“Erməni yalanlarının yeridiyi məkan
daralır”
Azərbaycanın Los Anceledəki baş konsulu Nəsimi Ağayev: "Fəaliyyətimizi hücum diplomatiyası
tapşırığına uyğun qurmuşuq"
Azərbaycanın Los Ancelesdəki
konsulu Həsimi Ağayevin "Trend"ə müsahibəsi
- Məlumdur
ki, Los Ancelesdəki baş konsulluğumuz Azərbaycandan ən
uzaqda yerləşməklə yanaşı, dünyanın ən
strateji məkanlarından birində fəaliyyət göstərir.
Baş Konsulluq əsasən hansı istiqamətlərdə
çalışır?
- 2005-ci
ildə təsis olunmuş Baş Konsulluğumuz Kaliforniya daxil
olmaqla ABŞ-ın 13 qərb ştatını əhatə
edir. Kaliforniya özü 2 trilyon dollarlıq
iqtisadiyyatı ilə dünyada 8-ci iqtisadi güc hesab edilir.
Bu ştat ABŞ Konqresində ən
böyük sayla - 53 konqresmenlə təmsil olunur. Ona görə də, Kaliforniyanın federal siyasətə
böyük təsiri var. Hollivud, Silikon Vadisi kimi
tanınmış mərkəzlər, eləcə də
Stanford, Börkli kimi məşhur universitetlər Kaliforniyada fəaliyyət
göstərir. Bundan başqa, Vaşinqton,
Kolorado, Arizona və Oreqon kimi iqtisadi cəhətdən
güclü ştatlar da Baş Konsulluğun səlahiyyət
dairəsindədir.
Bu baxımdan, Azərbaycan Baş Konsulluğunun
Kaliforniyada təsis olunması təsadüfi olmamış, Azərbaycan
prezidentinin uzaqgörən siyasətinin nəticəsi
olmuşdur. Baş Konsulluq fəaliyyət dairəsinə daxil
olan ştatlarla ən müxtəlif sahələrdə əməkdaşlığın
inkişaf etdirilməsinə, ştat qanunvericiləri və bu
ştatlardan olan konqresmenlərlə əlaqələrin
gücləndirilməsinə, Azərbaycan həqiqətlərinin
geniş şəkildə yayılmasına səylər
göstərir. Əminliklə demək olar ki, Baş
Konsulluğun təsis olunmasından keçən müddət
ərzində burada Azərbaycanın dostlarının sayı
artmış, ölkəmiz haqda, xüsusilə onun bu
günkü sürətli inkişafı barədə
düzgün təsəvvürün yaradılması
işində mühüm irəliləyişlər əldə
olunmuşdur.
-
Bildiyimiz kimi, Kaliforniyada böyük sayda erməni icması
mövcuddur. Bu icma haqqında nə deyə bilərdiniz?
- Müxtəlif
mənbələrə görə, Kaliforniyada təqribən
1 milyona yaxın erməni yaşayır. Bunun isə
500 mini Los Anceles vilayətinin payına düşür. Erməni icması burada siyasi, iqtisadi, mədəni və
ictimai həyatın müxtəlif sahələrində
çalışır. Hazırda
Kaliforniyanın qanunverici, icraedici və məhkəmə
orqanları başda olmaqla, müxtəlif dövlət
strukturlarında və ictimai qurumlarında ermənilər
işləyirlər. Hətta 1983-1991-ci
illlərdə Kaliforniya ştatına erməni mənşəli
qubernator rəhbərlik etmişdir. Bu
gün Kaliforniya qanunverici orqanının iki, Los Anceles Şəhər
Şurasının isə bir nəfər erməni mənşəli
üzvü var. Bir çox digər şəhərlərin də
idarəçiliyində ermənilər təmsil olunurlar.
-
Kaliforniyadakı erməni lobbisinin Azərbaycan əleyhinə
fəaliyyətləri barədə fikirlərinizi bilmək
maraqlı olardı.
- Bu
gün Kaliforniya dünyada erməni lobbisinin anti-Azərbaycan fəaliyyətlərinin
əsas ideoloji və maliyyə mərkəzlərindən
biridir. Radikal erməni daşnak qruplar burada Azərbaycana
qarşı məkrli fəaliyyətlərini davam etdirməkdədirlər.
