Şərq-Qərb mövzusu Azərbaycan
ictimai düşüncəsində
İctimai mühitin
saflığının qorunması dövrün qlobal problemlərindən
biridir
I yazı
İnsanı insan edən onun mənəviyyatı,
dünyaya, həyata, insana özünəməxsus
baxışıdır. Yüzillərdir ki, dünyada Şərq
və Qərb baxışları mövcuddur. Fəlsəfə üzrə elmlər doktoru,
AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov
"Şərqdə və Qərbdə milli-mənəvi dəyərlər"
mövzusunda araşdırmasında bu haqda qənaətlərini
təqdim edir. Onun fikrincə, insan bir tərəfdən
xarici mühitlə əlaqə xüsusiyyətləri, digər
tərəfdən özünəməxsus daxili xüsusiyyətlərilə
səciyyələnir. Hər bir insan bioloji varlıq
olaraq lap yaranışdan daşıyıcısı olduğu
genlərdə kodlaşdırılmış olur: "Genlərdə
onun fiziki-cismani imkanlarının, sağlamlıq dərəcəsinin,
hətta intellektual və bir sıra mənəvi-psixoloji
xüsusiyyətlərinin əsası qoyulmuş olur. Sonrakı həyatı boyu insanın
sağlamlığı, cismani-bioloji varlığı xarici təbii
mühitdən, orqanizmin daxil olduğu fiziki və bioloji əlaqələrdən
asılı olaraq dəyişir. Bu mənada
insan orqanizmi hər bir mərhələdə ilkin genetik
imkanlarla xarici təbii mühitin əlaqəsi və hətta
mübarizəsi şəraitində formalaşır. Lakin insan sadəcə cismani-bioloji varlıq deyil və
onu əhatə edən mühit də sadəcə təbii
mühit deyil. İnsan həm də sosial
varlıq olaraq digər insanlarla və ümumən cəmiyyətlə
qarşılıqlı əlaqəyə girir və bu əlaqələr
onun formalaşmasına ciddi təsir göstərir. Bu mənada insanın ekologiyası bioloji ekologiya ilə
yanaşı sosial və mənəvi ekologiyanı da əhatə
edir. İnsanın mənəviyyatı bir
tərəfdən genetik əsaslara malik olsa da, əsasən
sosial-mənəvi mühitin təsiri ilə formalaşır.
Burada cəmiyyətin mədəni-mənəvi
həyatı, insanın yetişdiyi mühitin kulturoloji aspektləri
mühüm rol oynayır".
Araşdırmaçı
vurğulayır ki, insanın formalaşdığı ictimai
mühit mövcud dəyərlər sistemi, sosial və
hüquqi normalar, mövcud dövlət quruluşu, iqtisadi
münasibətlər, ailə münasibətləri, təhsil
sistemi və s. bu kimi elementlərin sintezindən ibarətdir. Mədəni-mənəvi
mühit isə cəmiyyətin müvafiq rakursu ilə yanaşı
əvvəlki nəsillərdən qalmış sənət əsərləri,
xüsusən bədii ədəbiyyat və kinonun təsiri ilə
formalaşır: "Bütün bunlar insanların bir mütəxəssis
və bir vətəndaş kimi yetişməsində
mühüm rol oynayır. Fiziki-bioloji ekologiyada
olduğu kimi sosial-mənəvi ekologiyada da böhran baş
verə bilər. Ona görə də
sosial-mənəvi mühitin saflığının
qorunması dövrün qlobal problemlərindən biridir.
Bu gün mədəni-mənəvi köklərimizə
qayıdış istiqamətində, milli mənsubiyyətimizin
təkcə formal surətdə deyil, məzmun
baxımından təsbit olunması uğrunda aparılan
mübarizə həm də elmi-nəzəri əsaslara malik
olmalıdır. Burada milli
özünüdərk prosesi ilə özünüqoruma
instinktinin vəhdətindən çıxış etmək
lazımdır. İnstinkt əsasən
psixik-bioloji anlayış olsa da, biz burada sosial instinktdən bəhs
edirik. Yəni ictimai həyatımıza kənardan
daxil olan yad təsirlərdən qorunmaq üçün bu
gün gənclərimizdə sosial özünümüdafiə
instinkti formalaşdırılmalıdır".
S.Xəlilov qeyd edir ki, müasir dövrdə ən aktual
problemlərdən biri milli özünütəcrid və
qloballaşma kimi iki kənar hal arasında optimal nisbətin
tapılmasıdır. O, qloballaşmanın təsir, əhatə dairəsinin
genişliyini belə xarakterizə edir: "Qloballaşma
prosesi elm, texnika, texnologiya ilə - ümumbəşəri dəyərlərlə
yanaşı milli kimliyi müəyyən edən mədəni-mənəvi
amillərə də sirayət etməyə cəhd göstərir.
