Milli saxlanc boğçamızın inciləri

 

Rəssam təxəyyülünün nəticəsi tarixi qaynaqlara tapınan bədii həqiqətdir

 

II yazı

 

Rəssamlıq məktəbinə qəbul olunması ilə burada realist-gerçəkçi sənətin bədii vərdişlərinə yiyələnən Fəxrəddin Məmmədvəliyevin həmin illərdə yaratdığı yeni-yeni lövhələrində də əvvəlki kimi təsvir etdiyi hadisələrin yaddaqalanlığına meylli idi. Bunun üçün o, görüntüyə gətirdiyi tarixi hadisələrı tutumlu göstərməyə çalışırdı. Belə kompozisiyalar panoram xarakterli tablonun mərkəzi hissəsi kimi qəbul olunmaqla yanaşı, tamaşaçıda onun möhtəşəmliyinə və əhatəliliyinə inam yaradırdı. Qeyd edək ki, bədii şərhə cəlb etdiyi süjetləri bu cür təqdim etmək ənənəsi onun sonrakı illərdə ərsəyə gətirdiyi lövhələrdə də müşahidə olunmaqdadır. Bu mənada onun 70-ci illərdə - fırçasının hələ “kövrəkliyi” duyulan bir dövrdə yaratdığı “Konstantinopolun II Mehmet tərəfindən fəthi” (1978) və “Şeybani xanla Şah İsmayılın döyüşü” (1978) əsərlərinin adlarını çəkməyi vacib bilirik. Sulu boya ilə çəkilmiş bu qrafik lövhələrdə biz tələbə-rəssamın bir qədər sonra əsərlərinin kompozisiyalarını səciyyələndirən fiqurların zəncirvari, zahirən xaotik, mahiyyətcə isə bütöv görünən ritminə rast gəlmirik və bunu da təbii sayırıq. Belə ki, döyüşlərin gərginliyini və obrazların hərəkətlərindəki ekspressivliyi ifadə etmək üçün onda istək çox olsa da, hiss olunur ki, bir yaradıcı kimi bunu reallaşdırmaq, obrazlı desək, onun təxəyyülünün pərvazını arzulanan səmtə yönəldə biləcək bədii-texniki vərdiş ehtiyatı hələ kifayət qədər deyil. Odur ki, hər iki kompozisiyada ifadə olunanları gənc rəssamın onu batal səhnələrin istedadlı yaradıcısına çevirəcək növbəti axtarışlar mərhələsinə keçid saymaq olar. Ancaq etiraf edək ki, iri ölçülü bu qrafik lövhələrdə (birinci əsərin ölçüsü 50x60 sm, digərinin ölçüsü isə 56x45 sm-dir) kompozisiyaların cəlbediciliyini və bütövlüyünü şərtləndirən bədii məziyyətlər az deyil...

Əksəriyyəti ötən əsrin 80-ci illərində yaradılan bu əsərlərdən biri “Döyüş” adlanır. Bu tablo sənətsevərlərə həm də “Nadir şahın Hindistana yürüşü” (1985) adı ilə tanışdır, təbii ki, yağlı boya ilə çəkilmiş əsərdə məşhur döyüş öz əksini tapdığına görə... Ölçü etibarilə rəssamın yaratdıqlarının ən böyüyü olan (80x52 sm) bu tablo əslində həm də yüksək sənətkarlığın təzahürü olan şaşırdıcı bədii ifadə vasitələri və bu qeyri-adi bədii-estetik məziyyətlərin toplusu kimi də diqqətçəkəndir. Burada ilk və önəmli məqam döyüşün təsviri üçün tapılan kompozisiya həllidir. Kompozisiya üçün şaquli format seçən müəllif bununla da özü üçün döyüşün gərginliyinin bütün məqamlarını göstərmək imkanı yaratmışdır. Bunu əsərin yuxarı hissəsindəki azacıq səma təsvirindən üzü aşağıya doğru cərəyan edən qanlı döyüşün ayrı-ayrı məqamlarının görüntüyə gətirilməsi də təsdiqləyir. Öz yaradıcılığında qədim miniatür sənəti ənənələrinə tapınan Fəxrəddinin bu mənada ona süjeti üst-üstə sıralanma prinsipinə “təslim” etməyə imkan verən şaquli kompozisiya formatı seçməsi də təsadüfi deyil. Bu seçimin ona ölüm-dirimə köklənmiş döyüşün bütün gərginliyini ifadə etməyə imkan vermişdir, desək, yanılmarıq. Çoxsaylı fiqurların kətan boyu düzülüşünün yaratdığı ritm və dinamika kifayət qədər məntiqli olduğundan təqdim olunanlara tamaşıçıda inam yaradır. Görüntünün ilk baxışda xaotik təsir bağışlayan qarışıqlığı əslində döyüş meydanındakı gərginliyin inandırıcı ifadəsindən qaynaqlanıb. Sərt qayalıqdan aşağıya doğru uzanan enişin özü miniatürün üst-üstə sıralanma prinsipini gerçəkləşdirməyə imkan verib. Bu seçim duyulası dərəcədə dinamik olan döyüşü bütün gərginliyi ilə duymağa imkan verir. Atlı-dəvəli Nadir şah qoşununun həm də fillər üzərində qərarlaşmış düşmən döyüşçüləri ilə qarşılaşmasının “olum ya ölüm” kimi savaş fəlsəfəsinə köklənməsi rəssam tərəfindən çox təsirli kompozisiya elementləri ilə verilib.

