Cəlil Məmmədquluzadənin məslək
dostu
Əliqulu Qəmküsar
satirik şeirləri, felyetonları ilə avamlığı,
fanatizmi, ictimai zülm və ədalətsizliyi ifşa edirdi
"Molla Nəsrəddin" jurnalının nəşri
və mübarizəsi tarixində Əliqulu Qəmküsarın
rolu xüsusilə böyükdür. 1906-cı ilin aprel
ayında "Molla Nəsrəddin" satirik jurnalının
nəşrə başlaması onun həyatında yeni səhifə
açır və jurnal onun dünyagörüşündə
ciddi dönüş yaradır. Bu dövrdə Qəmküsar
"İrşad" (1905-1907), "Tərəqqi"(1908-1909),
"Zənbur"(1909-1910), "Şəhabi-saqib"(1911) və
s. dövri mətbuatda çıxış etməyə
başlayır.
Əliqulu
Nəcəfov Qəmküsar 1880-cı il
mayın 24-də Naxçıvanda anadan olub. O, 1909-cu ildə
"Molla Nəsrəddin" jurnalının 33-cü nömrəsində
nəşr etdirdiyi "Çirk" adlı felyetonunda 1908-ci
ildə Naxçıvanda kütləvi yayılan
qızdırma xəstəliyindən və ona qarşı
aparılan müalicədən yazır. Burada Qəmküsarı
düşündürən birinci məsələ zamanı
üçün səhiyyənin müəyyən qədər
inkişaf etdiyi bir dönəmdə
"Naxçıvandakı bəndələrin" qəribə
"türkəçarələridir". Bunu,
sözün əsl mənasında, bir çarəsizlik kimi də
qiymətləndirmək olar. Sözügedən
"xəstə"likdən yüzlərlə insan
dünyasını dəyişib. Ancaq sakinlərin
"yeganə ümid" hesab etdikləri "doktor" -
"şəhərimizin vaizi molla Zülənam cənabları
vəz əsnasında tərləyib və çirklənmiş
köynəyinin tərini və çirkini onlara şəfa verdi. Belə ki, şəhərimizin hamı
müsəlman övrətləri balaca şüşə
götürüb Axundgildən pul ilə o mücərrəb
davadan alıb hansı bir qızdırmalının canına
və hansı boğazı gəlmişin boğazına
sürtdülərsə, filfövr şəfa tapıb,
canları bidin və laməzhəb rus həkimlərinin əlindən
qurtardı. Əlhəmdülillah, bu il şəhərimizdə
bir nəfər də qızdırmalı və naxoş
tapılmır".
1911-ci ilin sonlarında "Molla Nəsrəddin"
jurnalı maddi cəhətdən böhran keçirərkən
Ə.Qəmküsar qardaşını Tiflisə göndərərək
Mirzə Cəlilə öz köməyini təklif edir. Lakin bu iş baş
tutmadığından jurnal bağlanır. 1912-ci
ilin sonlarında Mirzə Cəlil Kəhrizdən Tiflisə
qayıdandan sonra Qəmküsarı da Tiflisə dəvət
edərək ona redaktorluğu təklif edir.
Beləliklə, Əliqulu bəy Naxçıvandan
Tiflisə köçür. Şairin qızı Qəmər
xanım yazır: "Mirzə Cəlil bizi çox
mehribanlıqla qarşıladı. Elə həmin
gün Mirzə Cəlil atamla razılığa gəldilər
ki, "Molla Nəsrəddin" jurnalının yenidən nəşrinə
başlasınlar. Ancaq bir şərtlə: jurnal iki
redaktorun imzası ilə çap olunsun; Mirzə Cəlil Məmmədquluzadə
və Əliqulu Nəcəfov". Jurnalda Qəmküsarın
adı 1913-cü ilin 6-cı nömrəsində
yazılır.
Əliqulu Qəmküsar həyatla vidalaşanda yeganə
yadigarı olan qızı Qəmər xanımın 11-12
yaşı olub. O, "Kiçik pəncərədən görünən
dünya" xatirələr kitabında Əliqulu bəyin cəsarətlə
mübarizəsini təsvir edir, 1913-cü ildən jurnalın
ikinci redaktoru və naşiri kimi necə böyük qüvvə
ilə işlədiyini xatırlayır. Əliqulu Qəmküsarın
az vaxtda iki dəfə həbs olunması,
Metex qalasına salınması onu yolundan döndərə
bilmir. Qəmər xanım öz yaddaşını vərəqləyərək,
Qəmküsarın Culfada, Naxçıvan və Tiflisdə
yaşadığı illərin ab-havası, bu ailənin
dostları və tanışları - Azərbaycan
ziyalılarının böyük bir nəsli ilə bizi tanış edir. Vurğunu olduğu və zəhmətini
yarı böldüyü Mirzə Cəlil, gur və
qıvrım saçlarına görə ailədə
"Britaniya şiri" adlandırdıqları Əbdürrəhim
bəy, Ağa Zeynal Məmmədov Gəncəvi, Ömər
Faiq, Eynalı bəy, Nəriman, Üzeyir, Cavid, Əli Səbri,
Bəhruz və başqaları - dövrün tanınmış
şair, jurnalist, bəstəkar və rəssamları bu ailənin
yaxın dostlarıdır. Bunların hər biri haqqında Qəmər
xanım belə yazır: "O illər atam Ömər Faiq ilə
çox yaxın idi: demək olar ki, hər axşam stolun
üstünə buğlana-buğlana qoyulan samovarın ətrafında
Faiq əfəndinin xüsusi yeri vardı"-
Əliqulu
bəy mətbuatda "Xadimi-millət",
"Otaylı", "Simurğ", "Cüvəllağı"
, "Qəmbərqulu", "Sarsaqqulu bəy", "Ləndahur",
və s. gizli imzalarla da çıxış edib.
