Milli ruhumuzu təsdiq
edən toponimlərimiz
Onlar mahiyyətcə özündə
qədimliyi daşıyır,
hansı xalqın bu torpaqlarda daha qədimdən məskunlaşdığını sübut edir
Abşeron «Əfşarlar yaşayan
yer», «yurd» deməkdir
Bu gün yurd yerlərimizin adları ilə bağlı qənaətlərimiz təəssüf
ki, hələ tam formalaşmayıb. Bu isə
bizi sevməyənlərin
ağlında yeni-yeni
«xəyalların» yaranmasına
səbəb olur.
Azərbaycanın paytaxtı Bakının
adının yaranma tarixi, mənası ilə bağlı çoxlu fikirlər olub. Lakin bu yöndə
müəyyən bir aydınlıq hələ
yoxdur. Coğrafiyaçı alim Hadir Məmmədovun araşdırmalarından
məlum olur ki, ki, «Bakı»
coğrafi adı mürəkkəb və çətin izah edilən paleotoponimlərdən
olduğuna görə
Şərq və Avropa mənbələrində
müxtəlif variantlarda
izah edilib. Bu səbəbdən də toponimin mənşəyi haqqında
orta əsr müəlliflərindən tutmuş
müasir tədqiqatçılara
qədər bir-birinə
zidd olan fikirlərlə rastlaşırıq.
Professor Sara Aşurbəyli Bakının ən qədim adının «Xunsar» olduğunu yazır. Bu yazılışda
olan toponimin tərtibi onun 3 min ildən artıq bir dövr ərzində
mövcud olduğunu göstərir. Xunsarın mənası
«Günəşə doğru
çevrilmiş» deməkdir.
H.Məmmədovun fikrincə, «Bakı» toponimi Abşeron yarımadasında olan bir çox coğrafi adlar kimi bu ərazidə
yaşamış ən
qədim tayfa və xalqların dillərinə mənsub olub. O etnosların dilləri
sonralar ya tamam sıradan çıxıb, ya da tarixin çətin
dolaylarında təhrifə
məruz qalıb. V-VIII yüzil mənbələri
Abşeron ərazisində
«Baqavan» və «Atəşi Baquan» toponiminin olduğunu qeyd edirlər. «Baqa» və
«Baqu» komponentləri bir sıra Hind-Avropa dillərində
«Allah», «Günəş» mənasını
verir. VII yüzilə aid məxəzlərin
birində həmin ərazidə bakanların
yaşadığı göstərilir.
Çox
ehtimal ki, bu ərazidəki ən qədim sakinlər oda və günəşə
sitayiş etmişlər.
«Baqavan», «Baquan»ın mənası «od mənbəyi», «müqəddəs
torpaq», «atəşpərəstlər
şəhəri», «Allahların
məskəni» deməkdir.
Bəzi alimlərin fikrincə, toponimin kökünü qədim farsca «Allah» mənasında
işlənən «Bak»
yaxud «Bağ» təşkil edir: «Bəzi tədqiqatçılar
«Bakı» adının
meydana gəlməsini
V-VI yüzillərə aid edir,
yenə bəziləri
«Bakı»nın farsca
«Badkubə» sözündən
olub, «küləkli yer» anlamını verdiyi qənaətindədir.
H.Məmmədov professor Sara Aşurbəylinin «Bakı» toponiminin vaxtilə bu ərazidə yaşamış
«bagi», yaxud «baki» qəbiləsinin adı ilə əlaqələndirməsini daha
elmi sayır: «Çünki hələ
ilk orta əsr mənbələrində «Bakı»
toponiminin «Baki» yazılış variantının
olması bu mülahizəni təsdiq edir».
Azərbaycan özündə qədimdən
bəri türk ruhunun soraqlarını hünərlə daşımaqdadır. İndi «Ermənistan»
adlandırılan əzəli
türk yurdundan Azərbaycan türklərinin
sonuncu nəfərinədək
qovularaq çıxarılması
ilə bir vaxtda o torpaqlarda ruhumuza şahidlik edən minillik yer adlarımız, toponimlərimiz də işğala məruz qaldı. Çünki ermənilər bilirdilər,
əgər qəsb etdikləri türk torpaqlarında dağın,
daşın, çayın
adı türkcə olduqca onlar «bu torpaq erməninindir»
deyə cəfəng iddialarını irəli sürə bilməyəcəklər.
Eləcə də artıq 200 ildir ki, İranın əsarəti altında olan Azərbaycanımızın
Güneyində tarixi yer adlarımız, toponimlərimiz dəyişdirilir,
dəyişdirilməsi mümkün
olmayanların isə
«türk ruhuna tamamilə yad olduğu» cəfəngiyyatı
irəli sürülür.
