Teatr sənətinin fədaisi
Ələkbər Seyfi mədəniyyət
tariximizdə xüsusi yer tutur
Həyatda xeyir yönündə görmək istədiklərimizin
səhnədə rəmzləşdirilməsi,
arzularımıza doğru ümidlə yol
almağımızda teatrın əhəmiyyəti
böyükdür. Teatr ümumiyyətlə, bütün
xalqların həyatında müstəsna rol oynayıb. Ancaq təəssüf ki, səhnədəki gözəl
istəklər tarixin bütün dövrlərində elə
səhnədə qalıb, ömürlərdə
reallığını tapmayıb. Hə
qədər acı olsa da bu, həqiqətdir ki, dünən
müdrik bir insan rolunu yaradan aktyor müəyyən dövrdən
sonra axmaq, səfeh, satqın bir şəxsin obrazını
yaradıb. Yenə də burada əsas məqsəd
insanlara pisi və yaxşını rəmzləşmiş
şəkildə göstərmək, insanı daxilən təmizləmək
olub. Bu, məsələnin bir tərəfidir.
Məsələnin digər tərəfi isə
ondan ibarətdir ki, müxtəlif xarakterli obrazlar yaradan
aktyorların halı təəssüf ki, çox hallarda sabit
olmur. Hər halda rolların xarakteri
onların psixikasına bu və ya digər dərəcədə
təsir edir. Bütün bu iradlara baxmayaraq teatr sənəti
daim insan soraqlıdır, insana ümidlidir, inamlıdır...
Azərbaycan teatrının inkişafında
mühüm xidmətləri olan aktyorlarımızdan biri də
Ələkbər Seyfidir. Dövlət Ədəbiyyat və
İncəsənət Arxivinin direktoru, əməkdar mədəniyyət
işçisi Maarif Teymur Ələkbər Seyfi ilə onillər
öncə baş tutan ilk görüşünü belə
xatırlayır: "1968-ci ilin baharı idi. Gəncənin
qədim məhəllələrinin birində bəstəboy,
qıyıq gözlü, üzündən nur yağan bir nəfərlə
utana-utana görüşdüm. Sonra Gəncə
çayının lal axını istiqamətində Abbas Səhhətin
büstünə tərəf gəldik. Onun heç kəsə
bənzəməyən sakit danışığı məni
məftun etmişdi: "Deməli, oğul, sən Bakıdan gəlmisən.
Gəncədə yaşayıb-yaradan ədəbiyyat
və incəsənət xadimlərinin
yaradıcılığına aid sənədləri toplayıb
Bakıya aparacaqsan. Yaxşı işdir,
uğurlar olsun".
Elə bil ki, bu görüş dünən olmuşdu. Gündəliyimdəki
qeydlər həmişə məni Ələkbər Seyfi ilə
görüşdürərkən ruhumda, yaddaşımda
yaradıcı, qayğıkeş, doğma bir insan obrazı
yaranır. Mən hələ onun sənətkarlığını
demirəm. Ələkbər Seyfi ilə
ikinci dəfə 1970-ci ilin oktyabrında yenə də Gəncədə
görüşdük. Bu dəfə onunla
söhbətimiz daha yaxşı tutdu. O, mənə həmişə
mehribanlıqla "oğul" deyə müraciət edərdi.
Elə bu söhbətdən yadımda qalan bu
oldu ki, Ələkbər Seyfi Hovruz bayramı qabağı
anadan olub. Onun həmin məqamda dediyi sözlər eyniylə
yadımdadır: "Oğul, mən Tiflisdə anadan
olmuşam. Özü də Hovruz bayramına
düz 1 gün qalmış. 1901-ci ilin 19 martı
mənim doğum tariximdir. Fəhlə ailəsindənəm".
