Dini və mədəni
plüralizm
Nizami Cəfərov:
"Dini və dünyəvi dünyagörüşün
uzlaşdığı müasir Azərbaycan cəmiyyəti
formalaşıb”
Fikir azadlığı, plüralizm olan cəmiyyətdə
tolerantlıq, o cümlədən dini tolerantlıq da
mövcud olur.
Bu baxımdan Azərbaycan bütün dünyaya
nümunə göstərilə biləcək ölkədir.
Bununla yanaşı Azərbaycanda milli mənəvi dəyərlərin,
ana dilinin qorunması və inkişafı istiqamətində tədbirlər
də həyata keçirilir. Millət vəkili Hizami Cəfərov
hesab edir ki, ümumiyyətlə, hər bir xalqın, millətin
mövcudluğu onun ana dilinə, adət-ənənələrinə,
öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə
bağlılığından asılıdır: "Azərbaycan
xalqı da bu günədək məhz milli mənəvi dəyərlərinə
bağlılığı sayəsində özünün
mövcudluğunu, milli identikliyini, özünəməxsusluğunu
qoruyub saxlaya bilib. Azərbaycan xalqının ən
böyük sərvətlərindən biri onun zəngin milli
mədəni, maddi, ədəbi, dövlətçilik irsinə
sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər
boyunca yaradılıb və onun böyük bir hissəsi
bugünədək qorunub saxlanıb. Bu
baxımdan, milli dövlətin formalaşması və əbədiyaşar
olması onun mənəvi əsaslarının milli dəyərlərlə
nə dərəcədə səsləşməsindən
asılıdır. Milli dəyərlərə
söykənən dövlət quruculuğu xalqın milli
şüuruna, identikliyinə, mənəvi dəyərlərinə
istinad edir".
Onun
fikrincə, mədəniyyətlərin bir-birinə nüfuz
etdiyi və hətta bəzi hallarda assimilyasiyaya
uğradığı indiki qloballaşan dünyada Azərbaycan
xalqının milli mənəvi keyfiyyətlərini
mühafizə edərək gələcək nəslə
ötürməsi maddi-mənəvi irsimizin öyrənilmə
və qorunub saxlanma səviyyəsindən asılı olacaq:
"Milli irsimizin mühafizəsi məsələsi Azərbaycan
Respublikası Konstitusiyasının 40-cı maddəsində
öz əksini tapıb. Milli mənəvi dəyərlərə
bağlılığın qorunub saxlanması dövlət
başçısının daim diqqətindədir".
Millət
vəkili əlavə edib ki, Azərbaycan hər zaman fərqli
dinlərin daşıyıcılarının qardaşlıq
zəminində yaşadığı ölkə olub: "Azərbaycanın
dünya üçün bir tolerantlıq nümunəsi
olması hər zaman xüsusi olaraq vurğulanır. Təbii ki, müxtəlif dini, siyasi, etnik qarşıdurmalarla
müşayiət olunan XXI əsrdə Azərbaycanda bu
cür gözəl bir ab-havanın hökm sürməsi
uğurla davam etdirilən siyasi kursun nəticəsidir. Azərbaycan Konstitusiyasında dinindən, dilindən
asılı olmayaraq, bütün vətəndaşların
qanun qarşısında bərabər hüquqlarının təsbit
olunması ölkəmizdəki tolerantlığın bariz
sübutu sayılmalıdır. Azərbaycanda
dövlət-din münasibətləri modeli çərçivəsində
bütün dini konfessiyalar qanun qarşısında bərabərdir
və eyni statusa malikdir.
Son illərdə dünyanın ayrı-ayrı yerlərində
radikal, ekstremist dini qrupların müəyyən siyasi dairələr
tərəfindən gizli və açıq formalarda dəstəklənməsinin,
həmin qüvvələrdən sosial sabitliyin pozulmasında,
hökumətlərə təzyiqlərin göstərilməsində,
islamofobiyanın yayılmasında istifadə edilməsinin
şahidi oluruq. Digər tərəfdən, Avropada
multikulturazlimin böhranı, islamofob və ksenofob meyillərin
güclənməsi də tolerantlığa zərbə
vuraraq mədəniyyətlərarası qarşıdurmanı
gücləndirir. Bütün bunların
fonunda Azərbaycanda əsrlərdən bəri mövcud olan
tolerantlığın, müxtəlif etnik, dini mənsubiyyətə
malik olan toplumların mehriban birgəyaşayışının
şahidi oluruq. Bunun əsas səbəblərindən
biri odur ki, qeyd etdiyimiz kimi, Azərbaycan tarixən dini və
dünyəvi dəyərlərin uzlaşdığı, fərqli
mədəniyyətlərin bir arada yaşadığı və
inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu bir məkandır.