Burada Azərbaycan ilə bağlı hər bir
uğur, hər bir müsbət hadisə erməni lobbisi tərəfindən
böyük qısqanclıqla qarşılanır. Ən müxtəlif tədbirlərimizə erməni
lobbisinin təxribatçı müdaxiləsi ilə
qarşılaşırıq. Məsələn,
2012-ci ildə ABŞ-ın NASA kosmik agentliyi ilə birgə
Los Ancelesdəki UCLA Universitetində Azərbaycan
muğamının 1977-ci ildə kosmosa göndərilməsinin
35-ci ildönümünə həsr olunmuş tədbir
keçirirdik. Erməni lobbisi bu dəfə
də gecikmədi. Tədbirin
qarşısını almağa çalışdılar.
Nail ola bilməyincə, etiraz aksiyası
keçirdilər. Ancaq bu aksiya da fiaskoya
düçar oldu və tədbirimiz normal keçdi. Və
ya bu il "Los Anceles Taymz" qəzetinin
keçirdiyi tanınmış səyahət sərgisində
Qarabağ pavilyonu ilə təmsil olunmamızın
qarşısını almaq istədilər, ancaq bu cəhd də
öz bəhrəsini vermədi. Sərgidə
"Qarabağ - Azərbaycanın Zinət Tacı"
şüarı ilə qurulmuş pavilyonumuz böyük
maraqla qarşılandı. Digər tədbirlərimizdə
də ermənilərin belə dözümsüzlüyü və
təxribat cəhdləri ilə
qarşılaşırıq.
Erməni lobbisinin antiazərbaycan fəaliyyətinə
dair axırıncı nümunəni də qeyd etmək istərdim. Bu ilin
yanvarında Kaliforniya qanunverici orqanının iki erməni əsilli
üzvünün və erməni lobbisinin təhriki ilə Azərbaycana
qarşı AJR 32 saylı qərəzli qətnamə layihəsi
gündəliyə gətirilib. Bu sənədin
qəbulu üçün erməni lobbisi dəridən-qabıqdan
çıxmaqdadır. Biz bu sənədlə
bağlı qanunverici orqana kəskin etirazımızı
bildirdik. Bundan başqa, yerli Azərbaycan
icması görülməmiş etiraz kampaniyası təşkil
etdi, qanunverici orqanda keçirilən dinləmələrdə
böyük sayda iştirak edərək, Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən
işğalı barədə həqiqətləri qanunvericilərin
diqqətinə çatdırdı.
Sirr deyil ki, radikal erməni təşkilatları erməni
icmasından daha çox pul toplamaq və öz
mövcudluqlarını davam etdirmək üçün belə
təşəbbüslərlə çıxış edirlər. Daha sonra isə
bunu, ermənilərin ölüm-qalım məsələsi
kimi təbliğ edərək, erməni icmasının
sıravi üzvlərindən böyük məbləğlərdə
pullar alırlar. Bundan başqa, tez-tez Ermənistana
yardım adı altında vəsait toplama kampaniyaları da
keçirirlər. Bu pulların isə
böyük hissəsi daha sonra Ermənistanın korrupsiya
burulğanında qeyb olur. Kaliforniyadakı
sadə Aşot və ya Haykanuşun isə bu vəsaitlərin
hara getməsindən qətiyyən xəbəri olmur. Erməni lobbisi ilə Ermənistanın korrupsioner
hökuməti arasındakı bu "əməkdaşlıq"
uzun illərdir bu qaydada davam edir. Sonda uduzan
səfalət içində yaşayan Ermənistan xalqı və
ABŞ-dakı erməni diasporunun sıravi üzvləri olur.
Ancaq son zamanlar erməni diasporu üzvləri arasında
açıq şəkildə Ermənistanın
hazırkı bərbad sosial-iqtisadi durumundan, ölkədəki
yüksək səviyyəli korrupsiyadan və insan
haqlarının kobud şəkildə pozulmasından etiraz edənlərin
də səsləri eşidilməkdədir. Düzdür,
erməni lobbisi həmişəki taktikasından istifadə edərək,
belələrinə "xəyanətkar" damğası
vurmağa və onları susdurmağa çalışsa da,
bu dəfə vəziyyətin fərqli olduğunu
düşünürəm. Çünki
artıq Ermənistandakı çıxılmaz durum o səviyyəyə
çatıb ki, artıq bunu gizlətmək və ya
ört-basdır etmək mümkün deyil.
