Şərq və Qərb mədəniyyətlərinin perspektivləri

 

II yazı

 

Ötən saylarımızdan birində Azərbaycan ictimai düşüncəsində Şərq-Qərb mövzusuna (azadlıq, insanlıq, həqiqət, inkişafa münasibət, fərqli düşüncə və s.) yanaşma mövzusunda I yazını təqdim etmişdik. Mövzunu davam etdiririk.

İndi də ötən yüzilin əvvəllərində yaşamış şair Məhəmməd Hadinin düşüncələrinə varaq: Maarif tərbiyyət bəxşayi-hissiyyəti-vicdandır, maarif rövnəqəfzayi-riyazi-fikrətü candır - beyti ilə başlanan şeiri ruh etibarı ilə şairin bu əsərə qədər "Həyat" qəzetində və "Dəbistan" jurnalında dərc etdirdiyi "Məktəb", "Məktəb şərqisi", "İnsan nə ilə mükərrəm olur", "Lövheyi-təsviri-maarif", "Maarifə doğru" şeirləri ilə səsləşir. Bu fikirdə olan araşdırmaçı İslam Qəribli bildirir ki, bu şeir azadlıq, istiqlal və maarifin təbliği niyyətilə yazılıb.

"Əsasi-fikrimiz təmini-istiqbali-millətdir", - deyən şair bildirir ki, cəhalət odu və tənin sinəsinə çalın-çarpaz dağ çəkib, cəhl və qəflətdən maarifin nuru, ziyası sönüb. Hər tərəfi yaramazlıqlar bürüdüyündən "Vətən gülzarı xar olmuş", səadətdən əsər-əlamət yoxdur. Ən istəkli əməli "irtiqayi-mülki-millət" (millət mülkünün və tənin yüksəlişi və inkişafı) olan şairə görə əsarət zəncirini qırmaq, millətin istiqlalını qazanmaq üçün iki başlıca yol var: təhsil, maarif və həqiqət".

Məhəmməd Hadi yazır:

 

Həqiqət sayəsində kəsbi-qüdsiyyət qı lar millət,

Həqiqətlə edər növi-bəşər təhsili-hürriyyət.

Həqiqətlə olur baği-vətən gülzari-əmniyyət,

Həqiqət zahir olsa, parlayar ənvari-ülviyyət,

Həqiqət bin olanlar vasili-fövzü hidayətdir.

 

Araşdırmaçı bildirir ki, Hüseyn Bayqaranın "Azərbaycan istiqlal mübarizəsi tarixində ilk milli şair" adlandırdığı M.Hadinin "Füyuzat"ın noyabrın 13-də çıxan ikinci sayında iki şeiri dərc edilib: "Məzmun və ideya baxımından əvvəlki şeirlərdən fərqlənən bu əsəri şairin fəlsəfi lirikasının ən gözəl nümunələrindən biri hesab etmək olar. Bəşər, insan və cəmiyyət, istiqlal və istibdad barədə düşüncələrini bildirmək niyyəti ilə yazılmış şeirin ilk bəndi ilə şair oxucusunu bir çox suallarla baş-başa buraxır: - İnsan nədir? Əfsanə, ya həqiqət və bu varlığın cahana gəlməkdə məqsədi nədir? Səbəb nədir ki, fərzanələr belə dünyanın dolaşıq işləri qarşısında aciz qalıblar? Niyə dünya zülm və sitəm səhnəsinə çevrilib və nədən "Bu zülm abadi-giytidə (ədalətsizlik, zülm yeri olan dünyada) fəqət bir namı var ədlin?"

"Amali-istiqbal, yaxud ümid və əməllər" şeirində və şeirə nəsrlə əlavə olunmuş sonluqda M.Hadi azadlıq, mədəniyyət barədə düşüncələrini qələmə alır, Xristofor Kolumbun Amerika qitəsini kəşf etmək üçün bu işə ümidlə girişməsindən söz açır, fransız ədibi Viktor Hüqodan gətirdiyi sitatlarla ("Həyat həqiqətlə, mövcudiyyətdə xəyal və ümid ilə qaim dir", "Mövcudiyyət vicdandır, vicdan isə ümidlə, əməllə qaimdir" və s.) fikrini qüvvətləndirir və bu qənaətə gəlir ki: Ümmid ilə insan ediyor teyyi-mərahil. (İnsan ümidlə mərhələləri keçib başa çatdırır - İ.Q.).

Jurnalın 3-cü nömrəsin də M.Hadinin iki şeiri nəşr olunub. "Bədaye" adlanan birinci şeirin əsas mövzu həqiqətin tərənnümüdür.

Asif Ata "Şərq-Qərb" əsərində (1980) Şərqin özünəməxsusluğunu belə açır: "Şərq bir zamanlar müəllim idi, öyrədirdi, indi Qərbin arxasınca addımlayır, ona oxşamasıyla öyünür. Şərq bir zamanlar yeni ideyalar, formalar yaradırdı, indi həmin məzmunu, biçimi Qərbdən mənimsəyir. Geyimdən başlamış siyasi üsul-idarəyə, ictimai doktrinaya, ideala, fəlsəfi fikrə, bədiiyyata qədər nə varsa, hamısını Şərq Qərbdən götürür. Bir zamanlar Şərq Şərq olmağıyla fəxr edirdi, indi "mən Şərq deyiləm, mən elə Qərbəm" - deyir.

