Zərərli cizgi filmləri
Dəyanət
Rzayev: "Valideynlər uşağın baxacağı cizgi
filminin məzmununa, zamanına diqqət etsin, nəzarətsiz
qoymasın"
Elnur
Rüstəmov: "Bu gün elə cizgi filmləri çəkilir
ki, onlara nəinki uşaqların, hətta böyüklərin
belə baxması məqsədəuyğun deyil"
Tahiba
Quliyeva: "Zorakılıq məzmunlu cizgi filmləri
uşaqları real həyatdan uzaqlaşdıra bilər"
Cizgi filmləri azyaşlılar üçün
çox önəmlidir. Valideynlərə, pedaqoqlara, psixoloqlara
suallar verilir - cizgi filmlərin uşaqlara nə kimi təsiri
var? Hansı cizgi filmlərinə baxmaq daha
yaxşıdır - yerli, yoxsa xarici? Ümumiyyətlə
uşaqlar bu animasiya filmlərinə baxmalıdırlarmı?
Əvvəlcə bu animasiya filmlərinin bir tərəfinə,
yəni müsbət tərəfinə nəzər yetirək. Cizgi filmləri
rəngli, obrazlı, sadədirlər. Özünün
tərbiyəvi istiqamətinə görə oyunlara,
nağıllara yaxındır. Bəzi
cizgi filmləri uşaqlara tərbiyələndirici təsir
göstərir, onlara bu və ya digər vəziyyətdə
necə davranmağı öyrədir, dəcəllik edən,
daim mübahisə edən, yoldaşları ilə yola getməyən
uşaqların sonunun necə olmasını onlara izah edir.
Sanki bununla uşaqları bir çox çətin
vəziyyətlərdən qoruyur. (mehriban
olacaqsan səninlə dostluq edəcəklər, ya da əksinə...).
Doğrudan da animasiya filmlərinə bu istiqamətdən
baxanda onların necə də öyrədici, tərbiyələndirci
xüsusiyyətə malik olduğunu görürük, bununla
onlar sanki valideynlərə öz övladlarını
yetişdirməkdə kömək edirlər. Sehrli qəhrəmanlar onlar üçün sanki
nümunə olur.
Lakin bir çoxlarımıza da məlumdur ki, bəzi
cizgi filmləri uşaqlarda aqressiya yaradır, fikirlərini
tamam başqa istiqamətə dəyişir. Məsələn,
bir çoxlarımızın sevərək izlədiyimiz
"Tom və Jerry" cizgi filmi. Daim
qaça-qaç, biri digərini ya balta ilə vurur, ya suda
boğmağa çalışır. Bəzi
cizgi filmlərinin isə sujet xətti tamamilə
anlaşılmazdır. Bir çox
müasir cizgi filmləri pedaqoji, psixoloji və etik cəhətdən
savadsız çəkilir. Onları
özlərində heç bir məna kəsb etmirlər,
yalnız qəddarlıq, aqressiya, qanunsuzluq.
Bəs bu vəziyyətin çıxış yolu necə
olmalıdır? Uşaqlara cizgi filmlərinə
baxmağı qadağan etmək? Bu zaman
onun dünyagörüşü daha zəif olacaq. Daim uşağın izlədiyi cizgi filmlərinə
nəzarət etmək? Demək olar ki,
bütün cizgi filmlərində qəddarlıq və ya
xeyirxahlıq nümunəsi var.
Hətta bəzi xarici cizgi filmlərində müəyyən
qədər erotik səhnələr də yer alır.
Ekspertlər hesab edirlər ki, bunun üçün də
valideynlər cizgi filminin üslubundan asılı olmayaraq
çalışmalıdırlar ki, onu övladı ilə
birgə izləsinlər. Suallara cavab verməyə
çalışmaq lazımdır. Cizgi
filmi bitdikdən sonra onu mütləq müzakirə etmək
lazımdır. Uşaq bu filmdən nəyi
anladı? Nə üçün baş qəhrəman
məhz o cür hərəkət etdi? Mənfi
qəhrəman düzgün hərəkət etmişdimi?
O davranışları həyatda təkrar etsək necə
olar? vəs. Bəlkə də bu üsulla
uşaqlara daha çox şey öyrədə bilərik..
