Axır ki, qoynuna gəldim, Gicəki

 

Qobustan rayonunun Dərəkənd kəndində müəllim işləyirəm. Vətən şəhidi İqbal İbrahimovun adını daşıyan tam orta məktəbdə. Artıq 8 ildir Bakıdan bura təpik döyürəm. Ancaq bəxtimə yaxşı yer, yaxın yer, yaxşı camaat düşüb. 2010-cu ilə qədər dəfələrlə eşitmişdim ki, bu bölgənin ən hündür dağlarından biri Gicəki dağıdır.

Deyirdilər, maraqlı, görməli yerdir. Amma burdan-bura hələ Gicəkini görməyənlər varmış. Çox adam bu kənddən mənə vəd eləmişdi ki, "Müəllim, mütləq səni Gicəkiyə aparacağam, özü elə-belə yox ha! Bir çəpişdən-quzudan götürəcəm, video təşkl edəcəyəm, ürəyin istəyən adamları da dəvət edərsən, bir gün ləzzətlə Gicəkidə yaxşıca dincələrik (Əslində mənim yeyib-içmək marağım olmayıb, sadəcə, oranı görmək istəyirdim). Onda görərsən Mərəzədə Gicəki olan şeydi? Bizim sənə çox böyük hörmətimiz var, müəllim. O boyda yolu gəlib burda balalarımıza dərs deyirsən. Bunu eləmək şeydir, bəyəm? Bircə yaz gəlsin".

Bir başqası qışın oğlan çağında: "Müəllim, bir şey qalmayıb, allah qoysa, Novruz aşını yeyib gedəcəyik. Ya bir yaxşı, karlı hinduşka, ya da bir quzu götürəcəm. Mütləq gedəcəyik. Yoxsa ola bilərmi ki, neçə il sən burda dərs deyəsən, amma biz səni aparıb Gicəki kimi yeri göstərə bilməyək?" Müəllim yoldaşlarımsa məni gah atla, gah maşınla, gah da motosikletlə "aparıb Gicəkiyə çıxartdılar". Beləcə beş il xəyalplovdan o qədər yedirtdilər ki, day doymuşdum. Getməyə heç həvəs qalmadı.

Üzləri olsun, işləri avand olsun hamısının. Kənd adamlarıdır, yəqin vaxtları olmur: əkin-biçin, mal-qara... isə. Məndə tab qalmadı, insafdan-zaddan keçdim beləliklə, aşağıdakı şeir parçası yarandı ildırım sürətilə kənd arasında yayıldı.

 

Gicəki dağından gözəli varmı?

 

Deyirsən Pirqulu, Şahdağ gözəldi,

Gicəki dağından gözəli varmı?

Ağrıdağı, Babadağı əzəldi,

Gicəki dağından əzəli varmı?

Çoxdandı canıma dolub həvəsi

Uzaqdan cəlb edir görən hər kəsi.

Yayılıb aləmə getməyin səsi,

Gicəki dağından gözəli varmi?

Dediniz aparrıq, inandım mən

Ziyarət eşqinə tələsdim kəndə,

bilim, sözünüz qalıb dünəndə,

Gicəki dağından gözəli varmı?

Yaşarın vədini aldım ciddiyə

Endim dərəsinə, qalxdım gədiyə

Dirili Yusifə gözəl hədiyyə,

Gicəki dağından gözəli varmı?

Elsevər atları çaparaq gəlsin,

Vasif "Volqa"yla qoparaq gəlsin,

Eladar "Jiquli"ni taparaq gəlsin,

Gicəki dağından gözəli varmi?

Ziyafəddin kişi səfər üstədi,

Salamat ləngidir, Zamiq xəstədi,

Yusif qəribə bir həvəsdədi,

Gicəki dağından gözəli varmı?

(Dərəkənd kəndi, mart, 2009)

 

Bu hadisənin üstündən bir müddət ötmüşdü, maaşlar da gecikirdi. Mayın 15-i günü dedilər pullar verilir. Müəllimlərdən bəziləri Mərəzəyə yollandı. Həmin gün həftəsonu olduğuna görə dərslər bitən kimi Bakıya dönməliydim. Bu ara telefonum zəng çaldı. Elsevər müəllim idi. "Ay Yusif müəllim, yaxşı bazarlıq eləmişik, müəllimləri təşkil edin, özün bir az ləngi, bu gün gedək Gicəkiyə". Burda deyəsən işıqucu görünürdü. Çox qısa vaxtda hamı yerbəyer oldu. Gəzinti üçün lazımdırsa, miniklə birgə təcili həllini tapdı. Belədə deyirlər ki, Allah özü düzəltdi. Qabaqcadan hazırlıqsız-filansız baş tutan Gicəki səfəri hamıya ləzzət elədi. Onda bildim k, tək mən deyilmişəm bu cənnətməkan yeri görməyən. 2-3 nəfərdən savayı sən demə, çox adam getməyin həsrətindəymiş. 15-cən müəllim, həmkarlarımız Elnur müəllimin "Jiquli"si ilə Vasif müəllimin "Volqa"sına əyləşib 10-12 km-lik məsafədə yerləşən Gicəkiyə yollandıq. Nağıllarda deyildiyi kimi dərə keçdik, təpə aşdıq, düz getdik axır ki, Gicəkiyə yetişdik. Öncə mənim diqqətimi yüksəklikdə vaxtilə mövcud olmuş qədim yaşayış yerlərinin qalıqları cəlb elədi. Gicəkinin dövrələmə döşlərindəki kolluq ağaclıqlar da adama ləzzət eləyirdi.

