Yazıçılar Birliyinin XII qurultayı keçirilib
Şair və yazarlar
Anarın namizədliyini
dəstəkləyiblər
Dünən Dövlət Dram Teatrında
Azərbaycan Yazıçılar
Birliyinin XII qurultayı
keçirilib. Qurultayı açıq elan
edən Yazıçılar
Birliyinin sədri Anar bildirib ki,
qurultayda iştirak üçün 439 nümayəndə
qeydiyyatdan keçib.
Qurultayda
xarici ölkələrdən
nümayəndələr də
iştirak edir.
Əvvəlcə dünyasını dəyişən
yazıçılar bir
dəqiqəlik sükutla
yad edilib. Daha sonra
isə Azərbaycan dövlətinin himni səsləndirilib.
Birlik sədri bildirib ki, TÜRKSOY təşkilatı
AYB-nin qurultayı və 80 illik yubileyi münasibətilə
Azərbaycanın bir neçə ədibini - Xalq şairi Vaqif Səmədoğlu, Fikrət Qoca, yazıçı Mövlud
Süleymanlı, Çingiz
Abdullayev, Elçin Hüseynbəyli, Rəşad
Məcid və digərlərini mükafatla
təltif edib.
AYB sədri deyib
ki, birliyin nizamnaməsinə bir neçə əlavə edilib. Qurultayda həmin əlavələr
müzakirəyə çıxarılıb.
Anar bildirib ki, qurultayda
Azərbaycan Yazıçılar
Birliyinə sədr də seçiləcək.
Uzun müddətdir
ki, səhhəti ilə bağlı xaricdə müalicə olunan xalq şairi
Vaqif Səmədoğlu
da özünü yazıçıların qurultayına
çatdırıb. Qurultay iştirakçıları
Vaqif Səmədoğlunu
alqışlarla qarşılayıb.
Qəfil gəlişi
ilə hamını heyrətləndirən həmkarına
AYB sədri belə müraciət edib: "Buyur bu da
"Türksoyun" sənə
mükafatı..."
V.Səmədoğlu çıxış
edərək bəzi məsələlərə aydınlıq
gətirib: "Son zamanlar
xəstəliyim ucbatından
interneti və mətbuatı izləmək
imkanım yox idi. Yazıçılar Birliyinin və
Anarın əleyhinə
yazılar yazılıb.
Mən bu gün tək
Anara yox, eyni zamanda Yazıçılar
Birliyinin binasına, köhnə xatirələrə
səs verəcəyəm".
Qeyd edək
ki, xərçəng
xəstəliyindən əziyyət
çəkən şair
xeyli vaxtdır ki, mütəmadi olaraq İsraildəki klinikalara gedir.
Qurultayda çıxış edən
tanınmış qazax
yazıçısı Oljas
Süleymenov bildirib ki, tədbiri MDB Yazıçılar Birliyinin
yubileyi kimi də qəbul etmək olar. O bildirib
ki, 1934-cü ildə Moskvada SSRİ yazıçılarının
I qurultayından sonra bütün müttəfiq
respublikalarda söz yaradıcılarının ali məclisi baş tutub: "Amma Sovet quruluşu
dağılandan sonra
MDB məkanında Yazıçılar
birliklərinin 80 illiyi
bu cür və keçmiş respublikaların nümayəndələrinin
iştirakı ilə
keçirilməyib".
Gürcüstanın mədəniyyət
və abidələrin
qorunması naziri Quram Odişariya çıxışı zamanı
qeyd edib ki, Azərbaycan Gürcüstan üçün
hər zaman nümunə olub: "Gürcüstan həmişə
Azərbaycandan qardaşlıq
dəstəyi görüb.
Biz Azərbaycanın yanında özümüzü
hər zaman təhlükəsiz hiss edirik.
Azərbaycan hər zaman
bizə müxtəlif
sahələrdə dəstək
olub. Bu, qardaşlıq dəstəyidir.
Gürcüstan da Azərbaycana
eyni dəstəyi gostərməyə hazırdır."
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə bildirib ki, milli
mədəni zənginliyi
qorumaq üçün
əsərlərin yaradılması
mühüm rol oynayır. Hazir ölkədə sənətkarlar üçün
mövcud olan yaradıcılıq şəraitini
xatırladıb, mövcud
problemlərdən, ədiblərin
qarşıda duran vəzifələrindən danışıb.
"Bəzən Azərbaycanda
gənc yazar kimi təqdim edilən yazıçıların
yaşı 50-ni ötmüş
olur. Bu gün bir neçə imzanı çıxmaq şərtilə müasir
Azərbaycan ədəbiyyatı
dünyaya layiq olduğu səviyyədə
təqdim edilmir.
Eyni zamanda, Azərbaycanın gənc nəsli müasir dünya ədəbiyyatının ən
əhəmiyyətli hissəsindən
xəbərsiz qalır.
Bir sıra hallarda məşhur yazıçıların
əsərləri çox
bəsit şəkildə
tərcümə edilir".
Nazir onu da vurğulayıb ki, ötən illər ərzində bəzi istedadlı gənc ədəbiyyatçılar
uğurlara imza atıblar.
Ə.Qarayev onu da qeyd
edib ki, bu gün Azərbaycan
yazıçılarının uşaq ədəbiyyatına,
dramaturgiyaya üz tutmalarını, Azərbaycanın
müasir dövrünü
əks etdirən əsərlər yazmalarını
arzulayır.
Onun sözlərinə görə,
Azərbaycanda yaradılan
əsərlər düşüncələrin
dəyişməsinə təsir
göstərir: "Azərbaycan
yazıçılarının keçdiyi yol qurultay iştirakçilarına
yaxsı məlumdur. Gənc nəslin meydana çıxması xüsusi
qeyd olunmalıdır.
