Azərbaycan ədəbiyyatının
xaricdə tanıdılması problemləri
Folklorun ortaya qoyduğu
dəyərlər dünya mədəniyyətini zənginləşdirir
Azərbaycan öz müstəqilliyini əldə etdikdən
sonra xalqın milli varlığının daha geniş miqyasda
- beynəlxalq səviyyədə öyrənilməsi,
xalqımızın bağlı olduğu və
yaratdığı elmi, ədəbi, mədəni dəyərlərin
araşdırılması və tanıdılması zəruri
bir məsələyə çevrilib. Bir xalqın milli
kimliyi özünü daha çox şifahi xalq ədəbiyyatında
qoruyub saxlayır və təqdim edir. Folklor
nümunələri xalqın yaratdığı dəyərlərdir
və xalqın dünyagörüşünü, həyat
ölçülərini, duyğu və düşüncələrini
ən gözəl bir biçimdə təqdim edir. Ona görə də folkloru öyrənmək,
araşdırmaq, bir xalqı olduğu kimi tanımaq deməkdir.
Ayrı-ayrı xalqların öz aralarında
siyasi, iqtisadi, elmi-mədəni və ədəbi əlaqələr
qurması da onların bir-birini tanımasına yardım edir.
Bədii əsərlərin bir dildən başqa xalqların
dilinə tərcüməsi məsələsinə sırf
praqmatik baxımdan yanaşdıqda bu, ilk növbədə əməli
bir məsələ kimi görünə bilər, yəni tərcümə
ona görə lazımdır ki, hər hansı bir əcnəbi
dili bilməyən oxucu həmin dildə yazılmış və
onun ana dilinə tərcümə edilmiş əsəri oxuya
bilsin. Düzdür, bu zaman tərcümə əsərini
mütaliə edən oxucunun əsər barədə təsəvvürü
heç də orijinala adekvat olmayacaq, çünki tərcümədə
istər-istəməz müəllif fikri (xüsusilə də
poetik tərcümədə) bu və ya digər dərəcədə
müəyyən dəyişikliyə, təhrif və itkilərə
məruz qalacaq. Ancaq son nəticədə
bütün bunlarla barışmaq, tərcümə işini
faydalı hesab etmək lazım gəlir. Digər
tərəfdən, xarici dilləri bilən oxucular həmin
dillərdə yazılmış əsərləri orijinalda
da oxuya bilərlər və belə hal, sözsüz ki, daha
yüksək qiymətləndirilə bilər.
Tərcümə dillər arasında əlaqələr,
müqayisə formaları yaradaraq həm müvafiq dilləri,
həm də bu dillərdə yaranan ədəbi fikir və
ideyaları, ədəbiyyatlardakı obrazlar sistemini, bədii
ifadə və təsvir vasitələrini
qarşılıqlı surətdə zənginləşdirir. Belə zənginləşməni
hər iki tərəf öz üzərində çox
aydın şəkildə hiss edir. Bu məsələlər
haqqında verilən məlumatlar nəinki elmi informasiya, həmçinin
tarixi-mədəni və filoloji cəhətlərdən də
olduqca əhəmiyyətlidir.
Məlumdur ki, bədii tərcümə bu ifadənin
xüsusi mənasında dəqiqlik tələb edir. Ancaq bu prinsipə
həddindən artıq aludə olanları tez-tez hərfi tərcüməçilikdə
günahlandırırlar. Hərfi tərcümə
isə çox vaxt orijinalın dilinin tərcümə edilən
dildə “qəribə səslənməsi”, mənasının
təhrif olunması ilə nəticələnir. Yaxşı olar ki, orijinalın mətni və mənası
tərcümə edilən dildə də təbii şəkildə
səslənsin və onun tərcümə olması dil
baxımından hiss edilməsin. Bədii təsvir
vasitələri və obrazlar sisteminin zənginliyi
baxımından Qərb şairləri həmişə Ömər
Xəyyam, Hafiz Şirazi, Nizami Gəncəvi, Məhəmməd
Füzuli kimi Şərq şairlərinə qibtə
etmişlər. Bu, oxucu zövqünün
formalaşmasında da özünü çox bariz şəkildə
göstərən bir amildir. Əgər Qərb
oxucusunun zövqünü oxşamaq üçün
şeirin hər bəndində adi bir bənzətmənin
işlədilməsi kifayət edirsə, Şərq oxucusunun
bədii tələbatını ödəmək
üçün istər yazılı, istərsə də
folklor şeirlərinin hər bir misrasında bir və ya daha
çox bədii ifadə və təsvir vasitəsi
olmalıdır. Bütün bu qəbildən
olan məsələlərin tərcümə prosesində
düzgün həlli isə tərcüməçidən
yüksək sənətkarlıq tələb edir. Tərcümənin keyfiyyətinin hansı səviyyədə
yerinə yetirilməsini müəyyənləşdirmək,
ona qiymət vermək vəzifəsi isə tədqiqatçıların
üzərinə düşür.
