Bakının azad olunması dövrün
mətbuatında
Bakının azad
olunması xəbərini sentyabrın 15-də "Azərbaycan"
qəzeti xəbər vermişdi
II
yazı
Bakının
azad olunması xəbərini sentyabrın 15-də Gəncədə
Yelizavetpol qubernatorunun mətbəəsində çap olunan
"Azərbaycan" qəzeti xəbər verdi.
Dörd səhifədən ibarət olan bu qəzetin
iki səhifəsi Azərbaycan türkcəsində, iki səhifəsi
isə rus dilində buraxılırdı. Qəzetin
Gəncədə cəmi dörd nömrəsi çap
olunmuşdu ki, axırıncı, yəni dördüncü
nömrəsinin üç səhifəsi rus dilində, bir səhifəsi
isə Azərbaycan türkcəsində idi. "Azərbaycan"ın
ilk sayında Bakının azad olunması, Qafqaz İslam
Ordusunun qardaş köməyi barəsində yazılar,
informasiyalar kifayət qədər maraq
doğurur. Bu haqda xəbərlərdə deyilirdi ki, Azərbaycan
Cümhuriyyəti hökuməti adına
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa həzrətləri
tərəfindən belə bir teleqram gəlmişdi:
"Bismillahir-rəhmanir-rəhim. Bakı şəhəri
15.09, saat 9-a işləmiş igid ordu hissələrimiz
tərəfindən zəbt olundu. Qafqaz İslam
Ordusu komandanı Feriq Nuru".
Tədqiqatçı
Akif Aşırlı bu barədə "Cümhuriyyət
Dövrü Mətbuatında "Qafqaz İslam
Ordusu"" kitabında yazır ki, "ordunun Bakını
azad edib Azərbaycanı "başsız bədən"
olmaqdan qurtarandan sonra Nuru Paşanın sayğı ilə Azərbaycan
Cümhuriyyəti rəhbərini paytaxta dəvət etməsi
onu göstərir ki, artıq yersiz mübahisələr aradan
qaldırılmış,
komandanlıqla siyasi rəhbərlik arasında münasibətlər
normallaşmışdı". Bakı azad edildikdən sonra
Osmanlı-Azərbaycan münasibətlərinə toxunan
T.Svyatoçovski
yazır:
"Osmanlı generalı artıq Azərbaycanın daxili
işlərinə qarışmaqda son dərəcə
ehtiyatlı hərəkət edirdi, hərbi məsələlər
istisna olunarsa, bütün qalan işlərin yerli
hakimiyyət tərəfindən həyata keçirilməsini
gözləyirdi".
Bakının
azad edilməsi barədə məlumatı İstanbulda olan
Azərbaycan
nümayəndələrinə Ənvər Paşa
çatdırdı: "Əmin bəy, Bakı
alındı". "Azərbaycan"ın ikinci sayında
M.Ə.Rəsulzadənin baş nazir Fətəli Xan Xoyskiyə
ünvanladığı təbrik teleqramı dərc olunub:
"Paytaxtımızın istidadından dolayı təht idarə
alilərində bulunan hökumətimizi səmimi təbrik ilə
Bakının yeni türk ellərinin ixtilası
üçün sarsılmaz bir qələyi mətin
olması ümidi ilə bütün arkadaşlarımızla
öpüşürüz. Azərbaycan heyət
mürəxəsəsi naminə Məhəmməd Əmin Rəsulzadə".
Bakının
bolşevik-daşnak birləşmələrindən azad
olunması xəbəri Türkiyə mətbuatının da əsas
aparıcı mövzularından oldu: "Etibarlı mənbələrə
görə, Bakı şəhəri 36 saat sürən
şiddətli müharibədən sonra Azərbaycan ordusu tərəfindən
zəbt
olunmuşdu. Bakıdaki ingilis və bolşeviklərə
kömək haqqında məlumat gəlməmiş, fəqət
bunların əksər hissəsi əsir edilmişdi.
Bakının zəbti və azad edilməsi xəbəri şəhərimizdə
olan Qafqaz heyəti arasında milliyyətçilik təəssüratına
səbəb olmuşdu. "Perapalas" otelində iqamət edən
Qars, Batum və Ərdal heyəti bu xoş xəbərlə
Azərbaycan heyəti ilə hörmətli Rəsulzadə bəyi
tebrik və belə məsud bir
hadisəni milli bayram etmiş, qürur və sevinc hissini
duyduqlarını heyətə bildirmişdir".
Həmin
qəzetin 21 sentyabr tarixli xəbərində isə
Vakının azad olunması geniş şəkildə, təfərrüatlarla
öz əksini tapmışdı: "Bakının zəbti
xəbəri Qafqazla bütün islam əhalisindən mərkəzinə
gülərüzlük, təşəkkür və uğur
dua etdikləri, Bakının zəbtini həyata keçirən
orduların fədakarlığı hər tərəfdə
sevinc və minnətdarlıq hissiylə
qarşılanmış, mayor Fehmi bəyin əmrindəki 56-cı
polku ingilislərə qarşı saatlarca sürən cavab
hücumlarla fədakarlıq göstərmiş, saysız əsir
və qənimət ələ keçirilmişdi".
