“Qara qıyma gözlərin
uyxu almış...”
“Dədə
Qorqud Kitabı”ndakı
sözlərlə bağlı
düşüncələr
Qorqudşünaslıqda "ev yanında" kimi qəbul edilən növbəti sözün "uyanında"
variantında oxunmasını
iki mühüm amillə bağlayırıq. Birincisi,
"əlif" və
"vav" hərflərinin
"ev" sözü
ilə yanaşı,
"u" səsini də
ifadə edə bilməsi, ikincisi isə müasir dilimizdə işlənən
"uyğun", "uyğunlaşmaq"
sözlərinin kökündə
yaşayan qədim
"uy" feilinin olması faktıdır. Təhlil göstərir ki, "uyanında" sözü "uy" feil kökündən, -an feili sifət,
-ı mənsubiyyət (n bitişdirici
samitdir) və -da yerlik hal
şəkilçilərindən ibarətdir. Bu qrammatik
forma abidənin dili üçün yad səslənmir. Məsələn, "Keçənindən otuz aqça alurdı, keçməyənindən qırq
aqça alurdı"
cümləsində işlənmiş
feili sifətlər müvafiq kateqoriyalar üzrə dəyişib.
"Uy" arxaik
feili "uyğun olmaq" mənasında Əbu Həyyan lüğətində iki
dəfə verilib.
Ən maraqlısı budur ki, həmin arxaik feilə "Kitab"ın "Müqəddimə"
hissəsində bir neçə sətir sonra rast gəlinir.
"Nolaydı bu öləydi, birinə dəxi varaydım, umarımdan yaxşı-uyar olaydı,
– der". Nəsil korlayan
tərəf kimi xarakterizə edilən qadınların dilindən
verilmiş bu cümlədə "uyar"
sifəti "uyğun,
müvafiq" anlamlarını
əks etdirir və bu məna
S.Əlizadə çevirməsində
də əsas götürülüb. Buradan deyimin
xalqımızın qədim
düşüncə tərzinə
istinadən "Al qırmızı
uyğunluğunda qurulsa,
gərdək gözəldir"
fikrini ifadə etdiyi üzə çıxır.
“Qara qıyma gözlərin uyxu almış, açğıl
axı,
Ol ikicə sünücügün
uzun olmuş, yığşur axı,
Tanrı verən tatlı canun seyranda imiş, endi dəxi.
Üz-gözündə canun varsa, oğul, xəbər mana!
Qara başım
qurban olsun, oğul, sana!”
"Dirsə xan
oğlu Buğac boyu"ndan götürülmüş
bu söyləm parçasının ikinci
misrasının əksər,
üçüncü misrasının
isə sonuncu sözlərinin oxunub açıqlanmasında fikir
müxtəlifliyi nəzərə
çarpmaqdadır. "Kitab"ın
tanınmış naşiri
M.Ergin Drezden və Vatikan nüsxələrini müqayisəli
təhlilə cəlb
edərək həmin
misraları: "Ol ikice sünücüyün
ören olmuş, yığşır ahı,
Tanrı veren tatlu canun seyranda
imiş, anıt ahı" şəklində
oxumaqla daha düzgün variantı ortaya qoyubsa, akademik H.Araslı: "On ikicə süküciyin örən olmuş, yığışır axı…
Tanrı verən dadlu canın seyrandaymış indi axı" varianitında,
Ş.Cəmşidov isə:
"Ol ennicə sinəcigin
Uzun olmuş
yığışar axı.
Tanrı
verən datlı canın
Seyrandaymış indi, axı"
- variantında oxuyublar.
Drezden nüsxəsinə üstünlük
verən S.Əlizadə
"Kitabi-Dədə Qorqud
ensiklopediyası"nda 1988-ci il nəşrində
irəli sürdüyü
yuxarıdakı varianta
qayıdıb ki, bu da söyləmin
mahiyyətini anlamaqda çətinliklər yaradır.
Məlumdur ki, söyləm ov zamanı qırx namərdin hiyləsi ilə atası tərəfindən
oxlanaraq bir dərənin içində
huşunu itirmiş Buğacın başı üzərində göz yaşı axıdan ananın dilindən söylənilib. Burada yeganə övladını
itirmək qorxusunu yaşayan ananın dərin iztirabları fonunda ölümlə bağlı qədim oğuz inanclarının əksini görürük.
H.Araslı, O.Ş.Gökyay
və M.Ergin oxunuşuna etiraz edən S.Əlizadə:
"Mətndəki təsvirə
görə, ana oğlunun yaralı bədənini oxşayıb
ağlayır. Ona görə
də Buğacın uzun qollarını - ayaqlarını əzizləyərək
deyir ki, "O iki ayaqların uzun idi, indi
niyə yığışırı…"
yozumunu irəli sürür. Şübhəsiz, burada oxla vurulan
Buğacın sümüklərinin
dağılıb parçalanmasından
danışılır, lakin
misranın tam açıqlanması
üçün onu təşkil edən bütün sözlərin
semantiksının şərh
edilməsi olduqca vacibdir. Öncə "on ikicə sünücük"
birləşməsini nəzərdən
keçirək. Bizcə, bu
ifadə qədim oğuz təfəkkürünün
say sistemi ilə bağlı inanclara işıq saçır.
Görünür, bir çox
xalqlar kimi qədim türklər də on iki rəqəmini tamlıq rəmzi kimi işlətmişlər. ...Bu inanc oğuz etnosunun formalaşmasında
əsas rol oynayan boz oq,
üç oq birliklərinin hər birinin on iki tayfadan ibarət olması ilə bağlı əfsanəvi
görüşlərdə də öz əksini tapıb. Bu mövqedən yanaşdıqda
insana da tanrının yaratdığı
bütöv, kamil bir varlıq kimi baxan oğuzların
onun quruluşca on iki sümükdən ibarət olması düşüncəsinə gəlmələri
məntiqi görünür.
