Çanaqqala zəfərindən 99 il ötür
Mustafa Kamal
Atatürk əsgərlərinə
demişdi: "Mən
sizə təcavüz
əmrini vermirəm, ölməyi əmr edirəm”
Martın 18-i Çanaqqala şəhidlərini
anma günüdür. Bu tarix türkün varlığını sübut
etməsi baxımından
möhtəşəm əhəmiyyətə
malikdir. Bu savaş türkün Vətəninin içində
ona düşmən kəsilənlərə, onu
məhv etmək istəyənlərə qarşı
hünəri və ləyaqəti ilə dov gəlməsi idi. Onlar heç bir
halda türkün varlığını həzm
edə bilməyiblər.
Məhz
1915-ci ildə Çanaqqala
uğrunda aylarla sürən savaşlar zamanı türkün düşmənlərinin məqsədi
çökməkdə olan
Osmanlı imperatorluğunun
timsalında Türkiyəni,
türklük duyğusunu
yer üzündən silmək, onu tamamilə dövlətsizləşdirmək
idi. Çanaqqala
savaşı, bu savaşda türklərin dünyanı heyrətə
gətirən döyüşkənliyi artıq 100 ilə
yaxındır ki, heyrətamiz formada müzakirə mövzusu
olaraq qalır. Bir xalqın
özünü ən təhlükəli, ölümcül məqamda
belə ayaqda saxlaması, qətiyyən ümidsizləşməməsi,
təhlükəyə qarşı durmaq qüdrəti, yenilməzliyi
onun qeyri-adiliyindən soraq verir. Daim fitri imkanlarına
inanan, imkansızlıqdan imkan yaradan, məğlubiyyəti
ölüm sayan türk mahiyyətcə həmişə qələbə
haqqında düşünüb və əksər hallarda buna
nail olub. Çünki türk ruhunun
mayası başdan-binadan xeyirlə yoğrulub.
Çanaqqala Birinci Dünya Savaşı zamanı
Türkiyənin çarpışdığı on cəbhədən
biri idi. Bu mübarizədə Türkiyə müttəfiqlərindən
gözlədiyi yardımı ala bilmədi. Çanaqqala savaşları 8 ay yarım
sürdü, hər iki tərəf üçün
böyük itkilərə səbəb oldu. Düşmən qüvvələr Çanaqqalaya əvvəlcə
70 min əsgər göndərmişdi. Sonradan
bu qüvvənin sayı yarım milyona
çatdırıldı. Bunun 400 mini
ingilis, 79 mini isə fransız ordusundan idi. İngilislər
115 min ölü, yaralı, əsir və məmələkətinə
göndərilən 90 min xəstə olmaqla 205 min nəfər
itirdilər. Fransızlar isə 47 min nəfər
əsgər itirmişdilr. Türklər bu
döyüşlərdə 250 mindən çox əsgər
itirdilər.
Araşdırmaçı
Həriman Qocatürkün o dövrdə Türkiyədə
baş verən hadisələrə münasibəti
maraqlıdır: "1914-cü ildə Almaniyanın Rusiyaya
müharibə elan etməsi, Osmanlı imperiyasının məcburiyyət
üzündən Atlanta dövlətlərinə qarşı
müharibəyə başlaması Atatürkün hərbi
qüdrətinə ehtiyac yaratmışdı. Onun
ideyaları əvvəlcə birmənalı
qarşılanmasa da, sonradan Mustafa Kamalı Maydas hərbi dairəsinə
komandir təyin etməyə məcbur oldular. Qelibolu yarımadasında baş verən
mühüm hadisələr, ingilis qoşunlarının
Çanaqqala boğazına keçməyə cəhd etməsi
və əks hücumlarla rastlaşması onları Qelibolu
istiqamətinə üz tutmağa məcbur etdi.
