Üstümə doğacaq
günəşlərdən bezdim mən...
Azərbaycan Demokratik Cümhuriyyətinin
süqutundan və sovet hakimiyyəti qurulduqdan sonra dünyanın müxtəlif
ölkələrinə səpələnmiş
azərbaycanlılardan biri
də Dilşad xanım Elbrus Talıbxan olmuşdur. Dilşad xanım Türkiyənin İzmir şəhərində
Egey Universitetində işləmiş, nüvə
fizikası sahəsində
ilk elmlər doktoru olmuş azərbaycanlı
qadın, professordur. Dilşad xanım kiçik yaşda ayrıldığı Azərbaycana
hədsiz bağlıydı.
Vətəninin sovet hakimiyyəti altında olmasını heç vaxt qəbul edə bilmədi.
Dilşad
xanım 1916-cı ildə
may ayının 31-də Qarabağ
quberniyasında Qarabağ
xanlarının nəslindən
olan Talıb xanın ailəsində dünyaya göz açmışdı. Atası
Talıbxan bəy Talıbxanbəyov çar
dövründə və
Cümhuriyyət illərində
Şamaxıda, Qubada və başqa yerlərdə polis rəisi
kimi çalışıb.
Azərbarcan kommunist Rusiyası tərəfindən
işğal olunduqdan sonra onu öldürdülər,
bütün əmlakını
isə müsadirə
etdilər. Ailə başçısının qətlindən
sonra anası Xeyrənnisa xanım, bacıları Qəmər
xanım və Sürəyya xanım dayısı Hüseyn Camal Yanar bəy
(Hüseyn bəy Mirzəcamalov) tərəfindən
1920-ci ildə Türkiyəyə
gətirilərək İstanbulda
yerləşdirilirlər.
Ailə
İstanbulda məskunlaşdıqdan
sonra Dilşad xanım təhsilə başlayır. Əvvəlcə
İstanbul Qız Litseyi qəbul olur, 1931-ci ildə oranın məzunu olduqdan sonra İstanbul Universitetinin fizika-kimya bölümünü
bitirir. 1934-cü ildə
bitirdiyi fakültənin
Təcrübi Fizika İnstitutunda assistent kimi işə başlayır və
1949-cu ildə dissertasiya
müdafiə edir, 5 ildən sonra dosent adını
alır.1961-ci ildə İzmirdə
Egey Universitetinin professoru olur. Elmi fəaliyyəti boyunca Dilşad xanımın 2 kitabı,
6 elmi məqaləsi çap olunub.
Dilşad
xanım nüvə fizikası sahəsində
apardığı dərin
elmi axtarışlar nəticəsində Türkiyə
və Avropanın tanınmış mütəxəssislərindən
sayılıb. Seçdiyi
ixtisasın xarakteri onun Almaniya, İngiltərə və Amerikada uzunmüddətli elmi-tədqiqat işləri
aparmasını zəruri
etdiyindən alman, ingilis, fransız dillərini mükəmməl
öyrənir.
Türkiyə Cümhuriyyəti, Milli
Təhsil Nazirliyinin müşaviri Ömər
Özcan yazır ki, Dilşad xanım Vətəni kiçik yaşlarında
tərk etsə də, ona bütün
varlığı ilə
bağlı insan olub. Dayısı Hüseyn bəy 28 May
1929-da Azərbaycan Cümhuriyyətinin
11-ci ildönümü münasibətiylə
İstanbuldakı azərbaycanlıların
"Odlu Yurd" məcmuəsinin redaksiyasındakı
mərasimə fəal
olaraq qatılıb, Milli Azərbaycan Bayrağını Azərbaycan
istiqlal davasının
öndəri Məhəmmədəmin
Rəsulzadəyə təqdim
edib. 30 may axşamı
"Union France" salonunda keçirilən Milli Azərbaycan gecəsində
xor Azərizadənin
"Vətən" şeirini
oxuyub, Dilşad xanım da Əli
Ustanın (təqaüddəki
Böyükelçi Azər
Volkanın atasıdır)
"Vətən həsrəti"
şeirini xanım arkadaşlarıyla birgə
rəqs edərək söyləyib. "Odlu Yurd"da gecə haqqında verilən bilgidə istər rəqsdə, istər oxumaqda və şeir söyləməkdə,
istərsə də pianoda böyük bacarıq göstərdiyi
və hər kəsin sevgisini qazandığı yazılır.