Uzun əsrlər boyu Azərbaycan xalqı
özünün milli, dini mənəvi dəyərlərinə
bağlılığını qoruyub saxlayıb, eyni zamanda,
başqa dinlərin və etnik qrupların nümayəndələri
ilə tolerant, mehriban birgəyaşayış mühitində
sahib olduğu yüksək mənəvi keyfiyyətlərini
inkişaf etdirib. Nəticədə, dini, mədəni
plüralizmin mövcud olduğu, dini və dünyəvi
dünyagörüşünün uzlaşdığı
müasir Azərbaycan cəmiyyəti formalaşıb.
Ümumiyyətlə,
ölkəmizdə dini zəmində qeyri-sabitliyin
yaranmasının qarşısını alan
əsas səbəblərdən biri müasir Azərbaycan
dövlətçiliyinin xalqımıza məxsus mənəvi
keyfiyyətlərə söykənməsi və onları
qorumasıdır.
Bunun təsdiqini, ilk növbədə, Azərbaycan
Respublikası Konstitusiyasının müddəalarında
görmək mümkündür. Hər bir vətəndaşın
vicdan azadlığı və dini ayinləri sərbəst
yerinə yetirməsi Konstitusiyada müəyyən edilib.
Ali Qanunun 18-ci maddəsinin I bəndində
göstərilir ki, "bütün dini etiqadlar qanun
qarşısında bərabərdir". 48-ci
maddədə isə Azərbaycanda yaşayan hər kəsin
vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa
zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi
təsbit olunur.
Bütövlükdə, Azərbaycan dövlətinin
hüquqi əsasları, müxtəlif sahələr üzrə
qəbul olunan qərarlar dünyəvi xarakter
daşıyır. Bununla belə, Azərbaycan dünyəvi
dövlət üçün ən münasib seçim hesab
olunan müsbət dünyəvilik və ya pozitiv sekulyarizm
modelini təcrübədə tətbiq edən ölkələrdən
biridir. Bu o deməkdir ki, dövlət din
sahəsinə qayğı və dəstək göstərir
və bu siyasət tolerantlıq və multikulturalizmin tərkib
hissəsi kimi həyata keçirilir".
Millət
vəkilinin fikrincə, inkişaf tempinə görə
qabaqcıl ölkələrlə yanaşı addımlayan Azərbaycan
bütün sahələrdə olduğu kimi mədəniyyətin
tərəqqisi sahəsində də əsaslı nailiyyətlər
əldə edib: "Ölkəmizin dünyada
tanıdılmasında, xalqımızın mənəvi dəyərlərinin
qorunub inkişaf etdirilməsində, eləcə də, mədəni
irsimizin gələcək nəsillərə
çatdırılması istiqamətində Azərbaycan
Prezidenti tərəfindən həyata keçirilən
davamlı tədbirlər bunu bir daha təsdiq edir.
Azərbaycan getdikcə daha müasir və daha sivil
dövlətə çevrilir. Dünyanın ən qədim
xalqlarından olan Azərbaycan xalqı özünün tarixi,
maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı,
incəsənəti və musiqi mədəniyyəti ilə
haqlı olaraq fəxr edir. Xalqımızın
bədii təfəkkür və
yaradıcılığına ölkənin gözəl təbiəti,
iqlimi, təbii sərvətlərinin zənginliyi də
böyük təsir göstərib. Ölkəmizin
müxtəlif sənət növlərinin hər biri
ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf
yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil
edərək Azərbaycan incəsənəti və mədəniyyəti
haqqında tam təsəvvür yaratmağa geniş imkan
verir. Azərbaycan incəsənəti
ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və
zəngindir. Azərbaycan xalqının zəngin
yaradıcılıq çeşməsində ən
mühüm yerlərdən birini onun həyat və məişəti,
gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri
tutur. Məlum olduğu kimi, dövlətin
mədəniyyət siyasəti də məhz milli dəyərlərin
müasir dövrdə yeni bir formada inkişaf və təşəkkülünə
yönəlib. Belə ki, mədəniyyətin
hər bir növü zaman və məkan çərçivəsində
yüksəliş dövrünü yaşayır.
