Azərbaycandan uşaqları
övladlığa götürən xarici vətəndaşlar
əsasən xaricdə yaşayan azərbaycanlılardır
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin Hüquqi təminat şöbəsinin müdir
müavini Vəsilə Möhsümovanın Trend-ə
müsahibəsi
- Azərbaycanda
övladlığa verilmə ilə bağlı son illər
neçə müraciətə baxılıb? Övladlığa
götürülənlərdən neçəsi oğlan və
ya qız olub? Onlar əsasən hansı
yaş qruplarından olan uşaqlardır? Uşaqları
övladlığa götürən ailələr əsasən
hansı ölkələrin vətəndaşlarıdır?
- Azərbaycanda
2012-ci ildə yerli ailələr tərəfindən
övladlığa götürülən uşaqların
sayı 989, 2013-cü ildə isə 961 nəfər olub. Onlardan 2012-ci ildə 226 (145-i qız, 79-u oğlan) nəfəri,
2013-cü ildə isə 204 (102-si qız, 102-si oğlan) nəfəri
1 yaşadək olan uşaqlar olub. 2012-ci
ildə övladlığa götürülənlərdən
438 nəfəri (202-si qız, 236-sı oğlan), 2013-cü
ildə isə 429 nəfəri (198-i qız, 231-i oğlan) 1-5
yaş arası uşaqlar olub. 6-10 yaşda
olan uşaqlardan 2012-ci ildə 195 nəfər, 2013-cü ildə
183 nəfər övladlığa götürülüb.
Bu müddətdə 10 yaşdan yuxarı
uşaqların da övladlığa
götürüldüyü istisna edilmir. Çünki
bu işlərlə Səhiyyə və Təhsil nazirlikləri
də məşğul olur. Ümumiyyətlə,
qanunvericiliyimizlə 18 yaşadək şəxsləri
övladlığa götürmək mümkündür.
Ölkələrarası övladlığa
götürməyə gəlincə, 2013-cü ildə bununla
bağlı 8 (4-ü qız, 4-ü oğlan) fakt qeydə
alınıb.
Uşaqları övladlığa
götürmüş şəxslərdən 4-ü Rusiya vətəndaşlığını
qəbul etmiş azərbaycanlılar olub. Bir halda
Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı
qadın ilk nikahından olan öz övladının yeni ailədə
övladlığa götürülməsinə nail olub. Biri İran vətəndaşı ilə ailə
quran azərbaycanlı qadın, digər ikisi isə ABŞ və
Fransadan olan əcnəbi ailələrdir.
2014-cü ildə isə xarici ölkə vətəndaşları
tərəfindən 4 (hamısı oğlan) azərbaycanlı
uşaq övladlığa götürülüb. Onlardan birində
ABŞ-da yaşayan azərbaycanlı buradakı
bacısının övladını övladlığa
götürüb. İki uşağı
Gürcüstan vətəndaşı olan azərbaycanlılar,
dördüncü uşağı övladlığa
götürənlər isə türk əsilli Almaniya vətəndaşları
olub. Xarici ölkə vətəndaşları
tərəfindən övladlığa götürülənlərin
hamısı 4 yaşına qədər uşaqlar olub.
- Xarici
ölkələrə övladlığa verilən
uşaqlardan valideynləri olanlar olubmu?
-
Uşaqlar övladlığa yalnız valideyn himayəsindən
tam məhrum olunduğu halda verilir. Lakin ailələr
və qohumlar arasında razılaşmanın olması
halları istisnadır. Bu halda məsələ
məhkəmə qaydasında həll olunur. Ümumən, övladlığa verilmiş
uşaqların əksəriyyəti atılmış, valideyn
himayəsindən məhrum olunmuş və yaxud xəstəlikləri
ucbatından valideynlərinin imtina etdikləri uşaqlar olub.
- Bu vaxta
qədər ölkə daxilində və xaricə
övladlığa verilən uşaqlarla bağlı neqativ
hallar aşkar edilibmi?