Gerçəkdən bir gözəl gün yaşadıq burada olduğumuz saatlarda.

Dəniz səviyyəsindən 1000 metrədək yüksəklikdə yerləşən Gicəkinin zirvəsindən baxanda Bakı da, Şamaxı da qalır ayağının altında. Büsbütün sinəboyu qalxan gül-çiçəkli əlvan yaşıllıq, sovetlər dövrü hərb düşərgəsinin möhtəşəm izləri fərqli təəssürat yaradırdı insanda. Yadımda qalan həm o oldu ki, cəm olduğumuz 2 minik maşınından birinin təkəri yarıyolda partladı. Az sonra bizə qənşər gələn "Kamaz"ın sürücüsü köməyimizə çatdı. Digər bir maraqlı hadisə hələ kənddən çıxan məqamlarda göyün üzünə qapqara buludun çökməsi, Gicəkinin zirvəsində selləmə yağış qorxusunun olmasıydı. Biz getməkdə qətiyyətli idik deyə, ya nədəndirsə, yolumuza sərinlik içində bir nur səpildi. Beş-on xırda damcını nəzərə almasaq, zirvədə bizi qarşılayan sakit sərin hava kollektivimizin gəzintisinə xüsusi yaraşıq verirdi.

Beləliklə, arzuma qovuşdum. Bu gözəlliyə möhtəşəmliyə heyranlıqdan vəcdə gələrək Gicəkiyə həsr etdiyim növbəti şeiri yazdım. Həmin şeiri ilk dəfə Gicəki səfərindən 15 gün sonra keçirilən son zəng tədbirində oxudum. Deyəsən, hamının - müəllim həmkarlarımın, şagirdlərimizin, kənd sakinlərinin, eləcə rayon icra hakmiyyətindən, təhsil şöbəsindən təşrif buyurmuş qonaqların, o cümlədən digər tədbir iştirakçılarının çox xoşlarına gəlmişdi.

Qeyd etməyə bilmərəm ki, elə bu günün özündə Gicəkiyə yeni səfər barədə söhbətlər təzədən gündəmə qayıdıb. Vədlər baş alıb gedir. Sözünə hakim olanları tanıyıram, vədəbazlar da var axı? Görək , bu dəfə necə olacaq? Təki gerçək olsun...

 

Axır ki, qoynuna gəldim, Gicəki

 

Çoxdan görüşünə amadə idim

Axır ki, qoynuna gəldim, Gicəki.

Gətirən yox idi, piyada idim,

Axır ki, qoynuna gəldim, Gicəki.

Keçdim bərələrdən, ötdüm zamandan

Yağmurlu vaxtından, şehli dumandan.

Adladım ilğımlı min bir gümandan,

Axır ki, qoynuna gəldim, Gicəki.

Keçmiş günlərinə, ilinə baxdım

Seyr etdim çəməni, gülünə baxdım.

Sinəndə yamyaşıl tülünə baxdım,

Axır ki, qoynuna gəldim, Gicəki.

Sağ olsun dostları, axır ki, gəldik

Adı bəllənməyən tarixsən, bildik.

Gizli mətləbləri götürdük, sildik,

Axır ki, qoynuna gəldim, Gicəki.

Bura hərb meydanı, döyüş səngəri

Hanı tərpənişin, hanı ləngərin?

Diridağ əsirdir, gətdim xəbərin,-

Axır ki, qoynuna gəldim, Gicəki.

Dövrəndə hər cürə çal-çağır, büsat

Sənsiz ömür-gün, sənsiz həyat?

Daha gedərgiyəm, di qal salamat,

Vaxt tapıb, qoynuna gəldim Gicəki.

Axır ki, qoynuna gəldim, Gicəki.

Dünyamız düzəlsə bərabərin yox,

Hər dağdan əzəlsən, bərabərin yox.

Gerçəkdən gözəlsən, bərabərin yox

Onunçun qoynuna gəldim Gicəki,

Axır ki, qoynuna gəldim, Gicəki.

Yusif tək dərdindən ölənlər çoxdu

Heyf görüşünə fürsəti yoxdu.

Bəlkə Allahdan qisməti yoxdu,

Dolanıb boynuna, gəldim Gicəki,

Axır ki, qoynuna gəldim Gicəki.

 

Yusif Dirili,

şair-publisist

Xalq Cəbhəsi.- 2014.- 30 sentyabr.- S.14.