Ermənistanın
Dağlıq Qarabağı işğal planı
I yazı
Rusiyada
Sovet hakimiyyəti möhkəmləndikcə çar
Rusiyası sərhədlərinin bərpa edilməsinə
başlandı. Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərində
möhkəmlənən XI Qırmızı Ordu hissələrinə
respublikanın işğalı planını
reallaşdırmaq üçün müvafiq əmr və sərəncamlar
verildi. Azərbaycan Parlamenti daxilində sovet dövlətini
müdafiə edən qüvvələr və Qarabağda erməni-daşnak
separatçılarının qaldırdıqları mart
qiyamı Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu
sürətləndirdi. 23 ay yaşamış olan Azərbaycan
Xalq Cümhuriyyəti XI Qırmızı Ordunun süngüləri
ilə devrildi, Şimali Azərbaycanda sovet hakimiyyəti
quruldu. Bununla Qarabağ ətrafındakı hadisələrin
yeni mərhələsi başlandı. AMEA-nın Tarix
İnstitutunun toxunduğumuz mövzuyla bağlı tarixi
faktlara istinadən araşdırmasını təqdim edirik.
Dağlıq
Qarabağ coğrafiyası və "Dağlıq
Qarabağ" anlayışı. Bu problemin şərhi
üçün əvvəlcə Dağlıq Qarabağın
coğrafiyası və "Dağlıq Qarabağ"
anlayışı üzərində dayanaq. Relyefinə
görə Qarabağ aran (düzən) və dağlıq
hissələrə bölünür. Bu reallıq elmdə də
öz təsdiqini tapıb. Məsələn,
tanınmış qafqazşünas M.A.Skibitskinin oğlu
A.M.Skibitski "Qafqaz böhranı" adlı məqaləsində
yazır: "Qarabağ xanlığının dağlıq
hissəsi o vaxt Dağlıq Qarabağ adlanırdı. Şərqdə
Qarabağ dağ silsiləsi, Qərbdə isə Zəngəzur
dağları arasındakı torpaqlar, habelə Yuxarı
Qarabağla, aran yeri olan Aşağı Qarabağı
bir-birindən ayıran Qarabağ yaylası həmin yerə
aid idi". Aydın olduğu kimi çar Rusiyası tərkibində
olduğu zaman Qarabağın ərazisi, daha doğrusu
keçmiş Qarabağ xanlığının torpaqları
müxtəlif inzibati bölgülərə məruz
qaldığından, "Qarabağ" anlayışı əvvəlki
inzibati-siyasi mənasını itirmişdi. Lakin Azərbaycan
Xalq Cümhuriyyəti dövründə (1918-1920)
"Qarabağ" anlayışı öz əvvəlki mənasını
yenidən özünə qaytardı. S.Şadunsun yuxarıda
göstərilən fikrindən aydın olduğu kimi, elə
Dağlıq Qarabağ termini də bu zaman daşnaklar tərəfindən
meydana gətirildi.
Bu zamandan
"Dağlıq Qarabağ" anlayışı yalnız
coğrafi deyil, siyasi maraq da kəsb etməyə
başladı. Bolşeviklər Şimali Azərbaycanda hakimiyyəti
ələ keçirdikdən sonra bu anlayış
inzibati-siyasi məna kəsb etməyə başlayır, Azərbaycan-Ermənistan
münasibətlərində və ona müdaxilə edən
Rusiyanın siyasi leksikonunda əsas anlayışlardan birinə
çevrilir. Elə bu zaman Dağlıq Qarabağın
coğrafi baxımdan əhatə dairəsində də dəyişiklik
baş verir. Yenə A.M.Skibitskinin yazdığı kimi
"... Qarabağ yaylası 1923-cü ildə muxtariyyət
almış və Muxtar Dağlıq Qarabağ Vilayəti və
ya Azərbaycanın yeni sərhədləri daxilində
qısaca olaraq Dağlıq Qarabağ
adlanmışdır".
Azərbaycanda
Sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarlar Soveti
yaradıldıqda yerlərə fövqəladə komissarlar
da təyin olundu. Bu əsasla A.N.Karakozov (1890-1938) Dağlıq
Qarabağ üzrə fövqəladə komissar təyin
olundu. Azərbaycan Sovet hökuməti 1920-ci il 30 apreldə Ermənistan
Respublikasına nota verdi və tələb etdi ki, Zəngəzurdan
və Qarabağdan öz qoşunlarını
çıxarsın. May ayında Qarabağda Sovet hakimiyyətinın
qurulması elan olundu.