Çanaqqala istiqamətində cəhdləri
alınmayan ingilis qoşunları aprelin 25-də Səddülbahir
və Arıburunu istiqamətində desant
çıxartmağa başladı. Elə ilk hücum
zamanı Mustafa Kamalın qoşunu üzərinə göndərilən
desant dəstələrini məhv etmək üçün
Mustafa Kamal qoşununu Biqalidən Conkbayıra
köçürür. Arıburnundan
Conkbayıra irəliləyən ingilis qoşunları Mustafa
Kamalın rəhbərlik etdiyi 19-cu diviziyanın əks
hücumları nəticəsində böyük itkilərdən
sonra geri çəkilməyə məcbur oldu. Mustafa Kamalın rəhbərlik etdiyi türk əsgərlərinin
misli görünməməmiş cəsarətli
döyüşləri türk dövlətçilik tarixində
yeni bir dövrün başlandığını sübut
etdi. Mustafa Kamalın sərkərdəlik
qüdrətini sübut edən bu döyüş
türkü xilas edəcək işığın, sərkərdənin
yetişdiyindən xəbər verirdi. Əsgərlərini
millət, dövlət naminə özünə güvənməyə
çağıran Mustafa Kamal deyirdi: "Mən sizə təcavüz
əmrini vermirəm, ölməyi əmr edirəm. Biz ölənə qədər keçən zaman ərzində
yerimizə başqa qüvvələr və komandirlər
keçə bilər".
Mustafa Kamal səddini aşa bilməyən düşmən
qüvvələri qarşısında İstanbulu fəth etmək
üçün Çanaqqala sədd vardı. İstanbulun fəth
olunmaması, Antanta dövlətlərinin İstanbulun
açarını əldə etməməsi ingilislər və
ruslar üçün ölümə bərabər idi.
Çünki hər iki müttəfiq bir-birləri
ilə əlaqə saxlamaq üçün Mərmərə
və Qara dənizləri ələ keçirməli idilər.
İnstanbulun səddi Çanaqqala,
Çanaqqalanın səddi isə böyük Mustafa Kamal idi.
Mustafa Kamal Atatürk türkün böyük
faciələrinə son qoymaq üçün
doğulmuşdu. Bu döyüşlərdə
ingilis ordusu texnika, hərbi sursat baxımından çox
güclü olsa da, onun üzərində qalibiyyətin bir səbəbi
də genetik yaddaşımızla, türk ordusunun
döyüşkən ruhu, türk sərkərdələrinin
döyüş texnikalarına bələd olması ilə
bağlı idi. Mustafa Kamal da qəhrəman
babaları kimi zorun, silahın gücü ilə deyil,
ağlın və yurd sevgisinin qüdrəti ilə qalib gəlmişdi".
Yadımdadır,
Çanaqqala mövzusunda "Çanaqqala oratoriyası"
adlı əsər yazmış mərhum xalq artisti, professor Vasif Adıgözəlov bu mövzuya
müraciət etməsinin səbəbi ilə bağlı
deyirdi: "Hələ çoxdan bu mövzu məni
düşündürürdü. Ölüm təhlükəsi
ilə üz-üzə qalan, az qala yox
olmaq təhlükəsi gerçəkləşən
Türkiyənin belə bir məqamda özündə yenilməz
güc taparaq mövcudluğunu qoruyub saxlaması təbiidir
ki, bir türk olaraq hər birimizi ruhlandıran,
qürurlandıran bir tarixi hadisədir. Bu,
tarixdir, Türkün yenilməzliyinin daha bir sübutudur.
Məhz bu cür hadisələr bizim bir millət
olaraq şanlı, məğrur keçmişimizi yenidən vərəqləməyə,
ümidli bir söykənəcək tapmağa imkan verir.