Ömər Özcan bəyin
yazdığına görə,
Dilşad xanım ictimai fəaliyyətini tələbəliyi boyunca
davam etdirib. İstanbulda ali məktəblərdə oxuyan
azərbaycanlı tələbələr
19 fevral 1933 tarixində
Bəyoğlu Tokatlıyan
Hotelində keçirdikləri
musiqili-rəqsli çay
ziyafətində Azərbaycan,
Türkiyə və Krım milli rəqsləri oynayıblar.
Almaniyada nəşr edilən "İstiqlal"
qəzetinin 10 mart 1933 tarixli
29-cu sayında çıxan
xəbərdə özəlliklə
pianoda milli Azərbaycan havaları çalan Dilşad xanımın çox alqışlandığı qeyd
edilir. "İstiqlal"ın
15 iyun 1933 tarixli
36-cı sayında çıxan
xəbərdə 28 May münasibətiylə
İstanbulda Xalq evi salonunda düzənlənən
müsamirədə Dilşad
xanımın pianoda çalaraq oxuduğu Azərbaycan milli şairi Əli Yusif bəyin (Əliyusif Yusifzadənin)
"Bir Turan yolçusu deyir ki" şeirinin çox bəyənildiyi qeyd edilir.
Dilşad
xanım məsləkdaşı,
fizika professoru Adnan Sokullu (1910-2005) ilə ailə quraraq Sokullu soyadını qəbul edir. Bir qədər
sonra ayrılırlar.
Onun İstanbuldan İzmirə getməsinin səbəbi, ehtimal ki, onun əski
yoldaşıyla eyni çalışma məkanında
bulunmaq istəməməsindən
qaynaqlanır. Türkiyədə
yetərincə tanınan
filoloq alim və Dilşad xanımın çox yaxın rəfiqəsi Fevziyyə Abdullah Tansel onun vəfatından sonra onunla bağlı
xatirələrini yazır:
“Azərbaycanın tanınmış,
siyasi hayatında mühüm yeri olan ailələrindən Talıbxanlara mənsub Dilşad Elbrusla İstanbul Qız Liseyindəki şagirdlik illərində tanışmışdıq.
Sinfinin ən çalışqan şagirdlərindən
idi. Türkiyəyə
Cümhuriyyətin elanından
sonra anası və böyük bacıları ilə Bakıdan qaçıb gəlmişdilər; bizə
hər zaman necə qaçdıqlarına
dair acı xatirələrini anladırdı.
Bu acı xatirələr
hənuz çocuq yaşdakı bizlərin qəlbində də dərin izlər buraxır, şirin və çox gözəl, yanıqlı
səsiylə söylədiyi
Azərbaycan şərqi
və türkülərini
dinlərkən, ustaca
oynadığı Qafqaz
rəqslərini seyr edərkən gözlərimiz
yaşarırdı.
Dilşadla on iki yaşlarında
başlayan arxadaşlığımız
onun həyatının
son illərinə qədər
sürüb getdi. 1931-32
ilində İstanbul Qız Liseyindəki təhsilimiz sona yetincə o, fənn fakültəsinin fizika bölümünə, mən
isə Türk dili və ədəbiyyatına
davam edirdik. O illərdə fənn və ədəbiyyat fakültələri günümüzdəki
İstanbul Universiteti fənn və ədəbiyyat fakültələrinin
yerindəki Zeynəb xanım qonağında idi; eyni binada
olduğumuzdan yenə
sıx-sıx tapışıb
görüşə bilirdik.