İstanbulda çıxan "Sabah" qəzetinin 17 sentyabr
sayında belə bir xəbər dərc olunmuşdu:
"Şəhər 38 saat sürən şiddətli
müharibədən sonra azad edilib. Bütün
neft mədənləri ələ keçirilib".
"Yeni
gün" qəzeti isə bu barədə yazır:
"Bakıda artıq Azərbaycan bayrağı
dalğalanır. Azərbaycan hərbi hissələri
Bakını azad etmişlər. Eyni dinə və eyni
qana sahib
olduğumuz qardaşlarımızı təbrik edirik. Bəlli olduğuna görə, axır vaxtlar Azərbaycanın
paytaxtı olan Bakı kiçik bolşevik dəstələrinin
və erməni avantüristlərinin əlində idi ki, onu da
azərbaycanlıların milli-hərbi qüvvələri
sıxışdırıb çıxartdı".
Tədqiqatçı
Akif Aşırlı "Cümhuriyyət Dövrü Mətbuatında
"Qafqaz İslam Ordusu"" kitabında yazır ki,
"36 saat sürən Bakı döyüşündə
Qafqaz İslam Ordusunun əsgəri 1000 nəfərdən
çox idi. Avqust ayının əvvəllərindən
sentyabrın 16-dək olan müddətdə təkcə 5-ci
Qafqaz diviziyasının itkisi 1130 nəfərə
çatmışdı. Bakının
azadlığı ilə nəticələnən 14-15 sentyabr
müharibəsində 15-ci piyada diviziyasından 5 zabit əsgər
şəhid olmuş, 374 əsgər yaralanmış, itkin
düşənlərin sayı isə 73-ə
çatmışdı. Bakı ətrafında
və şəhərdə xeyli sayda əsir
götürülmüşdü".
"Azərbaycan"
qəzetinin sentyabr ayının 15-də çıxan ilk
sayında "Bakının süqutu" rubrikası
altında dərc edilən məlumatda 30 min ingilis, rus və
erməninin əsir götürüldüyü
bildirilirdi. Digər bir məlumatda isə
Bakının alınması zamanı 8000 ingilis əsgərinin
əsir alındığı əksini tapırdı.
Xəlil
Paşa "Bitməyən savaş" memuarında Bakıya
daxil olmalarını belə xatırlayır: "Nuru Paşa
məndən daha əvvəl şəhərə girərək
böyük bir oteli özünə qərargah etmişdi. Mən də sonra şəhərə daxil oldum.
Cəngavər ruhlu və böyük
vətənpərvər Nuru Paşanın bu, bəlkə də
həyatının ən gözəl günüydü".
Xəlil
Paşa aylardan bəri Azərbaycan türklərinin dəhşətə
məruz qaldıqlarını bu şəkildə təsvir
edir: "Şəhər ingilislər tərəfindən idarə
edildiyi zaman ermənilər və bolşeviklər yerli
türk xalqlarına qarşı geniş bir qətl hərəkatına
başlamışdılar. Şəhərin hər
məhəlləsində ermənilər qətlə yetirdikləri
türklərdən cəsəd qalaları qurmuş və
bütün vəhşiliklərini göstərmişdilər.
Qadınlar ədəb yerlərindən
süngülənmiş və
bıçaqlanmışdı. Uşaqlar isə
ata-analarının
meyitlərindən qurulan qalanın bürcü olmuşdu".
Bakı
azad olunan gün 14-15 sentyabr tarixlərində bu qəddarlığın
cavabını vermək istəyən Azərbaycan türkləri
ilə
ermənilər arasında küçə savaşları
başlamışdı. Bakıdakı türkləri
qətliamlara düçar edən ermənilər törətdikləri
qırğınlara, qanlı olaylara görə bu dəfə
cavab verirdilər. Ancaq Azərbaycan
hökumətinin səyi və Qafqaz İslam Ordusunun əmri
ilə bu qanlı qarşıdurmaların qarşısı
alındı. Çox təəssüf ki, Qafqaz
İslam Ordusunun və milli hökumət rəhbərlərinin
səyi və təminatları ilə həyat və əmlaklarının
təhlükəsizliyinə nail olan ermənilər çox
keçmədi Avropaya yalanlar oxumağa başladı. Mudros
barışığına əsasən Azərbaycanı tərk
edib Türkiyəyə dönən orduya qarşı guya
sentyabrın 15-də erməni qətliamının həyata
keçirildiyi barədə əsası olmayan iddialar
qaldırıb, Erməni Milli Şurasının səyi ilə
Bakı komendantlığında fövqəladə
təhqiqat komissiyası yaratmağa nail oldular.
Akif
Aşırlı eyni adlı kitabında qeyd edir ki, "mərkəzi
qərargahı Tiflisdə yerləşən Erməni Milli
Komitəsinin üzvləri Şərq orduları qrupu
komandanı Xəlil Paşadan müsəlmanların 31
martda
kütləvi şəkildə ermənilər tərəfdən
qətlə yetirildiyinə görə üzr istəyərək,
bu cinayətdə əli olanların cəzalandırılmasına
etiraz etmədikləri tarixi fakt olaraq
qalır".
