Səs yaddaşının yolçusu

 

Şirvan aşığına qulaq asanda ruhum yerindən oynayır… Balabanın səsi, qoşanağaranın axarlı ritmi, sazın cingiltili nəqəratı Şirvan aşığının dünyada heç bir səsə bənzəməyən avazı ilə birləşərək, ruhuma əbədi hakim kəsilib, yaddaşıma əbədi ahəng kimi yazılıb...

Bu ahəngi harada eşidirəmsə-eşidim, donub qalıram: ona olan sevgimi heç vaxt cilovlayıb, ağlın məcrasına yönəldə bilməmişəm…Şirvan aşığının avazı ruhumun gözü dünyaya açılandan mənim içərimdədir. Biləsuvarda – Bəydili kəndində toy əsas axşam başlardı. Kəndimizin toylarının, demək olar ki, hamısını Aşıq Əlifağa çalardı. Ara-sıra başqa aşıqları da görürdüm. Ağasadıq müəllimgildə toy olanda Salyandan Aşıq İmran da gələrdi. Kəndin klubunda Biləsuvarın başqa aşıqlarının da ifalarını görmüşdüm. Ancaq aşıq kimi daha çox Əlifağanın ifaları yadımda qalıb…

Zurnaçılar çalar, qaranlıq düşəndə Aşıq Əlifağa meydana girərdi. Onun toyxananın bu başından o başına qızılquş kimi səkməsi, balanbançının aşıqdan bir addım belə geri qalmaması, birpalatkalarla örtülmüş toyxanının yarımqaranlığında sazın üstündə müxtəlif rəngələrə çalan şüşələrin parıltısı yaddaşıma əbədi həkk olub. Uşaqkən Şirvan aşığının nə olduğunu bilməzdim. Ümumiyyətlə, bu haqda anlayışım belə yox idi. Aşıq Şakir haqqında əfsanələr danışırdılar. O, çıxış edəndə atam Gülverdi kişiyə sanki dünyanı verirdilər. Arada bir Aşıq Pənahı da görürdük. Salyanlı Aşıq Qurbanxanın isə ömrü boyu adını eşitdim, ifasını görmədim.

Aşıq musiqisinin feyzi ilə yaşaya-yaşaya böyüdüm. Azərbaycan aşıq sənətinin necə bir nəhəng dünya olduğunun, bu dünyanın içində Şirvan adlanan ayrıca bir saz-ifaçılıq məktəbinin də olduğunun fərqinə vardım. Prof. Seyfəddin Qəniyevin, folklorşünas alim, fəlsəfə doktoru Yaqut Bahadurqızının vasitəsi ilə Şirvan aşıq dünyası deyilən məkana ayağım açıldı. Şamaxıda, Ağsuda yubileylərdə, aşıq məclislərində, toylarda oldum. Çox aşıqlar, çox ustadlar gördüm. bir gün Aşıq Ağamuradı – şaqraqlıqda dağ çayının şəlaləsini, şirinlikdə və təmizlikdə süzülən balın qızılı parıltısını, ahənginin ləngərində aramla axan Kürün əzəmətini xatırladan ecazkar səsi eşitdim.

Mən onu yaxından və dərindən bir banketdə dinlədim. Yaqut Bahadur qızı Əşrəfova «Aşıq Əhmədin yaradıcılığı» mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdi. Banketini «Çanaqqala» restoranında etdi. Şirvan saz-aşıq sənətinin yaşadılmasına öz qiymətini verən Yaqut xanım Şirvanın bütün ünlü sənətkarlarını, o cümlədən aşıqları çağırmışdı.

Şirvan qoşanağarasının ritmi başlananda, balabanın səsi eşidiləndə özümdə olmuram. Həmin axşamı Ağamurad sanki bir tufan elədi. Stol yoldaşlarımdan ayrılıb bir qıraqda oturdum. Ruhumu Şirvan aşığının avazına təslim etdim. Ağamurad oxudu, necə oxudu?! Onun səsi sanki qayaların dərinliklərindən süzülüb gələn bulaq kimi safdır. Yerişində-duruşunda Şirvan aşığının bütün tarixi koloriti yaşayır. Əsrlərin sənət yükünü daşıyır Ağamurad. Kimin üçünsə sənət çörək ağacı, kimin üçünsə zövqü-səfa, şən-şux ömür deməkdirsə, Ağamurad üçün sənət yolu ulu bir yolçuluqdur.

Bu yolu getmək – çiyinlərini Şirvan aşıq sənəti adlanan nəhəng yükün altına vermək, onun ağırlıqları altında bir ömür yolu yaşamaq deməkdir... Bu yolu getmək – səsdən yaranmış dünyamızın get-gedə mənasızlaşan, ününü itirib küyə çevrilən səsləri içərisində müqəddəsliyin səsinə hay vermək deməkdir.

Şirvan aşıq sənətinin və ümumən Azərbaycan aşıq sənətinin çağdaş dünyanın müsiqi səsləri içərisində yerinin get-gedə daraldığı acı bir mənzərədir. İndi gənc nəsil bizi bizlər olaraq yaşadan, ruhumuzun aynası olan milli musiqidən get-gedə daha çox aralı düşür. Bütün gününü qulaqlarına taxdığı qulaqcıqlarla mənasız, insanın ruhundan insanlığı oğurlayan, insanı, get-gedə texnogen varlığa çevirən ritmləri dinləməklə keçirir. Bu da yüksək sürətlə qloballaşan dünyamızın öz yaşam ritmidir. Döyüntüləri Qərbdən gələn qloballaşma milli mədəniyyətləri sürətlə əritməkdə, yox etməkdədir. Bu vurhavurda, haray-həşirdə sazı sinəsinə basıb «Şirvan şikəstəsi» oxumaq məcnunluqdur. Ağamurad mənə Məcnunu xatırladır: dünyanın heç bir gücünə boyun əyməyib öz həqiqətini yaşadan, dünyaya onun özü boyda güclə qalib gələn insanı…

