“İstiqlal”ın əsas müəllifləri
istiqlalçı publisistlər idi
M.Ə.Rəsulzadə:
“Azərbaycan istiqlalını müdafiə üçün
"İstiqlal" nəşrə başlayır”
“Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat”
mövzusunda bağlı silsilə yazını davam etdiririk. Filologiya üzrə elmlər
doktoru İslam Ağayev AXC dövrünün mətbuatını
belə təsnif edir:
- Azərbaycan
Demokratik Respublikasının ideyalarını təbliğ edən
milli
mətbuat;
- Milli
hokumətə müxalifətdə olan bolşevik ideyalı mətbuat;
- Azərbaycan
bolşevik mətbuatı ilə müxalifətdə olan mətbuat;
- Azərbaycanı
ərazi cəhətdən parçalayıb Ermənistana birləşdirmək
uğrunda mübarizə aparan mətbuat;
-
Özünü bitərəf adlandıran, heç bir siyasi
partiyaya mənsub olmayan
informatik
qəzet və jurnallar.
Azərbaycan
mətbuat tarixinin tanınmış
araşdırıcılarından olan Akif Aşırlı bu
dövrdə (1918-1920) çıxan “İstiqlal” qəzeti
haqqında qənaətlərini bölüşür: “Bu qəzetin
1918-ci ildə 7, 1919-cu ildə 28, 1920-ci illərdə isə
15 sayı işıq üzü görüb.
"İstiqlal"ın ideya-siyasi istiqaməti, məqsəd
və vəzifələri M.Ə.Rəsulzadənin ilk nömrədə
çap olunan baş məqaləsində şərh olunub:
"İnsanların istiqlalına hürriyyəti-şəxsiyyə,
millətlərin hürriyyəti-şəxsiyyətinə
istiqlal deyilir. Hürriyyəti şəxsiyyə
nə qədər müqəddəs isə, şəxslərin
məcmusu olan millətlərin istiqlalı da o nisbətdə
müqəddəsdir. Azərbaycan istiqlalı! İştə, bir şüar ki, firqəmiz onun ilk ələmdarı
olmaq şərəfi ilə iftixar eylər. İştə, bu qanlarla söndürülməyən
və bu gün hər kəsi kəndisini tanımaya vadar edən,
yolunda dönməz bir əzmlə cihad etdiyimiz Azərbaycan
istiqlalını müdafiə üçün
"İstiqlal" nəşrə başlayır".
Qəzetin epiqrafı üçün böyük türk
şairi Tofiq Fikrətin - "Millət yoludur, haqq yoludur
tutduğumuz yol,Ey haqq, yaşa, ey sevgili
millət, yaşa, var ol" - beyti seçilib. "Turan"
mətbəəsində çap olunan “İstiqlal”ın əsas
müəllifləri istiqlalçı publisistlər idi.
M.Ə.Rəsulzadə, Seyid Hüseyn, Mirzə Bala Məhəmmədzadə,
Ə.Həmdizadə, Ümmugülsüm, Əhməd Cavad,
Əli Yusif, Cəfər Cabbarlı, Məhəmmədəli
Rəsulzadə kimi dövrün qüdrətli qələm əhli
“İstiqlal”ın əsas yaradıcı sütunları idi”.
Araşdırmaçı bildirir ki, qəzetin "Firqə
həyatı" rubrikası altında Bakı və ətraf
rayonlarda Müsavat partiyasının özəklərinin fəaliyyəti
işıqlandırılırdı. Partiyalararası ixtilaflar, ideoloji
savaş qəzetdə dərc olunur, siyasi polemikalara yer
verilirdi: “”Müsavat”la “İttihad” partiyaları arasında
fikir iftilaxları da “İstiqlal”da dərc olunmuşdu. “İstiqlal”ın səhifələrində bədii ədəbiyyat
da önəmli yer tuturdu. M.Ə.Rəsulzadənin,
Ə.Cavadın, Ümmugülsümün, Əli Yusifin,
C.Cabbarlının ədəbi yaradıcılığına
da qəzetdə yer verilib. 1919-cu ildə nəşrə
başlayan "Övraqi-nəfisə" aylıq ədəbi-bədii,
ictimai-siyasi jurnalın naşiri Zülfüqar Hacıbəyli,
redaktoru Əliabbas Müznib idi. Rəngli
çap olunan bu jurnalın rəsmlərini Əzim Əzimzadə
çəkib. Azərbaycanın
istiqlalını, dövlət müstəqilliyini təbliğ
edən "Övraqi-nəfisə" ermənilərin
törətdikləri soyqırım və zorakılıq hərəkətləri,
daşnakların vəhşilikləri barədə publisistik
yazılar da dərc olunurdu. Ədəbiyyat, musiqi, teatr,
memarlıq
nümunələri barədə yazılarla
yanaşı, fotoşəkillər də jurnalın nəfis
şəkildə nəşri üçün əhəmiyyətli
idi. Firudin bəy Köçərlinin, Abdulla
Şaiqin, Camo Cəbrayılzadənin, Əliabbas Müznibin,
Əmin Abidin, Məhəmməd Hadinin əsərləri
jurnalın səhifələrində işıq üzü
görür, oxucuların marağına səbəb olurdu.
