İnsanları düşündürməyi bacaran sənətkar

 

Əzim Əzimzadənin əsərlərində xəlqilik, ictimai ənənəçilik, milli kolorit güclüdür

 

Onun əsərlərini yaşlı və orta nəslin çoxu xatırlayır. Əzim Əzimzadə gerçəkdən insanları düşündürməyi bacarırdı. Əsərləri onillər ərzində ardıcıl olaraq mətbuatda dərc olunub, ictimai təsir gücünə malik olub. Əzim Əzimzadə 1880-ci ilin aprel ayında Novxanı kəndində anadan olub. Atasının etirazına baxmayaraq ibtidai təhsilini rus-tatar məktəbində alıb. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında əsərlərini dərc etdirməklə başlayıb. 1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub.

Mütəxəssislərin fikrincə, Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri onun satirik qələminin hədəfində olurdular. O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi.

Ə.Əzimzadə satirik şair M.Sabirin "Hophopnamə"sinə çoxlu illüstrasiyalar çəkib. Eləcə də o, bu illüstrasiyalarla kitab qrafikası sənətinin də əsasını qoyub. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə bilmişdilər. Rəssam 1920-1943-cü illərdə Azərbaycan Rəssamlıq texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olub. Məşhur rəssam 1943-cü il mayın 15-də Bakıda vəfat edib.

Sənətşünaslıq doktoru, professor Nurəddin Həbibovun fikrincə, bu gün misilsiz əsərləri ilə bütün dünyada Azərbaycan təsviri sənətini ləyaqətlə təmsil edən neçə-neçə şan-şöhrətli fırça ustası Əzim Əzimzadə məktəbinin yetirməsidir. Əzim Əzimzadə Azərbaycan xalqının görkəmli mədəniyyət xadimləri arasında xüsusi yer tutur. O, realist qrafikanın banisi, satirik rəsmin mahir ustası, milli rəngkarlıq sənətinin öncül nümayəndəsidir: "Müasir Azərbaycan qrafikasının təşəkkülü, formalaşması və inkişafı bu böyük sənətkarın adı ilə ayrılmaz şəkildə bağlıdır. O, XX əsr milli təsviri sənətimizin inkişafında əvəzsiz rol oynayıb, qrafikamızı yeni janrlar və obrazlarla zənginləşdirib, rəssamlıq kadrlarının yetişdirilməsinə güclü təkan verib. XX əsr Azərbaycan xalqının tarixində iqtisadi və mədəni yüksəliş yüzilliyi kimi qiymətləndirilməlidir. Mədəni tərəqqinin inkişafında mütərəqqi mətbuat, maarif, sənət ocaqları və görkəmli ziyalılarımız xüsusi rol oynamışlar. Bu baxımdan 1906-cı ildə böyük yazıçı-demokrat Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə Tiflis şəhərində nəşr olunan satirik "Molla Nəsrəddin" dərgisinin fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Mirzə Cəlilin fikrincə, "Molla Nəsrəddin"i təbiət özü yaratdı, zəmanə özü yaratdı". C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, Ə.Nəzmi, Ə.Qəmküsar və başqa tərəqqipərvər ziyalılar ilə birlikdə O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə kimi rəssamlar da dərginin fəaliyyətində yaxından iştirak edirdilər. Dərginin qabaqcıl demokratik ənənələri, satirik janrın, karikaturanın təşəkkülü sahəsindəki təşəbbüsləri Əzim Əzimzadə yaradıcılığı üçün sonsuz dərəcədə faydalı təcrübə və ilham mənbəyi olmuşdu".