İstər düşünülmüş
şəkildə, istərsə də qərəzsiz olaraq - fərqi
yoxdur. Belə bir şəraitdə ilk
növbədə nələri qorumaq lazım olduğunu, məhz
hansı məsələlərdə məqsədyönlü
surətdə ənənəçi, konservator olmağın
labüdlüyünü ziyalılar müəyyənləşdirməlidir.
Yeri gəlmişkən, əsrin əvvəlində
bizim böyük ziyalılarımız oriyentir kimi
"türkçülük, islamçılıq və
müasirliyin vəhdəti" prinsipini tövsiyə edirdilər
ki, bu prinsip indi də aktuallığını
saxlamaqdadır. Bununla belə, bizcə, ilk
növbədə meyarlar müəyyənləşməlidir.
İdeal halda biz özümüzü necə təsəvvür
edirik və ya bizim milli-mənəvi idealımız nədən
ibarətdir? İndi biz hansı real
durumdayıq və daşıdığımız hansı
keyfiyyətləri məhz milli səciyyə kimi qiymətləndirmək
olar? Keçmişə də məhz bu
real durum və ideal prizmasından, onun əsasında
formalaşan meyarlardan çıxış edərək
yanaşmaq lazımdır. Həqiqi milli
keyfiyyətlər milləti yaşadan, onu inkişaf etdirən
keyfiyyətlərdir. Bu baxımdan,
keçmişimizdən qalan, lakin tərəqqiyə deyil, tənəzzülə
xidmət edən cəhətləri yaşatmaqdansa, onlardan
xilas olmaq yolu tutulmalıdır. Lakin biz yenə
də nəyin pozitiv, nəyin neqativ, yaxud nəyin həqiqi, nəyin
saxta olduğunu aydınlaşdıra bilmək
üçün keçmişdən daha çox
bugünümüzə və gələcəyimizə, milli-mənəvi
idealımıza xidmət etməliyik. Ərazinin
tarixi, xalqın tarixi, millətin tarixi, dövlətin tarixi fərqləndirilmədən
məsələyə milli şüur prizmasından baxmaq
çətindir. Minilliyin və
yüzilliyin əsas səciyyələrini vermək
üçün əvvəlcə bütövlükdə
tarixi inkişaf prosesi heç olmazsa ən ümumi şəkildə
nəzərə alınmalıdır".
S.Xəlilovun
aşağıdakı fikirləri də ciddi maraq doğurur:
"İnsanın ətrafında onun daxilindəki mənəviyyat
üçün qoruyucu mühit olmalıdır. Necə ki, ozon qatı deşiləndə müxtəlif
radiasiyalı şüalar atmosferə daxil olaraq insan həyatı
üçün təhlükə yaradır, eləcə də
bizi əhatə edən qoruyucu mədən-mənəvi
mühit deşiləndə birbaşa yad təsirlər
insanın daxilinə yol tapır. Belə
qorumsuzluq şəraitində yalnız hansı insanlar ki, iradəlidir
- onlar tab gətirir, əksəriyyət isə təsir
altına düşür. Ona görə, bizim əsas
iki vəzifəmiz var: Birincisi, insanların mədəni-mənəvi
kamillik, özünüdərk dərəcəsini və iradəsini
yüksəltmək istiqamətində iş görməliyik.
Biz ənənələrimizə sədaqət
prinsipindən, yüksək mənəvi dəyərlərimizi,
milli kimliyimizi qorumaq prinsipindən çıxış etməliyik.
Çünki özünütəsdiq
milli-tarixi köklərə arxalanır. Bizim əsas
işimiz bütün istiqamətlərdə mədəni-mənəvi
mühitin saflaşdırılmasına nail olmaqdır".
Araşdırmaçı
milli-mənəvi dəyərlərin qorunmasının gərəkliyindən
söz açır: "Sağlam mədəni-mənəvi
mühit formalaşdırmaq və onu qoruyub saxlamaq
qloballaşma şəraitində çox çətindir. Bu çətinlik müqabilində təslimçilik
isə tam bir anarxiya yaranmasına səbəb olur. Onda məktəb tərbiyəsi də öz təsirini
itirmiş olur".
S.Xəlilov
Şərqdə və Qərbdə mənəviyyat məsələsinə
baxışı xarakterizə edir: "Şərqdə mənəviyyat
daha çox dərəcədə fərdin öz miqyası
ilə məhdudlaşdığından, cəmiyyətin mədəni-mənəvi
həyatından ayrılaraq özünə
qapıldığından, insan daha çox öz
dünyasında yaşadığından onun xarici dünya ilə,
maddi həyatla əlaqəsi əsasən iki formada həyata
keçir:
1. Fərdi
mənəviyyat aləminin qapıları ani olaraq
açılır və xarici mühitlə intensiv əlaqə
yaranır. Bu əlaqə özü müstəqilləşir
və insanın xarici təsirə məruz
qalmadığı dövrdə, soyuqqanlı
düşüncə şəraitində qərarlaşmış
fərdi mənəviyyat oyundankənar vəziyyətdə
qalır. Fərdi aləm unudulur və
insan dünyaya ancaq mühitlə intensiv əlaqənin təsirindən,
emosional reaksiyadan doğan konkret bir tapşırıq,
hökm, qərarla çıxır. İllər
boyu formalaşmış konseptual düşüncə arxa
plana keçir, emosiya vulkanının püskürdüyü
lavanın altında qalır. İmpulsiv emosional
reaksiyalardan xilas olmağa çalışan, Qərbin
soyuqqanlı düşüncəsinə həsəd aparan
Şərq adamının istəyini Əbu Turxan belə ifadə
edir:
Hikmət
sirdaş olub qala biləydi,
Zəngli
saat kimi çala biləydi,
Gen
gündə Gün kimi aydın olanı
Məqamda yadıma sala biləydi.