Bütövlükdə
Azərbaycan ədəbiyyatının, o sıradan Azərbaycan
ədəbiyyatının və folklorunun ingilisdilli qaynaqlarda
öyrənilməsi ilə bağlı İ.Rəhimov,
Ə.Rzayev, L.Əliyeva, Ş.Xəlilli, N.Axundov, İ.Həsənli,
Z.Ağayev, A.Həsənova, Ş.Atayeva, M.Məmmədova,
Y.Mürşüdov, Ş.Nağıyeva, Ş.Balakişiyev,
T.Abbasquliyev, S.Məmmədova, R.Qayıbovanın adını
çəkmək olar. Azərbaycanın xarici
ölkələrlə əlaqələri gücləndikcə
Azərbaycan ədəbiyyatının xaricdə öyrənilməsi
və tanıdılması ilə bağlı yazılan elmi əsərlərin
və tərcümələrin də sayı artır.
Azərbaycan şifahi xalq ədəbiyyatının
xaricdə, o sıradan ingilisdilli qaynaqlarda öyrənilməsi,
Azərbaycan folklorunun xarici dillərə tərcüməsi
önəmli bir məsələdir. Ona görə ki,
folklor mənsub olduğu xalqın duyğu və
düşüncələrini, adət-ənənələrini,
tarixini, dünyagörüşünü, bir sözlə,
milli kimliyini özündə qoruyub saxlayan, xalqın mənəvi
güc qaynağı olan əvəzedilməz bir sərvətdir.
Bu gün qloballaşan dünyada biz Azərbaycanın
milli kimliyini olduğu kimi dünyaya çatdırmaq istəyiriksə,
ilk sırada folklorumuzun dəqiq, qüsursuz tərcüməsindən
başlamalıyıq. Ona görə ki, folklorun
doğru tərcüməsi Azərbaycanın doğru
tanınmasına, doğru başa düşülməsinə,
ölkələr və millətlərarası mədəni əlaqələrin
qurulmasına yol açır, bu yolla Azərbaycan folklorunun
ortaya qoyduğu dəyərlər dünya mədəniyyətini
zənginləşdirir. Folklor mənsub olduğu
xalqı tanıma və tanıtma yoludur. Biz
bu mədəni körpünü sağlam təməllər
üzərində tikməliyik.
Qeyd etmək lazımdır ki, indiyədək
bütövlükdə Azərbaycan ədəbiyyatı, o
sıradan Azərbaycan folklorunun Avropada, ingilisdilli qaynaqlarda
öyrənilməsi ilə bağlı bir sıra işlər
görülüb, dəyərli araşdırmalar
yazılıb, tərcümələr edilib. Azərbaycanla
Avropanın elmi-mədəni əlaqələrinin tarixi qədim
olsa da, Azərbaycan ədəbiyyatının Avropada,
ingilisdilli qaynaqlarda öyrənilməsinin tarixi nisbətən
sonrakı dövrlərdə başlanılıb. Azərbaycan ədəbiyyatının xaricdə
öyrənilməsi ilə bağlı yazılmış
araşdırmalar sırasında R.Qayıbovanın “Azərbaycan
ədəbiyyatı ingilis alimlərinin əsərlərində”
tədqiqatını qeyd edə bilərik. Alim bu
araşdırmasında orta yüzilliklər Azərbaycan ədəbiyyatının
ingilisdilli qaynaqlarda öyrənilməsi ilə bağlı
araşdırma aparıb, qədim və orta yüzilliklər
Azərbaycan ədəbiyyatının mövzusu, ideyası, əsas
nümayəndələri və onların bədii irsi ilə
bağlı ingilisdilli alimlərin yazdıqlarını dəyərləndirib.