Reallıqda rəqiblərin ayrı-ayrı fərdlərinin qarşıdurmasının görüntüsü olan bu döyüşlər əslində çoxsaylı döyüş motivlərinin məcmusu olduğundan, müəllifin yaradıcı sənətkarlığı sayəsində təsvirdə də buna müvafiq, yəni bütövdürlər. Dünya xalqlarının, o cümlədən də özümüzün geyim tariximizə duyulası səyləri nəticəsində bələd olan rəssam bunu əsərin bədii həllində də nümayiş etdirə bilib. Odur ki, tərəflərin geyimləri və döyüş atributları inandırıcı qəbul olunur. Əsərlərində demək olar ki, təsvir sahəsinin bütün hissələrini “danışdırmağa” meylli olan Fəxrəddin bu əsərində də kətanın bütün “rəng həsrətli” səthini kompozisiyanın ümuni məna-məzmun daşıyıcılığına kömək edə biləcək elementlərlə zənginləşdirməyə nail olub. Elə bu duyulası tutumun sayəsində də əsərlərini bədii heyrət qaynağına çevirə bilib. Etiraf etmək lazımdır ki, Azərbaycan təsviri sənəti tarixində özünün qeyri-adi bədii-estetik tutumluluğuna görə şaşırdıcı təsir bağışlayan “Döyüş”ə bənzər ikinci bir əsəri xatırlamaq çətindir...

Əgər desək ki, rəssamın bir neçə il sonra yaratdığı “Çin səddinin türklər tərəfindən fəthi” tablosu yüksək bədii-estetik tutumuna görə “Döyüş”dən geri qalmır, yəqin ki, yanılmarıq. Çox da böyük ölçülü olmayan (140 x 95sm) kompozisiyanı gənc rəssam 2 ilə (1989-1991) ərsəyə gətirib. Əzəmətinə görə haqqında əfsanələr dolaşan bu müdafiə qurğusunu uzun illər ərzində inşa edən çinlilər yəqin ki, onun nə vaxtsa fəth ediləcəyini ağıllarına belə gətirməmişdilər. Amma onlar yəqin ki, türkün qüdrətinə kifayət qədər bələd olmadıqlarından belə düşünüblər. Odur ki, bu əfsanəvi müdafiə səddinin zamanında cəsur və qorxmaz əcdadları tərəfindən fəth edilməsi dünyanı dərk etdiyi gündən Fəxrəddinin qürur qaynağına çevrilmişdi. Həyatının bir anını belə rənglərsiz təsəvvür edə bilməyən gənc rəssam üçün ürəyində özünə möhkəm yer eləmiş bu qürur qaynağını bədiiləşdirmək həm də bir arzuya çevrilmişdi. Bəlkə də o, bu yaradıcılıq işinin yerinə yetirilməsini özünün türk və yaradıcı kimi vəzifəsi hesab edirdi. Rəssamın təsəvvüründə bu əsər bundan əvvəl yaratdıqlarından bütün mənalarda fərqlənməli və bəlkə də üstün olmalı idi.

Gənc rəssamın “Döyüş”də tətbiq etdiyi hadisəyə baxışını bu əsərində də müəyyən dəyişikliklərlə təkrarlaması ilk növbədə ona bu seçimin batal səhnələrin gərginliyini bütün çalarları ilə göstərmək istəyindən irəli gəlib.

“İlan” kimi qıvrılan məşhur səddin rəssam təfsirində görüntüsü heç də haqqında danışılan qədər də möhtəşəm baxılmır. Bunu heç şübhəsiz, türk şərəfinin imtahana çəkildiyini dərindən dərk edənlərin ölüm-dirim mübarizəsini öz xeyirlərinə həll etmələri anında-səddin fəthi məqamında təsvirə gətirilməsidir. Qalib tərəfin şux, məğlubların isə soyuq rəngli geyimlərdə təqdimatında tarixə, etnoqrafik qaynaqlara tapınmanın əlaməti ilə yanaşı, bu cür təzadlı təqdimatda yəqin ki, döyüşün necə sonuclanacağına bədii işarə də mövcuddur. Kompozisiyanın mürəkkəbliyini şərtləndirən çoxsaylı fiqurların kətan boyu zəncirvari düzülüşündəki ritmin yaratdığı ekspressiya və dinamikanın mayasında tərəflər arasındakı döyüşün gərginliyinin durduğu kifayət qədər duyulandır. Tamaşaçının rəssamın kətan üzərində yaratdığı sənət möcüzənin heyrətdoğuruculuğuna köklənməsini və onda gördüklərinin inandırıcılığına əminlik yaranmasını şərtləndirən bədii məziyyət kompozisiyada tətbiq olunan rəng həllini gerçəkləşdirən bədii ifadənin özünəməxsusluğudur. Bu mənada kompozisiya daxili hər bir detalı gerçəkləşdirən rənglərin şərti-lakonik görüntü¬sünə onların bu vəziyyətinin reallığa qovuşmasını inandırıcılığa döndərən axıcı keçidin qatılmasıdır. Əslində bu cür bədii təqdimatda zahirən bizə məlum olanlarla anım yaradan məqamlar olsa da, onların qovşağının əldə olunması yeni və duyğulandırıcıdır.

