Taxılçılığın problemləri
Son zamanlar iqlim dəyişikliyi nəticəsində
istehsal prosesi zamanı baş verən kataklizmlər, xəstəlik və zərərvericilərin geniş
yayılması, digər
tərəfdən də
keyfiyyətli toxum, gübrə, texnika, anbar çatışmazlığı,
suvarma suyu ilə təminatda yaranan problemlər mövcud durumu daha da çətin
vəziyyətə salıb.
Fermerlər istehsal etdikləri məhsulları
daxili bazara çıxarıb satmaqda
çətinlik çəkirlər.
Son zamanlar belə halların baş verməsi öz növbəsində fermerlərin,
kəndlilərin bir hissəsini müflisləşdirib,
onları həvəsdən
salıb, banklardan kredit alan sahibkarların
borc yükünü artırıb.
Ekspertlərin qənaətinə görə,
aqrar sahənin çətinliklərindən biri
də ondan ibarətdir ki, əldə olunan məhsulların əsas hissəsi qısa bir müddətdə müştərilərini tapmalıdır.
Əks halda, fermerlərin, kəndlilərin
istehsal etdiyi məhsulun saxlanması və yeni bazar
axtarışı üçün
əlavə xərc çəkməklə yanaşı,
itkiləri də az olmayacaq. Bu gün mövcud emal müəssisələrimizin
əldə olunan kənd təsərrüfatı
məhsullarını qarşılayacaq
gücü, potensialı
yoxdur. Bazar məhduddur və bu bazarda son zamanlar daha çox
xaricdən idxal oulnan kənd təsərrüfatı məhsulları
satılır.
Eksperlər bildirir ki, son bir neçə ildə hökumət tərəfindən prioritet
sahə sayılan taxılçılıq artıq
sıradan çıxmaq
üzrədir. Ümumi
əkin sahəsinin 65
faizindən çox hissəsində taxıl əkilsə də, əldə olunan ümumi məhsul ölkənin tələbatını
ödəmir. Hətta
ərzaq buğdasına
olan tələbat Qazaxıstan və Rusiyadan idxal olunan 1,5 milyon ton buğdanın (idxal olunan buğda ununu da buğdaya
çevirmək şərtilə)
hesabına ödənilir.
Daxildə istehsal olunan taxılın həcmi 2,9 milyon tondan artıq göstərilsə də,
bunun nə əhalinin qida məhsullarına olan tələbatında, nə
də ki, heyvandarlığın inkişafında
rolu görünmür.
Dövlət Statistika
Komitəsinin verdiyi məlumatlar ürəkaçan
deyil. Hər hektardan 25 sentner taxıl, 15 sentner pambıq, 145 sentner kartof, 146 sentner tərəvəz, 80 sentner
üzüm, 70 sentner meyvə və giləmeyvə, 145 sentner bostan məhsulları, 9,8 sentner çay yarpağı və s. məhsulların istehsal göstəricilərini hökumət
səmərəli fəaliyyətin
nəticəsi kimi qiymətləndirsə də,
əslində, bu göstəricilər aşağı
olduğu üçün
bu səviyyədə
istehsal iqtisadi cəhətdən effektli hesab oluna bilməz.
Buna görə də
ölkədə istehsal
olunan məhsulun maya dəyəri yüksək, rentabelliyi isə aşağı olaraq qalır. Ekspertlər bildirir ki, 2011-ci ildə bitkiçilik sahəsində
bəzi subsektorlar zərərlə işləyiblər.
Yeri gəlmişkən, yaxınlarda
Britaniyanın "The Economist Intelligence
Unit" ( "Economist" jurnalının
analitik bölməsi)
dünyanın 109 ölkəsində
ərzaq təhlükəsizliyinə
dair illik hesabatını açıqlayıb.
Azərbaycan 109 ölkə
arasında 62-ci yeri tutub.
Bu ilin əvvəlində Oksfam Beynəlxalq Humanitar Təşkilatı
Dünya Səhiyyə
Təşkilatı, BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı və
Beynəlxalq Əmək
Təşkilatının məlumatları
əsasında dünyanın
125 ölkəsinin reytinq
cədvəlini hazırlamışdı.
Oksfam bu indeks hesabatını 4 faktor üzrə tərtib edib: yetərli ərzaq təminatı, ərzağa
iqtisadi əlçatanlıq,
ərzağın keyfiyyəti,
ərzağın insan
səhhətinə təsiri.
Azərbaycan bu reytinqdə 91-ci yeri tutmaqla, keçmiş sovet ölkələri arasında geridə qalıb.
