Tarixi şəxsiyyət-Əbülfəz
Elçibəy
İyunun 24-ü Milli Azadlıq Hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəyin döğum günüdür. Hər bir millətin içərisindən 50-100 il ərzində yetişən tarixi şəxsiyyətlər olur. Həmin şəxsiyyətlər millətin önündə gedərək millətini və xalqını arzu olunan zirvəyə qaldırır. Əbülfəz Elçibəy də belə şəxsiyyətlərdən biri idi. Dünən haqqı danılan, bu gün haqqını dandığımız üçün bundan peşimançılıq hissi keçirən bizlər sabah yəqin ki, Elçibəyin tarixi şəxsiyyət kimi əsl qiymətini verə biləcəyik. Elçibəy haqqında xatirələrindən bugün BAXCP sıralarında olan və onun ideyalarını şərəflə həyata keçirən əqidədaşları söz açacaq.
"Elçibəyi millətimizə bəxş edən Ulu Tanrıya şükürlər
olsun"
BAXCP-nin təşkilati işlər üzrə katibi Bünyamin Qəmbərli:"Millətin və dövlətin taleyində xüsusi rol oynayan böyük şəxsiyyətlər haqqında yazmaq və ya söz demək çox çətin bir işdi. Çünki bu şəxsiyyətlər haqqında deyilən və ya yazılan hər hansı söz, eyni zamanda, onların apardığı mübarizəyə, millətin və dövlətin taleyinə və tarixinə deyilmiş olur. Bir də bu şəxsiyyətlər haqqında deyilən və ya yazılan istənilən söz birmənalı qarşılanmır, ciddi müzakirələrə səbəb olur. Azərbaycanın yetirdiyi böyük şəxsiyyətlərdən biri olan Əbülfəz Elçibəylə bağlı danışmaq isə daha çətindir. Çünki son 20 ildə cəmiyyətdə bütün təbliğat vasitələrindən istifadə edilərək Əbülfəz Elçibəyin nüfuzdan salınması, yaddaşlardan silinməsi üçün aparılan təbliğat, dövlətçiliyimizin möhkəmləndirilməsi, əhalidə vətənsevərlik ruhunun formalaşması və gənclərimizin dövlətçilik və millətçilik ruhunda böyüməsi üçün
aparılan təbliğatdan qat-qat çoxşaxəli, geniş miqyaslı və "dərin məzmunlu" olub.
Elçibəy fəaliyyəti dövründə həddən çox insanlarla ünsiyyətdə olub. Bu insanların hər biri Əbülfəz bəyi öz maraq və düşüncəsinə uyğun yadında saxlayıb. Bunun üstünə son 20 ildə Əbülfəz bəy əleyhinə aparılan təbliğatı da gəl. İndi sən Elçibəy haqqında dediyin hər sözün təsir həddini dərindən-dərin ölçməlisən.
Əbülfəz bəylə tanışlılğım harda, necə və kimin vasitəsi ilə olub, dəqiq xatırlamıram. Amma 1982-83-cü illərdə olduğunu bilirəm. Dəqiq yadımdadır 1983-cü ildə tələbə elmi konfransında çıxış etmək üçün "Azərbaycan qəhrəmanlıq dastanlarında fiziki tərbiyə məsələləri" adlı elmi məqalə hazırlayırdım. Əlyazmalar İnstitutunda "Şah İsmayıl" dastanından istifadə etməli idim. Bu dastan ərəb əlifbasında təliq xəttilə yazılıb. Dastanı oxumaq və tərcümə etmək üçün Əbülfəz bəyə müraciət etdim. Əbülfəz bəy dastanın oxunmasında və tərcüməsində mənə çox kömək etdi. Onu deyim ki, həmin müddət Əbülfəz bəyi yüksək səviyyəli bir millətçi və alim kimi tanıyırdım. Özüm gizli təşkilatda olsam da, bu gizli təşkilatın Əbülfəz bəyə bağlandığını bilmirdim. Əbülfəz bəyin fikirləri, milli mövqeyi və tariximizə baxışı çox xoşuma gəldiyindən bu dövrdə bir-neçə dəfə Əlyazmalar İnstitutunda onunla görüşmüşdüm. Amma Əbülfəz bəylə ilk ciddi söhbətim, mübahisəm 1984-cü ildə oldu. Həmin il Arif