- Ölkə Prezidentinin fərmanı ilə 2007-ci ildə
xarici övladlığa verilmə ilə bağlı mərkəzi
orqan qismində Dövlət Komitəsi təyin olunduğuna
görə övladlığa verilən uşaqlarla
bağlı biz birbaşa cavabdehlik daşıyırıq. Bu sahədə
ciddi araşdırmalar və nəzarət mexanizmi işlədiyindən
deyə bilərik ki, 2007-ci ildən indiyədək bununla
bağlı hər hansı neqativ hal aşkar edilməyib.
Komitə maraqlıdır ki, bizim uşaqlar ilk
növbədə azərbaycanlılar, yəni yerli ailələr
tərəfindən övladlığa
götürülsün. Uşaqların
yerli ailələr tərəfindən övladlığa
götürülməsi mümkün olmadıqda isə
onları xarici ailələrə təklif edirik. Əvvəllər adətən ailənin istəyinə,
marağına uyğun uşaqlar axtarılırdısa, indi
artıq uşağa uyğun ailələrin seçilməsində
maraqlıyıq. Çünki adətən
azərbaycanlı ailələrinin götürmədiyi bu və
ya digər şəkildə qüsurlu, müəyyən xəstə
uşaqlar olur. Onların isə xüsusi
qayğıya ehtiyacı var. Onlar üçün xüsusi
qayğıya ehtiyacı olan uşaqlarla işləmə
praktikası olan ailələr seçilməlidir. Yəni
belə uşaqlarla davranış qaydaları, uşağa
yanaşma, onun sosial mühitə uyğunlaşması və
s. hamısı çox vacib elementlərdir. Ölkə
daxilində olan məsələlərlə bağlı isə
qəyyumluq və himayəçilik komissiyaları məşğul
olmalıdırlar. Komissiyalar övladlığa verildikdən
sonra uşaqların getdiyi ailəyə, ətraf mühitə
uyğunlaşması, təhsil alması, sağlamlıq
durumu və s. ilə bağlı nəzarət mexanizmi həyata
keçirməlidirlər.
- Bu vaxta
kimi övladlığa verilən uşaqlardan neçəsi
fiziki cəhətdən qüsurlu və ya xəstə olub?
-
Ümumiyyətlə, 2007-ci ildən bu günədək xarici
ölkə vətəndaşları olan 43 ailə tərəfindən
Azərbaycanda 45 yerli uşaq övladlığa
götürülüb. Bu 45 uşağın əksəriyyətində
fiziki qüsurlar olub. Rusiya və
Gürcüstandan olan azərbaycanlı ailələr
yalnız yaxın qohumları olanda belə uşaqları
övladlığa götürürlər. Məsələn,
ötən il Gürcüstandan olan ailə
hepatit daşıyıcısı olan oğlan
uşağını övladlığa götürdü. O
uşağa heç kim yiyə durmurdu. Lakin sonra həkimlə də müəyyən olundu
ki, uşağın müalicəsi mümkündür. Ailə də bununla razılaşdı və sonra
onu övladlığa götürdü.
Digər ailələr də olub ki, müxtəlif
qüsurları olan – dovşandodaq, qurdağız, əl və
ayaq hərəkətlərində qüsuru, kəllə-beyin
travması olan, hətta anası yüngül həyat tərzi
keçirdiyindən anadangəlmə sifilis və ya hepatit xəstəliklərinin
daşıyıcıları olan uşaqları
övladlığa götürüb onların müalicəsi
ilə məşğul olublar. Həmin ailələr
əsasən Avropa ölkələrindən və Amerikadan
olanlardır.
-
Ümumiyyətlə, son illər Azərbaycanda xarici vətəndaşlara
övladlığa verilmə ilə bağlı hansı
tendensiya müşahidə olunur?
