Erkən nigah problemi
Yoxsul ailələrdə azyaşlılar ərə
verilir, qızları məktəbə qoymurlar
Son bir il ərzində ən şad günündə yaxınlarına peşmançılıq
yaradaraq nikahdan imtina edən və hətta evdən qaçan qızların sayı artmaqdadır. Toydan imtina edən
xanımlar bunu adətən valideynləri
tərəfindən zorla
nikaha təşviq edilmə kimi izah edirlər. Mütəxəssislərin fikrincə, bu
erkən nikahın yaratdığı fəsadlardır.
Belə ki, əvvəl qızlar bunu daha səssiz qarşılayırdılarsa, indi
bəziləri susmaq istəmir, hətta belə etiraz formalarına əl atırlar.
Statistik məlumtalarda deyilir ki, 2009-cu ilin təkcə birinci yarısında Azərbaycanda
yetkinlik yaşına çatmayan 4000 nəfər
qız zorla ərə verilib. Vətəndaş Təşəbbüsləri Mərkəzinin
apardığı araşdırmalar
zamanı məlum olub ki, təkcə
2009-cu ildə ildə
insan alverinin qurbanına çevrilmiş
65 qızın zorakı
nikahlara cəlb olunma nəticəsində
əxlaqsızlığa düçar
olub. Yetkinlik yaşına çatmayan
qızların zorla ərə verilməsinə
dair faktlar Lənkəran, Astara və Masallı rayonlarında xüsusilə
çoxdur. Belə
problemlərə Lənkəran
şəhərinin özündə
demək olar ki, az halda rast gəlmək
olar. Amma kəndlərdə vəziyyət acınacaqlıdır.
Hətta
qızları bəzən
valideynləri ümumiyyətlə
məktəbə getməyə
qoymur. Orta məktəbi qurtarıb
ərə getməyən
qız "evdə qalmış" hesab olunur və ictimai qınaq hədəfinə çevrilir.
Qızları məktəbdən kənarlaşdırarkən onların
rəyi nəzərə
alınmır. Bu baxımdan, Masallı rayonunda vəziyyətin daha təhlükəli hesab edən ekspertlər bildirirlər ki, bu rayonda
qızlar ən yaxşı halda 5-ci və ya 6-cı sinifə qədər dərsə gedə bilir. Adları çəkilən rayonlarda yuxarı sinif şagirdi olan qızlar ən yaxşı halda nişanlı vəziyyətdə dərsə
gələ bilirlər.
Ən acınacaqlı hal isə ondan ibarətdir ki, yerli təhsil şöbələri buna
müqavimət göstərmirlər.
Hətta
17-18 yaşında qızları
bəzən 45 yaşlı
kişiyə verilməsi
faktları da var. Xüsusilə də qızların Rusiyada işləyib gələn
oğlanlara ərə
verilməsi daha geniş yayılıb.
Bu da oğlanların
maddi gəlirlərinin
nisbətən çox
olması ilə bağlıdır. Ailə qurduqdan
sonra isə qızlar məktəbdən
ayrılaraq ya Rusiyaya aparılır, ya da əri
uzunmuddlətli Rusiyaya
gedir.
Rəsmi statistikaya əsasən təkcə 2009-cu ildə
ölkə üzrə
rəsmi nikahdan kənar doğulan uşaqların sayı 220
nəfər təşkil
edib. Cənub bölgəsində aparılan monitorinqlər zamanı məlum olub ki, evlənənələrin
90 faizinin rəsmi nikahı yoxdur. UNICEF-in Azərbaycanda həddi-buluğa çatmayanlar
arasında nikahların
sayının artmasından
narahatlıq ifadə edən hesabatında bildirilir ki, hər səkkiz nəfərdən biri on səkkiz yaşına çatmamış evlənib
və ya ərə gedib. Hesabat müəllifləri deyir ki, belə təmayül
çox zaman fiziki və əqli problemlərin yaranmasına gətirib çıxarır. Bəzi hallarda
isə depressiya və əsasən gəlin getmiş qızın intiharı ilə nəticələnir.
UNICEF son dövrlərdə
qızları tez ərə vermək adətinin dirçəlməsinin
iki səbəbini görür. Birinci səbəb: yaşı
18-i xeyli keçmiş
qız bəzi regionlarda artıq qarımış hesab olunur. Buna görə
valideynlər qızlarını
erkən ərə vermək istəyir. İkinci səbəb isə güzəranla bağlıdır.
Valideynlər hesab edir ki, uşaqları tez evlənsələr, daha yaxşı həyat şəraiti qura biləcəklər.
UNICEF bildirir ki, nəticədə erkən nikah
və yeniyetmələr arasında hamiləlik hallarında kəskin
artım müşahidə olunur.
