Yazıçı təxəyyülünün
gücü və tarixin gerçək üzü
Hələ uşaqlıq illərindən yay aylarında
bədii əsərlərin mütailəsinə ayrıca həvəs
göstərmişəm və bu mənim ən ləzzətli
əyləncəm olub. Bu yay günlərində də belə
oldu. Artıq yazıçı obrazının kamilliyi
ilə özünü çoxdan təsdiq etmiş Yunus
Oğuzun "Şah arvadı və cadugər"
romanını oxuyub başa çatdıqdan sonra bir daha həmişə
təkrarladığım fikrimdə əmin oldum ki, ədəbiyyat
insanın, millətin, xalqın, habelə bizi əhatə edən
aləmin, ağacın, daşın, quşun, təbiət və
cəmiyyətin var olmaq, mövcud olmaq uğrunda vuruşmaq,
çarpışmaq, yaşamaq eşqini əks etdirən sənət
növüdür.
Minillərdir
ki, "eşqi bir sirri-xuda" sayan dünya mütəfəkkirləri
ilə bir sırada azərbaycanlılar, o cümlədən
söz və sənət adamları eşqi "göylərin
mehrabı" bilib, bu ecazkar həqiqətin gücü ilə
xarüqələr yaradıblar.
"Eşq
olan yerdə bütün aqili-dana dəlidir"- məntiqinə
inananların məcnuni həyat
yaşadığındandır ki, bu gün bizə miras qalan
zəngin Azərbaycan ədəbiyyatı, maddi və mədəni
irsimiz var. "Şah arvadı və cadugər"
romanında oxucunu ilk cəzb edən də elə budur. Lakin
daha yeni işvə, cilvə və rəngləri ilə,
gerçək həyatın real yaşam vasitəsi kimi...
Əsərin süjet xəttində iki istiqamətin -
eşq və döyüş səhnələrinin
xronologiyasına əsaslanan paralelizmin mükəmməlliyi
sadədən mürəkkəbə doğru yüksələrək
həm hadisələrin, həm də insan xarakterlərinin
ziddiyyətləri ilə müşayiət olunur. Belə
olduğuna görədir ki, romanın nəinki adi və sadə
hadisələri, eyni zamanda müxtəlif təbəqədən
olan insanları tarixi faktlar və tarixin seçilən
insanları kimi yadda qalır, onlar milli kimliyi ifadə edərək
ötən günlərin həqiqətləri və
şahidləri kimi oxucu marağına səbəb olurlar.
Romanda eşq səhnələri, eyş-işrətin həzzi,
əzabı və feyzi Şah arvadı Xeyrənisə ilə
Cadugər arasında gizli görüşlərlə
başlayır və Krım xanı Adil Çireylə şəhvani
gecələrdən sonra Məhdi Ülyanın, yəni Xeyrənisənin
qətli ilə bitir. Lakin bu faciəvi sonluğun özündə
belə bədii qanunauyğunluğun nəzəri-estetik tələblərinə
əməl edən yazıçı Cadugər Xacə
Qasımın obraz bütövlüyünü qoruyur, onun xəyanətə
dözməyərək öz eşqi uğrunda intihar etməsinə
haqq qazandırır.
Bu yol çarəsiz aşiqlərin son və əbədi
yolu olduğunu klassik dünya ədəbiyyatı çoxdan təsbit
edib, lakin hər birində eşqin və aşiqin
yaşayacağına, yaşamaq haqqına inam hissini gücləndirməklə. Eyni yanaşma
Yunus Oğuzun "Şah arvadı və Cadugər"
romanında da öz parlaq ifadəsini tapıb. Qadın məkri
və hiyləsini, sərvət və şəhvət
duyğularını, hökm, hikkə və hakimiyyət hərisliyini,
nifrət, iztirab, həsəd,
paxıllıq və macəraçılıq istəyini özündə
birləşdirən, bu baxımdan antik yunan faciələrindəki
qadın obrazlarını xatırladan Xeyrənisə "hətta
fahişə kimi edam" olunsa da bədii obraz kimi
yazıçı istedadının mükəmməl məhsuludur.