Dəfələrlə deyilməsinə baxmayaraq, bu
gün yenə də ekranlarda zorakılıq məzmununa malik
cizgi filmləri nümayiş etdirilir. Bunun isə uşaq
psixologiyasına kifayət qədər mənfi təsir
göstərməsi də dəfələrlə bəyan
edilib. Uşaqların zoraklıq xarakterli
filmlər izləməsi də təhlükəli şal
sayılır.
Mütəxəssislər də hesab edirlər ki, bu tip
nümayişlər günün müəyyən hissəsini
onları izləməklə keçirən uşaqların
psixologiyasında ciddi problemlər yarada bilər. İndi olmasa belə,
onların şüuraltında yer alan bu səhnələr
nə zamansa həyatda da təkrarlana bilər.
Peşəkar
Psixologiya Mərkəzinin Uşaq İnkişaf Klubunun direktoru
və psixoloqu Tahiba Quliyeva bildirib ki, televiziyanın
ulaqların həyatında həm müsbət, həm mənfi
təsirləri mövcuddur: "Uşaqlar televizora baxaraq bir
çox şeyi məhz burdan öyrənirlər. Bir çox hallarda uşağın sakitliyini təmin
etmək və ya işlərimizi rahat görə bilmək
üçün uşağı saatlarla televizorun
önündə qoyuruq. Bu isə uşaq
psixologiyasına mənfi təsir göstərir. Bəzən uşaqda ciddi problemlərə gətirib
çıxardır. Cizgi filmlərin
uşaqlarımız üzərində nə qədər
ciddi təsirə malik olduğunu düşünmürük.
Cizgi filmlər də özlüyündə qruplara
ayrılır: öyrədici cizgi filmlər və
zorakılıq məzmunlu cizgi filmlər".
Psixoloqun
sözlərinə görə, zorakılıq məzmunlu
cizgi filmləri uşaqları real həyatdan uzaqlaşdıra
bilər: "Zorakılıq məzmunlu cizgi filmlər
uşaqlarda davranış pozuntuları, aqressiya, qorxu, laqeydlik
və empatiya hissinin zəif olması, zorakılığa
meyilli olması, real həyatdan uzaqlaşma kimi xüsusiyyətlər
yaradır. Uşaqlar həyatı yaxşı dərk
etmədikləri üçün cizgi filmlərdə, gün
ərzində izlədikləri zorakılıq məzmunlu film
və ya verilişlərdə baş verən hər hansı
bir davranış və ya davranışları örnək
alır, özlərini orda izlədikləri obrazların yerinə
qoyurlar. Bunun da xoşagəlməz nəticələri
dünya statistikasında öz əksini tapıb. Bu işdə əsas məsuliyyət valideynlərin
üzərinə düşür. Uşaqların
xüsusi cizgi film izləmə saatları olmalı və bu
cizgi filmlər diqqətlə seçilməlidir".
Psixologiya
və Konsultasiya Mərkəzinin (PCC) psixoloqu Elnur Rüstəmov
isə qeyd edir: "Cizgi filmlərin əsas hədəf qrupu
uşaqlardır. Orada proseslərin rəngarəng
olması da uşaqların diqqətini çəkməyə
yönəlir. Seçilən obrazlar da
uşaqların tərbiyəsində əhəmiyyətli rol
oynamağa xidmət edir. Çünki,
uşaqlar bədii filmlərdən çox cizgi filmlərə
maraq göstərirlər. Hər bir cizgi
filminin də konkret motivi olur. Yəni, onun
nəyi özündə ehtiva etməsi, hansı mesajları cəmiyyətə
ötürməsi çox önəmlidir.
Məsələn, sovet dövründən bəri ən
çox tanınan və sevilən cizgi filmlərdən biri
"Nu Poqodi"də daim mübarizədən söhbət
gedirdi. Burda bir dovşanın bir canavarı aldatmasından bəhs
olunur. Eləcə də "Tom and
Jerry"də də biz o prosesi görürük. Amma bu cizgi filmlər bir tərəfdən
yaxşı olsa da, digər tərəfdən əyri
yolları öyrədirdi, ortada aqressiya, daim
narahatçılıq var idi. Yaxşı
olardı ki, cizgi filmlərinin çəkilmə prosesində
uşaqlara daha çox humanizm, insansevərlik, qayğı
kimi şeylər nəzərdə tutulsun. Tutaq ki, "Kayu" cizgi filminə baxaq. Burda personajlar çox yaxşı qurulub. Hər bölümdə də uşaqlara hansısa əhəmiyyətli
bir şey aşılanır. Məsuliyyət,
ailəyə, dostlara, böyüklərə hörmət, tədbirdə
özünün necə aparmaq, ad gününü necə
keçirmək, necə istirahət etmək və s. kimi.