Ümumiyyətlə, Azərbaycanın mədəniyyət
siyasəti haqda təsəvvür əldə etmək
üçün, ilk növbədə, onun tarixi, təbii-coğrafi
şəraiti ilə, eləcə də, həmin ölkədə
ictimai və fərdi həyat sahələrində ümumi vəziyyətlə
tanış olmaq lazımdır. Bütün bu illərdə Azərbaycanda əldə
olunan uğurların hər biri, nəinki xalqımız
üçün, eləcə də, beynəlxalq aləmdə
milli dəyərlərimizə olan maraq və diqqəti bir
daha artırıb. Belə ki, tariximizin
şanlı bir səhifəsinə çevrilən bu 10 ildə
görülən işlər və reallaşan layihələr
Azərbaycan mədəniyyətinə dövlət
qayğısını bir daha nümayiş etdirdi. Sözsüz ki, bu möhtəşəm layihələr
və həllini tapan məsələlər gələcəkdə
Azərbaycan milli mədəniyyəti ilə bağlı bir
sıra işlərin gerçəkləşməsinə də
öz müsbət təsirini göstərdi. Ötən müddət ərzində də mədəniyyət
nümayəndələrimiz, nəinki Azərbaycanda, eyni
zamanda, bütün dünya ölkələrində
keçirilən mühüm tədbirlərdə fəal
iştirak edərək ölkəmizi layiqincə təmsil
ediblər".
Qloballaşma
dövründə xalqların öz ana dillərini qoruyub
inkişaf etdirməsi də ciddi məsələyə
çevrildiyini deyən Hizami Cəfərov Azərbaycanda dil
sahəsində qanunvericiliyin bazasının da zaman-zaman təkmilləşdirildiyini
vurğulayıb: "Milli Məclis "Dövlət dili
haqqında" qanununun təkmiləşdirilmiş
variantını qəbul edib. Bu sənəd
mövcud olan müəyyən
çatışmazlıqları aradan qaldırır. Təbii ki, bizim ən uğurlu sənədimiz
"Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı"dır. Prezident
İlham Əliyev tərəfindən təsdiq olunmuş bu
proqram həm milli xüsusiyyətləri, həm də
qloballaşmanın təsirini çox aydın izah edir. Ən mühüm məsələlərdən biri
budur ki, dövlət və cəmiyyət arasında dilin
qorunması ilə bağlı əlaqə gücləndirilir.
Yəni qaynar xəttin yaradılması nəzərdə
tutulub ki, insanlar hardasa dillə bağlı problem
görürlərsə, müvafiq qurumlara məlumat verə
biləcək. Bilirsiniz ki, Azərbaycanda
iqtisadiyyat, ictimai-siyasi təfəkkür yüksəliş həddindədir.
Bununla əlaqədar olaraq, Azərbaycan dilinin
inkişafı məsələsi xüsusi əhəmiyyət
kəsb etməyə başlayır. Daha
doğrusu, dil məsələsi milli, ictimai təfəkkürün
və düşüncənin inkişafı fonunda diqqətdən
kənarda qala bilməz. Dünyada
müşahidə edilməkdə olan qloballaşma prosesi
şəraitində dilin qorunması və inkişaf etdirilməsi
probleminə iki cür yanaşma mövcuddur. Bu yanaşmalardan biri milli xüsusiyyətlərin, o
cümlədən dilin qorunub saxlanmasından ibarətdir,
ikinci yanaşma isə ölkənin və onun dilinin
dünyaya açıq olması məsələsidir.
Axı onu da nəzərə almaq lazımdır ki,
qloballaşma prosesi nəticəsində dilin istifadə edilməsi
ilə bağlı bir sıra problemlər yaranır. Bəzi
dünya dilləri yox olur, bəziləri isə güclü
xarici təsirə məruz qalır. Buna
görə də, Azərbaycan dilinin qloballaşma
dövründə qorunub saxlanması və inkişaf etdirilməsini
vacib hesab edirəm. Qeyd etmək istəyirəm
ki, Azərbaycan dili 50 milyondan artıq insanı bir-biri ilə
birləşdirən bir atributdur. Buna
görə də, bu amil dilin inkişaf etdirilməsi işi ilə
bağlı istənilən qərarların qəbulunda nəzərə
alınır və Dövlət proqramında öz əksini
tapan müddəalar da bu tələblərə tamamilə
cavab verir".
Əli
Xalq Cəbhəsi.-
2014.- 8 mart.- S.11.