Zülmkarlar əlindən ürəyi
deşmə-deşmə...
Sadə
xalqın həyatına
acıyan, onların dərdlərini, qəm-möhnətlərini
özünkü hesab
eləyən Şəhriyar
yaradıcılığındakı əsas ali
məqsəd hər şeydən öncə xalqının taleyini bütün problemlərdən
vacib hesab etməsindədir. Şəhriyar Azərbaycanı həqiqətən
sevən bir şair kimi öz əsərlərində
Azərbaycanı, eyni
zamanda Azərbaycan xalqını dünyaya tanıtmağa çalışıb.
O, Azərbaycan xalqının
yüksək mənəvi
keyfiyyətlərini, nəcib
sifətlərini, humanizmini
göstərməklə yanaşı
onun yaşadığı
həyatı, adət
və ənənələrini
də öz qüdrətli qələmi
ilə təcəssüm
etdirib. Xalqın həyatında, məişətində
nə varsa, hamısını bədii
boyalarla, poetik lövhələrlə göstərib,
bir sözlə, sadə xalqın sürdüyü həyatı,
adət-ənənəsini, bayramlarını, mərasimlərini
hər cəhətdən
olduqca yüksək bir formada əks
etdirib.
Yaradıcılığı boyu folklor ənənələrinə
söykənən Məhəmmədhüseyn
Şəhriyar bu ənənələrdən olduqca
incəliklə, dəqiqliklə
istifadə edərək
bədii məqsədinə
müvafiq surətdə
dəyişərək əsərlərinə
qiymətsiz ləllərlə
bəzənmiş formalar
geyindirib. Şairin əsərlərini xarakterizə
etdikdə onun xeyli nağıl, rəvayət, dastan mötivləri, folklor deyim tərzləri, sayaçı sözlər,
atalar sözləri, zərb-məsəllərdən və s. olduqca peşəkarcasına, məharətlə
faydalandığını görürük:
Heydərbaba, gecə durna keçəndə,
Koroğlunun gözü qara
seçəndə,
Qıratını minib, kəsib-biçəndə,
Mən də burdan tez mətləbə çatmaram,
Eyvaz gəlib
çatmayınca yatmaram.
Şəhriyar xalqımızın adət-ənənələrinə
mükəmməl bələd
idi. Əlbəttə, başqa
cür ola
da bilməzdi. Xalqın içindən çıxmış, xalqın
içində böyümüş,
hər adəti, ənənəni öz içində yaşatmış,
eyni zamanda bütün bunları həyatının mənası
hesab etmiş şair, olduqca qədim və zəngin mədəniyyətə,
tarixə malik olan xalqının məişətinə, milli
xüsusiyyətinə bütün
incəliklərilə bələd
olmaya bilməzdi. Elə təkcə Novruz bayramı ərəfəsində
çox sayda adət-ənənələr nümayiş
etdirən xalq, heç bir şeyi nəzərdən
qaçırmayan, vətənpərvər
və həssas qəlbli Şəhriyar üçün əvəzolunmaz
bir qaynaq, suyu heç vaxt qurumayan çeşmə idi.
Novruz bayramı
xalqın həyatını,
məişətini, adət-ənənələrini
olduqca qabarıq şəkildə özündə
əks etdirir. Şəhriyar
artıq bütün türk dünyasının
poeziya bayrağına
çevrilmiş “Heydərbabaya
salam” poemasında Novruz bayramı ilə əlaqədar adət və ənənələri olduqca
poetik lövhələrlə
nümayiş etdirir:
Bayram olub, qızıl palçıq əzərlər,
Naxış vurub, otaqları
bəzərlər,
Taxçalara düzmələri düzərlər,
Qız gəlinin fındıqçası,
hənası,
Həvəslənər anası, qaynanası.
