Hüseyn Cavidin
yaradıcılığında qadına münasibət
Azərbaycan ədəbiyyatının klassikləri əsərlərində
həmişə qadına
uca münasibətlərini
ifadə ediblər.
Bu, əslində həm
də bəşəriliyin
təsdiqidir. Böyük
Azərbaycan şairi Hüseyn Cavidin yaradıcılığında qadına münasibət məsələsini araşdıran
filologiya üzrə fəlsəfə doktoru Hizami Muradoğlu bildirir ki, o, kiçik yaşlarından
qadın hüquqsuzluğunun
şahidi olduğundan
bütün yaradıcılığı
boyu yaratdığı
müsbət qadın
surətlərinin dili
ilə bu haqsızlığı aradan
qaldırmaq üçün
mübarizə aparıb.
Xüsusən 1906-1909-cu illərdə
İstanbul Universitetinin
ədəbiyyat fakültəsində
Rza Tofik kimi tanınmış filosoflardan dərs alan gənc Hüseynin mütərəqqi
ideyalara sahiblənməsində
o vaxtkı Türkiyənin
ədəbi mühitinin
çox böyük rolu olub: "Qadın azadlığı
uğrunda aparılan mübarizənin fəal iştirakçılarından olan
Hüseyn Cavid ilk qələm təcrübələrində
azad sevgidən danışır, könül
sazını məhəbbətin
aliliyi üzərində
kökləyərək bəşəri
məzmun daşıyan
məhəbbət şeirləri
yazırdı:
Hər qulun cahanda bir
pənahı var,
Hər əhli-halın bir qibləgahı var.
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim
Tanrım gözəllikdir,
sevgidir.
Məhz
bu aspektdən çıxış edən
böyük dramaturqun
əsərlərinin böyük
bir qisminin baş qəhrəmanları
da qadınlardır. Hətta Hüseyn Cavid bəzi zamanlar əsərinin adını da qadın qəhrəmanların
adı ilə adlandırmağı məqbul
hesab edib. Onun "Ana", "Maral"
və "Afət"
dramlarını göstərə
bilərik".
Böyük dramaturqun qadın
azadlığının təbliği
ilə bağlı yazdığı əsərlərinin
içərisində "Maral"
(1912) dramının özünəməxsus
yeri var: "Ailə-məişət zəminində
yazılmış əsərin
baş qəhrəmanı
16 yaşlı, istəyi
nəzərə alınmadan
özündən 32 yaş
böyük olan, mal-mülk sahibi Turxan bəyə verilmiş Maraldır. Maral feodal Azərbaycanının
əşya kimi alınıb satıla bilən minlərlə acı taleli qızlarının ümumiləşdirilmiş
obrazıdır. 25 yaşlı
gənc Arslan bəy Marala öz sevgisini bildirib onu bu
amansız həyat girdabından qurtarmağa çalışır. Maral
rəsmən Turxan bəyin qadını olsa da Arslan
bəyi sevir. Arslan bəyin bu yerləri tərk edib qaçmaq təklifinə
əvvəlcə razılıq
versə də, sonda namus və
şərəfinə ləkə
düşəcəyindən ehtiyat edərək Maral acı taleyinə boyun əyib yaşamağı
məqbul sayır. Ər evində özünü həbsxanadakı
kimi hiss edən, var-dövlət içində
öz dərdli-nisgilli
taleyini yaşayan Maralın gənc Arslan bəyə olan təmiz məhəbbəti ona səadət deyil, fəlakət gətirir. Turxan bəy Maralı Arslan bəyin yanında görərkən tapançasını
çıxarıb ona
atəş açır.
Maral faciəvi şəkildə həlak
olur. Dramaturq Maralın vəhşicəsinə
öldürməsi epizodu
ilə feodal cəmiyyətində azad sevgiyə, ülvi məhəbbətə, saf
mənəviyyata yer olmadığı fikrini əsaslandırmağa xidmət
edir. Arslan bəy də xəncərini çəkib
Turxan bəyi öldürür. Əsər
faciəvi bir sonluqla bitir".
Araşdırmaçının fikrincə,
"Maral" dramı
pulun, sərvətin cəmiyyətdə törədə
biləcəyi faciələri
əks etdirir. Turxan bəy üçün dünyanın
bütün səadəti
yalnız pulla bağlıdırsa, Maral üçün bu var-dövlət o qədər
də önəmli rol oynamır: "O, daha çox sevgi, məhəbbət görmək istəyir, bir an öncə pulun yaratdığı çirkinliklərdən qaçıb
qurtulmaq arzusundadır.
Əsərin
ikinci süjet xəttini Turxan bəyin oğlu Cəmillə
Humay arasındakı məhəbbət təşkil edir. Cəmillə
Humayın təmiz sevgisi Turxan bəy tərəfindən qəbul
edilməsə də, Maral bu sevgini yüksək qiymətləndirir.
Əsər boyu Turxan bəylə Maralın mənəviyyat, tərbiyə,
sağlam düşüncə haqqındakı fikirlərində
olan fərqlilik, Cəmillə Humayın bir-birinə məhəbbəti
cəmiyyətdə yenilik və köhnəlik arasında gedən
mübarizənin bariz ifadəsi kimi təqdim edilir".