Rəssam Novxanı kəndində dünyaya göz açıb. Əzimzadənin atası Aslan kişi şəhərə köçüb bənnalıq edir, oğlunun taleyinə qayğı ilə yanaşır, onu mollaxanaya qoyur: "Lakin az müddətdən sonra Əzim rus-tatar məktəbinə daxil olur. O, burada oxuduğu illər ərzində rəsm çəkməyə xüsusi həvəs göstərir, ədəbi əsərlərə illüstrasiyalar çəkir. İbtidai təhsili uğurla bitirdikdən sonra balaca Əzim şəhərin dövlətlilərindən Ağabala Quliyevin dəyirmanında çapar işləməyə başlayır. Burada həmin sahibkarın evini dekorativ şəkillərlə bəzəmək üçün dəvət olunan Maslov soyadlı rus rəssamının yanında təsviri sənətin əlifbasına yiyələnməyə başlayır. Peşəkar rəssamlıq təhsili almamasına baxmayaraq Əzimzadə özünün səyi, bacarığı ilə şəkil çəkməkdə uğur qazanır, özünün bu nadir istedadını inkişaf etdirməyə nail olur. Peşəkər sənət yoluna özfəaliyyətdən gələn Əzim Əzimzadə 40 illik səmərəli yaradıcılığı ərzində 3000-dən artıq satirik rəsm, karikatura, illüstrasiya, plakat, səhnə dekorasiyası, geyim eskizi və başqa əsərlər yaradıb, milli sənətin klassik nümayəndəsi zirvəsinə ucalıb".

Araşdırmaçının fikrincə, Ə.Əzimzadənin rəssamlıq sahəsində ilk ciddi addımları "Molla Nəsrəddin" dərgisində nəşr etdirdiyi karikaturaları ilə əlaqədardır. Bununla bərabər o zamankı "Kəlniyyat", "Baraban", "Məzəli", "Tuti", "Zənbur", "Babayi-Əmir" adlı dərgilərdə də satirik rəsmlərlə çıxış edirdi. Həmin rəsmlərin əsas mövzusu xalqın acınacaqlı güzəranı, ölkənin daxili vəziyyəti, ictimai ədalətsizliklər, hər cür tüfeyli ünsürlərin fırıldaqlarının ifşası idi: "Patriarxal ailədə qadınların dözülməz həyat tərzi, hüquqsuzluğu, şəxsiyyətin təhqirlərə məruz qalması Əzimzadə rəsmlərinin əsas mövzularındandır. 1914-cü ildə, ilk yaradıcılıq mərhələsinə aid əsərlər arasında "Ağlargüləyən" böyük Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalar Azərbaycan kitab qrafikasının klassik nümunəsi hesab olunur. Rəsmlər şairin satirik poeziyası ilə qırılmaz vəhdət təşkil edir, üslub və bədii ifadə tərzinin yaxınlığı ilə səciyyələnir. "Əkinçi", "Dilənçi", "Fəhlə", "Satiram" və başqa şeirlərə çəkilən rəsmlər fikir aydınlığı, forma sadəliyi, satirik kəsərliliyi ilə diqqəti cəlb edir. Əzimzadənin 1922-ci ildə kitabın yeni nəşri üçün yenidən işlənib tamamlanmış bu rəsmləri "Hophopnamə"nin ayrılmaz tərkib hissəsinə çevrilmişdi. Maraqlıdır ki, Əzim Əzimzadə realist portret janrında məşhur şərq şairi Cəlaləddin Ruminin, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin (1919) obrazlarını yaradıb. Həmin portretlər R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin qiymətli eksponatlarındandır. XX əsrin əvvəllərindən başlayaraq milli təsviri sənətin karikatura, illüstrasiya sahələrində çalışan Əzimzadənin yaradıcılığı respublikada sovet hakimiyyəti dövründə yeni vüsət alır. O, Maarif Komissarlığı nəzdində incəsənət idarəsinə, ilk dəfə təşkil olunan rəssamlıq məktəbinə rəhbərlik edir. Təsviri sənətin plakat, satirik qrafika və səhnəqrafiya sahələrinin örnəklərini yaradır".

Araşdırmaçı hesab edir ki, Əzimzadə satirası ilk növbədə öz parlaq ifadəsini məişət janrı sahəsində tapıb: ""Müsəlmanların müqəddəs yerlərə ziyarəti", "Köhnə Bakı tipləri" (100 tip) kimi silsilə əsərlər rəssamın keçmiş məişətin bütün təzadlarına, ixtilaflarına dərindən nüfuz etdiyini göstərir. Rəssam "100 tip" silsiləsində keçmiş Bakının müxtəlif təbəqələrə, peşələrə mənsub adamlarının, xırda küçə alverçilərinin, burjua ziyalılarının, neft milyonçularının, inzibatçi məmurların ictimai və psixoloji aləmini məharətlə ümumiləşdirib. Obrazların milli koloriti, folklor ənənələrinə yaxınlığı, satira və yumor ünsürlərinin dərin ifadəliyi Əzimzadə yaradıcıqini mühüm sənətkarlıq xüsusiyyətləridir. Rəssam buna təkcə zahiri etnoqrafik vasitə ilə deyil, xalqın ruhunu, nəcib arzularını, mənəvi-əxlaqı incəliklərini yumor dilində ifadə etməklə nail olub.