"Övraqi-nəfisə"də ədəbiyyat
tarixinə həsr olunan araşdırmalar da başlıca yer
tuturdu. Burada Molla Pənah Vaqif, Əbdülqasım Nəbati,
Mirzə Fətəli Axundov, Əli bəy Hüseynzadə,
Haşım bəy Vəzirov, Məhəmməd Hadi,
Əliabbas Müznib, Xədicə xanım Ədvi,
Əliağa Vahid və başqa şair və
yazıçıların tərcümeyi-halı, əsərləri
çap olunurdu.
Topluda Şərq musiqisi və musiqi alətlərinə
dair maraqlı yazılara da rast gəlmək
mümkündür. Ərəb yazıçısı
Cürci Zeydanın əsəri, "Tac-Mahal"ın və
Bakının memarlıq abidələri barədə yazı
və rəsmlər maraq doğurur. "Övraqi-nəfisə"nin ilk sayında qətlə yetirilmiş
Hüseyn Ərəblinski barəsində məqalə dərc
olunub. Jurnalın 6 sayı işıq
üzü görüb, kağız qıtlığı
üzündən nəşri
dayandırılmışdı”. İlk
sayı 1920-ci ilin əvvəlində çıxmış
"Qurtuluş" jurnalı da Azərbaycan Xalq Cümhuriyyətinin
ideyalarına xidmət edən nəşr idi: “Bu jurnalda
A.Şaiq, H.Cavid, S.Mümtaz və başqa ədiblər
iştirak edirdilər. 1920-ci il aprel
çevrilişindən sonra "Qurtuluş"un
çapı dayandırılmışdı”.
Cümhuriyyət dövrünün satirik nəşrlərinə
gəlincə, A.Aşırlı bildirir ki, Cümhuriyyət
ideyalarına sadiq qalan və baş verən proseslərə
ciddi münasibət göstərib ictimai fikri müəyyənləşdirən
mətbu orqanlar kimi, 1918-ci ildən sonra satirik jurnallar da nəşr
olunurdu.
İlk sayı 1918-ci ilin 5 oktyabrında nəşr olunan
"Şeypur"un naşiri Səməd
Mənsur, redaktor M.Ə.Sidqi idi. "Şeypur"un 1918-ci illərdə 11, 1919-cu ildə 3
sayı işıq üzü görür, fəaliyyətini
1949-cu ilin yanvarın 8-dən sonra dayandırıb. "Şeypur" Azərbaycan Xalq Cümhuriyyəti
ideallarını təbliğ edir, dövlət quruculuğu
prosesində qarşıya çıxan əngəlləri,
çətinlikləri qələmə alır, bolşevik təbliğatına
qarşı mətbu mübarizə aparır, Bakı neftini ələ
keçirmək istəyən dövlətlər
arasındakı çəkişmələri ifşa edirdi.
"Molla Nəsrəddin" ənənələrini
davam etdirən "Şeypur" da müxtəlif
üsullardan istifadə olunur, satirik şeirlər, felyetonlar dərc
olunurdu. "Şeypur"un
başlıca gülüş hədəflərindən biri
ermənilərin Qarabağda
törətdikləri vəhşiliklər idi. Jurnalın
1919-cu il 11 yanvar tarixli 13-cü sayında "Azərbaycanlı"
imzalı müəllifin "Erməni yuxusu" adlı
felyetonunda bu məsələyə toxunulurdu.
"Şeypur"çular Azərbaycanın müstəqilliyini
qəbul etməyən bolşevikləri də eyni cür
gülüş hədəfinə çevirdi: "Kerenski
hökumətindən sonra Rusiyada baş qaldırıb
dünyanı azad edəcəyini vəd edən füqəra
tərəfdarı, bir nan firqə
adamı "bolşoy" (yəni böyük adam) peyda
olub... Həmin firqə Bakıda rəhmətlik
Şaumyandan ibarət idi. Bakıda yaşlı
iranlılardan bəziləri bu firqənin
məramnaməsini qəbul edib, bərbad halda olan İranı abad etmək
istəyirdilər. Jurnal müstəqilliyi, milli dövləti
qorumağına vacibliyini öz oxucularına bu cürə
çatdırırdı:
"Mart hadisələrindən sonra suya batmış
toyuq kimi suyun süzülə-süzülə,
büzülmüş bir tərəfdə
qalmışdım. Öz şəhərində, öz evində
özgə yerdən gəlmişlərin əli altında əzilirdin.
Küçədən keçəndə divar
dibi yeriyib, öz ana dilində danışmağa ehtiyat
edirdin. Bu altı ay sənin
üçün çox zülmlər olub. Lakin oyunlar üçün çalmaq şeypur
olmayıb. İndi şükür olsun
"Şeypur"umuzu partlayana qədər çalmağa
başlayırıq".
"Şeypur"
Azərbaycan dövlətinin maraqlarının əleyhinə
yazılar yazan
mətbu
orqanlarına qarşı da satirik gülüşdən
istifadə edirdi. Belə qəzetlərdən
biri rusca nəşr olunan "Vperyod" qəzeti idi.