Bu səbəbdən də Azərbaycanımızın
Quzeyində olan yer adlarımızın mənalarının özümüzə
tam aydın olması gərəklidir. Toponimlər mahiyyətcə
özündə qədimliyi,
ilkinliyi daşıyır,
hansı xalqın bu torpaqlarda daha qədimdən məskunlaşdığını sübut edir.
İndi isə «Abşeron» sözünün etimologiyası
haqqında.
Araşdırmaçılar bildirirlər ki, sözün etimologiyası ilə bağlı müxtəlif
fikirlər var. Bəziləri
«Abşeron» sözünün
fars dilində — «ab» (su) və
«şoran» (duzlu) sözündən əmələ
gəldiyini bildirirlər,
bunun da mənası «şor su» deməkdir. Araşdırmaçıların çoxu «Abşeron» sözünün oğuz boylarından biri olan «avşar» və yaxud «əfşar» tayfa adı ilə bağlı olduğu fikrindədir. Mənbələrin məlumatına görə,
Bakı şəhəri
yaxınlığında, İrandan
Dərbəndə gedən
karvan yolunun üzərində Əfşəran
adlı yaşayış
məntəqəsi olub.
Orta yüzillərdə Xəzər
dənizinin qərb sahilində, Pirallahı adasının qarşısında
Əfşəran adlı
şəhərin mövcudluğu
haqqında məlumat verilib. Türk-səlcuq tayfa birliyinə
daxil olmuş və Azərbaycan xalqının etnogenezində
iştirak etmiş əfşarlar Səfəvilər
dövlətinin siyasi
həyatında mühüm
rol oynayıblar.
Nadir şah Əfşarın
dövründə bir
müddət hakimiyyəti
ələ ala bilmişdilər.
Toponimin
mənşəyi haqda
Seyran Vəliyevin qənaətləri maraqlıdır:
O, A.Bakıxanova, B.Dorna,
Rəmzi Yüzbaşova istinad edərək toponimin ilkin tarixi adının
Əfşaran olduğunu
və XVIII yüzildən
etibarən rus dənizçiləri tərəfindən
xəritələrə Abşeron
kimi köçürüldüyünü
qeyd edir: əgər «Abşeron» sözü əfşar tayfasıyla bağlıdırsa,
o deməkdir ki, onlar yarımadada Nadir şahdan öncə də yaşayıblar.
Araşdırmaçıların fikrincə,
Bakı adına
isə ilk dəfə
V-VIII yüzil mənbələrində
«Baqavan» və ya Baquan, Atşi
Baqavan və ya Atşi Baqvan,
yəni Atəşi Baquan kimi rast
gəlinib. Baqa sözün kökü, «an» və «van» isə məkan bildirir. Toponimi eramızın VII yüzilində bu ərazidə yaşamış
«bakan» tayfası ilə əlaqələndirirlər,
bəzilərinin fikrincə
isə «Bakuyə» sözündən götürülüb.
Bir başqa araşdırmaya görə,
sözün kökü «Baka»
— «Günəşin doğulduğu
yer» anlamındadır.
Professor Hadir Məmmədovun araşdırmasında mövzuya
yanaşma əhatəli
sayıla bilər: «Azərbaycan ərazisində
uzun illər ərzində toponimik tədqiqat işləri aparılmasına baxmayaraq
toponimist alimlər arasında hələ də paleotoponimlərdən
(qədim coğrafi adlardan) sayılan «Abşeron» coğrafi adının yaranması tarixi və onun etimologiyası haqqında bir-birinə zidd mülahizələr var: «Tarixi və
qədim coğrafi xəritələri izlədikcə
«Abşeron» toponiminin
«Abşeron», «Abşirin»,
«Apşeron», «Apşaran»,
«Afşaran», «Əfşəran»
və s. yazılmış
variantalarına rast gəlirik. Coğrafi adların yaranması
prinsipini nəzərə
alsaq, toponimin etimologiyasının elmi izahını vermək üçün ilk dəfə
onun düzgün yazılışını bərpa
etmək lazımdır».
Yaxın Şərq ölkələrində
«Abşeron» toponiminin iki sözdən — «ab» («su»), «şoran»
(«şor su olan yer») anlamında
yanaşırlar. Bu mülahizəni
yarımadanın suyu duzlu olan Xəzər
sahilində yerləşməsi
ilə əlaqələndirirlər:
«Abşeron coğrafi adının farsca «Abşirin», yəni «şirin su» mənasında olması fikrini irəli sürənlər də
var. Bu mülahizə isə
yarımadanın şərq
qurtaracağında çox
dadlı, şirin, içməli su mənbələrinin olması
ilə izah edilir. Toponimin «Apşeron» yazılışı
isə coğrafi adın rus transkripsiyasından
irəli gəlir.
Digər
bir fikrə diqqəti cəlb edən H.Məmmədov deyir ki, «Abşeron»
toponimi «Əfşəran»
coğrafi adının
təhrif formasıdır.