Ustad Şəhriyar
“Heydərbabaya salam” poemasında xalqın yaşaması üçün
çox vacib olan qışa tədarükünü də
olduqca əlvan boyalarla əks etdirir. Məlum məsələdir ki, insanın əsas qidası olan taxıl məhsullarının hasilə
gəlməsi ol¬duqca çətin və uzun bir prosesdir.
Taxıl
əkilib-becəriləndən və yetişəndən
sonra biçilərək,
dərzlərdən “pəncə”
bağlayıb yük
heyvanlarının belində
və yaxud öküz arabalarında möhkəm yerlərdə
düzəldilmiş xırmanlara
daşınırdı. Şəhriyar bu prosesin üzərində xüsusilə dayanır və bütün poema boyu bu
prosesi olduqca canlı səhnələrlə
nümayiş etdirir:
Xəlvərçilər burda xəlvər daşırdı,
Bu külliükdən uşaqlar
dırmaşırdı,
Sellər
kimi nemət aşıb-daşırdı,
Hər iş dedin, hər kimsəyə görərdi,
Can dərmanı istəsəydin
verərdi.
Milli dəyərlərə,
soyuna-kökünə, mədəniyyətinə,
tarixinə, yeddi arxa dönəninə çox bağlı olan Şəhriyarın bütün yaradıcılığından
bütün bunlar bir qızıl xətt kimi keçmiş və xalqının adətini, ənənəsini, məişətini,
yüksək mənəvi
keyfiyyətlərini öyrənmək
istəyən hər kəs üçün olduqca böyük əhəmiyyət kəsb
edib.
1950-1980-ci illər ərzində
ədəbiyyata gələn
güneyli şairlərin
yaradıcılığında xalq şeirinin forma-qəliblərinə, xüsusilə
onun obrazlarına, ifadə üsullarına meyli özünü parlaq şəkildə büruzə verir. Şübhəsiz ki, bu meyl
ədəbi zərurət
kimi xalqın zəngin ədəbi-mənəvi
sərvətlərinə məhəbbətdən
irəli gəlir.
Əsərlərinin forma-məzmun
gözəlliklərinə nail olmaq üçün şifahi ədəbiyyatın
poetik sərvətlərindən
bəhrlənmək şübhəsiz
ki, folklor motivlərinin əxzi, mühüm sənətkarlıq
sirlərinin öyrənilməsi
obraza çevrilən
söz və ifadələrin fikir tutumuna, misraların ahəng-melo¬diya axarına,
qafiyə kamilliyinə
və s. estetik ovqat verir. Folklor və
klassiklərimizin ənənələrinin
şeir dilində güclənməsi, təbiidir
ki, şeir mətnində şifahi ədəbiyyatın ruhunu,
obraz yaratma vasitələrinin görünməsinə
zəmin hazırlayır.
Ənənədən gələn detalların
şeir dilinə nüfuzu 1950-1980-ci illərdə
yazıb-yaradan gü¬neyli
şairlərin yaradıcılığında
lirik ovqat, üslub baxımdan yetkinlik yaratmışdı
və onlar öz sələflərinin
sənətkarlıq yolunu
bütün istiqamətlərdə
davam və inkişaf etdirərək qələmləri ilə
sözə yeni dövrün nəfəsini,
yeni zamanın poetik ab-həvasını
əlavə etdilər.
Formanın tərkib hissələri
janr, ahəng, ölçü, dil və başqalarıdır.
Məlumdur ki, ədəbi
əsər həyat hadisələrinin bədii
ifadəsidir. Hadisələr
bir-birini əvəz edib dəyişdikcə ədəbi
janrın mövzusu da dəyişir.
Tarixi
inklişaf nəticəsində insanların müəyyən
amal uğrunda apardıqları mübarizə, vətənpərvərlik
və s. əlaqədar yeni mövzular ədəbiyyat
üçün əsas obyektə, aktual mövzuya çevrilir.
