Azərbaycan mətbuatının ideya axtarışları: “Əkinçi”dən “Tərcüman”a kimi

 

Azərbaycan ictimai fikir tarixində milli mətbuatın əsasını qoyan böyük maarifpərvər Həsən bəy Zərdabinin publisistikasında milli oyanış, milli düşüncə yönü ilə bağlı

kiayət qədər fikirlər var. O, xalqımızın var olması üçün əlindən gələni etmiş, çağında bu məqsədlə var gücü ilə çalışmışdı. Araşdırmaçı Cənnət Hağıyeva bildirir ki, yeni ictimai-siyasi mədəni şərait yeni yanaşma tələb edirdi. Anadilli ədəbiyyat ədəbi dil irəliyə doğru böyük addım atdı. Yerli türk eliti etnosun geridə qalmasının fərqinə varmağa başladı, bu geriliyin aradan qaldırılmasında maarifin yayılmasına müstəsna önəm verdi. Yeni mərhələnin başlanması haqqında M.Ə.Rəsulzadə yazırdı: "İllər keçdi, bir tərəfdə "mirzə", digər tərəfdə "uçitel" durdu. Bunlar bir çox zaman anlaşamadılar. Farslaşmış mirzə gibi, ruslaşmış uçitel xalqın intiutiv duyduğu mətləbi bir çox zaman dərk edəmədi. Məktəb mədrəsələrə qarşı üsulsuz mübarizələrdən sonra "uçitel" məqsədi anladı; bildi ki, Sədini , Tolstoyu da türk xalqına öyrətmək, türkü onlarla aşina etmə həm lüzumlu, həm faydalıdır. Fəqət bununla bərabər türkü kəndi Sədisindən, Tolstoyundan məhrum etmək olmaz".

Bu yeni keyfiyyət mərhələsinin öncül şəxsiyyəti Həsən bəy Zərdabi (1842-1907) oldu. Artıq ixtiyarlaşmış Axundzadənin pessimizmini ziddiyyətlərlə dolu istedadını Zərdabinin səmimi dəqiq ifadə olunmuş məramı, nümayəndəsi olduğu xalqın problemlərinin həllinə yönəlmiş enerjisi optimizmi əvəz etdi. Axundzadənin "əl çək yaxamızdan!" tələbini gənc Həsən bəy "...ixtiyar sahibisiniz, görünür, dincəlmək istəyirsiniz. Allah rahatlıq versin, ancaq elə fikirləşməyin ki, xalqın maariflənməsi bir məqalə, ya pyeslə düzələsi şeydir. Xeyr, burada görüləsi çox-çoxdur!" şəklində cavabladı. Zərdabi tarixi çağdaş gerçəkliyi ortaya qoydu. O yazırdı ki, "bir neçə ildir ki, rus dövlətinə tabe olmuşuq", "Dövləti-Rus bizim vilayəti zəbt edəndən irəli...".

"Zaqafqaziyada yaşayan tatarların dilinin Osmanlıdakı rəsmi dildən "köklü fərqi" olduğunu" iddia edən Mirzə Fətəlidən fərqli olaraq Zərdabi yazırdı: "Doğrudur, Osmanlı dili bizim dil ilə düz gəlmir, amma onların elə təfavütü yoxdur ki, birindən o birinə tərcümə etmək lazım ola". Zərdabi əsas fərqin Osmanlıdakı rəsmi ədəbi dilə ərəb, fars başqa dillərdən çoxlu alınma sözlərin girməsi ilə izah edir".

Zərdabi yazırdı: "Əgərçi İstanbul şəhərində müsəlmanlar üçün çox qəzet çap olunur, amma onlar Osmanlı dilində olduğuna bizim üçün elə ləzzət eləməz, lakin "Əxtər" qəzeti fars dilində çap olunduğuna fars dili bizim vilayətlərdə çox işləndiyinə, ümidvarıq ki, onu bizim tərəflərə gətirdən çox ola. Əgər qeyri məmləkətlərin sakinləri "Əxtər" qəzetini gətirtmək istəyələr, onlara məsləhət edirik ki, onu birbaş İstanbuldan gətirsinlər".

Zərdabinin təxminlərinə görə, Bakı quberniyasında ümumi əhalinin (100 min) cəmi 10 mini erməni idi, ruslar ondan da az idilər. Ancaq quberniyadakı yeganə gimnaziyada oxuyan 500 tələbədən 250-si rus, 150-si erməni, cəmi 100-ü isə müsəlman idi. O yazırdı: "Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək ki, onlara zindəganlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzaranlıq onların əlinə keçəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub tələf olacağıq... Ey müsəlmanlar, heç mürüvvətdirmi ki, tamam dünya bizim qonşularımız ilə belə elm təhsil etməyə səy etsinlər ki, zindəganlıq cəngində düşmənə faiq gəlsinlər, amma bizlər Allahdan buyruq, ağzıma quyruq deyib duraq?"

