96 il
əvvəlin tarixi
Fətəli xan Xoyski:
"Millət Sizə minnətdardır"
1918-ci il 15 sentyabr - Bakının erməni qəsbkarlarından
qurtuluşu günüdür. Həmin tarixdən 96 il keçir.
XIX əsrin əvvəllərindən başlayaraq erməniləri
dəstəkləyən Rusiya imperiyası onların dövlət
yaratmaq arzularının həyata keçirmələrinə
yaxından kömək edirdi. Birinci dünya müharibəsinin
qızğın vaxtında rus çarı II Nikolay Fransa səfiri
ilə söhbətində ermənilərə "ən
azı muxtariyyət verəcəyini" bildirib və öz vədinə
sadiq çıxaraq, 1917-ci il yanvarın 11-də Türk Ermənistanı
haqqında dekret imzalayıb. 1917-ci il
oktyabr çevrilişindən sonra Rusiyada hakimiyyəti ələ
keçirmiş bolşeviklər rus çarı II
Nikolayın əksər qərarlarını tanımasalar da
onun "Türk Ermənistanı haqqında" dekretini
1917-ci il dekabrın 27-də tanıdılar. 1917-ci il dekabr ayının 16-da V. İ.Lenin
S.Şaumyanı Qafqazın fövqəladə komissarı təyin
etdi. O, Bakıda bolşevik hərəkatına rəhbərlik
etməyə və bununla bərabər Azərbaycanda yerli
türk-müsəlman əhalisinə hər hansı
muxtariyyata nail olmağa yol verməmək və nəticədə
"Türk Ermənistanı dekreti"ni
həyata keçirmək kimi tarixi vəzifəsini yerinə
yetirmək üçün göndərilmişdi. 1918-ci ilin martında Brest-Litovsk sazişindən sonra
bolşevik Rusiyasının Qarsı, Batumu və Ərdəhanı
Türkiyə torpaqları olaraq qəbul etmələri bu
dekretin tətbiq olunduğu ərazini dəyişdi. Türkiyə 1918-ci ilin mart-aprel aylarında Ərdəhan,
Qars və Batum torpaqları üzərində öz siyasi
dövlət quruluşunu bərpa etdi.
xxx
Anadoludan rüsvayçılıqla qovulmuş Qafqaz rus
ordusu tərkibində türklərə qarşı
döyüşən erməni hərbi birləşmələri
Cənubi Qafqazın qədim türk-müsəlman əhalisi
yaşayan İrəvan, Naxçıvan və Qarabağ
torpaqlarında ərazi iddiaları irəli sürərək
təcavüzə başladılar. Bununla bərabər, bolşevik
Rusiyasına arxalanan və Moskvada güclü dəstəyi
olan ermənilər Bakı quberniyasını Azərbaycandan və
xüsusilə dünya neft istehsalının mərkəzi
olan Bakı şəhəri və onun neft istehsal edən
bölgələrini Azərbaycandan ayırmaq və erməniləşdirilmiş
müstəqil bir vilayət şəklində Rusiya tərkibinə
daxil etmək barədə planları vardı. Bolşeviklərin
ermənilərlə birgə siyasəti hələ
Şaumyanın rəhbərliyi altında təşkil
olunmuş Bakı kommunası dövründən üç vəzifədən
ibarət idi: 1) Bakının milliyyətcə türk-müsəlman
əhalisini qırıb azaltmaq və didərgin salmaq yolu ilə
yox etmək; 2) Bakını faktiki və hüquqi olaraq Azərbaycandan
ayırmaq; 3) Bakını erməniləşdirmək. Rusiyanı Cənubi Qafqaz siyasətinin iflasa
uğrayacağı ilə qorxudan Şaumyan deyirdi ki, Bakı
Azərbaycanın paytaxtı elan olunsa "Cənubi Qafqaz
Rusiya üçün itirilmiş olar". Şaumyanın qəddarlığı və erməni
xəstəliyinə tutulduğu ondan görünürdü
ki, o, "ancaq sovet hakimiyyətini qəbul edən müsəlmanların
təhlükəsizliyini təmin edə biləcəyini bəyanlayırdı".