- Bu antiazərbaycan
fəaliyyətlərinə qarşı nə kimi tədbirlər
görülür?
- Erməni
lobbisinin bu cəhdləri müqabilində qısa müddət
ərzində kifayət qədər təsirli addımlar
atılmışdır. Baş Konsulluq öz fəaliyyətini
Azərbaycanın dövlət başçısının
hücum diplomatiyası tapşırığına uyğun
olaraq həyata keçirməkdədir. Bu
gün artıq ABŞ-ın qərb ştatlarında Azərbaycanın
strateji önəmi daha yaxşı dərk edilir. Artıq erməni yalanlarının yeridiyi məkan
daralır. Ermənistanın
işğalçılıq və etnik təmizləmə
siyasəti barədə həqiqətlər yerli siyasətçilər
tərəfindən daha yaxşı başa
düşülür. Təsadüfi deyil ki,
2013-2014-cü illərdə Baş Konsulluğun məsul
olduğu Arizona, Havay və Nyu Meksiko ştatlarının
qanunverici orqanlarında Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyən,
Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu
qeyd edən geniş qətnamələr qəbul edilib.
2013-cü ilin ilk üç ayı ərzində Kaliforniya
Qanunverici Orqanının plenar iclasında Azərbaycan
bayrağı 2 dəfə qaldırılıb, ölkəmizə
dair rəsmi təqdimatlar keçirilib, Azərbaycanın
ABŞ üçün strateji önəmi dəfələrlə
qeyd olunub.
Həmçinin bu müddət ərzində Kolorado
Ştatı ilə çox səmərəli münasibətlər
qurulubr. Belə ki, cari ilin yanvar ayında Kolorado
Senatının plenar iclasında Azərbaycana dair təqdimat
keçirilmiş, koloradolu qanunvericilərlə yaxın təmaslar
yaradılıb.
Hesab edirik ki, antiazərbaycan fəaliyyətlərinə
qarşı mübarizənin ən güclü vasitələrindən
biri də zəngin mədəni irsimizin burada təbliğidir. Bu səpkidə son 2 il ərzində Baş Konsulluq tərəfindən
Los Ancelesdə, eləcə də digər Kaliforniya şəhərlərində
12 böyük mədəniyyət tədbiri
keçirilmişdir. Bunların arasında
2013-cü ildə ölməz bəstəkarımız
Üzeyir Hacıbəylinin "Arşın Mal Alan"
operettasının Los Ancelesdə, ABŞ-ın ən
böyük və məşhur opera teatrlarından birində
səhnəyə qoyulmasını xüsusilə qeyd etmək
istərdim. Operettanın 100 illiyinə həsr olunan bu
tamaşada 3 min nəfər tamaşaçı iştirak etdi
və bu "Arşın Mal Alan"ın bu səviyyədə
nəinki ABŞ-da, bütün Qərb dünyasında ilk
nümayişi oldu. Bu həm də tarixi ədalətin
bərpası idi. Belə ki, 1937-ci ildə
ermənilər "Arşın Mal Alan"ı öz
adlarına çıxaraq Los Ancelesdə onun filmini çəkmişdilər.
Azərbaycan bu haqsızlığı aradan
qaldırdı.
Bundan başqa, ötən il Azərbaycanın dəstəyi ilə Stanford Universitetində ilk dəfə olaraq "Azərbaycan Musiqisi və Mədəniyyəti" tədris kursu təsis edildi. Universitetin bir çox tələbələri kursda iştirak etdilər. Yekun imtahan olaraq onlar Universitetdə təşkil olunmuş konsertdə müxtəlif alətlərdə Azərbaycan xalq mahnılarını ifa etdilər. Mədəniyyətimizin təbliği sahəsindəki fəaliyyətlərimiz davam etdirilir.
Beləliklə, bu gün artıq burada vəziyyət
lehimizə dəyişməkdə, Azərbaycanı
tanıyan, ona rəğbət hissi duyan, strateji önəmini
daha yaxşı dərk edən dostlarımızın sayı
günbəgün artmaqdadır. Bu isə ölkəmiz əleyhinə
çalışanlara ən yaxşı cavabdır. Onlar
anlamalıdırlar ki, "yalan ayaq tutar, ancaq yeriməz".
Həqiqət gec-tez həmişə üzə
çıxır.
Xalq cəbhəsi.-2014.-3 iyul.-S.13.