Ekspert Vahid Məhərrəmov bildirir ki, Azərbaycanın
ərzaq buğdasına
olan ehtiyacı 1,3 milyon ton təşkil etdiyi halda, DSK-nın məlumatında daxili istehsal hesabına 1,9 milyon ton buğda əldə olunduğu, həmçinin
ölkəyə 1,5 milyon
ton (buğda ununu da hesablamaq şərtilə)
ərzaq buğdası
idxal olunduğu göstərilib. Azərbaycan
buğda və yaxud buğda unu ixrac etmir.
Verilən statistika mücərrəddir, başa
düşüləcək qədər asan deyil.
Taxıl
əkini ilə məşğul olan fermerlərin bildirdiyinə
görə, ötən
il məhsulu biçməyə kombayn tapılmayıb.
İqtisadçı ekspert Rövşən Ağayev
bildirir ki, hökumət hər hektara 100 manat subsidiya ayırır:
"Əgər doğrudan
da yerli taxıl standarlara cavab vermirsə 2 addım atılmalıdır.
O zaman hökumət o
buğdanı subsidiyalaşdırmamalıdır.
Ən keyfiyyətli buğda toxumu da mövsüm vaxtı 1 manata satılır. Hökumət
pul əvəzinə
150-200 kiloqram toxum versə, daha məqsədəuyğun olardı".
Fermer Həsən Quliyev bildirir ki, ən
yaxşı taxılı
əkilsə belə kombaynlar onu təmiz biçmirlər:
"İçərisinə zir-zibil çox qarışır, bu zaman taxıl keyfiyyətsiz alınır.
Xəstəliklərin qarşısını
toxum vaxtı almaq olur. Taxıl
səpilməmişdən öncə
dərman vurmalısan,
səpindən sonra da. Bunu da
almağa fermerlərin
gücü çatmır.
Bəzi dərmanları
var ki, onu
səpindən sonra vurmalısan. Bəzi bitkilərin bitməsinin qarşısını alır.
Həmin bitkilər taxılla birgə biçildikdə zibil olurlar. Əkinçilərin
də buna maddi gücü çatmır, dövlət
də gübrəni az verir".
Bu gün
fermerlərin tədarük məsələsində - saxlanma
anbarlarının olmamasında ciddi problemləri var. İkinci
məsələ fermerlərin əkdiyi taxılın
yalnız heyvan yeminə yararlı olmasıdır.
Kənd təsərrüfatı
mütəxəssisi Vahid Məhərrəmli bildirir ki, bu
gün fermerlərin istehsal etdikləri buğda kondisiyaya
çatdırılmayıb, heç bir standarta cavab vermir.
Bunu özləri də başa düşür. Yüksək
reproduksiyalı buğda əldə etmək üçün əlavə
gübrə və dərmanlara ehtiyacları olduqlarını
deyirlər, ancaq bunu da onlara dövlət vermir: "Azərbaycanda
fermerlər 20 ildir taxıl əkirlər. Bu 20 ildə növbəli
əkin sistemi yaradılmayıb. Orda zərərvericilər
ilbəil artır. Onların qarşısını kimyəvi
vasitələrlə almaq lazımdır. Həmin sahələrə
verilən mineral və üzvi gübrələr kifayət eləmir.
Birincisi mineral gübrə təlabatın 5 faizi qədər
verilir, üzvi gübrə isə ümumiyyətlə
verilmir. Yəni torpaq 20 ildə münbitliyini itirir. Avropa
ölkələrində hər hektara 400 kiloqrama qədər
mineral gübrə verilir. Hətta Misirdə 700 kiloqram gübrə
verilir. Ona görə də hər hektara 70 sentner məhsul
alırlar".
Fermer
Balaxanı Əliyev bildirir ki, alverçilər gəlib
qapı-qapı düşüb taxılı alırlar. Ucuz
alıb başqa yerə baha qiymətə satırlar. Bizdə
də tədarük kontoru yoxdur ki, taxılımızı ora
yığıb saxlayaq. Camaatın çoxu arpanı,
buğdanı biçin vaxtı 1 kilosu 17-18 qəpiyə
satır. Alverçilər də aparıb heyvanı olanlara
22-23 qəpiyə satırlar.
Ekspert
Vahid Məhərrəmovun fikrincə, aqrar siyasət həyata
keçiriləndə mütləq hesablama
aparılmalıdır: "Ölkəyə nə qədər
taxıl məhsulu lazım olduğunu bilmək çətin
deyil. Əhalinin istehlak normasına uyğun ərzaq
buğdasına və heyvandarlıqda qüvvəli yemə nə
qədər ehtiyacımız olduğunu hesablamaq çox
asandı. Bunları bildikdən sonra nə qədər əkin
sahəsinə ehtiyacımız olduğunu bilməliyik. Nə
qədər toxuma, texnikaya, su resurslarına, anbara
ehtiyacımızın olduğunuda çox asanlıqla
hesablaya bilərik.