Ə.Ağayev
“Nizami və dünya ədəbiyyatı” adlı tədqiqatında
böyük Azərbaycan şairi Nizami Gəncəvinin
bütövlükdə dünya və Avropa ədəbiyyatına
təsiri məsələsinə toxunub, eləcə də bir
sıra dünya alimlərinin Nizami Gəncəvi ilə
bağlı fikirlərinə də yer verib. Azərbaycan ədəbiyyatının
Avropada, ingilisdilli qaynaqlarda öyrənilməsi ilə
bağlı tədqiqatlar sırasında İ.Rəhimovun
“C.Q.Bayronun “Şərq poemaları”nda Şərq sözləri”
tədqiqatında daha çox dilçiliklə bağlı məsələlərə
yer verilsə də, bir sıra ingilis alimlərinin Azərbaycan
ədəbiyyatı ilə bağlı fikirləri,
araşdırmaları da tədqiq edilib. Bu tipli
araşdırmalardan birini də Ə.Rzayev yazıb. Onun
“İngilis poeziyasının Azərbaycan dilinə tərcümə
məsələləri (Bayronun “Şərq poemaları”nın materialları əsasında)” adlı tədqiqatında
ingilis şeirinin Azərbaycan dilinə tərcüməsi ilə
bağlı problemlər araşdırılıb, ikitərəfli
əlaqələrlə bağlı məsələlərə
toxunulub. Alim bu elmi əsərində
bütövlükdə tərcümə məsələləri
ilə bağlı öz görüşlərini
açıqlayıb, konkret misallarla fikrini əsaslandırıb,
bir sıra ingilis alimlərinin bu məsələlərə
dair düşüncələrinə də yer ayırıb.
S.Məmmədovanın “Qərbi Avropa şərqşünaslığında
XIV-XV əsr Azərbaycan poeziyasının öyrənilməsi
tarixindən” adlı tədqiqatında orta əsr Azərbaycan
şeirinin Qərbi Avropada öyrənilməsinin aktual problemlərinə
toxunulub.
XX yüzilliyin 80-ci illərindən başlayaraq Azərbaycan
ədəbiyyatının Avropada, ingilisdilli qaynaqlarda öyrənilməsi
ilə bağlı görülən işlərin sayı
artıb. Məsələn, f.e.d. R.İsmayılovun “Dostluq
telləri” adlı araşdırması Azərbaycan-Fransa ədəbi
əlaqələrinin öyrənilməsinə həsr olunub.
Müəllif “Asiya” jurnalında, “Metadük
Larüs” ensiklopediyasında, “Müsəlman aləmi”
jurnalında çap olunmuş məqalələri, bir
sıra fransız alimlərinin yazdığı əsərləri
tədqiq edib. O, bu alimlərdən Ksavye de Planolun,
A.Brelyenin, L.Melikof-Sayyarın, A.Russonun, İ.L.Klerambolun,
E.Bloşenin, F.Şarmuanın, X.D.Frenin, B.Dorinin, Erdmanın,
K.İtzenin, L.Şpisnaqelin, Anri Massenin, Barbiye de Meynarın,
A.Silyerin, Lüsen Buanın, L.Bazenin, A.Dümanın və bir
sıra başqa fransız alim və tərcüməçilərinin
yazdığı məqalələri, əsərləri, tərcümələri
diqqətlə araşdırıb, bu elmi işlərin
uğurlu cəhətlərini göstərməklə
yanaşı, qüsurlu yönlərini də tənqid edib. Bu
tədqiqatda Azərbaycan folklorunun “Kitabi-Dədə Qorqud”,
“Koroğlu” kimi dastanlarının, Nizami Gəncəvi,
Əbülula Gəncəvi, Xəqani Şirvani, Fələki
Şirvani, Mücirəddin Beyləqani, Ş.İ.Xətai,
Füzuli, Bahar Şirvani, X.Natəvan, M.F.Axundzadə, Y.Çəmənzəminli,
N.Vəzirov, A.Səhhət, A.Şaiq, M.Ş.Vazeh,
İ.Qutqaşınlı, H.Cavid, C.Cabbarlı, M.Ə.Sabir və
başqa Azərbaycan ədəbiyyatı nümayəndələrinin
yaradıcılığının fransız alimlərinin tədqiqatında
öyrənilməsi ilə bağlı məsələlərə
geniş yer verib. Sonrakı dövrlərdə
bu tipli araşdırmaların sayı artıb. Nəticədə
N.Axundovun “Azərbaycan sovet ədəbiyyatı xaricdə”,
İ.Arzumanlının “Nizami yaradıcılığı
ingilisdilli ədəbiyyatşünaslıqda”, “Mürafiə
vəkilləri ingilis dilində”, Z.Ağayevin “Azərbaycan
mövzusu və ədəbiyyatı Amerika Birləşmiş
Ştatlarında”, M.İsmayılovun “N.Gəncəvinin “Yeddi
gözəl” poeması ingilis dilində (şərhlər, tərcümələr,
səsləşmələr)”, Ş.Atayevanın “M.F.Axundzadə
ingilisdilli ədəbiyyatşünaslıqda”, M.Məmmədovanın
“Şah İsmayıl Xətai ingilisdilli qaynaqlarda”,
S.Mustafanın “İngilisdilli xalqların folklorundan nümunələr”
və s. dəyərli araşdırmalar ortaya
çıxıb.
Vəfa
İbrahimova,
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2015.- 15 aprel.-
S14.