Hüseyn
Cavidin baş qəhrəmanı qadın olan ikinci faciəsi
"Afət" (1922) əsəridir: ""Maral"da
qadın hüquqsuzluğunun ənənəvi yaralarından
söhbət açılırdısa, əsərin qəhrəmanı
Maral öz azad duyğularını ifadə etməkdə məhkum
idisə, "Afət" dramında Afət artıq yüksək
cəmiyyətdə təmsil olunan bir qadın, kübar və
zadəgan bir xanımdır. Afətin faciəsi nisbətən
fərqli məzmun daşıyır, burjua-zadəgan
mühiti, kübar adətləri və əxlaq normaları ilə
əlaqələndirilir. Afət qeyri-adi sevgisi ilə də
Cavid dramaturgiyasında digər qadın tiplərindən fərqlənir.
Afətin kübar cəmiyyətin üzvü olsa da, ailə fəlakəti
onun da başından əksik olmur. Ömrünü əyyaşlıqla
keçirən Özdəmirə ərə verilmiş gənc
və gözəl Afətin mənəvi dünyası,
ülvi bir sevgi üçün çırpınan təmiz
qəlbi yaşlı, küskün bir redaksiya işçisinin-mühərririn
cansıxıcı təbiəti, kobud, qaba mənəvi
varlığı ilə uyğunlaşmır. Yüksək
ali duyğularla yaşayan Afət 16 ildən sonra
qarşısına çıxan, zahirən özünü nəcib
aparan doktor Qaratayın yalançı məhəbbətinin
qurbanına çevrilir. Afət sevir və sevgisinə inanır.
Cəmiyyətdə mövcud olan qayda-qanun, yaxud ədəb
normativləri bu sevgiyə nəinki mane ola bilmir, hətta daha
da şiddətləndirir. Təəssüf ki, qəlbən
sevdiyi halda aldadıldığını görə bilmir, nəticədə
cinayətə əl atır. O, Qaratayın yalan vədlərinə
inanaraq əyyaş əri Özdəmiri zəhərləyir.
Lakin Afət Qaratay tərəfindən
aldadıldığını başa düşdükdə
intiqam hissi ilə alışıb-yanır, dəlicəsinə
sevdiyi Qaratayı da öldürür. Böyük eşqinin əsirinə
çevrilən, ülvi duyğularla yaşayarkən hər
addımda xəyanətə rast gələn Afət sonda
özü də zəhər içir, Qaratayın cənazəsini
qucaqlayaraq can verir. Dramaturqun düşüncəsinə
görə, xəyanətin ayaq açdığı yerdə
sevgililəri yalnız ölüm birləşdirə bilər".
Hüseyn
Cavidin baş qəhrəmanı qadın olan dram əsərlərindən
biri də "Ana"dır. Əsərdə baş verən
hadisələrin mərkəzində Səlma ana dayanır:
"Səlma ana türk qadınının mərdlik,
mübarizlik, qeyrət simgəsidir. Əsərdə təsvir
olunur, Səlma ana bir ildir qürbətdə olan oğlu
Qanpoladın intizarındadır, yolunu gözləyir. Əvvəllər
hər onda, on beşdə məktub yazan oğlu Qapoladdan
üç aydır ki, məktub gəlmir. Ana üzünü
Allaha tutub yalvarır:
İnayət
qıl, yox başqa bir havadar,
Yalnız
varım-yoxum tək bir oğlum var.
Ah,
Qanpolad!.. Nuri-didəm, evladım!
Üç
ay var ki, məktubunu almadım.
Üç
ay var ki, taqət qalmamış məndə,
Gözüm
yollarda, intizar içində.
Hər
gecə gördüyüm qanlı röyalar
Göstərir
ki, qorxulu bir xəbər var.
Səlma
ana bu iztirablar içərisində çırpınarkən
Qanpoladın nişanlısı İsmət əlində məktub
otağa daxil olur. Məktubun Qorxmazın oğlu Müslüm
vasitəsilə Qanpolad tərəfindən göndərildiyini
eşidən Ana sevinc içərisində mektubu oxutmaq
üçün qonşuya gedir. İsmət isə bir qədər
qarmon çalıb dərdini dağıtmaq istəyir. İsmət
köyün ən gözəl qızı, Qanpoladın
nişanlısıdır. Qanpoladın qürbətdə
olmasından dolayı bir ildir görüşə bilmirlər.
Qanpoladdan Səlma ananın adına gələn məktubda
tezliklə toylarının olacağı anlaşılır.
Bu zaman Orxan ilə İzzət gelir. Orxan İsmətə
vurulub, onu ələ keçirmək üçün müxtəlif
vasitəlerə əl atır. Orxan İsmətə eşq
elan edir. Onu sevdiyini, onsuz yaşaya bilməyəcəyini
söyləyir. Hətta xəncəri çıxarıb
İsmətə verib deyir ki, ya məni vur öldür, ya
sevgimə cavab ver. Xain düşmən xanzadə Orxan
var-dövlətinə güvənərək İsməti nəyin
bahasına olursa olsun ələ almağa
çalışır. Müxtəlif yağlı vədlərlə
İsməti yola gətirə bilməyən Orxan onu təhdid
etməyə başlayır. Vəfalı və eşqinə
sədaqətli İsmət Orxanı rədd edir.