Sonra Ələkbər müəllim üzünü günəşə
tutub dedi: "Elə ilk təhsilimi də Tiflisdə
almışam. Orta məktəbdə oxuyarkən
dram dərnəyinə getmişəm. Teatra böyük
sevgisi olan bir həvəskar kimi o dövrün
tanınmış aktyorları ilə yaxından tanış olmuşam. 1911-ci ildə
10 yaşımda Şəmsəddin Saminin "Dəmirçi
Gavə" tamaşasında epizodik rol olan Kavənin oğlu
Bəhram rolunu oynamışam".
M.Teymur deyir ki, o, Ələkbər Seyfi ilə dəfələrlə
söhbətləşib. Onunla olan söhbətlərini həmişə
böyük bir qayğı ilə qələmə alıb:
"Ə.Seyfi 1917-ci ildən 1920-ci ilə qədər Tiflis
şəhərində məşhur olan Zuvalov adına
Xalq Evində təşkil olunmuş müsəlman dram cəmiyyətində
aktyorluq edib. 1929-cu ilə qədər Tiflis Azərbaycan
dövlət dram teatrında çalışıb. 1926-cı ildə isə Ələkbər Seyfi
Bakıya köçür, Türk-Azərbaycan
İşçi teatrında aktyorluğunu davam etdirir. 1933-cü ildə isə həmin teatrla birlikdə Gəncəyə
köçür. İnsani keyfiyyətlərə
malik olan Ələkbər Seyfi həm Tiflisdə, həm də
Bakı və Gəncədə məhz bu keyfiyətləri ilə
özünə əbədi hörmət
qazanmışdı".
1938-ci ilə qədər Gəncədə
çalışan Ələkbər Seyfi bir çox dəyərli,
yadda qalan obrazlar yaratmağa müvəffəq olub. "Hadir şah"da
Rzaqulu, "Hacı Qara"da Kərəməli,
"Ölülər"də Məşədi Oruc,
"Şeyx Sənan"da Şeyx Kəbir, "O olmasın,
bu olsun"da Hambal, Həsənqulu bəy, "Arşın
mal alan"da Vəli, "Müfəttiş"də
Dobçinski, "Yanğın"da aqronom, "İncə"də
Kərim və başqa rolları müvəffəqiyyətlə
yaradıb.
Maraqlıdır ki, Ələkbər Seyfi təkcə
aktyorluqla məşğul olmayıb. O, həm də teatr
üçün bir sıra tərcümələr edib. Həmin əsərlər səhnədə müvəffəqiyyətlə
oynanılıb. R.Taqorun "Fəlakət", Lope de
Veqanın "Kələkbaz sevgilim", Şillerin
"Qaçaqlar", Q.Fiqeyredonun "Tülkü və
üzüm", A.Salinskinin "Təbilçi qız",
H.Muxtarovun "Şeytan nəsli", M.Lavrovun "Sabahın
xeyir", B.Brextin "Üç qəpiklik opera",
E.Kaplinksayanın "Hövbədə" əsərlərini
Azərbaycan türkcəsinə müvəffəqiyyətlə
tərcümə edib: "Ələkbər Seyfi unudulmaz və
yaradıcı sənəkar olmaqla yanaşı, həm də
bacarıqlı rəhbər təşkilatçı kimi də
mədəniyyət tariximizdə xüsusi yer tuturdu. Belə
ki, o, ötən əsrin 30-cu illərində Gəncədə
Cəfər Cabbarlı adına Dövbət
Dram Teatrında direktor vəzifəsində
çalışıb. Sonradan Ələkbər
Seyfi özü demişkən, 1937-ci ilin günahsız
qurbanı kimi həbs edilib. Sapı
özümüzdən olan baltalar "Bomba" əsərini
səhv başa düşərək onun sovet ideologiyasına
qarşı çıxdığını bəhanə gətiriblər.
Uzun müddət həbsxana həyatı
yaşayan Ələkbər Seyfi partiyanın Stalindən
sonrakı rəhbərləri Xruşşova, Malenkova və
başqalarına ərizələrlə müraciət edib.
