Mühacirlərin “İstiqlal” qəzeti

 

Qəzetin bütün nömrələrinin baş məqalələrini M.Ə.Rəsulzadə özü yazırdı 

 

Sovet hökumətinin dəfələrlə təkidli tələbləri nəticəsində Türkiyə Cümhuriyyəti hökuməti öz ərazisində fəaliyyət göstərən Azərbaycan siyasi mühacirətinə qəzet və jurnalların nəşrini qadağan etməyə məcbur oldu. Azərbaycan mühacirətinin rəhbəri M.Ə.Rəsulzadə fəaliyyət mərkəzini Almaniyaya - Berlinə köçürdü. Mühacirlər burada "İstiqlal" qəzetini nəşr etməyə başladılar. Beləliklə "İstiqlal"ın ilk nömrəsi 1932 il yanvarın 10-da nəşr edilib. "İnsanlara hürriyyət! Millətlərə istiqlal!" şüarı ilə nəşr olunan qəzetin 1-ci sayında "İstiqlal" adı məqalədə yazılırdı:

"İnsanların istiqlalına hürriyyəti - şəxsiyyə, millətlərin hürriyyəti - məxsiyyətinə istiqlal deyilir. Hürriyyəti-şəxsiyyə nə qədər müqəddəs isə şəxslərin məcmun olan millətlərin istiqlalı da o nisbətdə müqəddəsdir".

Qəzetin redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. O, "İstiqlal" qəzetinin 1-ci nömrəsində dərc etdirdiyi "Qısılmayan bir səs" adlı baş məqaləsində bu münasibətlə yazırdı: "Türkiyə Cümhuriyyəti hökumətinin qərarı ilə İstanbulda nəşr edilən "Odlu yurd", "Azəri-Türk", "Yeni Türküstan" məcmuələri ilə "Bildiriş" qəzetəsi qapanmışdır. Bu gün Berlindən eşitdiyiniz bu səs 10 ilə yaxın bir müddətdən bəri İstanbuldan gəliyordu". "İstiqlalın səhifələrində Azərbaycan Cümhuriyyətinin elanı, ölkənin 11-ci Qırmızı ordu tərəfindən işğalı, Bakının daşnakingilis qüvvələrindən azad edilməsi, ermənilərin türk-müsəlman xalqına qarşı törətdiyi soyqırımları və başqa tarixi hadisələrin ildönümü bayram və matəm günləri kimi geniş qeyd olunurdu. 1933-cü il mayın 28-də Azərbaycan istiqlanının elan olunmasının 15-ci ildönümü münasibətilə qəzetin 8 səhifəlik bayram nömrəsi tamamilə bu hadisəyə həsr olunmuşdu. Qəzetdə o dövrdə SSRİ-də, Azərbaycanın SSR-də və ümumiyyətlə, dünyada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilməklə yanaşı, Azərbaycan tarixinə, mədəniyyət, ədəbiyyat və incəsənətinə həsr olunmuş yazılara da geniş yer verilirdi. Qəzetdə Molla Pənah Vaqif, Abbas Səhhət, Cəlil Məmmədquluzadə haqqında, Azərbaycan teatr tarixis. barədə sanballı məqalələr dərc olunmuşdu. Qəzetin, demək olar ki, bütün nömrələrinin baş məqalələrini M.Ə.Rəsulzadə özü yazırdı.

İstiqlalın ən məhsuldar yazarlarından biri də Mirzə Bala Məmmədzadə idi. Bəzən bir nömrədə onun bir neçə məqaləsi dərc olunurdu. Qəzetin əsas müəllifləri sırasında doktor Mir Yaqub, Hilal Münşi, doktor Abdulla Cövdət, V.Nuhoğlu, Dəmirçioğlu, İsrafil və başqaları da var idi. İstiqlalın əldə olan son 64-cü nömrəsi 1934-cü il avqustun 15-də işıq üzü görüb.

Araşdırmaçı Abid Tahirli qeyd edir ki, "İnsanlara hürriyyət, millətlərə istiqlal" şüarı ilə nəşr olunan "İstiqlal" İsmayıl bəy Qaspiralının irsindən xüsusilə istifadə edirdi. İsmayıl bəy Qaspiralı türkçülüyə, onun mənşəyinə, məramına, panturanizmə, pantürkizmə, panislamizmə və bu cərəyanların mahiyyətinə, ortaq türk dili, əlifba məsələlərinə dair ayrı-ayrı yazılarda xatırlanır, onun ideyaları, əməlləri barədə yeri gəldikcə danışılır, eyni zamanda böyük xalq xadiminə ayrıca məqalələr də həsr olunurdu.