Bakı kommunasının daxili işlər komissarı
A.Caparidze öz vəzifə borcunu yerinə yetirmək əvəzinə
söyləyirdi: "Əgər müsəlmanların mənə
inandığına əmin olsaydım onlara yardım edərdim".
Şaumyan məqsədini gizlətməyərək
deyirdi ki, biz 1918-ci ildə düşünülmüş
şəkildə milli qırğına getdik, "əgər
Müsavat qalib gəlsəydi, Bakı Azərbaycanın
paytaxtı elan olunacaqdı". 1918-ci ildə
Rusiyanın xarici işlər komissarı Q.V.Çeçerin
rəsmi toplantıların birində "Bakı qəzasının
həmişəlik olaraq Rusiyada qaldığı"nı bəyan etdi. Bu, Azərbaycanın
Xəzər dənizi sahillərindən tamamilə məhrum
olması demək idi.
xxx
Siyasi vəziyyətin
ağırlığını başa düşən Gəncə
şəhərində yerləşmiş Azərbaycan Xalq
Cümhuriyyətinin Milli Şurasının sədri Məhəmməd
Əmin Rəsulzadə və xarici işlər naziri
Hacıniski 1918-ci il iyunun 4-də
Osmanlı imperiyası ilə dostluq müqaviləsi
imzaladılar. Bu müqavilə Azərbaycan
dövlətinin beynəlxalq aləmdə təsdiq olunması
və Azərbaycan türk millətinin müstəqilliyinin ərazi
bütövlüyünün qorunub saxlanılmasında zəruri
addım idi. 1918-ci il iyun
ayının 11-də Gəncə şəhərində erməni
silahlı dəstələrinin tərki-silah edilməsilə
başlanan hərbi əməliyyat, həmin ildə sentyabr
ayının 15-də Bakı şəhərinin azad edilməsilə
başa çatdı. Azərbaycan Xalq Cümhuriyyətinin
Nazirlər Şurasının sədri Fətəli xan Xoyski
1918-ci il sentyabrın 15-də
Bakının azad olunması münasibətilə Qafqaz
İslam Türk Ordusu komandanı Nuru Paşaya teleqramında
yazmışdı: "Millət Sizə minnətdardır".
xxx
1918-ci ilin mayında öz azadlığına
qovuşmuş Cənubi Qafqazın türk-müsəlman əhalisi
və yeni yaranmış Azərbaycan hökuməti mübahisəli
sərhəd məsələlərini siyasi yolla həll etməyə
çalışırdı. 1918-ci ilin mayında
keçirilmiş Batum konfransının nəticəsi kimi
üç yeni yaranmış respublikalar arasında müqavilə
imzalandı. 1918-ci il mayın 29-da
tarixən Azərbaycanın ərazisi olmuş İrəvan
şəhəri paytaxt olmaqla 10 min kv. km. ərazi
yeni yaradılan Ararat (Ermənistan) respublikasının ərazisi
kimi müəyyənləşdirildi. Lakin Azərbaycan
tərəfindən irəli atılan bu xeyirxah addım erməniləri
daha da şirnikləndirdi. Onlar
"Böyük Ermənistan" ideyasını
reallaşdırmaq üçün əlverişli məqam
olduğunu sanaraq Azərbaycana qarşı daha geniş ərazi
iddiaları irəli sürdülər. Tarixən
Azərbaycan torpaqları olan Qarabağ, Naxçıvan və
Zəngəzur ərazilərinə iddia edən erməni
daşnakları, eyni zamanda bu torpaqlarda etnik təmizləmə
siyasətini həyata keçirməyə başladılar.