Hamıya bəllidir ki, xalq dilindən və
şeirindən əxz olunan ahəng, bəhr, ritm sərbəstliyi
şeirdə poetik yekrənglikdən, ifadə və üslub
monatonluğundan qaçmağa səy göstərir. Zamanın yeni problemləri ilə birgə, yeni ritmi,
sürəti və enerji tempi də şeirə gəlir və
klassik irsin, milli folklorun ənənə və
imkanlarını yeni bədii vəzifələrin həlli
xeyrinə daha fəal səfərbərliyə almağa
ehtiyac yaranır.
Təkcə
bu illər ərzində deyil, ümumiyyətlə, Güney
Azərbaycan şeiri klassik poeziyanın və şifahi xalq ədəbiyyatının
təcrübəsini, eyni zamanda ənənələrini davam
etdirərək istər mənzum əsərlərdə,
poemalarda, süjetli şeirlərdə, istərsə də
siyasi-ictimai və fəlsəfi parçalarda, istərsə də
lirikada Azərbaycan şeirinin bütün əsas forma və
janrlarından istifadə edib. Məlum məsələdir
ki, mənzum əsərin arxitektonik bədii forması
olması etibarilə bənd şeirin çox ifadəli, təsirli
olmasına və onun daxili məzmununun açılmasına
kömək edir.
Azərbaycan poeziyasında qoşma əsrlər boyu ənənəvi
bəndlər sistemi kimi yaşamaqdadır. Eyni sözü
iki misralıq məsnəvi haqqında da demək olar.
Yeni bənd növlərinin (aa, bb, vv, qq,
dd, aa, qa, da) məzmunu, ifadə və təsvir üsulları
müasirliyi, təsirinin əhatəliliyi ilə əvvəlkilərdən
fərqlənir. Həm ikiliklər, həm də
üçlüklər sadə və kiçik, fərqli bənd
növləridir. Dördlüyün
mürəbbe növünün, beşliyin müxəmməs
və təxmis kimi janrlarının ənənəsi əski
dövrlərdən yaranıb. Güney Azərbaycan
şeirində daim müxəmməsdən, təxmisdən
istifadə olunub. Bir sözlə, Güney
şeiri xalq yaradıcılığından bəhrələnməklə,
mütərəqqi klassik Şərq şeirinin ənənələrini
davam etdirərək bütün poetik formalardan istifadə
edib.
Türk xalqlarında bayatı şeir növü kimi
müştərəkdir. Azərbaycan ədəbiyyatında,
folklorunda bayatının misilsiz nümumələri
yaranıb. Bu janrın yaranma tarixi çox
qədim dövrlərə gedib çıxır. Bayatı türk xalqlarının tayfa, ulus, el
halında yaşadıqları dövrlərdə ağız
ədəbiyyatı nümunəsi kimi söylənibmiş.
Bayatı bizə doğma olduğu
üçün dilimizin bütün şirinliyini, poetik
imkanlarını, məna çalarlarını, semantik
xüsusiyyətlərini özündə əks edir. Olduqca sevindirici bir haldır ki, müasir şairlərimiz
də yeni bayatı növləri yaradırlar. Biz buna həm Quzey, həm də Güney şairlərinin
yaradıcılığında tez-rez rast gəlirik.
1950-1980-ci illər Güney Azərbaycanın 1938-ci ildə
Təbrizin Çayqırağı məhəlləsində
anadan olmuş novator şairlərindən Çayoğlu Bəhruz
Dövlətabadi bu misilsiz xalıya yeni ilmələr vuraraq
bayatının yeni formalarını meydana gətirib. Çayoğ¬lunun
bayatıları mövzu etibarılə də müxtəlif
məzmunlu, rəngarəngdir. Çayoğlu bir qədər
də irəli gedərək poeziyamızın rişəsi
olan ba¬yatının xalqın həyatında nə qədər
böyük bir rol oynadığını poetik füqurlarla,
bədii bənzətmələrlə, təşbehlərlə,
təkrirlərlə, istiarələrlə, hətta cinaslarla
çox gözəl bir şəkildə tərifini verib:
Bayatı
qaynar çeşmə
Yel
çalar, oynar çeşmə,
Zülmkarlar
əlindən,
Ürəyi deşmə-deşmə.