Rəhimoğlu filologiya elmlər namizədi alimlik dərəcəsi müdafiə etmişdi. Bununla bağlı banket verirdi. Təxminən 200 adam iştirak edirdi. Qonaqları qarşılamaqla məşğul olduğum üçün məclisə gec gəldim. Yalnız Əbülfəz bəyin qarşısında oturmağa boş yer vardı. Oturdum. Məclisin gedişində Əbülfəz bəy söz deyərkən gəncləri az oxumaqda günahlandırdı. Mən etiraz etmək istədim. Amma oturanların demək olar ki, hamısı mənə qarşı sərt reaksiya verdi. Əbülfəz bəy oturanlara etiraz edərək onları sakitləşdirdi. Bir azdan söz demək növbəsi mənə çatdı və Əbülfəz bəyə etirazımı əsaslandırdım. Həmin dövrdə 1983-cü ildə Azərbaycan jurnalında Əbülfəz bəyin Əl Fərabi adlı məqaləsi dərc olunmuşdu. Bu dövrdə Azərbaycanda çap olunan milli-tarixi məzmunlu kitab və məqalələrin demək olar ki, hamısını oxumuşdum. Söz mənə veriləndə bu dövrdə Əbülfəz bəyin də məqaləsi daxil olmaqla oxuduğum bütün kitab və məqalələri bir-bir sadalayıb "siz nələri yazdız ki, biz oxumadıq" dedim və əlavə çıxışımı edib oturdum. Əbülfəz bəy mənimlə tam razılaşdı və üzünü oturanlara tutaraq "bəy düz deyir, niyə imkan vermirsiz sözünü desin. Belə eləməynən biz nə iş görə bilərik? Gərək imkan verək gənclər öz sözlərini desinlər, cəsarətli olsunlar. Yoxsa onlar qorxaq və çəkingən böyüyər. Həm də bəy düz deyir axı"dedi. Bu sözlər məni daha da cəsarətləndirdi. Bunu deyim ki, o banketdə mən Əbülfəz bəyin alimlər, aydınlar, yazarlar arasında nə qədər böyük nüfuza malik olduğunu, gənclərə necə önəm verdiyini, gəncləri sərbəst, cəsur və qürurlu yetişməsi üçün yaşlı və nüfuzlu insanların aqressiv hücumlarından necə qoruduğunu, onlara necə
inam və umudla yanaşdığını
gördüm. Banket təxminən
1-in yarısı qurtardı. Əbülfəz bəy məni
söhbəti davam etdirmək üçün əvvəl
sahildə gəzməyə dəvət etdi. Sahildə bir az gəzib
söhbət edəndən sonra evinə getdik. Həmin gün
əvvəl banketdə, sonra sahildə, daha sonra isə gecə
saat 5-ə qədər evlərində etdiyimiz söhbətlər
və çox sərt mübahisələr... Bir neçə
gün sonra Əlyazmalar İnstitutunun qarşısında
rastlaşanda mən etdiyimiz mübahisələrdə həddimi
aşdığımı düşünərək üzr
istəməyə hazırlaşırdım ki, Əbülfəz
bəy mənim boynumu qucaqlayıb sərtlik etdiyi
üçün bağışlanmasını dedi.
Əbülfəz bəyin bu böyüklüyü
qarşısında qəhərləndim, gözlərim
doldu...
1989-cu ildə
AXC Naxçıvan MR şöbəsinin konfransı idi.
Əbülfəz bəy də iştirak edirdi. İdarə
Heyyətinə 11 nəfər seçildi. Onlardan biri də mən
idim ki, 3-cü ya 4-cü səs toplayaraq seçildim. Amma
adını demək istəmədiyim yaşlı və alim
dostlarımızdan biri seçilmədi. İdarə Heyyətinə
seçilənlər arasında yaşda ən balacası
olduğumdan bu dostumuz konfransda bir neçə dəfə mənim
seçilməyimə özünün kənarda qalmasına
narazılıq etdi. Bir şey alınmadı. Sonra bir qrup
dostumuzla Elçibəylə birlikdə yeməyə getdik. Bu
yaşlı və alim dostumuz da bizimlə getdi. Yemək
müddəti bu yaşlı alim dostumuz dəfələrlə
mənim seçilməyimə və özünün
seçilməməyinə deyindi. Axırı Əbülfəz
bəy dözməyərək çox sərt şəkildə
"...bəy bəsdi axı. Nə istəyirsən bu adamdan?