Zəngəzur, Naxçıvan və
Qarabağda yaşayan dinc əhali Andronik, Dro, Ncdenin quldur dəstələrinin
məqsədyönlü soyqırımına məruz
qaldılar. 1918-1920-ci illərdə yeni
yaradılmış Ararat respublikası ərazisində etnik təmizləmə
nəticəsində 575 min türk-müsəlman
yaşamışdısa, 1922-ci ildə onların sayı
azalaraq 10 min nəfərə endi.
Qarabağın dağlıq hissəsində kök
salmış erməni daşnaqları 1918-ci ilin iyul və
sentyabr aylarında keçirdikləri qurultayda bu mahalın
müstəqilliyini elan etdilər. Zəngəzurun bir
hissəsində möhkəmlənən Andronik burada
"paytaxtı Gorus olmaqla" erməni qubernatorluğu təşkil
etdi. Sonradan "paytaxtı Şuşa
olacaq", "kiçik Ermənistan" dövlətini
yaratmağa çalışdı. Azərbaycan ərazisinə
torpaq iddialarına və orada yaşayan yerli türk-müsəlman
əhalisinə qarşı erməni-daşnaklarının təcavüzünün
qarşısını almaq üçün Azərbaycan Xalq
Cümhuriyyətinin Nazirlər Şurası 1919-cu il 15 yanvar tarixli iclasında Şuşa,
Cavanşir və Cəbrayıl qəzaları üzrə
general-qubernatorluq yaradılmasını qərara aldı. Müvəqqəti olaraq yaradılmış
general-qubernatorluğa fövqəladə səlahiyyətlər
verildi. Xosrov bəy Sultanov Qarabağ general-qubernatoru
vəzifəsinə təsdiq olundu. Azərbaycan hökuməti
Nazirlər Şurasının 1919-cu il 28
fevral tarixli qərarı ilə Naxçıvan, Ordubad, Şərur-Dərələyəz
və Vedibasar bölgələrinin müvəqqəti
general-qubernatorluğu təşkil olundu. Bəhram
xan Naxçıvanski general-qubarnator, Kərim xan İrəvanski
və Hacı Mehti Bağırov isə onun köməkçiləri
təyin olundular.
xxx
Qarabağda
olan daşnak erməni təşkilatları müvəqqəti
siyasi dövr üçün yaradılmış Qarabağ
general-qubernatorluğuna etiraz olaraq 1919-cu il aprel ayında
keçirdikləri beşinci qurultayında Azərbaycana
qarşı münasibətlərini müzakirə edib,
daşnak ünsürlərinin təzyiqi altında Azərbaycan
hökumətilə əlaqəsi olan hər hansı bir
dövlət idarəçiliyini qəbul etməyəcəkləri
barədə qərar verdilər.
Erməni daşnaklarının Azərbaycanın ərazisinə
qarşı olan iddiaları hərbi təcavüzə
çevrilirdi.
Erməni təcavüzünün
qarşısını almağa gücü çatmayan Azərbaycan
kəndlərinin əhalisi yurdlarını tərk etməyə
məcbur olurdular. 1919-cu ilin oktyabr
ayında ermənilər Zəngəzurun 110 böyük
türk-müsəlman kəndlərini məhv etdilər.
Bu kəndlərin sakinlərini
qırmış, qaçqın düşmüş 60 minə
yaxın əhali Qarabağa pənah gətirdilər. Ermənilər Dilicandan 7 min, İrəvan
quberniyasının Yeni Bəyazid qəzasından Zəngəzura
xeylı silahlı qüvvə gətirdilər. Qarabağı ələ keçirmək
üçün çoxsaylı erməni silahlı dəstələri
yola düşdü. 1919-cu il
noyabrın 23-də Tiflisdə imzalanmış sülh
sazişinə görə Azərbaycan və Ermənistan
hökumətləri öz qoşunlarını Zəngəzurdan
geri çəkməli idilər. Azərbaycan
hökuməti müqaviləyə əsasən öz hərbi
qüvvələrini Zəngəzurdan çıxarsa da, Ermənistan
öz hərbi qüvvələrini nəinki geri çəkmədi,
əksinə daha da gücləndirdi. Sülh
sazişi imzaladıqdan təxminən iki ay müddətdə
Zəngəzurun daha 40 kəndi talan edilib sakinləri qətlə
yetirildi.