"Şah arvadı və Cadugər" romanında
xarakterik cizgiləri, mürəkkəbliyi və əsərin
kompozisiyasında hadisələrin inkişafına təsir
gücü, qaldırılan problemlərə münasibətdə
tutduğu mövqeyin əsrarəngizliyi ilə maraq doğuran
obrazlardan əlavə ümumiləşmiş Azərbaycan
xalqı obrazı daha çox diqqəti cəlb edir. Bu xalq
obrazını Səfəvi xanədanına mənsub şah və
övladları, oğuz qrupu türklərin müxtəlif
qollarına mənsub tayfalar, onların nəsil
başçıları, sərkərdələr, saray xidmətçiləri,
Ərdəbil şeyxləri və dərvişlər, sıravi
döyüşçülər, qızılbaşların
milli-mənəvi birliyi təmsil edir. Onların
soykökünə bağlılığı milli örf-adətə
etiqadı, türklərin törəyiş və
yaşayaşında, dövlətçilik ənənəsində
özünü göstərən irs-varislik əlaqələrinə
sadiqliyi isə bu obrazı daha da möhtəşəm hala gətirir.
Hadisələrin harada, yəni Şiraz, Qəzvin,
Ərdəbil və İsfahanda cərəyan etməsindən
asılı olmayaraq baş qəhrəman güzeyli-güneyli
Azərbaycan xalqıdır və zənnimcə bu
yazıçının bədii fikir adamı kimi də, vətəndaş
kimi də ən böyük uğurudur. Ziddiyyətli
hadisələrin axarında hakimiyyət və tarix
qarşıdurmasının düzgün həllini məqsəd
bilən yazıçı təqdim etdiyi Xalq obrazının
bütövlüyü haqqında yazır: "Təhmasib
şah çox kökəlmiş, həm də çox
qocalmışdı. Köklüyü səbəbindən
çoxdan idi ki, at minə bilmir, səfərlərə
arabada çıxırdı. İki il
əvvəl şah ağır xəstələnib yatağa
düşəndə sarayda bir-birinə müxalif olan iki
qüvvə şahlıq uğrunda müharibəyə
girişmişdi. Onlardan biri şahın
gürcü qızından doğulmuş oğlu, iyirmi
yaşlı Heydər Mirzə idi. Heydər
Mirzə atasının qocalığına və ağırfəndi
olmasına görə sarayda bütün işləri öz əlinə
ala bilmiş və xeyli tərəfdar toplamışdı.
Sarayda Müntəşa Sultanın nəvəsi Muradxan
Süfrəçi, Hüseyn bəy Yüzbaşı, şah
qurçibaşısı Piri bəy Qoçulu,
Əmiraxurbaşı Məhəmməd bəy və Sultan Aycək
oğlu onunla ittifaqa girmişdi. Onlar da Heydər
Mirzəni şah görmək arzusunda idilər.
İkinci müxalif qüvvənin başında isə
şahın sevimli qızı Pərixan xanım dururdu. Pərixan
atabir, anabir qardaşı olan, amma şahın əmri ilə
Qəhqəhə qalasına salınan İsmayılı
şah görmək istəyirdi. Onu sarayda
mühüm vəzifələr tutan avşar, rumlu, türkmən
tayfalarından Hüseynqulu Xülafə Rumlu, Əmiraslan
Sultan Avşar, Heydər Sultan Çabuk Türkman dəstəkləyirdi.
Bu əmirlər şahlığın soyu
qarışıq olanlara verilməsini doğru
saymırdılar.
Çox keçmədi ki, şah sağaldı və
şahlıq uğrunda mübarizə aparanlar susmağa məcbur
oldular. Amma bu müvəqqəti idi. Tərəflər
bunu yaxşı bilirdilər".
Əsərin süjet xəttindəki ikinci istiqamət bədii
döyüş səhnələrinin real tarix gerçəkləri
ilə uzlaşdırılmasıdır. Burada
yazıçının tarixçi-alim və roman ustası
kimi axtarışları birləşir, sovet
dövrünün elmi-nəzəri düşüncəsi ilə
təqdim olunan fakt və hadisələrə dair təhriflər
yeni müstəvidə aradan qaldırılır. Hər şeyin olduğu kimi göstərilməsinə
çalışan müəllif unudulan, unutdurulan, yaddan
çıxarılan, vacib sayılmayan tarix həqiqətləri
siyasi metodologiya ilə deyil, müasir milli-mənəvi
ehtiyaclarla əlaqəli şəkildə təsvir və təhlil
obyektinə çevrilir.