1916-cı ilin mayında "Molla Nəsrəddin"
jurnalının nəşri müvəqqəti olaraq
dayandırıldıqda, Qəmküsar Mirzə Cəlillə
birlikdə səyahətə çıxır. "Ölülər"
komediyasını səyahətdən əvvəl Bakıda,
sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə
və Volqaboyu şəhərlərində oynayırlar.
Qəmküsarın "Ölülər"də
Şeyx Nəsrullah rolunu böyük bir məharətlə
oynaması məşhurdur. 1917-ci ilin
axırında Tiflisdə çıxan "Al bayraq", sonra
"Gələcək" qəzetlərində şeir və
felyetonlar çap etdirir.
Əbdürrəhim
bəy Haqverdiyev yazırdı: "Qəmküsar gözəl
natiq, şirinzəban, dərin fikirli, geniş məlumat sahibi
və insanı təəccübə gətirən hafizəli
bir vücud idi". Qəmər xanımın
yazdıqlarından aydın olur ki, Qəmküsar bir çox
şairlərin, o cümlədən Sədinin, Hafizin
yaradıcılığını əzbər bilirmiş.
Böyük aktyorlar nəslinin yetişmədiyi,
tək-tək parlaq ulduzların vərəmlədiyi bir
dövrdə Qəmküsar kimi ziyalılar şairlik,
jurnalistlik fəaliyyəti ilə yanaşı, ictimai eybəcərliklərin
ifşası üçün bir aktyor kimi də qrimlənməli
olurdular. Qəmküsar Şeyx Nəsrullah
rolunu böyük məharət və ustalıqla
yaradırmış. Hələ "Ölülər"də
baş rolda çıxış etməzdən
çox-çox əvvəl ailədə, yaxın dostlar,
yoldaşlar arasında Şeyxin "Necə təam",
"Necə cücə-plov" - sözlərini ləzzətlə
ifa edərmiş. Ərəb, fars dillərini
mükəmməl bildiyindən Şeyx Nəsrullahın bir
obraz kimi dolğunlaşmasında onun böyük rolu olub. Əliqulu Qəmküsar satirik şeirləri,
felyetonları ilə avamlığı, fanatizmi, ictimai
zülm və ədalətsizliyi ifşa etmiş, dəfələrlə
polis təqiblərinə, təhdidlərə məruz
qalmışdı.
1917-ci ilin əvvəllərində Rusiyada, Zaqafqaziyada
baş verən böyük siyasi hadisələri izləyən
Qəmküsar bu mövzuda da bir sıra yazılar qələmə
alıb. Şair "Nə yoğurduq, nə yapdıq,
hazırca kökə tapdıq" felyetonu, "İngiltərə"
şeiri milli azadlıq mübarizəsinin, siyasi satirik
yaradıcılığının ən gözəl
nümunələrindəndir. Əliqulu Qəmküsarın
toxunduğu ictimai-sosial mövzular sırasında
süstlük, mövcud problemlərə biganəlik,
narkomaniya, istismarçılıq, dini fanatizm və s. diqqəti
cəlb edir.
Onun "Tiryək" məqaləsində tənqid hədəfində
dünya həyatını sırf əyləncələrə,
kef çəkməyə həsr etmiş insanlar durur. Ölkənin və xalqın
maarifdən, təhsildən uzaq durması, geri qalması nəticəsində
insanların tiryəkə qurşanmasını, bununla da cəmiyyətdə
gedən siyasi-sosial proseslərə biganə qalmalarını
maarifçimiz satirik üslubda tənqid edir: "Doğurdan
da, insan nədi, nəşəsiz oldu nədi? Kamil
insan mən o adama deyərəm ki, Şamaxı qlavası kimi
gecə-gündüz nəşədə olsun. Şəhərdi, palçıx da olar, quru da olar,
abad da olar, xarab da olar. Şkoladı,
açılar da, bağlanar da. O cür boş-boş
işlərdən ötrü insafdır, insan keflənib
eşşəyi tərsinə minməkdən əl çəksin?
Yainki cəvahir kimi klubu qoyub gəlib əyləşsin
dumanın kəsavətli damında ki, nə var, nə var
şəhər işinə baxıram, gərək qoymayam
realni məktəb bağlana. İnsan niyə məktəb
bağlanmaqdan ötrü ürəyini sıxır, kefini
pozur..."