Hər dövrün öz həqiqəti var. Keçən əsrin 50-60-cı illərinə qədər aşıqlıq etməyin bir həqiqəti, indi aşıqlıq etməyin başqa bir həqiqəti var. Onda aşıqlıq edənlər saz-söz meydanında öz adlarının, öz səslərinin mənafeyi naminə çalıb-çağırırdılar. Xalq içində şöhrətlənər, həyatları rifahlanar, ad-san qazanardılar. İndiki aşıqlar isə sənət naminə çalıb-çağırırlar. Çünki sənət ölür. Qloballaşan dünyanın yad, özgə ritmləri aşıq musiqisinin səsini hər gün daha çox batırır. Belə bir dünyada Aşıq Ağamurad artıq öz ad-sanı naminə yox, aşıq sənətinin ölməməsi naminə oxuyur. Oxuyur ki, Şirvan aşıq avazı ölməsin. Yoxsa, ruhlar onu və digər aşıqları qınayacaq, sənəti ölməyə qoyduqlarına görə günahlandıracaqlar.

Mən təkcə Şirvan aşıqlarını yox, ümumiyyətlə, bütün Azərbaycan aşıqlarını bir kədər içərisində görürəm. Dünyanın bu namərd gedişatı onları qüssələndirir. Lakin üzərlərinə götürdükləri aşıq adının məsuliyyəti onları sənəti tərk etməyə imkan vermir. Həmişə Ağamuradı dinləyəndə, onun şaqraq zənguləsinə qulaq asanda fikirləşirəm ki, əgər Ağamurad sazı yerə qoyub xanənədəlik etsə, necə deyərlər, «çoxlarının sənətkarlıq papağı boş qalar». Ancaq edə bilmir bunu Ağamurad. Sənət yolu adlanan bir yolçuluq var. Bu yola girən, ona «aşiq» olub «aşıq» adını alan kəs həqiqət yolunun aşiqihaqq aşığıdır. Haqq aşıqlığı – əbədi yolçuluq, ilahi missiyadır. Aşıq ədəb-ərkanı bu yolun əbədi həyat tərzidir. Ona qədəm qoyan dünyaya ayrı gözlə – aşiq gözü ilə baxır. «Aşıq» Ağamurad da bir «aşiq» ömrü yaşayır. Ömrünü belə keçirəcək: hər gün bir yana əsən küləklər onu üşütməyəcək, hər gün bir yandan eşidilən səslər onun ruhuna təsir etməyəcək. O, daim öz mahnısını oxuyacaq. Bu mahnının avazı ilə özünübizim ruhumuzu ovudacaq

Ağamurad bir aşiqdir: yurdun, vətənin, el-obanın, Allahın yaratdığı ana torpağın aşiqi:

 

Ayrı düşdüm neçə vaxtdır sizlərdən,

Nanəli, nərgizli yerlər necədir?

Xeyli vaxtdır fürsət yoxdur görməyə,

Göy çəmənlər, qönçə güllə necədir?

 

Ağamurad öz taleyinin, qismətinin aşiqidir: Tanrı ona dünyanı əzəldən gözəl göstərib, gözəlliyi onun taleyinə, qismətinə yazıb:

 

Haxdan gözəllikdir bizə pay düşən,

Bu vətənin torpağı mən, daşı mən.

Canqu meşəsində süzüb ötüşən,

Xoş nəğmələr, o bülbüllər necədir?

 

Ağamurad qəlbi məhəbbətlə dolub-daşan aşiqdir: öz yaşam gücünü, qəlb hərarətini ancaq sənətdən alır:

 

Ağamuradam, sinəm dolu məhəbbət,

Mən qalmışam Alim, Xanışa həsrət.

Bir görsəm qəlbimə ələr hərarət,

O nəğməli, şux könüllər necədir?

 

Yurdun nanəli, nərgizli dağ döşlərindən, göy çəmənlərindən, qönçə güllərindən bir an belə ayrı düşməyən sənətkarın qəlbinə qüssə-kədər qonur. Vətənin daşı, torpağı olmaq, sinəsi üstə gəzən namərd addımlarına dözmək onun «Haxdan gələn taleyidir». Bu tale bizlərə ağrılı, əzablı görünür. Belə əzablı yolun yolçusu olmağı istəməz heç kəs. Ancaq bu, bizə belə görünür. Taleyinə Haxdan gözəllik payı düşən, sinəsi məhəbbətlə aşıb-daşan Ağamurad ayaqları ilə yerdə olsa da, ruhu ilə buludlar arasında pərvaz edir. O məqamda, o yerdə ki bizlərə oranı görmək qismət deyil. Bura səsin əbədi yaddaş məkanıdır. Orada Aşıq Bilalın, Aşıq Şakirin səsi hələ səslənir, «Şirvan şikətəsi» əbədi eşidilir...

Aşıq Ağamuradın sifətində daimi bir təbəssüm var. O, solmaz-sönməz, bitməz-tükənməz həzz içindədir. Çünki bizlər üçün ölüb-bitən səslər onun üçün əbədi səslənir. Şirvan aşığının səsin əbədi yaddaş məkanında heç vaxt susmayan avazını buludların arasından eşidir: yaşam gücünü, səsinə qüvvəni, sözünə mənanı bu avazdan alır Ağamurad

 

Seyfəddin Rzasoy,

filologiya üzrə elmlər doktoru

Xalq Cəbhəsi.- 2015.- 14 aprel.- S.14.