Universiteti bitirdikdən
sonra peşə həyatlarımızı bir-birimizdən
uzaq yerlərdə sürdürdük; köklü
arxadaşlığımız məktublaşma yoluyla davam etdi.
Dilşad
Elbrus ilə peşə
baxımından bir-biriylə
əlaqəsi olmayan ayrı-ayrı sahələr
üzərində çalışırdıq;
mən onunla fizika sahəsində danışa biləcək
halda deyildim, fəqət o, mənimlə
yalnız bir-iki dəfə bu elm sahəsindən danışdı.
İzmirdən Ankaraya
gəlib məndə qonaq qaldığı günlərdən birində
məndən bir kağız, qələm istədi. O günlərdə
ortanın solu təbiri ortaya atılmış, hatta yayğınlaşmağa başlamışdı.
Verdiyim kağızı
boyuna ikiyə qatladı; qat yerindən, yəni tam ortasından yuxarıdan aşağıya bir cizgi çəkdi. Yanıma gəlib sərt bir səslə:
"Bax, bu cizgini görürsənmi,
bu, ortadır. Bunun bir
sağ, bir sol yanı vardır. Ortanın solu deyə bir
şey olmaz!" - deyərək ürəyini
boşaltdığını xatırlayıram. Bir dəfə
də Paskal və b. fizika elm adamlarının ad
qazanmış olanlarının həyat və əsərlərini
içinə alan, onları tanıtmaq düşüncəsiylə
hər kəsin anlaya biləcəyi səviyyədə
iki-üç formalıq kiçik kitablar
yayımlamağı düşündüyünü, bunlardan
bir qisminin basıldığını, geri qalanının təshihlərinə
əli dəymədiyini, Ege Universitetindəki otağında
qaldığını, vaxt tapınca ixtisas kitablarıyla
birlikdə bunları da alıb İstanbula gətirəcəyini
anlatmışdı. Yay tətillərini İstanbulda təkbaşına
yaşayan H.Camal Yanarın Ərənköyündə kirələdiyi
evində keçirən Dilşad Elbrusun böyük
bacısı Sürəyya xanım İstanbul Universiteti
Türk dili və ədəbiyyat bölümündən məzundu.
Şair dayı və ədəbiyyat müəllimi
bacısının təsiriylə mənim sahəmdə həmən
hər məsələ haqqında danışa bilirdik.
Əzbərdən farsca beytlər, divan və sonrakı
dövrlər ədəbiyyatımıza aid şeirlər
oxuyurdu. Farscadan başqa rusca, almanca və ingiliscəni də
oxuyub anlayır, danışa bilirdi. Məndə qonaq
qaldığı sıralarda ədəbiyyat, din və təsəvvüf
sahəsində bəzi kitablar satın aldığını,
bunları vaxt tapınca zövqlə oxuyacağını
söylədiyini də xatırlayıram.
Dilşad
Elbrus yenə məndə qonaq qaldığı günlərdən
birində məndən kağız və qələm istəmiş,
"sənə gözəl bir şeir yazacağam"
demişdi. Mən susub gözlədim; o yazdı, yazdı. Mənə
iki tərəfi də yazılmış kağızı
verdi. Onun bu kağıza yazdıqlarını da olduğu kimi
nəşr etməyi, Azərbaycan ədəbiyyatına aid bir
məsələni aydınlatdığı və mənə
bilmədiyim bir şeyi öyrətdiği üçün
faydalı sayıram: “ Öz bacım kimi sevdiyim Fevziyyə
bacıma kiçik bir xatirə.Dilşad Talıbxan Elbrus.
Ankara, 4 avqust, 1977.