Eşqinə
sədaqətli olmaq, sevdiyinə xəyanət etməmək
ümumən türk qızlarının mənəvi aləminin
ən parlaq ifadəsidir. İsmət məhz namusla
yaşayıb, sevgisini dünyanın bütün dəyərlərindən
yüksək tutan bir türk qızıdır. Xan oğlu
Orxanı rədd edərkən şərəf və ləyaqətini
qoruyur, saf məhəbbətini qoruyur, adını qoruyur".
Səlma
ananın daha bir müsbət keyfiyyətini müəllif Səlimin
dililə oxucuya çatdırmağa çalışıb:
"Belə ki, İsmətin qardaşı Səlim
Qanpoladın gəldiyi haqqında Səlma Anaya muştuluq
verir. Sevincindən yerə-göyə sığmayan ana Səlimə
bir gümüş kəmər bağışlayır.
Ananın alicənablığı qarşısında
çaşıb qalan Səlim ana haqqında
aşağıdakı sözləri deyir:
Gəzdim,
dolaşdım, uğradım hər elə,
Mən
böylə bir qadın görmədim hələ.
Böyüklükdə,
mərhəmətdə seçilmiş,
Alicənablıq
boyuna biçilmiş.
Söz
yox, böylə qəlbi geniş qadından
Doğar
Qanpolad kimi bir qəhrəman.
İsməti
yoldan çıxara bilməyən Orxan xəyanət yolunu
tutur. Bu məqsədlə İzzət ve Muradı kullanaraq
Qanpolad yolda olarkən ona pusqu qurur. Atışma zamanı
Qanpolad Orxanı və İzzəti öldürür,
özü ise Muradın açdığı atəşdən
ağır yaralanır. Qorxuya düşən Murad
qaçıb Səlma anaya pənah gətirir. Səlma ana
özü də bilmədən ondan yardım istəyən
Murada qərib olduğu üçün evində
sığınacaq verir, onu gizlin yerdə saxlayır. Az
keçmiş Qanpolad yaralı halda özünü anasına
yetirir və ondan İsməti soruşur. Əsərin sonunda
İsmət özünü ölüm ayağında olan
sevgilisi Qanpolada yetirir, Qanpolad onun qucağında can verir.
İsmət:
- Qanpolad!
Sən nə tez unutdun bəni? Xayır, yalnız buraxmam əsla
səni - deyərək Qanpoladın xəncərini çəkib
özünü vurmaq istəyir. Lakin Səlma ana xəncəri
onun əlindən alır, İsmət bayılır.
Bu əsnada
böyük sarsıntı keçirən, qorxu içində
çırpınan Murad vurduğu adamın Səlma ananın
oğlu olduğunu bilincə qaçmaq istəyir. Səlma ana
Murada deyir:
Amandasan,
heç qorxma, heç sıxılma!
Çünki
mən əvvəldən söz verdim sana.
Sən
bir qonaqsan, qatil olsan belə,
Səlma
həlak olur da, verməz elə.
"Ana"
dramında Hüseyn Cavid türk qadınının mərdanə
hərəkətini əks etdirməyə
çalışıb. Ana evinə qəbul etdiyi
qonağın oğlunun qatili olduğunu bilincə ne qədər
sarsılsa da "Qonaq Allah qonağıdır",
"Qonağa zaval yoxdur" düşüncəsində bulunaraq
dözümlük ve mətanət göstərir;-
"amandasan"- deyərək verdiyi sözün arxasında
durduğunu nümayiş etdirir. Əsər faciəvi bir
sonluqla bitsə də Səlma ananın möhtəşəm
obrazı milli xarakterik xüsusiyyətləri ilə
yaddaşlarda dərin iz salır.
İsmət
özünə gəldikdə qardaşı Səlimi köməyə
çağırıb qatili cəzalandırmaq istəyirsə
də Səlma ananın öyüd-nəsihətlərinə
qulaq asaraq onu bağışlayır. İsmətin ürəyi
intiqam hissi ilə alışıb yansa da, ədəb-ərkana,
el adətinə əməl etmək lazım olduğunu
başa düşür".
Araşdırmaçının
fikrincə, bu əsərilə Hüseyn Cavid türk
qadınının bəşəri hisslərlə
yaşadığını təsvir etməklə bərabər
bütün insanlığa bir nümunə göstərib. O,
fikrini Hüseyn Cavidin "Peyğəmbər" əsərindən
sitatla bitirir: "Cavidin qənaətincə, qadın
anadır, qadın sevgili bir yardır, qadın ülvi bəşəri
məxluqdur, insanlığın baş tacıdır".
Uğur
Xalq Cəbhəsi.- 2014.- 18 sentyabr.- S.14.