Azərbaycanda təhsil
V yüzildə
Albaniyada məktəblər
var idi
Xalqın, dövlətin daim inkişaf etməsini şərtləndirən ən
gərəkli vasitələrdən
biri təhsildir. Araşdırmaçı
İslam Əsgəroğlu
Azərbaycanda təhsilin
tarixinə nəzər
salır: "Qədim
mənbələrin öyrənilməsi
əsasında araşdırmaçılar
belə bir qənaətə gəlmişlər
ki, artıq V yüzildə Albaniyada məktəblər var idi. İslamın yayıldığı dövrdə Şərqdə
məktəblər və
mədrəsələr kimi
təhsil müəssisələri
meydana gəldi. XII yüzildə Təbriz,
Gəncə, Naxçıvan,
Şamaxı, Həmədan
kimi şəhərlərdə
onlarla mədrəsə
mövcud olmaqla dövrünün neçə-neçə
elm adamlarını yetişdirib.
Mənbələrin verdiyi məlumata
görə, XII-XIV yüzillərdə
Azərbaycanda 170-ə qədər
məktəb, 30-a qədər
mədrəsə var idi ki, burada
da yüzlərlə şagird təhsil alırdı. Bir qayda olaraq tədris
məktəblərdə 6-8 il, mədrəsələrdə
isə 15-20 il davam edirdi. 1312-1314-cü
illərdə Şamaxıda
təsis edilən mədrəsə Şeyx Əbu Talib Zakir şahın təşəbbüsü ilə
böyük tədris
mərkəzinə çevrildi.
XIV yüzildə Təbriz
yaxınlığında Rəbbi-Rəşidi
şəhərində "Darilfunun" adı ilə böyük ali təhsil
müəssisəsi təsis
edilir. Qəza məktəbləri ilə müqayisədə
müsəlman məktəbləri
bir sıra üstünlüklərə malik
idi. Tədris Azərbaycan, fars
və ərəb dillərində aparılırdı.
XVII yüzilin məşhur türk səyyahı Ö.Çələbinin
məlumatına görə,
1647-ci ildə Təbrizdə
600 məktəb və
47 böyük mədrəsə
olub. Şamaxıda isə məktəblərin
sayı 40-a, mədrəsələrin
sayı 7-yə çatırdı.
XVIII əsrdə Azərbaycanda 1200 məktəb,
100-ə yaxın mədrəsə
mövcud olub".
1842-ci ildə Bakı, Şirvan, Quba, Dərbənd, Nuxa, Şuşa qəzalarında
və Talış vilayətində cəmi
605 məktəb var idi ki, burada
637 müəllim 5742 şagirdə
ibtidai bilik verilir, yazıb-oxumaq öyrədilirdi. Təxminən bu qədər uşaq da rus
məktəblərində və
gimnaziyalarda təhsil alırdı. İlk sənət
məktəbi 1843-cü ildə
Şəkidə yaradılmışdı.
Bu məktəbdə ipəkçilik sənəti
sahəsində savadlı
fəhlələr hazırlanırdı.
Hökumət 1847-ci ildə ilk müsəlman məktəbini təcrübə
üçün iki illiyə açmasına baxmayaraq XIX əsrin 50-ci illərində artıq 11
müsəlman məktəbi
fəaliyyət göstərirdi. 1847-ci ildə Tiflisdə ilk müsəlman məktəbi
açıldı.
Yeni tipli təhsil müəssisələrinin tələbatına
cavab verə biləcək müəllimlərin
hazırlanmasında Zaqafqaziya
Müəllimlər seminariyasının
rolu xüsusi qeyd edilməlidir: "Müsəlman bölgələrində
açılan məktəblərdə
müəllimlərin çatışmaması,
digər tərəfdən
isə azərbaycanlılar
arasında rus hökumətinin siyasətinin
təbliğini gücləndirmək
istəyi 1879-cu ildə
Seminariyada Azərbaycan
şöbəsinin açılması
ilə nəticələndi.
Azərbaycan şöbəsinin 1880-ci ildə təsdiq olunmuş əsasnaməsinə
görə, onun məqsədi Zaqafqaziyanın
Azərbaycan kəndlərindəki
ibtidai məktəblər
üçün bilikli
və təcrübəli
müəllimlər hazırlamaqdan
ibarət idi. İlk dəfə seminariyaya 32 nəfər qəbul olundu. Bunlardan 19-u şöbənin əsas siniflərinə,
13-ü isə hazırlıq
siniflərinə seçilmişdi.
Qori müəllimlər seminariyasının
Azərbaycan şöbəsinin
ilk buraxılışı 1882-ci ildə oldu. Zaqafqaziya müəllimlər seminariyasının
Azərbaycan şöbəsi
mövcud olduğu 40 il ərzində 250 nəfərdən çox
savadlı, istedadlı
müəllim hazırlamışdı".
Azərbaycan Demokratik Cümhuriyyəti
dövründə təhsilin
milli yönünün
yaranması ilə bağlı əhəmiyyətli
addımlar atıldı:
"Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
qısamüddətli mövcudluğu
dövründə çoxəsrlik
maarif və məktəb salnaməsinə
də təkrarolunmaz şanlı səhifələr
yazdı. Hökumət milli təhsil
quruculuğu sahələrində
elə bir təməl yaratdı ki, ondan sonrakı
mərhələdə təhsil,
elm, mədəniyyət də
həmin bünövrə
üzərində yüksəldi.