Yazıçılarımız Qarabağla, qaçqın
və məcburi köçkünlərlə bağlı
məlumatları obyektiv
işiqlandırırlar".
Qurultayda baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Administrasiyasının Humanitar
siyasət məsələləri
şöbəsinin müdiri
Fatma Abdullazadə də iştirak ediblər.
Birliyin katibi Çingiz Abdullayev çıxışında
yazıçıların əsərlərinin
dünyada tanıtdırılmasından
danışıb: "Azərbaycan
yazıçıları artıq
öz əsərlərini
internetdə yerləşdirməklə
pul qazana bilərlər. Müvafiq təşkilatlar əvvəlcə yalnız
Azərbaycan dilində
deyil, rus dilində yazılan əsərlərin gəlir
əldə edilməsi
məqsədilə internetdə
yerləşdirilməsinə razılıq versələr
də, sonradan iki dildə də buna icazə
verilib. Biz çox istərdik ki, bütün dünya yazıçılarımızın
əsərlərini Azərbaycan
dilində oxusun.
Amma təəssüf ki, hər kəs Azərbaycan dilində başa düşmür.
Ona görə də kim
əsərinin daha çox pul qazanmasını istəyirsə,
daha vacib olan əsərlərini ingilis, rus və
digər xarici dillərdə yerləşdirsin".
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvi, Azərbaycan Respublikası Prezidentinin müşaviri Kamal Abdulla ədəbi nəşrlərlə
bağlı danışıb:
"Mən çox arzu edərdim ki, bu gün
Azərbaycanda ədəbi
orqanların redaksiyaları
formal şəkildə qalmasın.
Ədəbi orqanların fəaliyyəti
hazırda da formal şəkildə deyil.
Ancaq bu gün onların
redaksiya heyətlərinin
potensialından istifadə
imkanları artırılmalıdır".
K.Abdullanın sözlərinə görə,
Azərbaycan Yazıçılar
Birliyinin fəaliyyəti
nəticəsində nəhayət
ki, ədəbiyyat və "ədəbiyyat
ətrafı" söhbət
bir-birindən ayrılıb:
"Çox zaman bu iki istiqamət
bir-birinə qaynayıb-qarışırdı.
Buna görə də
nəyin ağ,
nəyin qara olduğunu ayırmaq mümkün olmurdu. Bu gün artıq
AYB-nin fəaliyyəti
nəticəsində ədəbiyyat
və "ədəbiyyat
ətrafı" söhbəti
bir-birindən ayırırıq".
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı isə
qurultayda çıxışı
zamanı gileylərini
dilə gətirib:
"Bu gün Bakıda
"Rus kitab evi" olsa da, "Azərbaycan kitab evi" yoxdur.
Bu gün kitab satışını bazar
mühitinin ümidinə
qoymaq olmaz, kitablara münasibəti dəyişmək lazımdır. Ölkədə
ən azı 4000 kitabxana var. Onların hər birinə 1 yeni çap edilən kitab verilsə, bu, 4000 kitab deməkdir".
Azərbaycanın ən yaxşı 40-50 bədii əsərinin ölkə Prezidentinin sərəncamı ilə yeni yaradılan Tərcümə Mərkəzi tərəfindən dünya dillərinə tərcümə olunmasını təklif edən S.Rüstəmxanlı qeyd edib ki, bu gün "Ədəbiyyat" dərsliklərinin dili bərbad gündədir. O, dərsliklərdə ciddi islahatların aparılmasına ehtiyac olduğunu da bildirib.
Birliyin üzvü, millət vəkili Elmira Axundova qurultayda təklif lə çıxış edib: "Bu gün "525-ci qəzet" Yazıçılar Birliyinin qəzeti olmasa da, ədəbi prosesə çox güclü təsir edib. Amma Yazıçılar Birliyinin öz mətbu orqanları haqqında bunu demək olmaz. Çox cüzi tirajla ədəbi prosesi təsis etmək mümkün deyil. Mən təklif edirəm ki, bu gün Yazıçılar Birliyinin mətbu orqanları vahid bir holdinq ətrafında birləşsin. Onda konkret ədəbiyyat qurmaq mümkün olar".
Şair Ramiz Rövşən çıxışında Anarı müdafiə edib: "Hamımız deyirik ki, Yazıçılar Birliyi olmasın. Özümüzə sual verək. Yazıçılar Birliyinin olmamasının xeyri nədir? Təbii ki, heç nədir. Böyük rus şairi Pasternakın gözəl bir sözü var: "Bir adam ki başqa bir adam haqqında nəsə söyləyirsə, o, özü hansı yuvanın quşu olduğunu göstərir". Anara da söz deyənlərin özləri nə yuvanın quşu olduğunu göstərirlər".
Ramiz Rövşən AYB sədrliyinə Anarın namizədliyini dəstəklədiyini diqqətə çatdırıb.
Qurultayda açıq səsvermə zamanı Anar yekdilliklə növbəti müddətə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. Onun namizədliyinin əleyhinə səs verən, bitərəf qalan olmayıb.
Qeyd edək ki, Anar 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir. Qurultay həmçinin birliyin digər rəhbərlərini də postunda saxlayıb. Səsvermə zamanı Fikrət Qoca Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Çingiz Abdullayev təşkilat-təsərrüfat məsələləri üzrə katib, Arif Əmrahoğlu yaradıcılıq məsələləri üzrə katib, Rəşad Məcid gənclərlə iş üzrə katib vəzifələrinə seçiliblər. Adıçəkilən şəxslər XII qurultaya qədər də bu postları tuturdular.
Cəmilə
Xalq Cəbhəsi.- 2014.- 18 iyun.- S.10.