"Şeypur" bu barədə yazırdı:
"Vperyod" əslən rus sözü olub, axır vaxt ermənilər
onu çox istemal edirdilər. Bu sözün əsl
mənası "qabağa" deməkdir. Amma nədənsə ermənilər onu tərsinə
başa düşüb "dala" deyə işlədirlər.
Bizim zamanlarda da erməni daşnaklarının
həmin adda Bakıda bir qəzetləri
çıxırdı. Müsəlmanlara müraciətlə
hər gün şirin-şirin məqalələr
yazmaqda
idi".
"Şeypur"la
yanaşı, həftəlik illüstrasiyalı satirik jurnal
olan "Zənbur" da
nəşr olunurdu. 1918-ci ilin aprel-noyabr aylarında çap olunan
"Zənbur"un təsisçisi
"Türk Nəşriyyat Cəmiyyəti" idi. 1909-cu ildə
nəşr olunan eyniadlı jurnalın və Molla Nəsrəddin
ədəbi məktəbinin davamçısı olan "Zənbur"un naşiri Mirzə Əbdülxaliq Axundov, rəssamı
isə Əzim Əzimzadə idi. Jurnalda
Əliabbas Müznib, Əli Nəzmi, Səməd Mənsur,
Hacı Qasım Səyyah kimi müəlliflər fəal
iştirak edirdi. 1918-1920-ci illərdə müstəqil
Azərbaycan dövlətinə müxalifətdə olan mətbuat
orqanları içərisində bolşeviklərin yaratdıqları
nəşrlər say etibarilə çox idi.
Bolşeviklər 1917-1920-ci illərdə Azərbaycanda
40-dan artıq mətbuat orqanı nəşr etmişdilər. Bolşevik mətbuatını
çox hazırlıqlı, marksizm ideologiyası ilə
silahlanmış siyasi qüvvələr idarə edirdilər.
Məhz bunun nəticəsində sinfi mahiyyət
daşıyan, proletariatın avanqardı olanlar geniş mətbuat
şəbəkəsi yaratmışdılar. Müstəqil
Sovet Azərbaycanı ideyasını müdafiə edən Nəriman
Nərimanovun, sosialist ideyalarının
daşıyıcısı olan M.S.Ordubadinin, Ə.Qarayevin,
Seyid Cəfər Pişəvərinin, Ruhulla Axundovun bu
baxımdan məxsusi fəaliyyəti var”.
Bu
dövrdə çıxan qəzetləri təhlil edən
araşdırmaçı Akif Aşırlı
vurğulayır ki, 1904-cü ildən nəşr olunan
"Hümmət" qəzeti 1917-1918-ci illərdə
bolşevizmin əsas təbliğat tribunası idi: “Bu dövrdə
"Hümmət" M.S.Ordubadinin və Dadaş Bünyadzadənin
redaktorluğu ilə nəşr edilirdi. Cümhuriyyət
dövrü bolşevik mətbuatının ən fəal
nümayəndəsi Əliheydər Qarayev idi. Əvvəlcə menşevik "Hümmət"
partiyasının millətçi fraksiyasına mənsub olan
"Al bayraq" qəzetinin redaktoru olub. Ə.Qarayevdən
öncə "Al bayraq" Əhməd Cövdətin
müdirliyi ilə nəşr olunmuş, 1919-cu ildə Tiflisdə
nəşri dayandırılıb, Bakıya
köçürülüb. Bu leqal bolşevik qəzetinin
Bakıda yeganə sayı 1920-ci il
martın 31-də nəşr olunub. Qəzet Azərbaycan
Xalq Cümhuriyyətinin fəaliyyətini tənqid edir,
kütlələri sosialist inqilabi uğrunda mübarizəyə
çağırırdı. Dövlətə
qarşı çıxış etdiyi üçün
bağlanılıb. "Al bayraq"dan başqa
Ə.Qarayevin "Əxbari", "Zəhmət sədası",
"Azərbaycan füqərası", "Bednota",
"Qolos truda", "Məşəl", "Oktyabr
inqilabı" kimi qəzet və jurnalları da var idi.
"Tartan-partan" Ə.Qarayevin müdirliyi ilə Tiflisdə nəşr olunan satiric jurnal idi ki, bu məcmuə 1918-ci ildə bir sayının çapından sonra fəaliyyəti dayandı. Ə.Qarayevin rusca nəşr etdiyi digər leqal bolşevik qəzeti "Bednota" idi. Bu nəşr 1919-cu ilin sentyabrın 14-dən oktyabrın 26-na qədər fəaliyyət göstərmişdi. "Bednota"da Bakı fəhlələrinin həyatından, həmkarlar ittifaqları və fəhlə konfransları barəsində yazılar dərc olunurdu. Azərbaycanın müstəqilliyinin
əleyhinə fəaliyyət göstərdiyinə görə qapadılıb.
Uğur
Xalq Cəbhəsi.-
2014.- 13 dekabr.- S.11.