- Əvvəlki illərlə müqayisə etsək,
uşaqların ölkələrarası övladlığa
verilməsində azalma müşahidə olunur. Bəzən
elə olur ki, rəqəmlərdə 4-5 artım olur ki, bu da əsasən
Rusiyada yaşayan azərbaycanlıların müraciətlərinin
çoxluğu ilə bağlı olur. Çünki
biz Komitə olaraq uşaqların daha çox yerli ailələrə
övladlığa verilməsində maraqlıyıq və fəaliyyətimizi
də daha çox bu istiqamətdə qurmağa
çalışırıq. Uşaqları
yalnız bütün imkanlar tükəndikdə, yəni yerli
ailə tərəfindən övladlığa
götürülmənin mümkünsüzlüyünü
gördüyümüz zaman xarici vətəndaşlara təklif
edirik. Məsələn, hazırda bizdə
bir oğlan uşağının övladlığa
götürülməsi ilə bağlı məhkəmə
prosesi gedir. Biz 2007-ci ildən bəri bu
uşaqla bağlı bəzi işlər görürük.
Onu daim diqqət mərkəzində
saxlayırıq ki, hansısa ailə onu övladlığa
götürsün. Uşağın müəyyən
xəstəlikləri olsa da, əqli cəhətdən tam
normaldır. Təəssüf ki, bu
uşaq yerli ailələr tərəfindən
övladlığa götürülmədi. Lakin biz ona uyğun xarici ölkədən ailə
tapdıq və onlara təqdim etdik.
- Bəs
uşaqların yerli ailələrə verilməsi məsələsində
vəziyyət necədir?
- Azərbaycanda
yerli ailələr tərəfindən övladlığa
götürülmə ilə bağlı müraciətlərin
də sayı artıb. Məsələn, əgər
2005-ci ildə övladlığa götürülmə ilə
bağlı 803 nəfər yerli ailələr tərəfindən
müraciət qeydə alınmışdısa, 2013-cü ildə
bu müraciətlərin sayı 961 olub. Uşaqların
yerli ailələrə övladlığa verilməsinə gəlincə,
bu rəqəm 2008-ci ildə 844, 2009-ci ildə 845, 2010-cu ildə
798, 2011-ci ildə 934, 2012-ci ildə 989, 2013-cü ildə isə
961 nəfər olub. 2014-cü illə
bağlı yekun rəqəmlərin hesablanması işi isə
davam edir.
Burada əsasən azyaşlı və sağlam
uşaqların övladlığa götürülməsinə
meyllilik müşahidə olunur. Əvvəllər
yerli ailələr müəyyən qüsurlu uşaqları
övladlığa götürürdülərsə, indi
tamamilə sağlam uşaqların övladlığa
götürülməsinə üstünlük verirlər.
Bu, əvvəllər də belə olub, amma son
illərdə bu tendensiya daha da artıb.
-
Övladlığa verilmə ilə bağlı dövlət
tərəfindən hər hansı əlavə tədbirlərin
görülməsi nəzərdə tutulurmu?
- Bir
şeyi qeyd edə bilərəm ki, övladlığa
götürülmə ilə bağlı Azərbaycanda
qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Məsələn,
Ailə Məcəllləsində övladlığa
götürülmə məsələsi göstərilir,
amma bunun hansı qaydalar əsasında edilməsi bildirilmir. Bu sahədə müəyyən təkmilləşdirilmələrin
olması zəruridir. Bu,
günümüzün tələblərindən biridir.
Eyni zamanda, beynəlxalq ekspertlər də bura gələndə
bu məsələni qaldırmışdılar ki, istər
yerli, istərsə də ölkələrarası
övladlığa götürmə olsun, bu işin bir, vahid
mərkəzdən idarə olunmasına ciddi ehtiyac var. Bu fəaliyyətin
mərkəzləşdirilmiş bir qurum tərəfindən
həyata keçirilməsi övladlığa götürmə
sahəsində dinamikliyin və çevikliyin olmasına,
bürokratik əngəllərin aradan qaldırılmasına
və bu sahədə vətəndaşların istəklərinin
daha rahat şəkildə həyata keçirilməsinə
imkan yaradacaq.