Azərbaycan mühitində ilk dəfə qəzet çıxarmağın vacibliyini Həsən bəy belə əsaslandırırdı: "Dünyada ittifaq olmasa heç bir cəmiyyət işi bina tutmaz. Bizim sabiq cəmiyyəti-xeyriyyə bina tutmadığından, tiyatro oynanan otaq boş qaldığından aşikar oldu ki, müsəlman qardaşlarımızı bir yerdə cəm edib zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus bizim yerlərdə qonşularımız elm təhsil edib, gün-gündən irəli gedib, bizim əlimizdə olan mülk-malımıza sahib olurlar və az vaxtdan sonra biz onlara rəncbərlik edib onların malını daşımaqdan ötrü kirakeşlik edəcəyik. Belədə nə qayırmalı? Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır, axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir əlac yoxdur".

Həsən bəy Zərdabinin ulusal qayğıları bu gün də diqqətçəkəndir: "Bizim qonşular bizlərdən birə-əlli artıq elm təhsil etməyə səy edirlər, yəni zindəganlıq cəngində onların birisi əlli müsəlmana bərabərdir. Onların birisi qazandığı dövləti əlli müsəlman qazanır". Erməni və gürcülərin yaratdıqları məktəblər haqqında "Əkinçi"nin bir neçə sayında danışılır və onlar müsəlmanlara örnək göstərilir: "Əkinçi" demək olar ki, hər sayında yeni üsul (üsuli-cədid) məktəblərinin yaradılması zərurətindən bəhs edir. Bu məktəblərdə ana dilinin tədrisi də vacibdir, çünki "belə məktəbxana açan gərək yaddan çıxarmasın ki, gələcəkdə gərək biz də adam olaq və hər bir elmi öz dilimizdə oxudaq. Ona binaən indi açılan məktəbxanalarda öz dilimizi oxutmaq nə ki lazımdır, bəlkə vacibdir".

Zərdabinin ictimai fikrə gətirdiyi düşüncə yönü istər-istəməz çağının tərəqqisinə çalışmaq istəyənləri kökləyir və məsuliyyətə çağırırdı: "Zərdabi və dostlarına görə, ənənəvi məktəblərdə dərslik yerinə istifadə olunan fars klassik ədəbiyyat nümunələrini də yeni dərsliklərlə əvəz etmək lazımdır. Yeni dərsliklər hazırlamağın çətinliyini nəzərə alan "Əkinçi" müəllifləri bu ehtiyacın Osmanlıdakı dərsliklər hesabına ödənilməsini təklif edirlər: "Bir neçə ildir ki, Osmanlı dövləti məktəbxanalar açıb, hər bir elmi öz dillərində xalqa öyrədir. Çün onların kitablarını bizim adam üçün oxumaq çətindir, ona binaən yaxşı olurdu ki, bizim millət qeyrəti çəkən qardaşlar bir icma bərpa edib, ol kitablardan gətirib, çapxana açıb öz dilimizdə çap elədib, xalqa müftə, ya bir az qiymətə paylasın ki, bizim məktəbxanalarda şair kitablarının əvəzində ol kitablar oxunsun".

Araşdırmaçı daha bir məqama diqqət çəkir: "Əkinçi"nin müdafiə etdiyi yeni üsul məktəb konseptində əski bədən cəzasına əsla yer yoxdur və bədən cəzası şagirdin normal şəxsiyyət kimi formalaşmasına mane olan amil kimi qiymətləndirilirdi".

"Əkinçi"nin yazarlarından olmuş məşhur dramaturq Nəcəf bəy Vəzirov yazırdı: "Bizim müəllim uşaq üçün cəlladdır. Uşağı döyməyə, papiros çəkməyə adət edən təki adət edib deyir: uşad döyülməsə oxumaz. Guya ol biçarə eşşəkdir ki, bizləməsən yeriməz. Ata və ana uşağı ona tapşıranda deyir: əti sənin, sümüyü mənim. Döy ki, adam olsun və dəxi bunu fikir etmir ki, belə döyülməkdən özü bu günə qalıb və belə vay günə onun övladı həm qalacaq".