Bunu sevirlər səni sevmirlər. Sən bu yaşınla, bu
savadınla bunun elədiklərinin yarısını edə
bilmirsən. İndi nə deyirsən, neyliyək, nizamnaməni-zadı
hər şeyi qoyaq qırağa səni İdarə Heyyətinə
üzv edək? Bəsdi axı. Əl çək bu adamın
yaxasından" deyərək məni həmin yaşlı və
alim dostumuzun hücumlarından qorudu. Sonralar dəfələrlə
Əbülfəz bəyin belə sərtliyini və qətiyyətini
görmüş, çoxlarını elədiyi
yanlışlara görə necə sərtlik və qətiyyətlə
rədd etdiyinin şahidi olmuşam. İndi Əbülfəz
bəyi yumşaq, sadəlöhv adlandıranlara bilmirəm
gülüm ya ağlayım. Onları qınamıram,
çünki onlar Əbülfəz bəyi bir insan, vətəninə,
ulusuna bütün varlığı ilə bağlı bir
aydın kimi gördülər. Çünki onlar
Əbülfəz bəyi ehtiyacı olan soydaşına hər
zaman yanan, qayğı göstərən, aldığı əmək
haqqını və ya prezident olarkən ona verilən evi
qaçqına bağışlayan gördülər.
Çünki onlar Əbülfəz bəyin
soydaşlarının ağrısına-acısına
dayanammadığını gördülər və buna
görə də Əbülfəz bəyi yumşaq, sadəlöhv
adlandırdılar. Onlar yazı-pozu ilə məşğul
olanların cəsarətlənməsi, demokratiyanın
inkişafı, millətin düşüncəsində
hamının bərabər olduğu fikrinin oturuşması
üçün onu haqlı-haqsız tənqid edənlərə,
hətta haqsızlıq edənlərə belə
dözümünü, mülayimliyini fağırlıq kimi
qiymətləndirdilər. Amma onlar Əbülfəz
Elçibəyi Vətəni, Ulusu və Dövləti
üçün bütün
dünyanı
qarşısına alacaq qədər cəsarətli,
qürurlu və qətiyyətli görə bilmədilər.
Çünki həm Əbülfəz Elçibəyin əleyhinə
illərlə aparılan təbliğat, həm də bu
insanların maraq və düşüncələri onların
Əbülfəz bəyin bu böyüklüyünü
görməsinə imkan vermədi.
Əbülfəz
bəy əvvəl Bakıda olanda da, Kələkiyə gələndə
də və yenidən Bakıya qayıdanda da mən nə
zaman istəmişəm Əbülfəz bəylə rahat
görüşmüşəm. Mənim ilk övladım
dünyaya gələndə Əbülfəz bəy Kələkidə
idi. Uşaq dünyaya gələn günün səhəri Kələkiyə
getdim. Əbülfəz bəyə bu xəbəri verəndə
adını soruşdu. Adını siz qoyacaqsız, dedim. Təxminən
iki saat söhbət etdik. Ayrılanda "balaca bəyimizin
adını Bayxan qoyarsan", dedi. Mən Əbülfəz bəyi
təkcə bir lider, bir prezident və ya vətəninə,
ulusuna varlığı ilə bağlı olan bir siyasətçi
kimi yox, həm də çox böyük dəyərlərə
sahib bir insan və böyük qardaş kimi sevirdim. Elə
buna görədir ki, həbsxanadan çıxan kimi səhər
saat 10-da heç kimə heç bir xəbər etməmiş
Əbülfəz bəylə zəngləşdim. Qərargahda
görüşdük. Çox söhbət etdik. Hər
şeylə maraqlandı. Amma həbsxanadakı bütün
siyasi qrupların içində ən ağır vəziyyətdə
cəbhəçilərin olduğunu deyəndə gözləri
doldu...