Həhayət, azadlığa buraxılıb.
1962-ci ildə Ələkbər Seyfi yenidən Gəncə
Dram Teatrında direktor vəzifəsinə təyin olunub, bir
müddət orada çalışıb. O, daim
yaradıcılıq ruhu olan sənətkar idi, dayanmadan öz
üzərində çalışırdı. Avropa və Rusiya klassiklərini mütaliə edirdi.
Stanislavski kimi böyük səhnə
islahatçısının demokratik fikirlərini öyrənir,
həmin fikirləri məharətlə öz
yaradıcılığında tətbiq edirdi".
Ələkbər Seyfinin həmişə həyata,
yaşamağa böyük inamla baxdığını deyən
Maarif Teymur onun xarakterinin özünəməxsusluğu
haqqında danışır: "Ələkbər Seyfi həmişə
nikbin idi. Onun haqqında deyilmiş bəzi
böhtanları da özünəməxsus təmkinlə
qarşılamış, canından artıq sevdiyi səhnəni,
aktyorluq sənətini, teatrı həmişə uca
tutmuşdu. Ələkbər Seyfinin həmin
dövrün keşməkeşli durumu ilə bağlı
yazdığı qeydləri daxili aləmini, xarakterini
çox gözəl açır. O, yazırdı:
"Mən Tiflis teatrının yetirmiş olduğu bir artist
kimi yaradıcılıq yolunda böyük mayak olan
bacarıqlı və istedadlı gürcü rejissorlarına,
aktyorlarına minnətdaram. Professor Ş.Ağsabadze və
görkəmli gürcü rəssamı İ.Qamrekelinin
yaxından yardımı ilə Kirovobad (Gəncə) Dövlət
Teatrında tamaşaya qoyulmuş olan "Otello" və
"Divan" əsərlərinin tamaşaçılar tərəfindən
necə rəğbətlə
qarşılandığını sevinclə qeyd etməliyəm".
Maarif Teymur daha sonra qeyd edir ki, Azərbaycan
teatrının ən qədim qollarından biri olan Gəncə
səhnəsinin, Gürcüstandakı Azərbaycan Dövlət
Dram Teatrının sənətkarlarının
hamısının tərcümeyi-halı və
yaradıcılığını Ələkəbər Seyfi
çox gözəl bilirdi. Elə buna görə də Salman
Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət arxivində Ələkbər
Seyfinin ilk şəxsi fondu yaradıldı. İndi
sənətkarın həmin şəxsi fondunda yüzlərlə
sənət mühafizə olunur".
Maarif
Teymur fondda olan bəzi sənədlərdən yuxarıda
dediklərinə nümunə olaraq gətirir: "Seyfi
dayı, mən teatrın bir neçə aktyorlarının
yaradıcılığı haqqında məlumat sarıdan
çətinlik çəkirəm. Çünki
onlar haqqında tarixi sənədlər hələlik yoxdur.
Xahiş edirəm ki, aşağıda adlarını çəkdiyim
aktyorlar haqqında mənə köməklik edəsiniz: Mirzəxan
Quliyev, Məmmədtağı Ələsgərov, Əşrəf
Yüzbaşov, M.Kirmanşahlı, Göyərçin
xanım, Tərlan xanım, Diləfruz xanım, Bikə
xanım, Sürəyya xanım, Əli Qurbanov, Əhməd
Salahlı, Əsəd Xəlilov. Özünüz
haqqında da informasiya göndərməyinizi xahiş edirəm".
Bu cür məktubların, xahişlərin
sayı-hesabı yoxdur. Ələkbər
Seyfi bütün xahişləri özünəməxsus səliqə-səhmanla
yerinə yetirirdi."