Bu
dövrdə Sovet Rusiyası Qafqazın sovetləşdirilməsi
planını həyata keçirməkdə davam edir, yeni
sovet dövlətlərinin sərhədlərinin müəyyənləşdirilməsi
prinsiplərini irəli sürməklə mövcud və gələcək
dövlətlərin fəaliyyətini nəzarət altına
almağa cəhd göstərirdi. Rusiya Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosu Qafqaz Cəbhəsi
Hərbi-inqilabi şurasına 7 iyul tarixli təlimatında bu
məsələyə toxunmuşdu. Ermənistanda Sovet hakimiyyətinin
qurulması ilə (1920, 29 noyabr) xarici sərhədlərlə
yanaşı, sərhədlər daxilində də
bölgülərin aparılması kəskinləşdi. Azərbaycan
İnqilab Komitəsinin Ermənistan Sovet Respublikasına 30
noyabr teleqramı və 1 dekabr Bəyannaməsində də
Qarabağ və onun dağlıq hissəsindən bəhs
olunurdu. Bu sənədlərin erməni
tarixşünaslığında təhrif edilməsi əsas
şəkildə sübut edilmişdir. Bəyannamədə
Dağlıq Qarabağın əməkçi kəndlilərinə
tam öz müqəddəratını təyinetmə
hüququ verildiyi elan edilirdi.
Ermənistan
İnqilab Komitəsi isə 28 dekabr Bəyannaməsində
Naxçıvana iddiadan əl çəkdiyini bildirirdi. Lakin
Ermənistan Qarabağı "əldən vermək" istəmirdi.
Azərbaycan və Ermənistan arasında sərhədlərin
müəyyənləşdirilməsi məsələsində
Dağlıq Qarabağ yenidən gündəmə gəldi.
Qafqaz Bürosu 3 iyun 1921-ci ildə Dağlıq
Qarabağın Ermənistana məxsus olmasının Ermənistan
hökumət Bəyannaməsində göstərilməsi barədə
qərar qəbul etdi. Ermənistan Xalq Komissarları Soveti isə
12 iyunda bunu dekretləşdirdi. İşlərin belə
gedişi Azərbaycanı təmin edə bilməzdi. Tiflisdə
Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi
Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun, Azərbaycan
Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin
katibi Q.Kaminskinin (1895-1938) sədrliyilə keçirilən 27
iyun iclasında komissiyanın işi ilə əlaqədar Azərbaycanın
Ermənistanla sərhədi haqqında məsələ
müzakirə edildi. Bu iclasda 5 maddədən ibarət qərar
qəbul olundu. İlk dəfə burada Dağlıq
Qarabağa bəyan edilən öz müqəddəratını
təyin etməyə Azərbaycanın baxışı ifadə
olundu.
Məsələnin
(Dağlıq Qarabağ haqqında) yeganə həlli erməni
və müsəlman kütləsinin Sovet quruculuğu işinə
geniş cəlb edilməsi (Nərimanovun Bəyannaməsindən
aydın olduğu kimi) ola bilər. Problemin həlli haqqında
Siyasi Büro və Təşkilat Bürosunun fikrinin Tiflisə
çatdırılması Nərimanova həvalə edildi. Nərimanovun
Tiflisdə olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin
sədri M.H.Hacıyev və xarici işlər naziri
M.D.Hüseynovla elə həmin gün birbaşa xətlə
danışığı oldu. Nərimanov: "Deyin ki, bu
Siyasi və Təşkilat Bürosunun fikridir. Əgər onlar
mənim bəyannaməmə istinad edirlərsə, bəyannamədə
hərfən belə deyilmişdir: Dağlıq Qarabağa tam
azad öz müqəddəratını təyin etmə
hüququ verilir".
Hüseynov:
"Yaxşı. Hər şeyi çatdıraram. Hər
halda deyim ki, bizim qərarımız, şübhəsiz,
çox soyuq qarşılanacaqdır".
Yenə həmin
gün Hüseynov bu barədə Qafqaz Bürosuna məlumat
verdi. Bu məsələ üzrə Qafqaz Bürosunun fövqəladə
plenumunu çağırmaq, Nərimanov və Myasnikyanı
Tiflisə dəvət etmək qərara alındı.