Elçibəyi
millətimizə bəxş edən Ulu Tanrıya
şükürlər edir, onu dünyaya gətirən anaya,
böyüdən ataya və Elçibəyin özünə
Allahdan rəhmət diləyirəm".
BAXCP-nin
elm və təhsil məsələləri üzrə katibi
Vaqif Abuşov:"Əbülfəz Elçibəy
böyük şəxsiyyət idi. Onun düşüncəsinə
Bütöv Azərbaycan, dövlətçiliyi və milləti
sevmək, türkçülük, humanizm, insanı qiymətləndirmək
bacarığı hakim idi. 1994-ci ilin isti yay günlərinin
birində -iyul ayının 26-da, Ordubad rayonunun Kələki kəndində
mərhum Elçibəylə görüşüm mənim
üçün ən yadda qalan və əziz xatirələrdən
biridir. Həmin günlər çətin dövr idi...
Elçibəyə
qarşı təzyiqlər güclənmiş, Kələki
kəndinə gediş-gəliş çətinləşmişdi.
Belə bir vaxtda Azərbaycan Xalq Cəbhəsi Lənkəran
şöbəsinin üzvü Azad Şəfiyev və mən
Kələki kəndinə - Elçibəylə
görüşə getməyə qərara aldıq. 1994-ci
ilin iyul ayının 25-də Bakıdan Naxçıvana
uçmaq üçün hava limanına gələndə
burada Xaçmazdan Xalq Hərəkatının
tanınmış simalarından biri Müqəddəs bəylə
rastlaşdıq. Məlum oldu ki, o da Elçibəylə
görüşmək üçün Naxçıvana
gedir...
Biz bir
güm Naxçıvanda qaldıqdan sonra, iyul ayının
26-da Ordubad rayonunun Kələki kəndinə yola
düşdük. Kəndə çatanda artıq günorta
idi. İsti yeri-göyü yandırırdı. Yol
yorğunluğu və isti bizi yaman əldən
salmışdı. Bir yandan da aclıq. Bizim üçün,
tez olsun deyə, yumurta ilə pamidor bişirildi, süfrəyə
gətirilən zaman Elçibəy də gəldi və hər
birimizlə səmimi görüşəndən sonra, "yeməyinizi
yeyin və istirahət edin, sonra söhbət edərik"
deyib, bizimlə süfrədə əyləşdi...
Yadımdadır,
Kələkidə Fazil Qəzənfəroğlu ilə
ağacın altında, təxminən axşam saat səkkiz
olardı, şahmat oynayırdıq. Başımız
şahmat oyununa elə qarışmışdı ki,
Elçibəyin nə vaxt bizə yaxınlaşmasından xəbərimiz
olmamışdı. Bir də başımızı
qaldıranda Elçibəyin ayaq üstə bizim oynumuzu diqqətlə
izlədiyini gördük. Ayağa qalxmaq istəyəndə
qoymadı və dedi:" Siz oyununuzu davam etdirin biz də
baxaq".
Kələki
dağ kəndi olduğuna görə burada axşamlar
çox soyuq olur. Gündüzlər havaların isti
olmasına baxmayaraq, gecələr yorğanla yatmağa məcbur
olursan. Kələki kəndində qaldığımız bir
neçə gün ərzində, hər gün olmasa da, imkan
tapan kimi Elçibəylə ən çox Azərbaycandakı
siyasi vəziyyətlə, xüsusilə 1992-1993-cü il hadisələri
ilə əlaqədar fikir mübadiləsi
aparırdıq..."