Şərqdə insanın dünyaya münasibəti əsasən
aksioloji xarakter daşıyır, fərdi mənəviyyat
prizmasından kənar hadisəyə ancaq qiymət verilir, ona
yaxşı və ya pis münasibət bəslənir, ya da
daha sistemsiz və daha impulsiv yolla adi şüur səviyyəsində
büruzə verilir. İnformasiyanın xaricdən fərdi mənəvi
dünyaya qəbul olunması da əsasən təəssürat
formasında, aksioloji xətlə həyata keçir.
2. Fərdi
mən prizmasından dünya ancaq ağ və
qara rənglərdə görünə bildiyindən çox
vaxt təsadüfi amillər nəticəsində ya
ağların, ya da qaraların siyahısına düşən
hadisələr uyğun olaraq ya təriflənir, ya da pislənir.
Eyni hadisənin müxtəlif yönümlərdə
müxtəlif rəngləri üzə
çıxarılmır, məsələyə dialektik
baxımdan, sistemli şəkildə yanaşılmır.
Təhlil olmadığından bir münasibətdə
"yaxşı" kimi qəbul olunan hadisənin pis cəhətləri
üzə çıxarılmır və əksinə.
Bəli, Şərq təfəkkürü
nöqsanlardan azad deyil. Lakin kim belə hesab edirsə ki,
müasir dövrdə xalqımızın tərəqqisinə
mane olan Şərq təfəkkür tərzidir - səhv
edir. Şərq təfəkkürünün
müəyyən çatışmazlıqları varsa, bu,
onun üstün cəhətlərinə də neqativ planda
baxmaq üçün əsas vermir. Digər
tərəfdən də, ona qarşı qoyulan Qərb təfəkkür
tərzi də özünəməxsus nöqsanlara malikdir.
Bəziləri Avropa ilə bağlı olan hər
şeyi mədəniyyət hesab edir, müasirliyi onunla
ayaqlaşmaqda görürlər. Lakin bu zaman nədənsə
Avropanın elmi, texnikası, maddi istehsal və xidmət mədəniyyəti
yaddan çıxır, Avropanı Avropa edən, onu irəlidə
zənn etməyə vadar edən əsl cəhətlər
unudulur, Qərbin tərəqqisində həqiqətən
böyük rol oynamış olan, onun maddi mədəniyyətini
tamamlayan mütərəqqi mənəvi mədəniyyət
nümunələri yaddan çıxır və əksinə,
Qərbin tənəzzülünə, süqutuna, mənəvi
deqradasiyasına aparıb çıxara bilən, onun ilkin tərəqqi
dövrünün ənənələrinə əsaslanmayan,
yandançıxma (çox vaxt Afrikasayağı) "mədəniyyət"
nümunələri, o cümlədən, bayağı rok,
varyete, pornoqrafik musiqi lövhələri, gecə klubları,
kazino, striptiz və s. "Avropa mədəniyyəti" kimi
qəbul edilir. Qərbin tərəqqisinin əsil
hərəkətverici qüvvələri, böyük elm
korifeyləri, maarifçilər və filosoflar isə yada da
düşmür. Nyutonların, Volterlərin, Bethovenlərin
həyat və yaradıcılığından söhbət
açmaq unudulur. Məgər müasir gəncliyin
onlara mənəvi ehtiyacı yoxdurmu? Acınacaqlı
haldır ki, gənclərimizin əksəriyyəti Maykl Cekson
və Şvartsnegeri Rassel və Bordan daha yaxşı
tanıyırlar".
Azərbaycanda məşhur satirik şair Sabirin imzası
ağlı söz kəsən hər kəsə yaxşı
tanışdır. Üslub sarıdan heç kəsə bənzəməyən
Sabirin şeirləri indi də çoxunun dilində əzbərdir.
Əslində Sabirinki şairlik deyildi, dərdkeşlik
idi. Şairlik ona fikirlərini
çatdırmaqda yardımçı idi.
Sabir dərd şairi idi: əsərlərini satirik üslubda yazırdı. Sabirin satirasında sərtlik var, kəskin tənqid var, güzəştsizlik var. O, millət fədaisi idi...
Uğur
Xalq Cəbhəsi.-
2014.- 20 sentyabr.- S.14.