"Düşüncəm Qərb düşüncəsidir, duyğularım Qərb duyğularıdır, adətlərim, həyat tərzim, məişətim Qərbvaridir, özüm olmaq istəmirəm, Qərb olmaq istəyirəm.

...Şərq öz bədii ənənəsini davam etdirmədi, Qərb ənənəsini mənimsədi və bu səbəbdən də sənət zirvəsi yarada bilmədi.

Şərq öz mədəniyyətinə Qərbin gözü ilə baxdı, Qərb rasionalizminin, praqmatizminin ölçüsüylə yanaşdı, özündən ayrıldı. Ona elə gəldi ki, tarixində, qədimliyində nailiyyəti azdır, yalnız Qərbləşəndən, avropalaşandan sonra onun əsl tarixi başlanacaq. Şərq özünü inandırdı ki, onun dünəni despotçuluqdan, qəsbkarlıqdan və xurafatdan ibarətdir və bu səbəbdən də onun özünə əsaslanmağa, öz ənənələri əsasında təbii şəkildə inkişaf etməyə imkanı yoxdur, o, özünü rədd edib, Avropanı qəbul etməlidir. Əslində isə Şərqin öz yoluyla getmək, öz ənənələri əsasında müasir mədəniyyət yaratmaq üçün hər cür imkanı var idi.

Zərdüştdən, Buddadan başlayan Sufilik, Hürufilik səviyyəsinə yüksələn fəlsəfi ideyalar əsasında orijinal Şərq fəlsəfəsi yaratmaq mümkün idi. Qərb Şərqin fəlsəfi siqlətini özündən yaxşı anladı, ondan bəhrələndi, onun təsiriylə həyat fəlsəfəsi, intiutivizm və s. yaratdı.

...Şərq elə hesab etdi ki, əgər Qərbdə yeni bir ictimai cərəyan yaranırsa və bu cərəyan əsasında dünyanı cənnətə döndərirlərsə, o, bu axından kənarda qala bilməz, tezliklə "nicat doktrinasını" qəbul edib cənnətə hamıdan tez çatmalıdır. Şərqin Qərbçilik dövrü ona ağır başa gəldi. İndi o, özünə qayıtmalıdır, ya da Qərbin bulanıq sularında qərq olmalıdır".

Bu yerdə professor Səlahəddin Xəlilovun fikirlərinə varaq.

O, Hüseyn Caviddən misal gətirir: "Hələ XX əsrin əvvəllərində - Bakıda kapitalizmin meydana gəldiyi ilk dövrlərdə Qərb sivilizasiyasına, Avropaya seçkili münasibətin zəruriliyini dərk edən H.Cavid yazırdı:

 

Yurdumuzu sardıqca

Düşkün Paris modası,

Hər kəsə örnək oldu

Sərsəm firəng ədası.

 

Müasir Qərb dünyası daxilən ziddiyyətli olduğundan və rasional düşüncəni mütləqləşdirdiyindən onun birtərəfli tərəqqisi labüd surətdə mənəvi deqradasiyaya gətirir. Lakin Avropa böyük cidd-cəhdlə bu böhrandan xilas olmağa çalışır. Biz isə bəzən onu tərəqqi etdirən amillərdən xəbərsiz halda, onun iflas məqamı Qərb sivilizasiyası ilə qarışıq salır, Qərbin xilas olmaq istədiyi və məmnuniyyətlə bizə ixrac etdiyi bayağı mədəniyyətdən ikiəlli yapışaraq "müasir" olmağa çalışırıq. İstisinə isinmədiyimiz bir şeyin tüstüsünü bəh-bəhlə qəbul edirik. Şərq təfəkkür tərzini atıb Qərb təfəkkür tərzindən yapışmaq (yeri gəlmişkən, təfəkkür tərzi uzun müddətə formalaşır və onun dəyişilməsi də çox mürəkkəb və uzun prosesdir) nə deməkdir? Əsas məqsəd hər hansı təfəkkür tərzinin zəif cəhətlərindən, birtərəfliyindən azad olmaq deyilmi? Məsələ burasındadır ki, müasir dövrdə Şərq və Qərbin qarşılaşdırılması, onların fikir tərzində olan özünəməxsusluğun mütləqləşdirilməsi və yalnız bu və ya digər tərəfə üstünlük verilməsi heç bir müsbət nəticəyə gətirə bilməz. Müasir təfəkkür hətta müxtəlif sivilizasiyaların bir-birindən köklü surətdə fərqli olan düşüncə tərzlərini "barışdırmağı", onların mütərəqqi cəhətlərini birləşdirməyi nəzərdə tutur. Son zamanlar hamını heyrətləndirən "Yaponiya müəmmasının" açarı da məhz Şərq və Qərb təfəkkür tərzlərinin uğurlu vəhdətində, başqa sözlə, Şərqə məxsus yüksək mənəvi potensialın Qərbə məxsus rasional düşüncə mədəniyyəti ilə birləşdirilməsində axtarmaq lazımdır. Şərq və Qərb mədəniyyətlərinin və müvafiq təfəkkür tərzlərinin üstün cəhətlərinin aşkar edilməsi həm tarixi, həm də məntiqi planda xüsusi tədqiqat tələb edir. Müasir cəmiyyətşünaslığın vəzifələrindən biri də xalqımızın milli mədəniyyətini və təfəkkür tərzini Şərq və Qərb mədəniyyətləri kontekstində araşdırmaqdan və onun inkişaf perspektivlərini müəyyənləşdirməkdən ibarətdir. Ciddi elmi tədqiqata əsaslanmayan qənaətlər, empirik müşahidədən çıxarılan nəticələr isə çox vaxt qüsurlu olur. Məsələn, bəziləri belə hesab edirlər ki, düşüncəmizin ətalətliliyi, məsuliyyətsizlik, biganəlik, "əşi, nə olsun ki..." münasibəti, utancaqlıq və s. Şərq təfəkkürünün tərkib hissəsidir. Əlbəttə, məsuliyyətsizlik, biganəlik pis keyfiyyətdir. Lakin o, yalnız Şərqin ənənəvi mənəviyyat tərzi kimi izah oluna bilməz, çünki daha çox dərəcədə sosial mühitlə, sahibkarlıq hissinin olmaması ilə bağlıdır. Bu isə sosializmdən miras qalmış bir keyfiyyətdir.