"Elçibəyin
dedikləri həqiqət oldu"
BAXCP-nin
humanitar məsələlər üzrə katibi Telman
Siyabov:"Mərhum Əbülfəz Elçibəylə ilk
tanışlığım 1985-ci ildə oldu. Ancaq onu qiyabi
olaraq tanıyırdım. 1985-ci ildə bir neçə nəfərin
iştirakı ilə 6-7 saat söhbətimiz oldu və bəy
məni qardaşım Ələsgər vasitəsilə
tanıdı. O zaman mənim xəyal belə edə bilmədiyim
məsələlərdən söhbət gedirdi. Yəni
SSRİ imperiyasının dağılması, bizim müstəqil
olacağımız və 1918-ci ildə Azərbaycanda
Cümhuriyyətin qurulması və s. Həmin vaxt biz ona
"Əbülfəz müəllim" deyə, müraciət
edirdik. Bu danışılan mövzuları dərk edə
bilmirdim. SSRİ-nin dağılması, bizim müstəqil
olmağımız necə ola bilərdi? Mən bəyə
sual verdim və dedim ki, Əbülfəz müəllim, dedikləriniz
həqiqət ola bilərmi? Rəhmətlik bəy əlini mənim
çiynimə qoydu və dedi:"Bu prosesi siz gənclər həyata
keçirəcəksiniz. Sizin iştirakınız və
mübarizənizlə Azərbaycan yaxın gələcəkdə
müstəqil dövlət olacaq". Həmin söhbətin
üstündən bir neçə il keçdi, 1988-89-cu illərdə
Milli Azadlıq Hərakatı başladı və həqiqətən
də 1991-ci ildə müstəqilliyimizə qovuşduq. Mən
1990-cı ilin fevral ayında söhbətimizi bəyə
xatırlatdım. Bəy gülümsədi və
dedi:"Gördün həmin dövrü artıq
yaşayırıq və çox keçməz müstəqilliyimizi
də elan edəcəyik. Mənim məlumatım var ki, sən
Haxçıvanda fəal cəbhəçilərdənsən.
Eşitmişəm deputatlığa namizədliyini də
vermisən. Mübarizəni davam etdir".
Sonradan
Elçibəy Kələkiyə gələndə ayda bir dəfə
gedib görüşürdük. Elçibəyin Dövlətə,
Xalqa, Millətə və Torpağımıza necə
bağlı olduğunun bir daha şahidinə çevrildim. Mən
ikinci bir şəxs tanımıram ki, Elçibəy kimi
öz dövlətini və millətini sevən insan olsun.
Elçibəy olurdu ki, bizə iradlar da tuturdu. Və məsləhətlərini
verirdi. Bəy ilk dəfə Azərbaycan manatı tədavülə
buraxılanda manatı əlinə alıb və göz
yaşlarını saxlaya bilməyib. Sonra isə Allaha
şükür edib ki, bunu da gördük. Düzdür AXC
çox az müddətdə hakimiyyətdə oldu. Ancaq onun
qoyduğu prinsiplər indi də davam edir. Elçibəyin
dövründə azad mətbuat yarandı, Milli Ordumuzun
formalaşmasının əsası qoyuldu, rus qoşunları
Azərbaycandan çıxarıldı, ali məktəblərə
qəbul test üsulu ilə həyata keçirildi və s. Bir
il ərzində çox işlər görüldü. Allah
Elçibəyə rəhmət eləsin".
"Hər
birimizin qəlbində bu millətə, dövlətə bir
sevgi qoydu"
BAXCP-nin
dünya azərbaycanlıları və türk dünyası
ilə əlaqələr üzrə katibi Yaşar Kələntərli:"Elçibəylə
bağlı o qədər xoş xatirələr var ki, bu xatirələr
bir kitaba sığmaz. Mən Bütöv Azərbaycan məsələsiylə
bağlı xatirələrimi bölüşərdim.
Elçibəy bu haqda danışanda deyirdi ki, bu, bizim hədəfimizdi.
Bu istiqamətdə bütün qüvvələrimizi səfərbər
edib təşkilatı qurmalıyıq. Elçibəy
Bütöv Azərbaycan məsələsini gündəmə
gətirəndən qısa müddət sonra böyük bir
təşkilat quruldu. Respublikanın 84 rayon təşkilatı
formalaşdı. Bu təşkilat bu gün də olduğu
kimi Güneydəki soydaşlarımızın
hüquqları uğrunda mübarizə apardı və 700 minə
yaxın imza toplnaraq Bakıda yerləşən BMT-nin insan
haqlarıyla bağlı qurumuna təqdim olundu.
Bəyin
hər zaman məsləhətlərini dinləmişəm və
həyat yolumda bu məsləhətlər köməyim olub.
Elçibəyin millətə sevgisi ölçüyə gəlməzdi.
Bəzən deyəndə ki, millət niyə belədir. Bəzə
iradını bildirərdi və deyərdi:"Millət
üçün nə etmisiniz? Millət üçün
çalışmaq lazımdır. Özü də təmənnasız
çalışmaq".