Uzun müddət həbsxana həyatı yaşayan
Ələkbər Seyfi yenidən böyük bir inadla səhnəyə,
sənətə qayıdır. Qalan ömrünü
də tərəddüdsüz olaraq yeni yanğı ilə
yaradıcılığa bağlayır. 1958-ci
ildə əməkdar artist, 1961-ci ildə isə xalq artisti fəxri
adı alır. Onun yazışmaları
arasında professor Əziz Şərif, xalq artisti A.Tuqanov, əməkdar
artist Ə.Salahlı və onlarla görkəmli şəxsiyyətlərin
səmimi məktubları diqqəti bu gün daha çox cəlb
edir. Həmin məktublarda həyata, sənətə
ciddi münasibəti olan şəxslərin arzu və istəkləri
yazılıb. Ələkbər Seyfinin
Əziz Şəriflə yazışması daha çox səmimidir.
Ə.Şərif yazır: "Əzizim Seyfi, heç biləsən,
kağızın məni nə qədər çox sevindirdi.
Bəlkə daha çox ona görə ki, bu son
iki ayın ərzində səni tez-tez xatırlayırdım.
Bu vaxt mən Ə.Haqverdiyev haqqında müfəssəl
xatirat yazır, onun mənə yazdığı məktublarını
çapa hazırlayırdım. Bu ərəfədə
gah Həqverdiyevin məktublarında, gah müxtəlif sənədlərdə,
gah da öz gündəliyimdə hey sənin adına
rast gəlirdim. Səni könlüm çox istəyirdi.
Axı o vaxtdan sağ qalan ikicə bizik, bir də
Rza Təhmasib. Qalanları Allahın rəhmətinə
gedib, bizim yolumuzu gözləyirlər. Biz
də üzü yamanlıq edib getmək istəmirik. İnşaallah, hələ çox gözləməli
olacaqlar. Seyfi can, özünü qıvraq saxla, məni
də unutma".
Maarif
Teymur şəxsi fondda saxlanan bu cür sənədlərin həmişə
canlı olduğu qənaətindədir: "Bu
yazıları oxuduqca Ələkbər Seyfinin obrazı daim
yaddaşımda canlanır, onu daha böyük sayğıyla
xatırlayıram. O, bu müddət ərzində yüzlərlə
rollar oynayıb, həmçinin də Azərbaycan kino sənəti
tarixində heç kəsə bənzəməyən rollar
yaradıb. İlk dəfə 1968-ci ildə
Ələkbər müəllimlə Gəncədə
görüşdən yadigar qalan qeydlərim bu gün onu məhəbbətlə
xatırlamağa kömək edir. Sonralar
onun oğlu Tofiq Şeyxi də atasının sənədlərinin
tariximiz üçün qorunması işini davam
etdirmişdi. Onun şəxsi fondundakı
sənədlər Gəncə teatr xadimlərinin keçdiyi
yolun şahidləridir. Hazim Hikmət, Süleyman Rüstəm,
Məmmədcəfər Cəfərov, Lütfəli Abdullayev
və onlarla başqa tanınmış, unudulmaz sənəkarlarımızla
çəkilmiş fotoşəkillər yaşanan
ömrün tarixi anlarıdır".
Ələkbər
Seyfini 25 sentyabr 1970-ci ildə Dövlət Ədəbiyyat və
İncəsənət arxivinə yazdığı bir
avtoqrafla xatırlayaq: "Azərbaycan SSR Mərkəzi
Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinə hədiyyə olaraq verirəm. Tərcüməçi
Ə.Seyfi. Gəncə". Həmin
tərcümələrdən "Üç qəpiklik
opera" əsərindən bir parçanı sonda qeyd etməyi
lazım bilirik: "İnsanlara mərhəmətsizlik hissləri
artdığına görə, tacir Pişem bir müəssisə
açmışdı ki, burada bədbəxtlərin ən bədbəxtləri
getdikcə daşa dönən ürəklərə təsir
edə biləcək zahiri görkəmə malik ola bilsinlər."
Uğur
Xalq Cəbhəsi.-
2014.- 11 sentyabr.- S.14.