Utancaqlıq və ətalətli düşüncə kimi keyfiyyətləri isə ancaq qara rənglə çəkmək düzgün olmazdı. Utancaqlıq nədəsə bizə mane olur deyə, əsrlər boyu formalaşmış bu yüksək mənəvi keyfiyyətdən azadmı olmağa çalışmalıyıq? Əgər ali hisslər intellekti üstələyirsə, birincidən azad olmaq əvəzinə, ikincini inkişaf etdirmək barədə düşünməli deyilikmi? Elə yüksək intellektual səviyyəyə, praktik fəaliyyət və təfəkkür mədəniyyətinə yüksəlmək mümkün deyilmi ki, öz sözünü demək və haqqını müdafiə etmək işində abır, utancaqlıq, təvazökarlıq hüdudu daha mane ola bilməsin? Hər hansı çəpəri, bəndi keçməyin üç yolu var: bəndin altından sürünüb keçmək, bəndi dağıdıb keçmək və nəhayət, bəndin üstündən keçmək. Birinci yol - alçalmaq, axırıncı - yüksəlmək tələb edir. Bəndin dağıdılması isə min illər ərzində yaradılmış bir abidənin, mənəvi meyarın aradan götürülməsidir ki, bu zaman ölçü itir, yüksəkliklə alçaqlıq eyniləşir. Vaxtilə, burjua inqilabi aristokratiyanın böyük səylə əməl etdiyi adət-ənənələri, əxlaq və davranış qaydalarını alt-üst etməklə intellektin əxlaqi meyar üzərində birtərəfli qələbəsini təmin etdi. Rasional düşüncə və işgüzarlıq təşəbbüslərinin qarşısını ala biləcək heç bir mənəvi məhdudiyyət saxlanmadı. Bir sahədəki ifratçılığın yerini başqa sahədəki ifratçılıq əvəz etdi. Əvvəl bir istiqamətdə pozulan müvazinət sonra başqa istiqamətdə pozulmuş oldu. Qərb intibahı şərqçilikdən qərbçiliyə keçid prosesində müvəqqəti müvazinət mərhələsi oldu. Lakin bu mərhələdə qərar tutmaq Avropaya müyəssər olmadı. Kəfkir ətaləti ilə o biri qütbə hərəkət etdi. Mənəvi qadağanlar rasional fikir süzgəcindən keçirilərək hüquq qaydaları ilə məhdudlaşdırıldı. İntellekt isə yüyənsiz at kimi baş alıb elə uzaqlara getdi ki, insan tezliklə öz əməllərinin peşmançılığını çəkməyə başladı. Bioloji və sosial ekologiyaya mənəvi ekologiya problemləri də əlavə olundu.

Müvazinət pozulanda, insanın mənəvi həyatı daxili çarpışma və ziddiyyətlərdən məhrum olanda o, inkişaf impulsunu itirir, durğunluq vəziyyətinə düşür. Əksinə, mənəvi qadağanlarla rasional düşüncə və fəaliyyət, ətalət qüvvəsi ilə hərəkətverici qüvvə bir-birinə tən gələndə insanın birtərəfli inkişafına, mənəvi deformasiyasına yol verilmir.

İnsan təbii ki, həmişə yeniliyə can atır. Lakin hər bir yeniliyə qarşı daxili müqavimət hissi də olmalıdır. Bu hiss həddindən artıq olanda durğunluq, zəif olanda - özbaşınalıq, anarxiya yaranır".

 

Uğur

Xalq Cəbhəsi.- 2014.- 25 sentyabr.- S.14.