Savadsız kütlənin bank sektorundan
savadsızcasına istifadə edib onun qurbanına çevrilməsi
yazarın "Şeytan fəhləsi" fleytonunda geniş təsvir
edilir. Yeri gəlmişkən, problem günümüzdə
də müasirdir. Bu gün də bankların qurbanı
olan minlərlə insan var. Hətta xalq arasında yaranan
"artıq banka borcu olmayan ailə yoxdur" deyimi problemin
necə acınacaqlı olduğundan xəbər verir:
"Bunlar məhz şeytan fəhləsidirlər ki, qabaqca
bank rəisinə, uçotnı komitetə yalvar-yapış
eləyib, əl-ayaqlarına düşüb özlərinə
bankda kredit açdırıblar, indi isə ona-buna yalvarıb
veksil alıb bankdan tənzil ilə pul götürürlər.
Bəzisi noxud, kişmiş kimi tökür
cibinə başlayır xərcləməyə və bəzisi
dəxi mala verib qoyur dükana başlayır al-veri, bir vədə
görürsən ki, qazanc qudurdu mayanı basdı, bunları
saldı ayaqyoluna, hey nataryosa, miravoy sudyaya, sudebni pristova yol
döyürlər".
Müəllif
"Əshabi-Kəhf" məqaləsində mütəfəkkir
insanların ziyarətgahlara olan güclü inamlarını,
tibbi biliksizlikdən yaranan acizlikləri nəticəsində həmin
pirlərə şəfaverici məkan kimi baxmalarını,
onların həmin çürük inamları yolunda xərclədikləri
pulları və bundan faydalanan din xadimlərini satirik
üslubda - bütün ölkəni bürümüş bu
cəhalət xəstəliyini kəskin tənqid edir: "Gəncəlilərin,
canına qurban olduğum göy İmama, bakılıların
Bibiheybetə, şamaxılıların Malakan pirinə və
Hacı Seyid Əli ağanın qəbrinə,
şuşalıların Həzrət Abbas pirinə
imanları kamil olduğu kimi, naxçıvanlıların da
Əshabi-kəhfə o dərəcədə ixlas və iradətləri
kamildir. Hətta bu ilin içində iki nəfər
bəy vəfat edəndə məxsusən vəsiyyət
ediblər ki, bizim cənazəmizi aparıb Əshabi-kəhfə
dəfn eləyin, tainki yeddi kimsənə olsun doqquz. Və qövm-qəbilələri də aparıb
oradaca basdırıblar. Və söz yox
ki, indi onların ruhu cənnətdə rəhmət dəryasında
üzür".
Ə.Qəmküsarın "Babı" məqaləsində
insanların talerantlıqdan uzaq olması, vicdan
azadlığının aşağı səviyyədə
olması tənqid obyektlərindən biridir. Mütəfəkkir
insanları bir-birinin dini inanclarına hörmətlə
yanaşmağa səsləyir və o dövrdə öz
nüfuz dairəsini genişləndirən babilərin cismani cəzalarla
təqib olunmasına qarşı çıxırdı:
"Zəmani ki, haqq batil aydınlaşdı, hər kəs
öz ixtiyarındadır, hansını qəbul edər,
özü bilər, hansından üz döndərər, gənə
özü bilər. Hər kəsin dini, təriqəti
özü üçündür. Qoyunu
qoyun ayağından, keçini keçi ayağından asacaqlar".
"Bircə
məni qupquru qurudan budur ki, aya, görəsən
amerikalılar ki, beş yüz ildi dünyaya gəliblər və
belə ərköyün böyüyüblər ki, heç
bir boyunduruq altına girməyiblər, necə gəlib birdən-birə
gündə on doqquz rükət namaz qılacaqlar və hər
rükətdə on qodduz dəfə ya Bəha, ya Camal, ya Cəlal
deyəcəklər. Və necə iş-peşələrini
ötürüb dərviş kimi püst-pələngin
yığışdırıb düşəcəklər bərri-biyabanə
ki, qalan amerikalılara da təbliğ eləsinlər".
Əliqulu
bəy 1919-cu il mart ayının 4-də
axşam evinə qayıdarkən xaincəsinə qətlə
yetirilir. Onun menşeviklər tərəfindən
öldürülməsi bəlli olsa da qətl səbəbi
haqqında heç bir məlumat yoxdur. C. Məmmədquluzadə
məslək dostunun ölümünün 5 illiyinə həsr
etdiyi "Əliqulu Nəcəfov" adlı məqaləsində
ürək ağrısı ilə yazırdı: "Təəssüflər
edirəm ki, Əliqulu Nəcəfov kimi həqiqi və ləzzətli
əhli-qələm və şairimiz bu dünyadan vaxtsız
getdi və məcmuəmizi öz köməyindən məhrum
qoydu". Ə.Haqverdiyev isə Qəmküsarın
ölümünə təəssüf hissini belə ifadə
edib: "Əliqulu Nəcəfzadəyə dəyən
güllə "Molla Nəsrəddin" məcmuəsinin
ürəyinə dəydi".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 20 sentyabr.- S.11.