Zərdabi və başqa "Əkinçi" müəlliflərinə görə, inkişafın digər mühüm stimullarından biri də mətbuatdır. Dəfələrlə qəzet səhifələrində qonşuların mətbu orqanlarının və onların oxucularının sayı haqqında məlumatlar verilir və müsəlman əhali bu müqayisədən dərs almağa, heç olmasa "Əkinçi"ni qorumağa çağırılır. Əsgər ağa Gorani yazırdı: "Qafqazda iki milyonacan müsəlman var, amma bununla belə bircə qəzeti də dolandıra bilmir və halonki yarımca milyon ermənilərin 4 qəzetləri və 4 jurnalı var".

Həsən bəy Zərdabi inkişaf etmək, irəliyə getmək üçün həyatın hər sahəsində yeniliyin gərəkliyindən söz açırdı: "Nə qədər Avropa əhli bizim təki azadlıqdan bixəbər olub, ol vaxtacan bizdən bədtər olub. Əgərçi bizim şəriətimizə görə qul azad etmək çox böyük savabdır, amma biz bu barədə həmişə gec qalmışıq. Satınalma qulu azad etməyi savab hesab edə-edə biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq. Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, şagird ustada və qeyrə məgər qul

deyil?"

1879-cu ildə Tiflisdə "Ziya" adlı qəzet nəşrə başladı. Qəzetin naşirləri burada mətbəə qurmuş Səid və Cəlal Ünsizadə qardaşları idi. Əsasən dini mövzularda yazan bu qəzet qapadıldıqdan (1881) sonra onlar "Ziyayi-Qafqaziyyə" qəzetini təsis etdilər (1881-84). Eləcə də onlar qəzetlə paralel "Kəşkül" adlı həftəlik dərginin nəşrinə başladılar. Araşdırmaçıların fikrincə, bu mətbuat orqanlarının birinci özəlliyi Azərbaycanda işlədilən yerli ədəbi türkcəni Osmanlı türkcəsi ilə yaxınlaşdırmaqdan ibarət idi. Ünsizadə qardaşlarının mətbu orqanlarının ikinci özəlliyi isə burada kimlik arayışının özünü göstərməsidir. "Kəşkül" dərgisinin 14 noyabr 1890-ci il tarixli 115-ci sayında çap edilmiş "Avam gəzmək - yuxu görməkmi dedin?" başlıqlı məqalə sonralar araşdırıcıların örnək gətirdikləri qaynaq olub: ""Şələ papaq başında, qartı yapıncı çiynində, arşın yarım xəncəl budunda" olan məqalə müəllifindən Tiflis vağzalında bir "keçisaqqal əcnəbi təmiz türk dilində" onun millətini soruşur. Müəllifin "müsəlmanam" cavabı verməsi həmin əcnəbini qane etmir. Onun israrları qarşısında yenə özünü "müsəlman" sayan kəs düşünür: "Bilirəmmi mən hanki millətdənəm? Bizim molla, ya bizim axund görəsən bilirmi?" Əcnəbi onun "kiridiyini görüb" izah etməyə başlayır: "Ərəb, fars, türk, hind, əfqan və qeyrə - bunların hamısı islamdırlar, ancaq hər birisinin milləti ayrıdır". Daha sonra da bu əcnəbi öz dininin katolik, millətinin isə italyan olmasını deyir. Millətini bilməyən bu müsəlman, yenə də "...eyib də olsa, gərək dürüst ərz edəm, mən bilmirəm ki, mən nə millətdənəm!" deyir. Milli şüuru olmayan bu adamdan əl çəkməyən əcnəbi, millətin özəlliklərini, onun nə olduğunu izah etməyə çalışır. Millət anlayışından xəbəri olmamağı "avamlıq" sayan həmin əcnəbi bu adamın millətini ona izah edir. O izah edir ki, rusların və gürcülərin sizləri "tatar" adlandırmalarına baxmayaraq, siz "tatar" deyilsiniz, "sizin diliniz, adətiniz, xasiyyətiniz tatarlardan başqadır". Həmin əcnəbi milli şüuru olmayan bu "şələpapaq" müsəlmanın millətinin "Azərbaycan" olduğunu deyir. Özü də Arazın o tayında da eyni "Azərbaycan tayfası"nın olduğunu əlavə edir. Bu sözlərdən təsirlənmiş şüursuz adam qərar verir ki, "indidən sonra mollaları, axundları dəng edəcək, ...niyə bizi bu əhvalatlardan halı etmədiklərini" soruşacaq.

 

Uğur

Xalq Cəbhəsi.- 2014.- 26 sentyabr.- S.11.