Yadımdadır,
bir dəfə Kələkidə olanda yenə ümumi vəziyyətlə
bağlı söhbət edirdik. Söhbət əsnasında
insanların, təşkilatların proseslərdə aktiv fəaliyyət
göstərmələrindən da danışdıq. 4-5
gündən sonra da Azərbaycanın milli komandası ilə
hansısa Avropa ölkələrinin birinin futbol
komandasının Bakıda oyunu keçiriləcəkdi. Bəy
dedi ki, burdan gedəndən sonra siyasilərə də bildirin
ki, həmin oyunu izləmək və milli komandaya dəstək
üçün stadiona getsinlər. Elə də elədik.
Bütün dostlarımıza, ayrı-ayrı təşkilatların
rəhbərlərinə, üzvlərinə Elçibəyin
ismarıcını çatdırdıq. Böyük əksəriyyət
həmin oyunu izləmək üçün stadiona gəlmişdi.
Bizim komanda 1-0 qələbə qazandı. İnanın ki,
bütün stadion Azərbaycan və Türkiyənin
bayraqlarına büründü. Elə bir coşqu vardı
ki... Futbol qurtarmışdı, ancaq insanlar stadionu tərk
etmirdilər. Həqiqətən gördük ki, Elçibəy
bu millətin ruhunu bilir və millətə sevgisi sonsuzdu. Kəndə
qayıdandan sonra dedi:"Gördünüz, bizim millət
çox şeylərə qadirdi". Doğrudan da bəyin
sözündə həqiqət vardı.
Elçibəy
dünyasını dəyişəndən sonra onun
Bütöv Azərbaycan Birliyində etdiyi
çıxışlar hazırlanaraq hər həftənin
birinci günləri "Elçibəy dərsləri"
keçirilirdi. Bu dərslərdə orta məktəb
uşaqları da iştirak edirdilər. Bəzən Güneylə
bağlı tədbirlərdə həmin uşaqları
görürəm. Artıq onlar böyüyüblər və
siyasi təşkilatlarda fəaliyyət göstərirlər.
Bəy
dünyasını dəyişdi, ancaq hər birimizin qəlbində
bu millətə, dövlətə, Azərbaycanın
bütövlüyünə bir sevgi qoydu. Bu sevgi elə
sonsuzdu ki, bundan sonra iki ömür də yaşasaq bəsimizdi".
"Bu xəbəri
Elçibəyə özüm dedim"
BAXCP-nin
ictimai-siyasi ələqələr üzrə katibi Hiyaməddin
Orduxanlı:"İlk dəfə Əbülfəz
Elçibəyi 1993-cü ildə görmüşəm. O
prezident olanda AXC-nin mənzil qərargahında "Gənc
Siyasi Hatiqlik" məktəbi açılmışdı.
20 nəfərdən artıq gəncə həmin məktəbdə
siyasi biliklər və digər bacarıqlar öyrədirdilər.
1997-ci ildə tələbə olarkən "Cümhuriyyət" qəzetində müxbir kimi fəaliyyət göstərirdim. Elə həmin il də Elçibəy Bakıya qayıtmışdı. Çox qısa müddət ərzində Elçibəylə münasibətim yarandı. Artıq mən AXCP gənclər komitəsində şöbə müdiri vəzifəsində çalışırdım. Həm də "Cümhuriyyət" qəzetinin parlament müxbiri idim. Müxbir kimi də bəylə tez-tez təmaslarım olurdu. 1999-cu ildə Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri keçirildi. 21 yaşım təzə tamam olmuşdu. Elçibəyə dedim ki, qanunla seçkidə iştirak etmək üçün 21 yaş olmalıdır və istəyirəm seçkilərə qatılım. İnanırsınız, Elçibəy sevindi və dedi ki, gözəl təşəbbüsdür, sən partiyanın namizədi olacaqsan. Seçkiyə qatıldım və 1999-cu ildə AXCP-nin namizədi kimi Azərbaycanın ən gənc bələdiyyə üzvü seçildim. Hətta bu faktın özü belə beynəlxalq təşkilatların hesabatında yer aldı ki, ana müxalifət partiyasının namizədi 21 yaşında seçkili orqana seçilib. Həmin ilin dekabrında MSK seçkinin nəticələrini elan etdi. Bu xəbəri Elçibəyə özüm dedim. Bəy sevindi və dedi:"Rəhmətlik Həcəf Həcəfovun ölümündən sonra belə sevincim ilk dəfədir. Sən bilirsən necə böyük uğura imza atmısan? Bu hadisə sənin həyatında böyük rol oynayacaq". Onun sevincinin bir də səbəbi o idi ki, gənclər siyasətə bu cür maraq göstərir...