Sovet
hökumətinin vaxtında - 1985-ci ildə ölkədə
495 000 hektar sahədə taxıl əkilirdi. Həmin illərdə
də 4500 ədəd kombayn vardı. Hər 110 hektara 1 kombayn
düşürdü. Bu, normal idi. Bu gün Rusiyada, Avropada da
belədi. Hər kombayna düşən əkin sahəsi
80-120 hektar arasındadı. Hazırda ölkəmizdə 1
kombayna düşən pay 560 hektardan çoxdu. Bu qədər
kombaynla işin öhdəsindən gəlmək mümkün
deyil. Burada bir faktor da var. Sovet dönəmində daha geniş
sahələrdə taxıl əkilirdi - ən azı 50-100
hektar sahədən söhbət gedir. Rusiyada, Avropada da daha
geniş sahədə taxıl əkini ilə məşğul
olurlar. Bizdə əkin sahələri bölünüb
kiçik hissəciklərə - 2, 3, 4, 5 hektarlıq sahələrdə
taxıl becərilir. Belə olduqda kombaynı uzaq məsafədən
gətirmək lazımdı ki, 2 hektarlıq sahədə
buğda biçsin. Bu halda kombaynların sayını
sonsuzluğa qədər artırmaq lazımdır ki, işin
öhdəsindən gəlmək mümkün olsun. Ölkədə
1740 ədəd kombayn var. Onun da bir hissəsi köhnəlib,
bunu hətta Kənd Təsərrüfatı Nazirliyi də
bilmir. Onların dilindən çıxan rəqəm 3000 ədəddi.
Halbuki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən
ölkədə kombaynların sayı 1740 ədəddir ki,
bunun da hardasa 870-i "Aqrolizinq"in balansındadı. Digərləri
də xüsusi əllərdədi - onların da əksəriyyəti
köhnə kombaynlardır. Köhnə kombaynlardan da 20-25
ildir istifadə olunur. İstismar müddəti başa
çatdığı üçün onlar tez-tez sıradan
çıxır, itkiyə yol verir, məhsuldarlığı
azaldır. Mənzərə budur".
Vahid Məhərrəmov
bildirir ki, taxılçılığı yalnız intensiv
yolla inkişaf etdirilməlidir: "Ekstensiv yol əkin sahələrini
genişləndirməklə yanaşı bu sahədə
texnikaya, toxuma, anbara və sair istehsal vasitələrinə
olan ehtiyacı artırır. Nəzərə alsaq ki,
taxılçılıq bir o qədər də gəlirli sahə
deyil, ümumi əkin sahəsinin 65-70 faizini bu istiqamətə
yönəltmək təsərrüfatsızlıqdır.
Mövcud əkin sahəsini nəzərə aldıqda 1 milyon
hektardan artıq sahədə taxıl əkini ilə məşqul
olmaq aqrotexniki qaydalara əməl etməyə imkan vermir.
Aqrotexniki qaydalar dedikdə isə ilk növbədə növbəli
əkin sisteminin yaradılmasından söhbət gedir. Bu
sistemi o vaxt yaratmaq olar ki, eyni sahədə 4-5 ildən bir
taxıl əkini ilə məşğul olunsun. Bizim də cəmi
1 milyon 600 min hektar sahəmiz var. Bu sahə bölünməlidi
ən azı 4 yerə. Bu gün fermerlərin keyfiyyətli
toxum materiallarına, suvarma suyuna, anbara, biçilən məhsulun
qurudulması üçün elavatorlara daha çox
ehtiyacları var. Onlara bu istiqamətdə kömək etmək
lazımdı. Gətirilən kombaynların məhsuldarlığı
çox olmalıdı ki, onların alınması
üçün ödənilən vəsait qısa müddətdə
özünü doğrultsun".
Vahid Məhərrəmlinin
bildirdiyinə görə, yerli
taxılçılığın inkişaf etməməsinin
səbəbi həm də onun primitiv formada istehsalıdır:
"Bəla burasındadı ki, bizdə həm məhsuldarlıq
aşağıdır, həm də istehsal etdiyimiz məhsulu
kondisiyaya çatdıra bilmirik. Kondisiyaya çatdırmaq nədi?
Kombaynla yığılandan sonra məhsul qurumalıdı. Digər
ölkələrdə məhsul kombayndan çıxan kimi
elevatorlara daşınır və qurudulur. Qurudulduqdan sonra təmizlənir,
çeşidlənir, siniflərə ayrılır. Yalnız
bu prosesdən sonra məhsulun 1-ci, 2-ci,...5-ci sinif buğda
olduğu bəlli olur. Bizdə bu proses həyata
keçirilmir. Elə bu səbəbdən də bizim istehsal
etdiyimiz buğdanın 1 kiloqramı belə hansı sinifə
məxsus olduğu bəlli deyil".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 19 iyun.- S.13.