Əzimzadə həm də istedadlı plakat ustası idi. Savadsızlığa, cəhalətə, riyakarlığa, qadın azadlığına həsr etdiyi plakatları siyasi və satirik məzmunu ilə fərqlənirdi. "Vətəndaş, savadsızlığını ləğv et" (1921) plakatı buna parlaq misal ola bilər. Əzimzadənin əsərləri acı gülüş, məzhəkə, qrotesk hissləri ilə aşılanıb. Onun gah kəskin satira, gah incə məzhəkə, gah mənalı mübaliğə və ifşaedici eyhamla dolu rəsmlərini seyr etdikcə realist sənətin qüdrətini bir daha duymuş oluruq. Çünki həmin əsərlərdə xəlqilik, ictimai ənənəçilik, milli kolorit güclüdür. O, canlı tipaj, mühit, geyim, əşya, interyer və sairə yaradarkən milli sənətin, folklorun, məzhəkəli teatr və milli musiqi sənətlərinin ənənələrinə əsaslanırdı.

Əzimzadə fitri istedadı, səmərəli əməyi sayəsində realist təsviri sənətin forma rəngarəngliyinə hərtərəfli yiyələnmiş, özünün çoxşaxəli istedadını qrafik rəsmlərlə yanaşı, səhnə tərtibatı və geyimi sahəsində də nümayiş etdirib. O, Ü.Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasına, "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm", "Leyli və Məcnun", M.Maqomayevin "Nərgiz", Z.Hacıbəyovun "Aşıq Qərib" və "Şahsənəm" operalarının, M.F.Axundovun "Hacı Qara", "Molla İbrahim Xəlil kimyagər", "Müsyö Jordan və Dərviş Məstəlişah", C.Məmmədquluzadənin "Ölülər" komediyalarının, Ə.Haqverdiyevin "Dağılan tifaq", H.Cavidin "Şeyx Sənan", C.Cabbarlının "1905-ci ildə" dramlarının tamaşalarına dərin məzmunlu səhnə geyimi və tərtibat eskizləri yaradıb".

Əzimzadənin pedaqoji fəaliyyətinə toxunan araşdırmaçı bildirir ki, o, Bakı Dövlət Rəssamlıq Məktəbində təhsil alan gənc rəssamlar nəslinin müəllimi olub, onların sənət aləmində uğurlarını təmin edib: "İkinci dünya müharibəsi illəri Əzimzadə yaradıcılığının son mərhələsini təşkil edir. O, özünün kəskin satira süngüsünü faşist quldurlarına qarşı mübarizə silahına çevirmişdi. Rəssam 80-dən artıq kəsərli karikatura, o cümlədən "Şir və pişik balası", "Tovuz lələkli qarğa", "Fürerin qənimətləri", "İmperializmin zəncirli köpəkləri", "Faşist heyvanxanası" (1942) və başqa dərin məzmunlu, dəyərli əsərlərini yaratmışdı. Rəssam sərsəm fürerin zahiri simasını verərkən mübaliğə, şişirtmə üsulu ilə satirik personajın mənəvi heçliyini, vəhşiliyini, lovğalığını aşkarlamışdı. Müharibə illərində yaratdığı əsərlər Əzimzadə istedadının son parıltısı idi. O dövrdə rəssamın çoxillik, çoxşaxəli, rəngarəng yaradıcılıq fəaliyyətinin son akkordları səslənirdi. Əzim Əzimzadənin əsərləri Bakının, Moskvanın və bir sıra digər şəhərlərin muzeylərində saxlanılır, tamaşaçılar tərəfindən həmişə rəğbətlə qarşılanır".

 

Uğur

Xalq Cəbhəsi.- 2014.- 26 fevral.- S.11.