Qəzetin 1932-ci il 15 oktyabr tarixli 17-ci və 1 noyabr tarixli 18-ci nömrəsində Mirzə Bala Məmmədzadənin "Dildə birlik" adlı irihəcmli məqaləsi həm türk dilinin inkişaf tarixini izləmək, həm çarSovet Rusiyasının ortaq türk dilinə qarşı mübarizə metodlarını öyrənmək, həm Azərbaycan mətbuat nümunələrinin dil sahəsindəki fəaliyyətini qiymətləndirmək, həm də İsmayıl Qaspiralının ortaq dil yaratmaq kimi tarixi təşəbbüsünün türkçülüyün inkişafına təsirini dəyərləndirmək nöqteyi-nəzərindən diqqəti çəkir. Yazı İstanbulda öz işinə başlayan Dil Qurultayı münasibəti ilə qələmə alınıb və yenicə maarif vəkalətinə təyin olunmuş dr. Rəşid Qalibin qurultay ərəfəsində verdiyi bəyanatdan bir cümlə ilə başlayır: "İstanbulda nəşr olunan bir qəzet Səmərqənddə də oxunmalı və anlaşılmalıdır". Mirzə Bala XX əsrin 20-ci illərində Türkiyədə "məhkum türklərin istiqlal və hürriyyət davasını yürüdən milli Azərbaycan və Türkistan nəşrlərinin" qadağan olunmasını, onların yerini "bolşeviklərin və Moskva hesabına çalışanların tutmasını" qınayır və son beş ildə isə əksinə, türkçülüyün, dil, əlifba islahatlarının geniş vüsət almasını məmnunluqla vurğulayır.

Müəllifin qənaətincə, bu, başqa cürola bilməzdi: "Türkiyədə milli türk hərəkatı hər zaman Azərbaycan, Türkistan və Krım milli hərəkatları ilə bağlı olmuş, çox zaman bir-birinin çox şiddətli təsirləri altında olmuşlar. Əlli il bundan əvvəl türkçülüyün böyüklərindən olan Krımlı Qaspiralı İsmayıl bəy "Dildə, fikirdə, işdə birlik" - deyə türklərdə mədəni və dil birliyi şüarını ortaya atdığı halda, Türkiyə, Osmanlı səltənətindən daha müdhiş "Osmanlı lisanından" qurtarmağa təşəbbüs belə etməmişdi. Krımda başlayan modern türk milli hərəkatı Azərbaycana, oradan İstanbula keçmiş, burada əsl şəklini taparaq, yenidən türk dünyasını istila etmişdir".

İstedadlı publisist Mirzə Bala dil qurultayını türklərin dil və mədəni birliyini nümayiş etdirən böyük bir tarixi hadisə kimi tarixə düşəcəyini qeyd edirta qədimdən türk dilinin inkişafı ilə bağlı təşəbbüslərə qısaca nəzər salır və İ.Qaspiralının ortaq türk dili yaratmaq sahəsindəki tarixi xidmətlərini xüsusi vurğulayaraq yazır: "...Krımdan yeni bir səs yüksəlirdi: "Dildə, fikirdə, işdə birlik". Bu səs türk millətinin orta əsr həyatına "əlvida" deməyə və milli oyanış dövrünə girməyə bir işarət idi. İsmayıl bəyin bu səsi illərcə "Tərcüman"ın şüarını təşkil etdi. Bu səs türk dünyasının hər tərəfində hərarətlə qarşılandı. Bu səsin əks-sədası Xəzər sahillərində və Altay ətəklərində eşidildi. Fəqət buna qarşı o zaman iki qüvvə çıxmışdı: Rusiya və Osmanlı səltənəti!"

Müəllif İsmayıl bəy Qaspiralının ortaq dil yaratmaq ideyasına qarşı çar hökumətinin Azərbaycanda yeritdiyi məkrli siyasəti kəskin tənqid edirbu "şeytani əməllərin" yeganə məqsədinin Azərbaycanlıları "müştərək türkcədən ayırmaq" olduğunu yazır, daha sonra göstərir ki, Sovet hökuməti də müştərək türkcəyə qarşı hərb açmış bir vəziyyətdədir, bütün mətbuat və nəşriyyat çar dövründəki kimi məhəllələşdirilmişdir. İş o həddə çatmışdır ki, "müştərək türkcədən bəhs edən kommunistlər belə, şiddətlə susdurulmaqda və pantürkizmlə ittiham edilməkdədir". Məqalə müəllifi əmindir ki, "Rusiya çökməyincə və Azərbaycan, Türkistan, Şimali Qafqazİdil-Ural milli hakimiyyət və istiqlallarını əldə etməyincə, o yerlərdə müştərək türkcədən bəhs etmək imkansızdır".