Məlumat üçün deyim ki, Azərbaycanda
uşaqların ölkələrarası övladlığa
verilməsi məsələləri ilə Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğul
olur. Yerli övladlığa götürmə məsələlərinə
isə yerli icra hakimiyyətləri yanında qəyyumluq və
himayəçilik komissiyaları nəzarət edir. 0-3
yaş arası uşaqlarla bağlı proseslər Səhiyyə
Nazirliyində, 3 yaşından yuxarı 18 yaşınadək
isə Təhsil Nazirliyində həyata keçirilir.
Hesab edirik ki, bizdə övladlığa
götürülmə ilə bağlı mütləq
qanunvericilikdə dəyişikliklər edilməli, konkret
qaydalar müəyyən olunmalıdır. Övladlığa
götürülmə məsələlərinin mərkəzləşmiş
qurum tərəfindən idarə olunması məqsədə
müvafiq olardı.
- Sonda məxsusi
olaraq qeyd etmək istədiyiniz bir şey varmı?
- Bəli. Çox təəssüflər olsun ki, bəzən mətbuat nümayəndələri övladlığa götürülmə ilə əlaqədar bu sahəyə heç bir əlaqəsi, aidiyyatı olmayan şəxslərdən açıqlamalar alırlar. Nəticədə insanları yanlış istiqamətə sürükləyən fikirlər ortaya çıxır. Bəzən də bu sahədə məlumatlı olmadıqlarından qanunvericiliyi pozurlar. Məsələn, övladlığa götürmə qanunla sirr saxlanılır. Bəzən tələb edirlər ki, övladlığa götürülən şəxsin və ya onu övladlığa götürən ailənin adı açıqlansın. Özünüzü bir anlığa həmin uşağın və ya ailənin yerinə qoyun. Bu məsələlərdə bir az diqqətli olmaq lazımdır.
Bəzən də övladlığa
götürmə ilə bağlı sənədləşmənin
çoxluğundan şikayət edirlər. Qeyd edim ki, bu sahədə
tələb olunan sənədlərin ən normal sayı məhz
Azərbaycandadır. Digər ölkələrdə bizdəkindan
qat-qat çoxdur. Bəzən deyirlər ki, niyə
övladlığa götürən şəxsdən onun
sağlamlığı - daxili orqanlarının, ruhi-əsəb,
sinir sisteminin vəziyyəti, əlillik dərəcəsi,
onkoloji, narkoloji, keçici və digər xəstəliklərinin
olub-olmaması ilə bağlı tibbi arayış tələb
olunur? Tutaq ki, övladlığa götürən şəxs
onkoloji xəstədir və həkimin rəyinə əsasən,
6 aydan sonra dünyasını dəyişəcək. Əgər
uşaq belə bir şəxsə verilsə, 6 aydan sonra həmin
uşağın aqibəti necə olacaq? Və yaxud
övladlığa götürən şəxsin ağır
vərəm və ya digər ağır keçici xəstəliyi
varsa, kim zəmanət verə bilər ki, uşaq da bu xəstəliyə
tutulmayacaq? Yaxud övladlığa götürən şəxs
əvvəllər ağır cinayət işlədibsə,
uşaq zorakılığı ilə bağlı məhkum
olunubsa, bu şəxsə uşağın övladlığa
verilməsi nə dərəcədə düzgündür?
Yaxud övladlığa götürən şəxsin maliyyə
vəziyyəti qənaətbəxş deyilsə, onun iş
yeri, stabil gəliri yoxdursa, övladlığa
götürdüyü uşağı necə dolandıracaq?
Bəlkə uşağı elə küçədə diləndirmək
üçün götürür? Ona görə də
bunlarla bağlı sənədlərin olması birbaşa
qanunvericiliyin tələbidir. Onlardan hansını azaltmaq olar?
Yalnız sadəcə Azərbaycanda bu sahədə mərkəzləşmiş
qurumun olmaması ucbatından vətəndaşlar bir neçə
instansiyaya müraciət etməli olurlar. Bu da nəticədə
müəyyən problemlər və narahatlıqlar yaradır.
Ona görə də jurnalistlərdən xahişim budur ki, bu
məsələlərə yüksək həssaslıq və
diqqətlə yanaşsınlar.
Xalq Cəbhəsi.- 2015.- 10 aprel.- S.15.