Paytaxtın geri alınmasından sonra isə Gəncədə
olan Qafqaz İslam Ordusu qərargahı şəhərin azad
olunması ilə bağlı Bakıya
köçmüşdü. Mətbəəsi
31 martda dağıdılan "Açıq söz" qəzeti
öz fəaliyyətini bərpa etdi. Qəzetin
20 sentyabr tarixli sayında Abdulla Şaiqin "Niyə belə
gecikdin" şeiri Qafqaz İslam Ordusunun azadlıq
yürüşünün tərənnümü idi. Azərbaycan
paytaxtının türk əsgərinin köməyi ilə
azad
edilməsi Azərbaycan türkləri üçün sonsuz bir
sevinc gətirmişdi. Ordu komandanlığı
sentyabrın 16-da bu təntənəli tarixi qeyd etmək, hərbi
hissələrin paradını, rəsmi keçidini
keçirmək qərarına gəldi. Şəhərin
tamamilə düşməndən
azad
olunan günü Nuru Paşa Mürsəl Paşaya belə bir
teleqram göndərmişdi: "Xəlil Paşa həzrətləri
ilə sabah Puta stansiyasından hərəkət edərək
günortadan əvvəl, saat
10-da Bakıya daxil olacağam. Rəsmi keçidi
buna görə Bakının şimal stansiyası
civarında, münasib yerdə keçirməyi rica edirəm".
"Azərbaycan"
qəzeti 22 oktyabr tarixli sayında yazırdı:
"Bakının qoşunlarımız tərəfindən
alınması bütün dünyada siyasi əhəmiyyət
daşıyır. Lakin yaddan çıxarmaq
olmaz ki,
diplomatik danışıqlar üçün çox iş
görmək lazımdır".
Azərbaycan
hökumətinin Bakıya köçməsi ilə baş
nazir Fətəli Xan Xoyski hökumət bəyannaməsini
müxtəlif qəzetlərdə dərc etdirirdi:
"Paytaxta, yeni Bakıya köçmüş Azərbaycan
hökuməti şəhərdə və ətrafda
yaşayan bütün əhaliyə din və millət fərqi
qoymadan əmr edir: Azərbaycan hökumətinin
tabeliyi
altda yaşayan heç bir millətə pis münasibət bəslənməyəcək,
caniləri, soyğunçuları, qatilləri və
camaatın asayişini pozanları hökumət ağır cəzaya,
edama belə düçar edəcəkdir. Əhali
bunu bilməlidir ki, cinayətlə, soyğun və qarətlə
məşğul olanları harada görsələr, lazımi
orqanlara xəbər versinlər. Türk və Azərbaycan
hökumətinin şan və şərəfinə yaraşmaz
ki, onun paytaxtında günahsız adamların
haqq və
hüququna təcavüz olunsun".
Nuru
Paşa öz xatirəsində bir çox məsələlər
kimi mətbuatın vəziyyətinə də toxunmuşdu:
"Bakıda "Azərbaycan" namında bir türkcə
(rəsmi hökumət qəzetəsi) bir də rusca qəzet
nəşr edilirdi. Bu qəzetlər mövqe
kuomandanlığından bir senzor
heyəti
tərəfindən müraqiə edilirdi". Əsasən hərbi
məzmunlu yazılarda senzorun kəsmiş olduğu hissələr,
ağ yerlər "Azərbaycan" qəzetinin
az sayda nüsxələrində açıq-aydın
görünür ki, bu da Azərbaycan Cümhuriyyətini
ideoloji təxribatlardan qorumaq mahiyyəti
daşıyırdı.
Nuru Paşa ətraf rayonlara səfər edir, xalqla
birbaşa təmas qururdu. Onun növbəti səfərlərindən
biri oktyabr ayının 5-də Qubaya oldu. Bu barədə
"Azərbaycan" qəzeti yazırdı: "Ruhanilər
başda olmaqla bir neçə min əhali Paşa cənablarını
qarşılamışlar. Şəhər xalçalarla bəzənib,
damlarda
bayraqları küləklər oxşayır. Küçələrə
xalçalar, gəbələr döşənib. Salavat səsləri və "min yaşa,
paşam" alqışları eşidilir, ta uzaqlara gedir.
Avtomobillər
irəliləyirlər. İki tərəfdə
adamlar dayanıb. Quba qayimməqamı
Əmir Xan Xoyski paşaları qarşılayıb ruhanilərlə
birlikdə salamlayır. Ənvər Paşa, Nuru Paşa
və Mürsəl
Paşaya həsr olunmuş nəğmələr oxunur. Məktəblilər
"Yaşasın paşamız!", "Yaşasın
ordumuz!" deyə oxuyurlar". Qubada xalqın xilaskar
kimi qarşıladığı Nuru Paşa öz
çıxışında 19 yaşdan 24 yaşınadək
olanların hərbi xidmət keçməsinin vacibliyindən
danışır.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 5 sentyabr.- S.11.