Bəli, Sovet Rusiyası Azərbaycan Xalq Cumhuriyyətinə
qarşı fitnəkar bir siyasət apardı. Rusiya ermənilərin
torpaq iddialarını daha da qızışdırmaqla
onları Zəngəzur və Qarabağda Azərbaycan dövlətinə
qarşı müharibəyə təhrik edirdi. Nəticədə Azərbaycan ordusunun böyük
bir hissəsi erməni hərbi hissələrinə
qarşı Qarabağ və Zəngəzurda döyüşlərə
cəlb olunurdu. Azərbaycan ordusu 1920-ci il
aprelin sonunadək ölkənin ərazi
bütövlüyünü qorumaqla öz vəzifə borcunu
şərəflə yerinə yetirdi.
xxx
XX əsrin
əvvəllərində Anadoludan yaraqlanıb-yasaqlanıb
Qafqazlardan aşaraq özünü Turan elinə
çatdıran və bu eli
yağılardan, gavurlardan xilas edib özlərinə "əbədi
vətən" seçənlərin başında
dayanırdı Huru Paşa. XIX əsrin sonu, XX əsrin
əvvəllərində dünyanın bir çox ölkəsində,
o cümlədən Türkiyədə cərəyan edən
çox mürəkkəb siyasi hadisələr 1914-cü ildə
Birinci dünya müharibəsinin başlanmasına, eyni zamanda
xalqların milli azadlıq hərəkatının
inkişafına səbəb oldu. Həm Anadolu Türkiyəsində,
həm də Azərbaycanda çətin siyasi vəziyyət,
bir-birini əvəz edən tarixi hadisələr, müharibələr,
ağır iqtisadi durum hər iki qardaş xalqı çətin
vəziyyətdə qoysa da, onları mənəvi cəhətdən
sarsıda, aralarındakı bağlılığı
qıra bilmədi. Azərbaycan isə erməni
daşnaklarının cinayət poliqonuna çevrildi, 1918-ci il martın 31-də paytaxt Bakıda
soyqırımı hadisəsi törədildi. Bu
arada Osmanlı Türkiyəsi ağır vəziyyətdə
olsa da, qardaş Azərbaycana yardım əlini uzatmağı
düşünürdü. Türkiyənin
hərbi naziri Ənvər Paşa qardaşı Nuru
Paşanı Qafqaz İslam Ordusunun komandanlığına təyin
etdi.
Eyni zamanda Nuru Paşaya general-leytenant hərbi rütbəsi
verildi, Sultan Mehmedin Qafqaz məsələləri üzrə
yavəri elan olundu. Türkiyənin hərbi nazirinin verdiyi əmr və qərarlara
uyğun olaraq general-leytenant Nuru Paşa 1918-ci il
fevral ayının sonunda Mosula gəlir, oradan da özü ilə
bərabər 20-dən artıq yüksək çinli zabit,
300 hərbçi götürərək Təbriz yolu ilə
Zəngəzura yetişir. Lakin Türkiyədən
gələn əsgər heyəti və hərbi sursat Batum
yolu ilə Azərbaycana yetişə bilmir. Çünki bu hərbi yardım Bakıda
bolşeviklərlə gizli danışıqlar aparan
gürcü və alman hərbi qüvvələrinin
maraqlarına uyğun deyildi. Azərbaycanın
istiqlal savaşına yardım etməyi göz önünə
almış türk qoşunları alternativ yoldan yararlanaraq hərbi
sursat və əsgəri heyəti Qarsdan quru yolla Ermənistana,
oradan da Dilican vasitəsilə Qazaxa keçib Ağstafaya gəlirlər.
Arzu Şirinova
Xalq Cəbhəsi.-
2014.- 13 sentyabr.- S.8.