Azərbaycanın satira
jurnalları: dünəndən bu günə
1906-cı ildə nəşrə başlayan və illər
ərzində öncüllüyünü, bənzərsizliyini
saxlayan "Molla Həsrəddin" jurnalının ictimai
mühitə təsiri çox güclü oldu. Bu yazıda
"Molla Həsrəddin" jurnalından sonra Azərbaycanda
nəşr olunan satirik jurnalların xronologiyasına nəzər
salınacaq. "Molla Nəsrəddin"
jurnalının təsiri altında Azərbaycanda "Bəhlul"
(1907), "Zənbur" (1909-1910), "Mirat" (1910),
"An" (1910-1911), "Kəlniyyət" (1912-1913),
"Lək-lək" (1914), "Tuti" (1914-1917), "Məzəli"
(1914-1915), "Babayi-Əmir" (1915-1916),
"Tartan-Partan" (1918), "Şeypur" (1918-1919), "Zənbur"
(1919), "Məşəl" (1919-1920) kimi Azərbaycan
dilində nəşr olunan satirik jurnallarla yanaşı, bu
dövr Bakıda rus dilində "Cigit" (1907-1918),
"Vay-vay" (1908), "Bakinskoe qore" (1908-1909),
"Biç" (1909-1915), "Adskaya poçta"
(1909-1910), "Bakinskiye strelı" (1910), "Baraban"
(1912-1913) kimi satirik jurnallar da dərc olunurdu.
"Zənbur" məcmuəsi 1909-1910-cu illərdə
Bakıda "Molla Nəsrəddin" jurnalının təsiri
ilə nəşr edilən həftəlik satira jurnalı idi. Jurnalda Azərbaycan
teatrına, səhnə sənəti ustalarına, o cümlədən
Üzeyir Hacıbəyliyə qarşı haqlı-haqsız
hücumlar edilirdi. Maraqlıdır ki,
Üzeyir Hacıbəyli "Zənbur" jurnalı
haqqında rəy yazmış ("Yazıq qələm,
yazıq oxucular, yazıq ədəbiyyat ki, tərbiyəsizlər
əlinə düşübdür! Nifrət,
nifrət olsun müqəddəs qələmi qərəzi-şəzsi
aləti edənlərə, nifrət!"), həm də mətbuatda
"Zənburçu"lara açıq məktubla
çıxış etmişdi.
Jurnalın naşiri həkim və yazıçı
Əbdülxalıq Axundov, redaktoru əvvəlcə Rzabəy
Səlimxanov, sonra isə Əzim Əzimzadə və nəhayət,
knyaz Murtuz bəy Palavandov olmuşdu. Jurnalda Mirzə Ələkbər
Sabir, Əli Nəzmi, Abbas Səhhət, Əliabbas Müznib və
başqaları fəal iştirak ediblər.
"Babayi-Əmir" jurnalı 1915-ci il
21 apreldən 1916-cı il 17 oktyabradək Bakıda nəşr
olunub. Jurnalın redaktoru Əlabbas Müznib,
naşiri onun qardaşı Əbülfəz Mütəlliboğlu
olub. Cəmi 65 nömrəsi çapdan
çıxıb. "Babayi-Əmir"
jurnalının nəşrinə "Molla Nəsrəddin"
jurnalının böyük təsiri olmuşdu. 26-31-ci nömrələri üçün Əzim
Əzimzadə rəngli rəsmlər çəkmişdi.
(26-cı nömrəsinədək jurnal rəngsiz
çap olunurdu. "Babayi-Əmir"in əməkdaşları
arasında M.S.Ordubadi, Əli Nəzmi, Seyid Hüseyn,
Ə.Vahid, B.Abbaszadə (Hambal), H.İ.Qasımov və
başqaları vardı. Sələfi "Molla Nəsrəddin"
jurnalı kimi, "Babayi-Əmir"də də felyeton,
satirik şeir və s. janrlardan istifadə edilirdi. "Babayi-Əmir"in səhifələrində mədəniyyət
məsələləri, dini fanatizm əleyhinə mübarizə
və sair mövzularda yazılara, rəsmlərə geniş
yer verilirdi. Yazıları əsasən
şeirlərdən ibarət idi. "Zərərli
istiqamətinə görə" "Babayi-Əmir"
jurnalının nəşri dayandırılmışdı.