Elçibəy Milli Azadlıq Hərakatının şəriksiz lideridir. Onun Azərbaycan xalqı qarşısında çox böyük xidmətləri var. O böyük ürək sahibi, millətinə, xalqına bağlı insan idi. Hər il BAXCP lideri Qüdrət Həsənquliyev bütün partiya rəhbərliyində olan şəxslərlə birlikdə Elçibəyi yad edir. Bu ənənə bu il davam edəcək. Allah Elçibəyə qəni-qəni rəhmət eləsin".
"Türk Dünyası böyük türk kişilərindən birini vaxtsız itirdi"
BAXCP MHTK-nın üzvü Mircəlal Yusifli:"Elçibəy so dərəcə təmizkar və zövqlü idi. Ancaq bizi bunlardan öncə onun varlığındakı ürəyəyatımlı fərqli cəhət cəlb edirdi ki, bu da Elçibəyin ev adamına məxsus doğmalığı, səmimiliyi, həsəd aparılmalı cəsarəti idi. Loğvalıq, təkəbbürlük, özündən razılıq ona xas deyildi. Uşaq kimi saf, kinsiz, küdurətsiziydi. Saxtakarlıqdan, yalandan, bir də rüşvətdən iyrənirdi. Onun dərsi də xüsusi dərs idi. Mühazirəni yüksək peşəkarlıqla deyirdi. Mövzunu quru və danışmaq ona yad idi. Dərs son dərəcə canlı və hamımızın iştirakı ilə keçirdi. Bu, ona xas nadir üslub idi. O, bizi həyacanlandırmağı və söhbətə qoşmağı bacarırdı. Ona görə də onun dərsində darıxmaq, mürgüləmək, tez-tez saata baxmaq yada düşmürdü. Başqa mühazirələrdə canını dişinə tutub oturan bizlər, gözünü açıq-aşkar yumub yatanlarımız, pəncərədən baxanlarımız, mühazirədən qaçanlarımız onun dərsini səbirsizliklə gözləyərdilər. Bu qoşa saat nə vaxt başlar, nə vaxt qurtarar hiss etməzdik.
Yadımdadır, Orta Asiyaya səfərini başa vuran Türkiyənin prezidenti Turqut Özal böyük nümayəndə heyəti ilə Bakıya gəldi. Həmin gün Elçibəylə görüşən Özal ertəsi gün Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Milli Məclisə gələrək burada çıxış etdi. Azərbaycanı da özünün vətəni sayan Özal öz münasibətini belə bildirdi:"Müstəqil dövlətimizin parçalanması yolverilməzdir". Sonra o, xəbərdarlıq edərək dedi:"Türk millətinin səbri zorlanmamalıdır".
Mən o zaman xarici işlər nazirinin müavini vəzifəsində çalışırdım. Hazirlər Kabinetində Elçibəylə Özalın hər iki ölkənin iş adamları ilə görüşündə Azərbaycanla Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı perspektivləri müzakirə edildi. Görüşü yekunlaşdıran Elçibəy bildirdi ki, 70 illik qapalılıq şəraitindən sonra müstəqil, azad iqtisadi əlaqələr imkanı qazanan, eyni vaxtda bir neçə tarixi vəzifə yerinə yetirən Azərbaycan bütün problemlərini tədricən həll edəcəkdir.
Elçibəy bütün qanı, canı ilə türkçü idi. Həm də bu üzdən deyə bilərəm ki, Türk Dünyası böyük türk kişilərindən birini vaxtsız itirdi".
BAXCP mətbuat
xidməti
Xalq Cəbhəsi.-
2014.- 21 iyun.- S.8-9.