Dövlət büdcəsində təhsilə ayrılan vəsait başqa sahələrlə müqayisədə
üstünlük təşkil
edirdi. Azərbaycan Xalq Cümhuriyyəti
milli dövlətçiliyin
əsaslarının yaradılması
istiqamətində həyata
keçirdiyi tədbirlər
çərçivəsində xalq maarifini inkişaf etdirməyə xüsusi diqqət verirdi. Ölkədə
təhsil sistemini nizama salmaq, milli təhsilin möhkəm bünövrəsini
qoymaq məqsədilə
1919-cu il iyunun 30-da Xalq Maarif Nazirliyinin ştatı təsdiq edilir.
AXC elan edilənə
qədər Azərbaycanda
ana dilində orta məktəb yox idi, "realnı" məktəblərdə
isə Azərbaycan dili məcburi deyildi və ona həftədə cəmi 1 saat vaxt ayrılırdı. Yalnız AXC dövründə
Abdulla Şaiqin səyləri
sayəsində Bakı
realnı məktəbi
nəzdində 3 aylıq
Azərbaycan dili kursları açıldı.
Hökumətin
planında yaxın vaxtlarda Azərbaycanda üç ali məktəb yaratmaq dururdu: Bakı Dövlət
Universiteti, Kənd Təsərrüfatı İnstitutu və
Dövlət Konservatoriyası. Azərbaycan parlamentinin qəbul
etdiyi qərara əsasən 1919-cu ildə Bakı Dövlət
Universiteti təsis olundu və bununla da ölkədə
müasir tipli dünyəvi ali təhsilin əsası
qoyuldu".
1919-cu ildə
Azərbaycan parlamenti 100 nəfər gəncin ali
təhsil almaq üçün xarici ölkələrin ali məktəblərinə
göndərilməsi haqqında qərar çıxardı:
"Bunlardan 10-u İngiltərəyə, 23-ü İtaliyaya,
45-i Fransaya, 9-u Türkiyəyə göndərildi. 13 nəfər isə Rusiyada təhsil almalı idi.
Lakin həmin dövrdə Rusiyada ictimai-siyasi vəziyyətin
qeyri-sabitliyi onların təhsil almasına imkan vermədi.
Azərbaycanda o dövrdə böyük bir
ziyalı dəstəsi meydana gəlmişdi. Onların əksəriyyəti
Moskvada, Peterburqda, Avropanın bir çox şəhərlərində
yüksək təhsil almış, Avropa, dünya mədəniyyətilə
yaxından tanış olan və
bunları mənimsəmiş insanlar idilər. Hökumətdə
təkcə xalq maarifi nazirləri olmuş Nəsib bəy
Yusifbəyli (sonralar IV, V hökumət kabinetlərində
baş nazir olub) Novorossiysk Universitetinin hüquq fakültəsini,
Rəşid Xan Kaplanov Parisdəki Sorbonna Universitetinin hüquq
fakültəsini, Həmid bəy Şahtaxtinski Novorossiysk
Universitetinin hüquq fakültəsini, Nurməhəmməd
Şahsuvarov Qori Müəllimlər Seminariyasını, Tiflis
Müəllimlər İnstitutunu və Kiyev Universitetinin
hüquq fakültəsini bitirmiş, Avropa mədəniyyətini,
Şərq sivilizasiyasını dərindən mənimsəmiş,
vətənpərvər, həqiqi Azərbaycan
ziyalıları idilər".
Sovet
dövründə təhsil məsələsinə toxunan
araşdırmaçı deyir: "Azərbaycanda yeni tipli məktəblərin
açılması, çoxsaylı müəllim
kadrlarının yetişdirilməsi sahəsində ciddi dəyişikliklər
Azərbaycan sovetləşəndən sonra başladı. Təkcə 1920-ci ildə 350 məktəb
açıldı ki, burada 130 min uşaq təhsil almaq
imkanı qazandı. 1921-ci ildə ilk pedaqoji kişilər
institutu və məktəbəqədər tərbiyəçilər
hazırlayan qadınlar institutu, 1923-cü ildə ali pedaqoji institut yaradıldı, bir sıra
pedaqoji texnikumlar təsis edildi. Artıq 1930-cu illərin əvvəllərində
Azərbaycanda 19 ali məktəb var idi ki,
burada da 10 mindən çox tələbə təhsil
alırdı.
Azərbaycanda xalq təhsilinin inkişafında 1928-ci ildə
məcburi ibtidai, 1935-ci ildə 7 illik təhsilə, 1952-ci ildə
isə orta təhsilə keçid mühüm rol oynayıb. 1940-cı ildə
artıq Azərbaycanın bütün yaşayış məntəqələrində
4500-ə yaxın məktəb var idi ki, burada 659 min şagird
təhsil alırdı. 1960-cı illərin
əvvəllərində isə orta təhsil alanların
sayı artaraq 700 mini ötmüşdü. Əsrin
60-cı illərində Azərbaycanda geniş hərtərəfli
hazırlıqlı ali təhsilli kadrlar
yetişdirməyə qadir olan ali məktəblər şəbəkəsi
formalaşmışdı. 70-ci illərin əvvəllərində
burada mövcud olan 13 ali məktəbdə
139 ixtisas üzrə 100 min tələbə təhsil
alırdı. 1970-ci ildə məktəblilərin sayı
artıq 5100-ə çatmış, burada təhsil
alanların sayı isə 1,4 milyonu
ötmüşdü".
Uğur
Xalq Cəbhəsi.- 2014.- 16 sentyabr.- S.14.