşayış
binasının aşağı paylama istilik sistemləri yenidən
qurulub, 370 yaşayış binası, 22 məktəb, 15
uşaq bağçası, 15 səhiyyə müəssisəsi
istiliklə təmin olunub. Bununla da Nizami rayonu
istilik təchizatına görə, Bakı rayonları
arasında birincilər sırasında qərar tutub. Bu vaxta qədər rayonda həlli vacib olan məsələlərdən
biri də su-kanalizasiya təsərrüfatı ilə
bağlı olub ki, hazırda bu problem də əsasən
aradan qaldırılıb. Son illər sakinlərin
işıq, qaz, istilik və içməli su ilə təminatının
yaxşılaşdırılması üçün
mühüm işlər görülür,
bütövlükdə kommunal sektorun işi günün tələbləri
səviyyəsində yenidən qurulur.
Humanizm və xeyriyyəçilik missiyasının
daşıyıcısı olan Heydər Əliyev Fondu da
Nizami rayonunun sosial həyatına mühüm töhfələr
verir. Təkcə
onu demək kifayətdir ki, son illər fondun təşəbbüsü
və maliyyə dəstəyi ilə uşaq evlərində tərbiyə
alan, yaşı 18-dən yuxarı olan qızlar
üçün 50 mənzilli 100 yerlik, valideyn himayəsindən
məhrum olan və uşaq evlərində böyüyən gənclər
üçün 63 mənzilli yaşayış evləri, Daun
Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi yenidənqurmadan
sonra istifadəyə verilib. Fiziki qüsurlu
uşaqlara təmənnasız yardım göstərəcək
bağça tipli “Qayğı” Rabilitasiya mərkəzinin
binası yenidən qurulub. Nizami rayonu yeganə
rayondur ki, hər gün təmənnasız olaraq 90-dan
artıq kimsəsiz şəxs yeməklə təmin olunur.
Təhsil,
tibb, idman və ekoloji vəziyyət
Elm və təhsil sahəsində də Nizami rayonu bir
sıra uğurlara imza atıb. Əgər 2009-cu ildə rayon
üzrə ali məktəblərə qəbul olunanlar 48 faiz
təşkil edirdisə, 2013-cü ildə bu göstərici
59,8 faizə yüksəlib. Bundan başqa,
2009-2013-cü illərdə 10 məktəb “Ən
yaxşı ümimtəhsil məktəbi”, 33 müəllim
isə “Ən yaxşı müəllim” müsabiqələrinin
qalibi olub. Yeri gəlmişkən, 2012-2013-cü tədris ilində
rayon üzrə 14 nəfər “Qızıl” medala layiq
görülüb və onların hamısı biliklərini
doğruldaraq ali məktəblərə qəbul
olunublar. Ötən tədris ilində Nizami
rayonu üzrə 5 məktəb və 8 müəllim bu
yüksək mükafata layiq görülüb.
Rayonun səhiyyə müəssisələri tərəfindən
əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin
yüksəldilməsi, sanitar-gigiyenik vəziyyətə
müntəzəm nəzarət edilməsi, əhali
arasında infeksion, parazitar xəstəliklərin, qida zəhərlənmələrinin
qarşısının alınması və ləğv edilməsi
istiqamətində işlər də davam etdirilir. Rayon ərazisində
ən müasir tibbi avadanlıq və peşəkar personala
malik çoxlu sayda dövlət və özəl səhiyyə
ocağı pasiyentlərinin xidmətindədir. Hazırda rayonda 9 xəstəxana, 13 ambulator
poliklinika fəaliyyət göstərir ki, ərazisinin o qədər
də böyük olmaması nəzərə alınarsa, bu
sayın kifayət qədər olduğu təxmin edilir. Keşlə qəsəbəsində isə 1 xəstəxana
sökülərək yerində müasir tipli xəstəxananın
tikintisinə başlanıb.
Rayonun inkişaf konsepsiyasında idmanın
ikişafına da xüsusi diqqət yetirilir. Belə ki,
rayon ərazisində AFFA tərəfindən 20000
tamaşaçı tutumuna malik müasir tipli stadionun inşa
olunması rayonda hətta beynəlxalq yarışların
keçirilməsinə perspektiv yaratmış olur.
Bununla yanaşı, rayon ərazisində fəaliyyətdə
olan 5 stadion, 6 idman-sağlamlıq kompleksi,
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər İdman Məktəbi əhalinin gənc
kəsiminin sağlam həyat tərzinin qarantı kimi
çıxış edərək sakinlərin daha sağlam həyat
sürməsinə zəmin yaradır. Qeyd edək
ki, 2015-ci ildə ölkəmizdə keçiriləcək
Birinci Avropa Olimpia oyunlarının əsas mərkəzi Nizami
rayonunun ərazisinə düşür. Bu məqsədlə
“Koroğlu” metrostansiyası ətrafında Olimpiada kəndi
salınıb, 65 min tamaşaçı tutumu olan stadion
tikilir, “Şəfa” stadionu əsaslı təmir edilib, Bədii
Gimnastika Kompleksi isə tikilməkdədir.
Rayonun
ekoloji vəziyyətinin yaxşılaşdırılması
məqsədilə on minlərlə müxtəlif növ
ağac və kollar əkilib, əhalinin səmərəli
istirahətinin təşkili üçün “Koroğlu”
metrostansiyasının qarşısında yeni park və Alov Fəvvarələr
Kompleksi, Keşlə qəsəbəsindəki Böyük Vətən
Müharibəsində həlak olmuş Vətən
oğullarının Xatirə memorial kompleksinin yerləşdiyi
park, “Heydər Əliyev” park-bulvarı, Qara Qarayev prospekti 81,
R.Rüstəmov və A. Manafov küçələrindəki
istirahət parkları yenidənqurmadan sonra sakinlərin istifadəsinə
verilib.
Problemlər
də mövcuddur
Nizamidə cüzi problemlər mövcuddur. Rayonun ara
küçələrinin asfalt döşəməsinin
dağılması, bəzi binalarda hələ də liftlərin
işləməməsi, zibil teşiklərinin
vaxtlı-vaxtında təmizlənməməsi sakinlərin
haqlı narazılıqlarına səbəb olub. Məsələn,
Q.Qarayev prospektindəki 104, 114 saylı binanın sakinləri
su probleminin qismən aradan qaldırıldığını,
84, 86 saylı binanın sakinləri zibil yeşiklərinin
vaxtında təmizlənmədiyindən şikayətlidirlər.
Gələcəkdə
görüləcək infrastruktur layihələr
Gələcəkdə
rayonda bir sıra infrastruktur layihələrin həyata
keçirilməsi nəzərdə tutulur:
Rayonun
bütün qəsəbələrinin içməli su, təbii
qaz və elektrik enerjisi ilə təchizatının
yaxşılaşdırılması, kanalizasiya sisteminin yenidənqurulması
üzrə geniş miqyaslı işlər davam etdirilməsi,
rayonda yeni məktəb, səhiyyə ocaqlarının
inşası, ehtiyacı olan məktəb və uşaq
bağçalarının yenidən əsaslı təmir
işlərinin aparılması, rayonun bütün mərkəzi
və məhəllədaxili yollarının asfaltlanması, mərkəzi
küçələrinin yenidənqurulması, abadlıq
işlərinin intensivləşdirilməsi, yeni istirahət
parklarının salınması, əhalinin sosial problemlərinin
həlli istiqamətində təxirəsalınmaz tədbirlərin
həyata keçirilməsi.
Cavid
Şahverdiyev
Xalq Cəbhəsi.-
2014.- 3 dekabr.- S.12.