Diqqətəlayiq
məqamlardan birisi də ondan ibarətdir ki, ədəbi gəncliyin
və geniş oxucu kütləsinin sonsuz rəğbətini
qazanmaq gücündə olan "Şah arvadı və Cadugər"lə
Yunus Oğuz Azərbaycan xalqının özəl bir keyfiyyətini
geniş işıqlandırır, onun tarixən dövlət
intizamı, vətən sərhədləri və camaat
salamatlığına üstünlük verməsini mətnaltı
qatda olsa da təqdir edir. Eyni yaradıcılıq mövqeyini
digər tarixi romanlarında da nümayiş etdirən
yazıçı bu romanında həmin məsələlərlə
daha çox qayğılanır, Təhmasib şahdan sonra
ölkənin, dövlət və xalqın taleyində yaranan
ictimai-siyasi gərginlik, müharibə təhlükələri,
sosial-psixoloji durumdakı dramatizm onu həmişəkindən
çox narahat edir və beləliklə hadisələrin
axarı fonunda yazıçının vətəndaş
obrazı da böyüyür və özünə filosof
müdrikliyi qazandırır. Bu isə
yazıçının xalq fəlsəfəsinə sevgi və
meyli ilə məhdudlaşmır, həm də
özünün bədii mühakimələrində
qabarıq şəkildə ifadə olunur. Bu mənada tarix gerçəklərinə, ötən
dövrlərin həyat təcrübəsinə istinad edən
yazıçı göstərir ki, "kişiləri ələ
almaq üçün qadın həmişə daha artıq
vasitəyə malik olur... ...Hər kişi gerçəkliklə
yaşamaz, ümidlə yaşayanlar daha güclü olur".
Tarixi yaddaş enerjisindən qaynaqlandı?ına və etnopsixoloji dəyərlərdən faydalandı?ına görədir ki, Yunus O?uzun yazıçı təbiətindəki filosofluq "Şah arvadı və Cadugər"də aydın ifadəsini tapır. Romandan alınan bir parçada bunu görmək
olur. Orada filosof-yazıçı deyir: "Tarazlıq iki qüvvənin razılı?ı əsasında yaranır. Əgər bu iki qüvvə arasında tarazılıq mütləq və dəyişməzdirsə o zaman hərəkətsizlik əmələ gəlir. Hərəkət alternativ üstünlüyün nəticəsidir. Bir tərəfin hərəkətə keçməsi digər tərəfi də hərəkətə gətirir. Beləcə bütün bəşəriyyət bir-birini hərəkət etdirir. Həyat nəfəs alıb-vermək, yaşamaq deməkdir. Qaranlıq işığı məhdudlaşdırır. Boşluğu reallıq doldurur. Bəşəriyyət ölüm və həyat arasında fasiləsiz doğuş və ölümdən ibarətdir. Güclü və zəif, xeyir və şər hərəkətin qollarıdır. Olan verir, verən alır. Beləcə hərəkətin tarazlığı təmin edilmiş olur".
Romanda təsvir olunan şübhələr, qəm, qüssə, kədər, yanlışlıq və aldanışlar, iddia, hikkə, eşq, ehtiras, şəhvət, xəyal və arzular, real və irreal, maddi və qeyri-maddi dünya barədə mifik-mistik düşüncələr, döyüş, qələbə, məğlubiyyət, qan dolu səhnələr, hakimiyyət uğrunda açıq və gizli mübarizə əsərin süjet xəttindəki dinamizmi gücləndirir, yazıçının bədii təfəkkür fantaziyasından doğan kompozisiyanın əsrarəngizliyini təmin edir. Bütün bunlar yazıçının istedadını əks etdirməklə bitmir, onun təhlil və təsvir etdiyi tarix həqiqətlərini bədii sözün sehri, ecazı ilə süsləyərək milli keçmişlərin yeni rakursdan işıqlandırılmasına səbəb olur, oxucu marağını cəlb edən yeni hadisələr, xarakterlər və obrazlar sərgiləyir.