Hələ orta əsr ərəb əlifbası ilə yazılmış sənədlərdə,
Azərbaycanın məşhur
coğrafiyaşünası Qafur Rəşad Mirzəzadənin 1920-ci illərdə
çap etdirdiyi bir xəritədə «Abşeron» adına «Əfşəran»
şəklində rast
gəlirik. Tarixi mənbələrdə qeyd olunur ki,
İrandan Dərbəndə
gedən karvan yolu üzərində Əfşəran adlı yaşayış məntəqəsi
olub. Sonra bu ad rus yazısına
keçirilərkən «ə» əvəzinə «a», «f» əvəzinə
«p» yazılıb, lakin
«Apşaran» demək çətin olduğundan
toponim «Abşeron» şəklinə salınıb.
Ad ruscadan Azərbaycan
yazısına keçirilərkən
atlas və xəritələrdə
veriləndə «ap»-ın «ab» (su
mənasını verdiyi
üçün) zənn
edilib, «Abşeron» şəklini alıb».
H.Məmmədov daha sonra deyir ki, toponim qədim coğrafi adlardan biridir, yaranmasını eramızın ilk əsrlərinə, yəni Sasanilərin Albaniyanı işğal etdiyi üçüncü əsrə (224-cü ilə) aid etmək mümkündür. Sasanilər Albaniyanı hakimiyyət altında saxlamaq, özlərinə dayaq yaratmaq üçün Albaniyaya İran dillərində danışan əhalini köçürürdülər: «Sonralar «tat» adlandırılmış bu əhalini Sasanilər üçün strateji əhəmiyyətli ərazilərdə yerləşdirirdilər. Tatlar Abşeronun müasir Şamaxı, Dəvəçi, Quba və digər rayonlarının ərazilərində məskunlaşmışdılar. Gəlmə farsdilli əhalinin yarımadaya «Abşeron» («Abşirin») demələri də təbiidir. Professor Sara Aşurbəyli yazır ki, XII əsrin əvvəllərinə aid edilən, müəllifi məlum olmayan bir əsərdə Abşeron yarımadası «Bakı adası» kimi qeyd edilir, göstərilir ki, burada ağ və qara neft çıxarılır, torpaqdan alov qalxır. Bu mənada bir vaxtlar Xəzər dənizi, Abşeron limanı, həmçinin yarımadanın ərazisi «Bakı» adı altında göstərilirdi. «Abşeron» coğrafi adının mənşəyi haqqında rus tarixçisi, etnoqrafı H.Zeydlis və coğrafiyaşünas K.Qan qeyd edir ki, bu toponim «Abşirin» sözündən yaranıb».
H.Məmmədovun uzun illər ərzində apardığı tədqiqatları onu belə bir qənaətə gəlməyə sövq edib: «Mikrotoponimlərin toplanılmasından əldə etdiyimiz nəticələr Abşeronun nə «şoran su», nə də «şirin su» mənasında olmadığını sübut edir. Hazırda yarımadanın Şərq sahilində — Pirallahı adasının (keçmiş Artyom adası) əks istiqamətində (mayakın yaxınlığında) «Əfşəran» adlı yaşayış məntəqəsinin xarabalıqları mövcuddur. Şəhər xarabalığının yaxınlığındakı Bakı sakinləri də oraya «Əfşəran şəhər xarabalığı» deyir. Əfşar tayfası vaxtilə bu ərazidə məskən salaraq Əfşəran şəhərini yaratmışlar. Türkdilli böyük bir qəbilənin adını daşıyan Əfşar tayfasının Abşeron zonasında yaşamasını tarixi qaynaqlar da təsdiq edir. Bu şəhər Xəzər dənizinin Qərb sahilində (indiki Gürgan qəsəbəsinin şimalında) mövcud olub. 18-19-cu əsrlərə aid olan keçmiş xəritələrdə qeyd olunan Abşeron burnu, Abşeron dağı, Abşeron dənizi, Abşeron arxepilağı və yüzlərlə kiçik mikroobyektlər adını Əfşəran şəhərindən alıb. Əfşar adlı yaşayış məntəqələri Ağcabədi rayonunda, Ermənistanın Vedi rayonunda və İranda-Güney Azərbaycanda var. «Əfşəran» coğrafi adının tərkibindəki «əfşar» tayfa adı, «an» isə yaşayış yeri, «məskən» mənasındadır. «Əfşəran» — «Əfşarlar yaşayan yer», «yurd» deməkdir.» Sonda H.Məmmədov bu qənaətə gəlir ki, «Əfşəran» toponimi müasir atlas və xəritələrdə, habelə dərsliklərdə səhv olaraq «Abşeron» şəklinə düşüb».
Uğur
Xalq Cəbhəsi.- 2014.- 11 yanvar.-
S.14.