1914 fevral
ayının 22-dən həmin ilin 30 iyunundadək nəşr
olunmuş, cəmi 12 nömrəsi işıq üzü görmüş
"Lək-lək" (əslində senzura sənədlərində
"Leylək" jurnalının ərəb qrafikalı əlifbadan
transliterasiyasıdır. "Lək-lək"
"Molla Nəsrəddin" ədəbi məktəbi ənənələrini
davam etdirib. Jurnalın naşir və
redaktoru Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadə
olub. Jurnal İrəvandakı
"Luys" mətbəəsində çap edilirdi.
Onun nəşrinin dayandırılması ilə bağlı
müəllifin qeydləri var. Jurnalda dövrün
ictimai-siyasi, ədəbi və mədəni hadisələri
ilə yaxından tanış olmaq
mümkündür.
"Lək-lək" indiki Ermənistanda türk dilində
nəşr olunan ilk mətbuat orqanı, həftəlik məzhəkəli
məcmuə olub. 1913-cü ildə "Lək-lək"in nəşrinə
icazə verilməsi haqqında senzura sənədlərində
Gürcüstan SSR Mərkəzi Dövlət Tarix Arxivindəki
480-ci fondun 1-ci siyahısının 968 nömrəli
iş-qovluğunda İrəvan qubernatorunun "Lək-lək"i
buraxmaq haqqında Mir Məhəmməd Mir Fətullayevə və
Cabbar Əsgərzadəyə verdiyi 21 yanvar 1914-cü il
tarixli şəhadətnaməsində jurnalın baş məqalələr,
şeir, şəhər işləri, Qafqaz xəbərləri,
teleqramlar, xarici və daxili xəbərlər, felyeton, təmsil,
poçta qutusu, elanlar çapına icazə verilmişdi.
"Lək-lək" jurnalının 1914-cü il fevralın 22-də 1-ci nömrəsi, 12-ci
nömrəsi isə həmin ilin 30 iyununda nəşr olunub.
Akademik
İsa Həbbibbəylinin araşdırmalarında
vurğulanır ki, "Molla Nəsrəddin" ədəbi
məktəbi çox geniş anlayış olub, özündə
bir neçə yaradıcılıq istiqamətini,
çoxsaylı yaradıcı qüvvələri birləşdirirdi:
"Bir çox yaradıcılıq sahələri "Molla
Nəsrəddin" ədəbi məktəbi içərisində,
onun hüdudları daxilində xüsusilə inkişaf edərək
daha qabarıq şəkildə nəzərə
çarpıb. Beləliklə, vahid ədəbi
məktəb daxilində bir neçə məktəb, necə
deyərlər, məktəb içində məktəblər
yaranıb. "Molla Nəsrəddin"
satirik şeir məktəbi, mollanəsrəddinçi yeni nəsr,
satirik publisistika və karikatura məktəbləri "Molla Nəsrəddin"
ədəbi məktəbinin üzvi tərkib hissələridir.