Son illərində
ildə bir-iki dəfə İzmirdən Ankaraya gəlir, bəzən
məndə üç-beş gün qaldığı olur,
Ankaradakı dostlarını birər-birər arayıb
tapır, həsrətini sovudub sevinc içində İzmirə,
vəzifəsi başına dönürdü. 1977-ci ildə təqaüdə
çıxınca İstanbulda Bağdad caddəsində kirələdiyi
bir mənzildə yerləşmişdi. Rahatlığa
qovuşa bilmədi; çiləli illərın da təsiriylə,
tutulduğu müxtəlif xəstəliklər onu
qabağına qatıb sürükləyirdi. Cərrahpaşa
tibb fakültəsində yatma zorunda qaldı. Mədəaltı
vəzin xərçəngindən qurtulmasına imkan
qalmadığını bilirdik. Xəstə ikən də məktublaşdıq.
Bunları ev ünvanına yazırdım. Böyük
bacısı rəhmətlik Sürəyya xanımın
oğlu Can Odoğlu bəy bunları xəstəxanaya
aparıb Dilşada çatdırırdı. Son məktubumun
içində onu xəstəxanada zərf-kağız təmini
zəhmətindən qurtarmaq düşüncəsiylə bir
məktub kağızı ilə üzərində
ünvanım yazılı pullu bir zərf də qoymuşdum”.
Mərtublar Dilşad xanımın xəstəliyinin son
aylarını anlatdığı və Azərbaycan həsrətini
canlandırdığı üçün olduğu kimi nəşr
edirik:
"Fənəryolu,
11 mart 1979. Fevzim, canım bacım! 26 fevral günü xəstəxanadan
çıxdım və məktubunu eyni gün evimə gedincə
aldım. Oxuduqca qəhərləndim. Candan yanğın, on
bir-on iki yaşımdan bəri Azərbaycandakı həsrətini
çəkdiklərim, həm Azərbaycanım və
oradakılara həsrətimin acısıyla yarım əsrdən
artıq sızlayan qəlbimi sənin candan bacı
yanğın elə gözəl oxşadı ki, məktubunu
oxuduqca qəlbimdəki sızıltının yüngülləşdiyini,
hətta keçdiyini hiss etdim. Yalnız Şaziyə
ablamızın rahatsızlığına çox
üzüldüm. İnşaallah, indi yaxşıdır.
Azanlar oxunduqca hər dua edişimdə ablamıza da Rəbbimin
sağlamlıq ehsan eləməsini niyaz edirəm.
Canım
Fevzim! Xəstəxanadan çıxdığım gün
paltarlı çəkim otuz doqquz kilo idi, yəni gombullar
kraliçası... Zəiflikdən gözlərim
görmür və qulaqlarım yaxşı eşitmir və
fevralın son günləriylə martın
başlanğıcınadək, bu günə qədər
yazı yaza bilmədim. Bu gün də yaxşı yaza bilmirəm.
İfadəm pozuqdur. Lamiə Tyə qonşudan telefon etdim və
sənə yazıb durumumu anlatmasını rica etdim. Mənim
xəstəxana problemim hələ bilməcədir. Mədəmdə
əcaib, əllə yaxşıca hiss edilən bir sərtlik
var. İndi həkim bir ay evimdə yaxşı qida alıb
kökəlməmi, sonra təkrar həzm cihazımın incələnməsi
üzrə xəstəxanaya yatmamı söylədi; yəni
6 və ya 10 aprel günü həkim məni təkrar
müayinə edəcək və kafi dərəcədə
güç toplamış olsam Daxiliyyəyə
yatıracaq...
Canım
bacım, sənin məktubunu açıb ünvanlı, pullu
zərfi içində, yazmam üçün
kağızı görüncə elə təsirləndim ki,
göz yaşımı tuta bilmədim. Sağ ol, var ol, mənim
canım bacım! Səni həsrət dolu sevgimlə
qucaqlayaraq çox-çox öpürəm. Xeyir-duaları və
içdən sevgilərlə Dilşad bacın!".
12 apreldə
Karacaəhməd məzarlığında 1974-də vəfat
edən və lap çox sevib bağlandığı
dayısı Hüseyn Camal Yanar bəyin yanına dəfn
edilir.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 6 dekabr.- S.15.