Təşkilatın
sözçüsü Mark Herevord vurğulayıb ki, bununla
bağlı təcili addımlar atılmalıdır:
"Uşaqlar üçün ilk növbədə məsuliyyət
daşıyanlar ata-analarıdır. Onlar anlamalıdır ki,
erkən yaşda nikaha girmək övladlarına potensial olaraq
müxtəlif cür ziyan vura bilər: Həm fiziki, həm
emosional və həm də əqli. Xüsusilə, qızlar
üçün tez ərə getmək çox ziyanlı ola bilər".
Hesabatda deyilir ki, yetkinlik yaşına
çatmamış ərə verilən qızlar
azyaşlı olduqları halda cinsi təzyiqlərə məruz
qalır, ailədə döyülür, söyülür. Bu
uşaqların həyatları faktiki olaraq əllərindən
alınır, çünki onlara heç bir seçim
şansı verilmir. UNICEF-in hesabatına
görə, "dünyada hər il yetkinlik yaşına
çatmamış qızların 1/3 hissəsi ərə
verilir. Onların hər 9 nəfərdən
biri ərə veriləndə 15 yaşına
çatmamış olur. Bu durum dəyişməzsə,
hər il təqribən 14,2 milyon qız
yetkinlik yaşına çatmamış, zorla ərə
verilir.
Yoxsul ailələrdə azyaşlıların ərə
verilməsi halları normal rifah səviyyəsində olan ailələrlə
müqayisədə 2 dəfə çoxdur. 15
yaşına çatmamış qızın doğuş
zamanı ölmə ehtimalı 20 yaşlı qızla
müqayisədə 5 dəfə artıqdır. Hamiləlik dünyada 15-19 yaşlı
"nikahlı qadın"ların ölümlərinin əsas
səbəblərindən biridir. Bundan
başqa, Afrika və Asiyada azyaşlıların ərlərindən
müxtəlif dəri-zöhrəvi xəstəliklər və
QİÇS/HİV virusuna yoluxma riski də çox
böyükdür".
Həkim-psixoloq
Xəyalə Məmmədova deyir ki, istər oğlan, istərsə
də qız bioloji cəhətdən daha tez ana-ata ola bilir. Psixoloji baxımdan isə müəyyən
vaxt lazımdır ki, bir insan kimi tam formalaşsın: "Bu
baxımdan hesab edirəm ki, erkən nikahla ailə qurmağa
hazır olmayan insanı faktiki bunu etməyə məcbur
edirik. İkincisi, onlar hələ tam real qərar
qəbul edə bilmirlər. Deməli,
onların əvəzinə kimsə qərar qəbul edir.
Bu kimsə adətən ata-ana olur. Demirəm ki, ata-ana pis qərar qəbul edəcək.
Amma razılaşaq ki, bu, insanın öz həyatıdır
və onun öz həyatında heç olmasa hansısa
düşünülmüş formada iştirak etməyə
ehtiyac var. Bu baxımdan mən tam razıyam ki, erkən
nikahların sonradan çox sayda fəsadları
çıxır. Qız uşağı ərə
gedərkən onda heç emosiyalar da oyanmır. Ərə
gedəndən 5-6 il sonra, tam formalaşanda
onda sevgi hissi də yarana bilər. Bilmək olmaz
ki, bu sevgi həyat yoldaşına qarşı olacaq, yoxsa
hansısa ayrı adama. Bu da böyük
problemlər yarada bilər". Psixoloq erkən ərə
gedən qızların ana olan zaman öz uşaqlarına
qarşı laqeyd yanaşmasının real problem olduğunu
deyir: "Çünki onun özü hələ
uşaqdır. Ana ilə uşaq arasında 14-15
yaş fərq olur. Bacı-qardaş arasında da belə
fərq ola bilər. Həm də
onların emosiyası da tam böyük insanın emosiyası
deyil. Onlar üçün orta rəng
yoxdur. Həyat ya qara, ya ağ, yaxşı,
ya da pisdir. Ona görə də reaksiyaları bəzən
çox kəskin olur. O cümlədən öz
uşaqlarına qarşı. Özü hələ
uşaq olan, gəlinciklərlə oynamaqdan doymayan bir
insanın özünün övladı dünyaya gələndə
o uşaq ona artıq kimi görünür. Analıq hissini qətiyyən dərk etmirlər.
O qızlarda analıq hissi yerli-dibli inkişaf etmir. Analıq hissinin inkişafı üçün
qadına müəyyən yaş həddi lazımdır.
Həmin yaş həddi yetişmədiyinə
görə, ana olmaq onlar üçün psixoloji zərbədir".
Bu cür problemlərin ciddi psixi pozğunluqlar
yarada biləcəyini vurğulayan X.Məmmədovanın
sözlərinə görə, sırf psixoloji cəhətdən,
ailə qurmaq üçün 19-25 yaş optimal
sayılır.