Bayatı
el qəmidir,
Sazların
dilqəmidir,
Hər kəlməsi
bir ümman
Dərindir, sevməlidir.
Burda şair bayatı şəklinin ənənəvi
a-a-b-a şəklindən istifadə etsə də, dili,
üslubu şifahi xalq şeiri, üslubu olsa da, misralarda
novatorluq özünü qabarıq şəkildə göstərir
və müasir şeirimizdə bədii novatorluğun müxtəlif
formalarından birini təşkil edir. Onun bayatıları
xalq ədəbiyyatından mayalanmaqla yanaşı, öz
oxucusuna ana dilini əziz tutmağı, yüksək mənəvi
keyfiyyətlərə, nəcib sifətlərə malik
olmağı, yaşadığı torpağı, vətəni
sevməyi, mərd-mərdanə yaşamağı tövsiyə
edir.
Poema-ədəbiyyatın lirik-epik təsviri növlərindən
biri kimi süjetli mənzum hekayə, yaxud mənzum
pövestdir. Burda təsvir olunan hadisələrin gedişində
iştirak edən obrazlarla-qəhrəmanlarla yanaşı,
lirik qəhrəman, yəni şairin özü aydın nəzərə
çarpır. Poemada qəhrəmanın
hərəkəti və həyəcanları, onun iştirak
etdiyi hadisələr təsvir olunmaqla yanaşı hadisələrinin
şairdə doğurduğu hiss və duyğular da ifadə
olunur. Şair bu hiss və duyğuları əsas
süjetdə lirik hadisələr vasitəsilə ifadə
edir. Beləliklə, poemada əhvalatın
iştirakçısı olan qəhrəmanlarla yanaşı
“lirik qəhrəman” adı daşıyan spesifik surət də
olur. Poema yalnız ideya-fikir sahəsində
deyil, xalq şeirinin və klassik poeziyanın ənənə,
bəhr, üslub, forma sərvətindən də
yaradıcı şəkildə bəhrələnməyin ən
yaxşı nümunəsidir. 1950-1980-ci
illərdə Şəhriyar, Səhənd, Sönməz və
başqaları son dərəcə zəngin, emosional dildə,
eyni zamanda iki müxtəlif üslubdan, klassik şeir və
şifahi xalq şeiri üslubundan ustalıqla istifadə edərək
nəfis və dəruni poemalar yaradıblar.
Səhənd
Azərbaycanın qiymətsiz xəzinəsi, ana kitabı
adlandırılan Dədə Qorqud eposunun motivləri əsasında
qələmə aldığı “Sazımın sözü”
poemasında misralarda sərrastlığı,
axıcılığı, sözə qənaəti,
yığcamlığı gözləməklə
yanaşı, yeni poetik formalardan istifadə edib, eyni zamanda
şeirin dil və üslub ənənələrinə əsaslanaraq
əsərə dərin fəlsəfi məna verməklə,
parlaq, yeni, müasir, orijinal nümunə yaradıb.
Güney Azərbaycanda poema janrı əsasən klassik
şeirin, xalq şeirinin kökləri əsasında poeziya xəzinəsinə
daxil olub və daim xalq şeirinin ənənələrindən
qidalanaraq, dövrün tələbinə uyğun yeni formalar
meydana gətirib. Şəhriyar “Heydərbabaya salam”
poeması ilə yeni bir siyasi, ictimai, fəlsəfi poema dili
yaradıb, eyni zamanda üslubu, məna yenilikləri ilə
klassik şeir dilini və xalq şeir dilini yaradıcı
şəkildə birləşdirib.
Vüqar Əhməd,
professor
Xalq Cəbhəsi.- 2014.-
5 dekabr.- S.14.