Azərbaycan Xalq Cümhuriyyətinin lideri M.Ə.Rəsulzadə İ.Qaspiralının fikir və əməllərinin hədəfinin dəqiq ünvanını və niyyətini göstərirdi: "Qoca rus imperiyasının ruslaşdırma siyasətinə qarşı müvəffəqiyyətlə çıxa bilmək üçün müxtəlif şivələrdə danışan türk ellərini ortaq türkcə danışan bir millət halında görmək qədər təbii bir arzu ola bilməzdi!"

"Ortaqlı bir ildönümü" adlı yazıda müəllif İ.Qaspiralı ideyalarının indi - saxta kommunist ideologiyasının tüğyan etdiyi, sovet rejiminin, cəza aparatının insan haqlarına qənim kəsildiyi 30-cu illərdə də aktual olduğunu xüsusilə diqqətə çatdırır: 50 il əvvəl - "Tərcüman"ın ilk nüsxəsi çıxarkən Rusiya türklərinin vəziyyəti bu günkündən fərqlənmirdi. Türk elləri yenə Rusiyanın əsarətindədir. Mücadilə yenə əbədi düşmənə çevrilmişdir. Düşmən birdir. Lakin fərqlər də var. O vaxt imperiyanın çökəcəyi fikri bəlkə İsmayıl bəyin də zehnindən keçməmişdi. Bu gün isə hər saat bu fikir təkrar edilir. 50 il əvvəl Osmanlı səltənətində türk tarixindən bəhs etmək yasaq idi, "türkcə dil" yoxdu, İsmayıl bəyin təbirincə deyilsə, "Osmanlı alaca-bulacası" vardı. İndi Türkiyə Cümhuriyyəti, tarixi də, dili də türkləşdirilir, milliləşdirilir. 50 il əvvəl Rusiya müsəlmanları vardı. İndi orada türklər var, türk elləri, türk cümhuriyyətləri var. 50 il əvvəl yeni üsullu məktəbdən bəhs etmək inqilab cəsarətli addım idi. İndi istiqlalını qazanmayınca silahı yerə qoymayacaq nəsillər yetişir. M.Ə.Rəsulzadənin qənaəti qətidir: bütün bunlarda İsmayıl bəyin və onun "Tərcüman"ının xidmətləri şübhəsizdir.

"İstiqlal"ın elə həmin nömrəsində Mirzə Bala Məmmədzadənin "V.Nuhoğlu" imzası ilə "Tərcüman" adlı məqaləsi dərc edilib. Yazı dərin məzmunu, zəngin fikirləri, maraqlı kompozisiyası ilə yanaşı obrazlı, oynaq, canlı, təsirli dili ilə də diqqəti çəkir. Aprel ayının acı və dadlı hadisələrlə, tarixi günlərlə zəngin olduğunu qeyd edən müəllif "Tərcüman"ın da həmin ay işıq üzü gördüyünü yazır: "Bu ilk türk qəzeti deyildi. Ondan əvvəl Azərbaycanda "Əkinçi", "Ziya", "Ziyayi Qafqaziyyə", "Kəşkül" kimi türkcə qəzetlər çıxmışdır. Fəqət İsmayıl bəyin "Tərcüman"ı ilk dəfə olaraq türklük problemini, türklüyün mədəni bütünlüyünü açıq bildirməklə aktiv türkçülüyün əsasını qoymuşdu". M.Məmmədzadəyə görə, İsmayıl bəyin "dildə birliyi" fikirdə və işdə birliyin təməlini təşkil edir: "Dil sadələşməyincə ümumiləşməz, müştərək dil formalaşa bilməz. Təlim, tərbiyə, ədəbiyyat, mətbuat və elm bu doğma dildə olmadıqca türklər xilas ola bilməz". Müəllif H.Zərdabinin dil və elmlə bağlı irəli sürdüyü fikirlərin İ.Qaspiralı tərəfindən daha zənginləşdirdiyini, həyata keçirildiyinibununla da "bütün türklərə unudulmaz bir xidmət etdiyini" diqqətə çatdırır.

Mirzə Bala yazır ki, "Dildə, fikirdə, işdə birlik" şüarı altında mücadilə etsək, sıralarımızı sıxlaşdırsaq, ölkələrimizi əsarətdən qurtarsaq, istiqlalımızı əldə etsək, o zaman İsmayıl bəy kimi böyük türkə unudulmaz bir abidə qoymuş olarıq. İstedadlı publisist məqaləsini bu cümlələrlə bitirir: "Təcrübələr göstərdi ki, əsir ikən milli bir mədəniyyət yaradıla bilməz. Fəqət İsmayıl bəylər də olmasaydı gözlərimiz daim qapalı qalacaq, zəncirlərimizi qırmaq üçün "milli məfkurə" deyilən silahı tapa bilməyəcəkdik".

 

Ülviyyə Tahirqızı

Xalqcəbhəsi.-2014.-10 iyul.-S.11.