Doğrudur, bu məktəblərdən hər
biri, xüsusən, mollanəsrəddinçi satirik şeir məktəbi
həm də müstəqil ədəbi məktəb təsiri
bağışlayır. Hətta "Molla
Nəsrəddin" şeir məktəbinin zəminində
formalaşmış və xüsusi bir Sabir satira məktəbi
də nəzərə çarpmaqdadır. Yaxud "Molla Nəsrəddin" karikatura məktəbi
ənənələri əsasında ayrıca Əzim
Əzimzadə karikaturaçılıq məktəbinin
yaranması da inkarolunmaz faktdır. Bütün
bunlar nəinki "Molla Nəsrəddin" ədəbi məktəbinin
əhəmiyyətini azaltmır, əksinə, bu möhtəşəm
məktəbin geniş sənət imkanlarını
nümayiş etdirir. Görkəmli Azərbaycan
ədəbiyyatşünası Firidunbəy Köçərlinin
fikrincə, "nöqsanlara gülmək yolu ilə müsəlman
cəmiyyətini islah etmək" mollanəsrəddinçi
təlimin baş xəttini müəyyən edir. Cəlil
Məmmədquluzadənin məsləkdaşı Ömər
Faiq Nemanzadə mollanəsrəddinçiliyi
aşağıdakı kimi mənalandırırdı:
"Molla Nəsrəddin"in gedəcəyi yol birdir ki, o da
hər şeydən artıq öz qüsurlarımıza,
öz üstümüzdəki ləkələrə, tərəqqiyə
mane olan cahilanə adətlərimizə acı-acı
gülüb, millətin səadətinə
çalışmaqdır".
Dövrünün görkəmli ziyalılarından
Yusif Vəzir Çəmənzəminli mollanəsrəddinçilikdə
"geniş kütlənin anlayacağı bir dildə"
yazıb-yaratmağı zəruri faktor kimi ön mövqeyə
çəkmişdi. Hətta realizmlə müqayisədə əks
mövqeyi təmsil edən Əlibəy Hüseynzadə də
bu qənaətdə idi ki, "Molla Nəsrəddin"in ələ
aldığı balta zöhk və xəndə, istehza və
rişxənddən, müstəhziyanə yazı və şəkillərdən
ibarətdir". Möhtərəm Əli bəy
Hüseynzadənin Cəlil Məmmədquluzadə ilə
1910-cu ildə Tiflisdəki tarixi görüşü zamanı
söylədiyi "açıq yazmağı bacarmaq hünərdir"
kəlamı da mollanəsrəddinçi ədəbiyyatın
ən çox mübahisə doğurmuş dil siyasətinin
üstünlüyünə verilmiş yüksək qiymətin
ifadəsi idi.
Mollanəsrəddinçilik təlimi "Molla Nəsrəddin"
ədəbi məktəbinin anayasası, nizamnaməsi və əsasnaməsidir.
Mollanəsrəddinçilik - ictimai satira vasitəsilə
mövcud cəmiyyəti yeniləşdirmək, məmləkəti
irəli aparmaq deməkdir.
Mollanəsrəddinçilik - xalqın milli-mənəvi
özünüdərkinin, millətin siyasi oyanışı
və ayıqlığının hərəkətverici
qüvvəsidir. Milli müstəqillik və azadlıq
uğrunda mübarizə mollanəsrəddinçilik təliminin
baş xəttini təşkil edir. Mollanəsrəddinçilik
təliminin daşıyıcısı olan "Molla Nəsrəddin"
jurnalı və mollanəsrəddinçilər milli istiqlala
bir ordudan ziyadə xidmət göstərmişdi. Bu mənada "Molla Nəsrəddin" jurnalı
Azərbaycan xalqının ən böyük istiqlal
kitabıdır. Mollanəsrəddinçilik
- milli istiqlal məfkurəsinin cövhərini təşkil
edir. Yaxud milli istiqlal uğrunda mübarizə
dövrün digər axınları ilə müqayisədə
daha çox mollanəsrəddinçilikdən
keçib".
Sovetlərin vaxtından bəri, onillərdir ki,
yaddaşlarda özünə möhkəm yer tutmuş
"Kirpi" jurnalının saylarına yenə də
köşklərdə rast gəlmək olur. Ötən
yüzilin 90-cı illərinə kimi jurnalın hər
sayı ictimai mühitdə böyük maraqla
qarşılanırdı. Görünür, 90-cı illərdən
başlayaraq satirik jurnalların artması, ümumiyyətlə,
qəzet-jurnal bolluğu "Kirpi"nin tədricən
ictimai mövqeyinə təsir göstərdi.