Mama-ginekoloq Raya Qasımova da fizioloji və psixoloji
baxımdan qızların ailə qurması üçün ən
yaxşı yaş həddinin 20-30 yaş arası olduğunu
deyir. Onun sözlərinə görə, ərə getmək
üçün qızların orqanizmi müəyyən qədər
formalaşmalıdır. Bu baxımdan hələ
17 yaşı tamam olmayan bir qız ərə gedən zaman
orqanizmdə reproduktiv funksiyanı yerinə yetirən,
birbaşa beyinlə əlaqədar olan endokrin orqanlar öz
funksiyasını tam şəkildə başa
çatdırmamış olur. Ona görə də belə
qızlarda bir sıra fəsadlar üzə çıxır:
"Birinci, elə gözlə görünən
patologiyanı deyim. Məsələn, 10 ildən
sonra həmyaşıdları ilə müqayisədə belə
qızlar xeyli yaşlı görünürlər. Hamiləliyi erkən toksikoz və başqa bir
sıra fəsadlarla müşayiət olunur. Erkən yaşda ərə gedən qızların
ana olması onlar üçün birbaşa psixoloji zərbədir.
Sonrakı mərhələdə də
aydındır ki, uşağa normal baxa, yaxşı qulluq edə
bilmirlər".
Ekspertlər hesab edirlər ki, erkən nikah demoqrafiyaya
böyük zərbədir. Çünki ana
olmağa hazır olmayan qadının dünyaya gətirdiyi
uşaq çox vaxt tam normal olmur. Bundan başqa, uşaq
ölümünün artması faktlarında bu məsələ
az rol oynamır. Bununla
yanaşı, erkən nikah məsələsində
cavanlaşma amili də özünü qabarıq büruzə
verir. Belə ki, 2003-cü ildə daha
çox 15-16 yaşlı qızların ərə verilməsi
faktları mövcud idi. Bu gün isə
13, hətta 12 yaşlı qızların ərə getməsi
hallarına rast gəlmək mümkündür.
Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının sədri
Məleykə Abbaszadə də bəzi ucqar rayonlarda
qızların təhsil hüququndan məhrum edildiyini deyir:
"Azərbaycanın elə bölgələri var ki, orada
abituriyentlərin gender göstəriciləri kəskin fərqlənir.
Xüsusən cənub rayonlarında bu fərq
özünü daha qabarıq göstərir. Cənub
rayonlarında ali məktəblərə sənəd
verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil
edir. Bu o deməkdir ki, bizim qızlar erkən
yaşlarından təhsil hüququndan məhrum edilir.
Yardımlı rayonunda ötən il 479
abituriyent sənəd verib, onların yalnız 45-i qız olub.
Lerikdə isə 469 abituriyentdən 81-i
qızlardı".
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Hicran Hüseynova da ölkənin bəzi
regionlarında erkən yaşında ərə verilən
qızların sayını artmaqda olduğunu bildirib:
"Artıq formalaşmış yanlış stereotiplər
nəticəsində hələ də bəzi valideynlər
düşünürlər ki, qız övladlarını tez
ailə qurmağa məcbur etməklə onlar
üçün daha yaxşı həyat təmin etmiş
olurlar".
Ginekoloqlar da qızların erkən yaşlarda ərə
getməsini düzgün hesab etmirlər. Onların fikrincə,
belə nikahların bir sıra fəsadları olur. Məsələn,
Qadın Krizis Mərkəzinin məsləhətçi həkimi
Təranə Həsənova deyir ki, 14 yaşında
qızın ərə getməsi gələcəkdə
böyük fəsadlara yol açır: "Cinsi həyat,
hamiləlik bu orqanizmlərə hədsiz dərəcədə
ağır zərbədir. Yetişməmiş
orqanizm hələ hamiləliyə hazır olmadığı
üçün onun yetişdirdiyi övlad da mükəmməl
olmur. Müxtəlif qüsurları olur.
Ya döl yaxşı inkişaf etmir, ya da ana bətnində
tələf olur. Ən pisi isə
vaxtından əvvəl doğuş baş verir. Nəticədə, uşaq salamat qalmır".
Qeyd edək ki, BMT-nin Uşaq Fondu yaydığı
hesabatda Azərbaycanda həddi-buluğa çatmayanlar
arasında nikahların sayının artmasından
narahatlığını bildirib. Hesabata görə, Azərbaycanda
aparılan araşdırmalar burada hər səkkiz nəfərdən
birinin on səkkiz yaşına çatmamış evləndiyini
və ya ərə getdiyini ortaya qoyub. Bunun
qarşısının alınması üçün
xüsusilə bölgələrdə iş aparılması,
yeniyetmələrin maarifləndirilməsi lazımdır.
BMT-nin
Əhali Fondunun erkən nikahlarla bağlı
yaydığı hesabata görə, Azərbaycanda 18
yaşına qədər ailə quran qızların 11,3 faizi təhsilsizdir. Onlardan
yalnız 26 faizi ibtidai təhsil alıb. Cəmi 11 faiz
qızın orta məktəb və ali təhsili var. Hesabata
görə, 2000-2011-ci illərdə ölkədəki
nikahların 12,2 faizi yetkinlik yaşına
çatmayan qızlarla bağlanıb.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 9 sentyabr.- S.13.