Romandakı təbiət təsvirləri sadəcə gerçəkləri bildirmək, lirik-psixoloji vəziyyətləri yaratmaq məqsədi daşımır, hər şeydən əvvəl mahir romançının klassik ədəbiyyatla möhkəm bağları olduğunu təsdiqləyir, xüsusən onun nəsr poetikasında klassik divan şerinin, o cümlədən Şah İsmayıl Xətainin "Bahariyyə"sindəki poetik dünyaduyumunun yenidən təcəllasını təsbit edir. Bunu əsərin girişindəki təbiət təsvirində açıq-aydın görmək olur: "Qış girəndən Mazandaran meşələrinə hələ belə selləmə qar yağmamışdı. Adamın iliyinə işləyən şaxta və soyuq külək də bu yerlər üçün qeyri-adi hal idi. Gündüz yağan yağış axşam qəfildən qara çevrildikcə şaxta qılınc kimi kəsməyə, ağacların budaqlarından sısqa buzlar sallanmağa başlamışdı. Sanki vilayətdəki toy ab-havasını təbiət də duymuş və o da bu toya bir naxış vursun deyə ağacların budaqlarından bəyaz sırsıra "sırğalar" asmışdı. Güclü külək şam ağaclarının arasından keçib, buz "sırğaları" budaqlarla birlikdə tərpədikcə elə bil qədim dünyanın sirli musiqi alətləri işə düşür, hansısa çox köhnə bir mahnının havası səslənirdi. Təbiət həm də sanki meşəyə laylay çalır, ağaclar qarın və buzun ağırlığından az qala yerə dəyən budaqları ilə sanki büzüşür və dərin yuxuya gedirdilər. Arada bir meşənin qorxunc dərinliklərindən vəhşi heyvan və quş səsləri gəlirdi. Amma bu səslərin qarın və şaxtanın gətirdiyi ağappaq gözəlliyin ahəngini pozmurdu... Səhərə yaxın çoban iti qoyun sürüsünü qovan kimi, güclü külək də buludları qovub apardı, yerini açıq səmadan şəfəqləri süzülən günəşə verdi. Günəş şəfəqləri səhərə qədər yağan ağappaq qarın üstünə düşdükcə hər yan bərq vurur, yerə zər səpilibmiş kimi parıldayırdı. Bəzi yerlərdə xəfif küləyin ətrafa səpdiyi qar tozanağı ulduzlar kimi sayrışırdı".
Bu təbiət lövhəsinin tərənnümündəki poetiklyin keyfiyyət göstəricisi yalnız klassik poeziyanın ritm ənənəsi, onun ahəngi ilə, dastanlarımızın, o cümlədən "Kitabi-Dədəm Qorqud"un ritorikası ilə məhdudlaşmır, romanda müasir Azərbaycan şeirinin sərbəst vəznində ifadə olunan predikativliyin də izləri yazıçının "tərzi-üsuli-bəyanında" (A.Səhhət), məlumatlandırma, bilgiləndirmə, xəbərləmə miqyasında ifadə olunur. Digər nümunələrə baxmadan elə buradakı "hələ belə selləmə qar yağmamışdı", "bu yerlər üçün qeyri-adi hal idi", "sısqa buzlar sallanmağa başlamışdı", "bəyaz sırsıra "sırğalar" asmışdı", "köhnə bir mahnının havası səslənirdi", "büzüşür və dərin yuxuya gedirdilər", "ağappaq gözəlliyin ahəngini pozurdu" və sair bu kimi deyimlərə linqvopoetik araşdırma prinsipləri ilə yanaşmaq kifayətdir ki, Yunus Oğuzun nəsrindəki poetik dərkin hüdudları, keyfiyyət özəlliyi barədə aydın qənaət söyləyəsən.
Yunus Oğuzun romanındakı tarix sovet dövrü nəsrində əksərən olduğu kimi siyasi "bəzək" vurulmuş tarix deyil. Bu gerçək həyat və yaşam şərtləri ilə yazılan və insan psixologiyası, onun arzuları, həsrəti, daxili gərginliyi və iztirablarının rəngarəngliyi ilə süslənən, yazıçı təxəyyülünün gücü ilə tarixin gerçək üzünü əks etdirən bir sənət nümunəsidir.
Nəhayət, Yunus Oğuz bu romanıyla oxucusuna anladır ki, tarix bizdən kənarda deyil, biz tarixin içində, o isə bizdən içəri, bizim içimizdədir. Hər zaman tarixin bizdən uzaq və yaxındakı dərinliklərinin fərqində olmalı, onun mübhəmliklərini - gizlinlərini başqalarına da anlatmağı bacarmalıyıq.
Şamil Vəliyev
professor
Xalq Cəbhəsi.-
2014.- 13 sentyabr.- S.13.