Tarixi Çanaqqala zəfəri bütün
Türk dünyası üçün daim müqəddəs
bir qələbə kimi xatırlanacaq. Həmin
tarixi vuruşlarda qəhrəmanlıqla vuruşub canından
keçən türk şəhidlərinin məzarını
ziyarət etmişəm. Onların məzarlarını
ziyarət etdikcə daxilən daha da gücləndim,
qürurum artdı. Səbəbi də o
idi ki, elə bir çətin zamanda türklər özlərində
qüdrət tapa bildilər ki, düşmənlə nəinki
döyüşsünlər, üstəlik qələbə
çalsınlar. Mən bu qənaətdəyəm
ki, Çanaqqala savaşında türk
qardaşlarımızın göstərdiyi hünər
bütün Türk Dünyasına, türk xalqlarına
gözəl bir örnək olmalıdır. Hər bir Türk öz Vətənini bu cür
qorumalıdır. Çanaqqala türklər
üçün son dərəcə əhəmiyyətli bir
nöqtə idi. Türklər anladılar ki, artıq
bundan o yana yol yoxdur. Çanaqqalanın
getməsi İstanbulun əldən getməsi demək idi.
Torpaq müqəddəsdir. Mən
Çanaqqala mövzusunda yazarkən bunu bütün Türk
Dünyasının tarixi zəfəri kimi təqdim etməyə
çalışdım. "Çanaqqala
oratoriyası" mahiyyətcə rekviyemdir, şəhidlərin
ruhuna ithaf edilmiş musiqidir. Bu əsərdə
türk əsgərlərinin Vətənə olan sonsuz,
tükənməz sevgisini, məhəbbətini, rəşadətini,
qəhrəmanlığını, yenilməzliyini ifadə
etməyi başlıca məqsəd hesab etmişəm".
Türkiyənin müxtəlif şəhərlərində,
xüsusilə Çanaqqalada bu oratoriya dəfələrlə
təntənəli şəkildə səslənib və
böyük marağa səbəb olub. Əsərdə
iki yüz nəfərlik ifaçı iştirak edir. Səslənmə son dərəcə möhtəşəm
bir ahəng ifadə edir. Türkiyədə
bu əsərin ifası ilk dəfə 1996-cı ildə
Çanaqqalada olub. "Çanaqqala oratoriyası"nı bu tarixi hadisə baş verəndən 80
il sonra məhz Azərbaycan bəstəkarı Vasif
Adıgözəlov yazdı. Vasif Adıgözəlov
"Çanaqqala oratoriyası"na
görə Türkiyədən ümumiyyətlə, qonorar
almayıbmış. Danışırdı ki,
bəlkə də Qarabağ hadisələri olmasaydı, bu
mövzuda əsərlər yazmazdı. Türkiyədə
böyük şöhrət qazanmış "Çanaqqala
oratoriyası" da mahiyyətcə Qarabağ dərdimizdən
qaynaqlandı. Ümumiyyətlə,
Qarabağ hadisələri başlanandan bəri onun
yaradıcılığı demək olar, ancaq bu mövzularda
əsər yazmağa kökləndi. "Qarabağ
oratoriyası", "Hatəvan operası" da bu qəbildəndir.
Tanınmış
tarixçi-alim, professor Fəzail İbrahimli bildirir ki,
Çanaqqala savaşı Türkiyənin milli azadlıq hərəkatı
tarixində ən mühüm yerlərdən birini tutur:
"O vaxt Türkiyə bir neçə qüvvə
qarşısında qalmışdı. Rusiya
Türkiyə ərazisində "böyük Ermənistan"
yaratmaq istəyirdi. Çanaqqala
savaşı Türkiyəni gözləyən, eləcə də
artıq tamamilə gerçəkləşmiş təhlükələrə
qarşı ölüm-dirim məqamı idi. Çanaqqala savaşını İkinci Dünya
Savaşında almanların Moskvaya hücumu zamanı sovet
xalqının mübarizəsi ilə müqayisə edərdim.
Çanaqqala savaşı türk millətinin
tarixi taleyini həll edən əhəmiyyətli bir məqam
idi".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 18 mart.- S.14.