Əlavə edək ki, rəssamın bu cür cəlbedici və uzun müddət tamaşaçını öz sehrində saxlayan bədii təqdimatlara yüksəlməsi onun davamlı axtarışlarından keçib. Müxtəlif texnikalarda işlənmiş cizgi rəsmləri sona qədər tamamlanmayıb bir qədər eskiz xarakteri daşısalar da diqqətçəkəndirlər. Onların hər birinin ölçü etibarilə böyüdülərək rənglə işlənilməsi özündə tarixi keçmişi yaşadacaq neçə-neçə yaddaqalan lövhənin yaranmasını şərtləndirərdi, desək, yanılmarıq.

Fəxrəddin Məmmədvəliyevin əsərlərinin sənətsevərlərlə yanaşı həm də müxtəlif yaşlı həmkarlarını cəlb edən xüsusiyyəti heç şübhəsiz, onun müraciət etdiyi mövzulara çox fərqli rakursdan göz qoyması, motivləri bənzərsiz bədii təfsirlə görüntüyə gətirməsidir. Bütün bunlarsa təsvirin elə ilk baxışdan adilikdən çıxarılmasına səbəb olur. Əgər bunu onun şərəfli keçmişimizi özündə yaşadan batal səhnələrinin təsviri ilə əlaqələndirsək, onda öncə onlardakı döyüş meydanını “qaynar qazan”a çevirən fiqurların qeyri-adi dərəcədə çoxluğunu qeyd etmək lazımdır. Əsərlərdə “Olum ya ölüm?” sualına cavab axtaranların qələbəliyini gerçəkləşdirən və sözün əsl mənasında görüntüdəkilərin nəhayətsizliyinə zəmin verən inandırıcılıq nə qədər müəllif təxəyyülünün ifadəsi olsa da, ifadə baxımından bə əsərlərdə çox şaşırdıcıdır. Keçmişimizlə bağlı əksər Azərbaycan filmlərindəki əski döyüş səhnələrinin təəssüfdoğurucu cılız görüntüləri ilə müqayisədə Fəxrəddinin bizə təqdim etdiyi batal kompozisiyalar kino sahəsində çalışanlara da örnək ola bilər. Tarixi mənbələrdən toplaya bildiyi bilgilərə fərdi duyğularını əlavə edən rəssamın öncə az qala utopik - ilğım təəssüratı yaradan döyüş səhnələri özündə nə qədər irreallıq yaşatsa da, inandırıcı və duyğulandırıcıdır...

Gənc rəssamın kompozisiyalarında reallaşdırdığı gözlənilməz təsviri “qarşıdurmaların” tamaşaçıya gerçəkçi görünməsini şərtləndirən bədii vasitələr içərisində ilk baxışda xaotik təəssürat bağışlayan obrazlar qələbəliyinin onların hər birinin fərdi cizgilərə malik olmalarından keçməsi durur. Etiraf etmək lazımdır ki, ən ciddi nüfuzedici baxışla sınağa çəkilsə belə, onların hər biri “məskunlaşdığı” məkanda, malik olduğu biçimdə də tarixilik baxımından məntiqli, bütün mənalarda təsir gücünü və cəlbediciliyini, bütünlükdə isə yüksək bədii tutumunu uzun müddət qoruyub saxlayandır. Heç şübhəsiz, gördüklərimiz nə qədər rəssam təxəyyülünün nəticəsi olsa da, küll halında tarixi qaynaqlara tapınan bədii həqiqətdir. Odur ki, Fəxrəddin Seyfəddinoğlunun tariximizə bədii işıq salmaqla gerçəkləşdirdiyi uzaq-yaxın tariximizlə bağlı çoxsaylı rəngkarlıq və qrafika əsərləri bütünlükdə, bu günümüzdən həm də gələcəyə ünvanlanan və bədxahlarımızı ifşaya yönəli təsviri ərməğan tarixi-bədii milli saxlanc boğçamızın çox etibarlı incilərindən sayılmağa layiqdir.

 

Ziyadxan Əliyev,

sənətşünas

Xalq Cəbhəsi.- 2014.- 8 noyabr.- S.14.