Jurnalın
baş redaktoru Polad Qasımovun jurnalın qayəsini ifadə
edən fikirləri maraqlıdır: ""Molla Nəsrəddin"
jurnalı fəaliyyətini dayandırdıqdan sonra
Azərbaycan mətbuatında satira-yumor sahəsində
boşluq yaranmışdı. Bu boşluğu
doldurmaq, bürokratları, rüşvətxor və el
malını talayanları, cəhalət
tör-töküntülərini, adət-ənənələrimizə,
mənəvi dəyərlərimizə xor baxanları
rüsvay etmək, satira və yumoru qoruyub saxlamaq və onu daha
da inkişaf etdirmək üçün 1952-ci ilin yayında
"Kirpi" jurnalı fəaliyyətə başladı.
Jurnal ilk sayında öz sələfinə
müraciət edərək bildirirdi ki, onun ənənələrini
şərəflə davam etdirəcək, xalqın
keşiyində dayanacaq, hər cür əyintilərə
qarşı mübarizədə Mirzə Cəlil
sözünün gücündən, onun ölməz
satirasından bəhrələnəcək.
Bu gün "Kirpi" öz vədinə, öz
sözünə əməl etməkdədir. Xalq öz
satirik tribunasından istifadə edərək haqqı nahaq
ayağına verənləri, irəliləyişimizə mane
olmağa cəhd göstərənləri, "burda mənəm,
Bağdadda kor xəlifə" iddiasına düşənləri,
adamları incidən, onları get-gələ salan rüşvətxor,
bürokrat idarə rəhbərlərini sözün və
fırçanın gücü ilə doğru yola, saflığa
və paklığa çağırır. Bu illər ərzində
"Kirpi"nin ətrafında həm də
böyük ədəbi məktəb yaranıb. Səməd
Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Süleyman Rəhimov,
Əli Vəliyev, Mir Cəlal, Sabit Rəhman, Əvəz
Sadıq, Seyfəddin Dağlı, Salam Qədirzadə kimi
görkəmli şair və yazıçılar,
İsmayıl Axundov, Həsən Haqverdiyev, Ziya Kərimbəyli,
Nəcəfqulu, Hüseyn Əliyev, Adil Elçin, Hafiz Nəsiroğlu
kimi məşhur fırça ustaları "Kirpi"nin səhifələrində
öz dəyərli əsərləri ilə oxucuları
güldürüb, düşündürüb, insanları mənəvi
saflıq uğrunda mübarizəyə səsləyiblər. İndi də belədir, "Molla Nəsrəddin"
ənənələri yaşayır və davam etdirilir.
"Kirpi"əvvəllər olduğu kimi yenə də həyatımızda
baş verən neqativ hallardan, dövlətçiliyimizin,
müstəqilliyimizin möhkəmlənməsi yolunda əl-ayağa
dolaşanlara, vəzifə hərislərinə, işinin
öhdəsindən gələ bilməyən məmurlara,
süründürməci və bürokrat idarə və
müəssisə rəhbərlərinə sərrast satira atəşi
açır, Mirzə Cəlilin, Sabirin, Üzeyir bəyin
düşündürən gülüşünün
işığı ilə hər evin, hər ailənin
qonağı olmağa çalışır. "Kirpi"
jurnalı daim öz sevimli oxucularına, ölkənin
satira-yumoru qiymətləndirən ziyalılarına
arxalanır. Onların verdiyi yüksək
qiymətin, məktub və siqnalların müqabilində
düzü-düz, əyrini-əyri görmək
üçün jurnal daim axtarır, araşdırır, yeni-yeni
görüşlərə tələsir. Bizim
məqsədimiz satira və yumorun gücü ilə sağlam
cəmiyyətdə sağlam ab-hava yaratmaqdır. Satira xalqdan gələn bir janrdır, nə qədər
xalq var, satira da yaşayacaq".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 23 sentyabr.- S.11.