Bəs Azərbaycanın
ayrılmaz hissəsinə necə "muxtariyyət"
verildi? Belə bir zəmində Tiflisdə Qafqaz Bürosu
plenumunun iclası keçirildi. Xüsusi əhəmiyyətini
nəzərə alaraq Qafqaz Bürosunun 4 iyul axşam və 5
iyul iclas protokolundan çıxarışları olduğu
kimi veririk: Ermənilər Qafqaz Bürosunun 5 iyul tarixli qərarının
qəbul edilməsində Stalinin əsas rol
oynadığını sübut etməyə
çalışır. Əslində, Rusiya Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz
Bürosunun 4 və 5 iyul iclaslarında Stalinin təzyiqinin nədən
ibarət olması faktlarla təsdiq olunmur. Bir sözlə,
SSRİ-nin yaradılması (1922, 30 dekabr) ərəfəsindəki
mübarizədə özünün "muxtariyyətləşdirmə"
planı ilə çıxış edən Stalinin guya
sosialist dövlətinin federativ quruluşunun Lenin
ideyasını həyata keçirməsi ağlabatan
görünmür. Ona görə də məsələ daha
dərin və ətraflı şəkildə nəzərdən
keçirilməlidir:
1) Mərkəz
Qafqaz Bürosunun timsalında hələ SSRİ-nin
yaradılmasından, Azərbaycan və Ermənistan SSR-nin
ittifaq dövlətində birləşdirilməsindən əvvəl
praktik olaraq sərhəd məsələsinə müdaxilə
etməklə səlahiyyətli tərəf kimi
çıxış etdi. Dağlıq Qarabağ məsələsi
üçtərəfli müzakirə məsələsinə
çevrildi;
2) Qafqaz
Bürosu bu "hüququndan" istifadə edərək Azərbaycanın
Dağlıq Qarabağ barəsində elan etdiyi öz müqəddəratını
təyinetmə müddəasının təbii-tarixi şəkildə
yerinə yetirilməsinə imkan vermədi, onu "geniş
vilayət muxtariyyəti" kimi ifadə etdi;
3) Qafqaz
Bürosu 4 iyul qərarı ilə Azərbaycana (yəni,
Dağlıq Qarabağ Ermənistana verilə bilər!), səhəri
gün isə bu məsələyə qayıtmaqla Ermənistana
təsir göstərmək (yəni, Dağlıq Qarabağın
Azərbaycanın tərkibində qalması təsdiq edilə
bilər!) və Mərkəz üçün əlverişli
mövqeni təmin etmək istəyirdi, buna da (yəni
Dağlıq Qarabağa muxtariyyət verilməsinə) nail
oldu. Beləliklə, Qafqaz Bürosu plenumunun 5 iyul qərarından
sonra Dağlıq Qarabağ ətrafında hadisələr
yeni istiqamət aldı: Qafqaz Bürosu Mərkəz
üçün əlverişli qərarı təmin edib,
onun reallaşdırılması uğrunda təzyiqlərə
başladı. Bununla Azərbaycan SSR özünün
ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa məcburi
şəkildə muxtariyyət verilməsi nəticəsində
yeni şəraitlə qarşılaşdı. Ermənistan isə
Dağlıq Qarabağ məsələsi ilə bağlı
olaraq Qafqaz Bürosu ilə Azərbaycan arasında münasibətləri
kəskinləşdirməyə, Dağlıq Qarabağa
muxtariyyət verilməsilə onun işlərinə
qarışmaq imkanlarından istifadə edərək,
Dağlıq Qarabağa olan iddialarını həyata
keçirməyə çalışdı.
Bu məsələlər
kompleks şəkildə nəzərdən keçirilməlidir.
5 iyul qərarı qəbul edildikdən sonra Azərbaycan rəhbərliyi
tərəfindən onun həyata keçirilməsinə
başlanmalı idi. Bununla əlaqədar olaraq Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsi Rəyasət Heyətinin həmin
ilin 19 iyul tarixli iclasında Nərimanovun Tiflis səfərinin
yekunları bəyənilmiş, Azərbaycan Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi
Bürosu və Təşkilat Bürosunun 20 iyul tarixli
iclasında isə muxtar vilayətin konstitusiyasının
hazırlanması üçün komissiya
yaradılmışdı. Burada bir məsələnin
aydınlaşdırılmasına ehtiyac yaranır. Artıq məlum
olduğu kimi, 5 iyul qərarı ilə Dağlıq
Qarabağa muxtariyyət verilməsində Azərbaycan Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə həlledici
rol ayrılmışdı. Görünür, 1921-ci ilin
iyulunda Kirovun Azərbaycan Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi Komitəsi rəhbərliyinə gətirilməsində
elə bu amil də mühüm rol oynamışdı. Məhz
Kirov faktiki olaraq Azərbaycanda rəhbərliyə keçdikdən
sonra Dağlıq Qarabağın muxtariyyət verilməsinə
rəsmi münasibət dəyişdi və bu proses iki ilədək
ləngidi. Ona görə də bu məsələ ətrafında
Kirovun mövqeyi və ona təsir edən amillər xüsusi
olaraq araşdırılmalıdır. Əgər 4 iyul
iclasının protokolundan çıxarışa nəzər
salsaq görərik ki, o zaman Kirov Qarabağın dağlıq
hissəsinin Azərbaycanın hüdudlarında
saxlanmasının əleyhinə çıxmış (5,a),
onun Ermənistanın tərkibinə daxil edilməsinin isə
lehinə (5,b) səs vermişdi. Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsi Rəyasət Heyətinin 19 iyul, Azərbaycan
Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi
Siyasi Bürosu və Təşkilat Bürosunun 20 iyul
iclaslarında və qeyd olunan qərarların qəbulunda Kirov
da iştirak etmişdi.
Cavid
Xalq Cəbhəsi.- 2015.- 7 aprel.- S13.