Çox yaxşı olardı ki, çəkilən
cizgi filmlər bu kimi keyfiyyətləri təbliğ eləsin".
Psixoloq təklif
edir ki, milli motivli cizgi filmlər çəkilsin: "Bu
gün elə cizgi filmləri çəkilir ki, onlara nəinki
uşaqların, hətta böyüklərin belə
baxması məqsədəuyğun deyil. Müsbət
hal olardı ki, bizim milli nağıllarımız əsasında,
sırf millli motivli cizgi filmləri çəkilsin. Burda etnipsixologiyadan qaynaqlanan məsələlər
var ki, biz onları daha yaxşı dərk edə bilərik".
Elnur
Rüstəmov onu da bildirib ki, zorakı məzmunlu filmlərin
çəkilməsi ümumiyyətlə, inasanın
şüur altına "infeksiya" salır: "Bu hər
yaş qrupuna aiddir, istər uşaq olsun, istərsə də
böyük. Bu cür filmlərin verilməsində
diqqətli olmaq lazımdır. Biz nə qədər
diqqətli olsaq, həm özümüzü, həm də
uşaqlarımızı kənar psixoloji təsirlərdən
qorumuş olacağıq. Yaxşı
olardı ki, belə filmlər veriləndə əvvəlcədən
xəbərdarlıq edilsin ki, bu filmlərə hansı
yaş qrupundan olan insanlar baxa bilərlər".
Psixoloq Dəyanət Rzayev də problemlə bağlı
fikirlərini bildirib. O, zorakı məzmunlu cizgi filmlərinin uşaqların
şüur altına həkk olunduğunu və nə zamansa həyatda
təkrarlana biləcəyini deyir. Bu səbəbdən psixoloq
valideynlərin uşaqların üzərində ciddi nəzarətinə
ehtiyac olduğunu bildirir: "Sovet dövürndə çəkilən
cizgi filmlərində uşaqlarda mərhəmət hissini
gücləndirmək, insanların bir-birinə qayğı
göstərməsi, bağışlamaq kimi hisslər daha
çox təbliğ edilirdi. Amma bu gün daha
çox zorakılıq məzmunlu cizgi filmləri çəkilir.
Görürsən ki, cizgi filmində xeyir şərə qalib
gəlir, lakin ortada qan var. Sovet vaxtının ən zorakı
cizgi filmi "Nu Poqodi" sayılırdı ki, heç orda
belə qanlı səhnələr yox idi. Üstəlik
indi cizgi filmlər günün hər saatında
nümayiş olunur. Görürsən ki,
gecə saat 2-3-də televiziyada cizgi filmi nümayiş olunur.
Halbuki, uşaqlar bu vaxtı yatmalıdır.
Sovet dönəmində insanlara seçim
vermirdilər. Dövlət özü qərar
verirdi ki, nə vaxt yatmaq lazımdır, nə vaxt işə
getmək lazımdır və s. Bu da elmə əsaslanırdı.
Amma bugünkü gündə insanlar
qarşısında seçimlər qoyulub ki, necə istəsən,
yaşaya bilərsən. Ona görə də,
bu cizgi filmlərini günün hər saatında verirlər.
Uşağın nə vaxt ona baxmasına isə
valideyn nəzarət edir. Eyni zamanda
uşağın baxdığı nümayişin məzmununa
görə də valideyn məsuliyyət daşıyır.
Uşağın gördükləri şüuraltına həkk
olunur və üstündən 15-20 il
keçsə belə, həmin səhnələr ona uyğun
mühitdə reallaşa bilər. Ona görə
də bunlar təhlükəlidir. Uşaqlarla
bağlı bu məqamlara xüsusi diqqət yetirilməlidir.
Ən azından valideynlər maarifləndirilməlidir
ki, onlar öz uşaqları ilə məşğul olsun və
uşağın baxacağı cizgi filminin məzmununa,
zamanına diqqət etsin, nəzarətsiz qoymasın".
Əli
Xalq Cəbhəsi.-
2014.- 13 iyun.- S.11.