Bəzi tədqiqatçıların
"ol ikicə"
(-cə qüvvətləndirmə
ədatıdır) şəklində
verdikləri bu söz istər Drezden, istərsə də Vatikan nüsxəsində açıq-aydın
oxunur. Tanınmış dilçi T.Tekin
araşdırmasında da
bu variant verilib. Qədim oğuz bədii təfəkkürünün
ən möhtəşəm
abidəsi sayılan
"Dədə Qorqud
kitabı"nın məhz on iki boy əsasında tərtibi də təsadüfi xarakter daşımayıb,
bu inanca istinad edir. Odur ki, qorqudşünaslıqda ara-sıra
söylənilən "Kitab"ın
daha çox boyu əhatə etməsi fikri bu inanca zidd
olduğu üçün
inandırıcı görünmür.
Beləliklə, abidənin dilində
işlənmiş üç,
yeddi, doqquz, qırx rəqəmləri
kimi, on iki rəqəminin də qədim inanclarla bağlılığı təkzib
edilməz faktdır.
M.Kaşqarlı "örən" sözünə verdiyi şərhdə onun fars mənşəli "viran" sözü əsasında yarandığını ehtimal edir. Müasir dialektlərimizdə "pis, xarab", Türkiyə türkcəsində isə "xaraba, dağılmış qala" mənasında işlədilən bu qədim söz "Örənqala" toponimində də yaşamaqdadır. Təhlil göstərir ki, "örən" sözünün "viran" fars sözü ilə oxşar yazılışı və məna yaxınlığı türk dillərinin kamil bilicisi M.Kaşqarlıya onun mənşəyi haqqında belə bir fikri söyləməyə əsas verib. Lakin hər iki sözün müasir türk dillərində işlədilməsi və fərqli deyilişi onların mənşəcə müxtəlif söz köklərindən rişət tapdığını söyləməyə imkan yaradır. Ümumiyyətlə, əski əlifba ilə eyni yazılışa və oxşar məna çalarlarına malik bu tipli türk və ərəb-fars mənşəli sözlərin fərqləndirilməsinə həssas dilçinin lüğətində də rast gəlmək olur. Məsələn, "sərt, güclü" mənasını ifadə edən arxaik "kadır" türk sözünün "qüdrətli" mənasını ifadə edən "qadir" ərəb sözü ilə yaxınlığını "bu kəlmə ərəbcəyə uyğun durub" fikri ilə ümumiləşdirən Kaşqarlı onları mənşəcə ayırıb. Təsadüfi dil faktı kimi rast gəlinən belə hadisələrdən biri də "örən" və "viran" sözləri ilə əlaqədardır. Elə həmin lüğətdə B.Atalayın "öri" fonetik varantında oxumağı məsləhət bildiyi "çürü(mək)" mənalı qədim "öri//üri" feilindən bəhs olunur. Əsasən ağacla bağlı işlədilmiş bu sözün ilkin olaraq "dağılmaq" mənasını bildirməsi fikrindəyik. Görünür, lüğətin yazıldığı dövrdə artıq arxaikləşməkdə olan "örü" feili mə`na daralmasına məruz qalaraq ağacın içindən dağılması ilə bağlı "çürümek" mənasını daşıyıb. Odur ki, "örən" və "öri" sözlərinin eyni mənşədən – "dağılmaq" mənasını ifadə edən "ör" feil kökündən törəndiyini zənn edirik. Hər halda, sözün hansı mənşədən törəməsindən asılı olmayaraq, "dağılı, xarab, pis" anlamını bildirməsi mühüm faktdır.
Cümlədəki növbəti sözə – "yığşır" feilinə gəlincə onun "yığışdır, bir yerə topla, cəm elə" mənasında işlədilməsi şübhəsizdir. Müasir dilimizdəki "tapşır" feil formasına uyğun olaraq "yığşır" sözü də -şır sözdüzəldici şəkilçisinin köməyi ilə yaranıb. Beləlikə, misranın mənasını "ön iki sümüyün dağılı olmuş, bir yerə topla" kimi qavramaq olar.
Söyləmdəki üçüncü misranın "tanrı verən tatlu canın seyranda imiş, anıt axı" variantında oxunuşu da qədim oğuz-türk inancına qaynaqlanır. Məlumdur ki, dual təfəkkürə malik qədim türklər insanın bədən və ruhdan ibarət olmasına inanıblar. Odur ki, onlar ölümü ruhun bədəni tərk etməsi kimi dərk etmişlər. "Ayrılmaq", "parçalanmaq" mənasını daşlaşmış şəkildə semantikasında saxlayan "ölmək" feili bu düşüncənin izlərini indi də yaşatmaqdadır. Söyləmin məzmun kontekstinə bir daha diqqət yetirək. Torpağa uzanmış oğlunu yaralı görən ana ona qara qıyma gözlərini açmağı, dağılmış, boşalmış sümüklərini bir yerə yığışdırmağı, seyrana, gəzməyə çıxmış ruhunu, hissini özünə qaytarmağı, üz-gözündə canlandırmağı xahiş edir. "Anıt" feili kontekstdə məhz "canlandırmaq" mənasında işlənmiş arxaik feildir. M.Kaşqarlı onun "hazırlamaq" mənasını bildirdiyini göstərir. Radlov lüğətində də bu məna əks olunub. Verilmiş misrada "anıt" feilinin bu mənanı daşıdığı açıq-aydın duyulur, çunki "canlandırmaq" "hazır olmaq" anlamının bir üslubi çalarıdır, sinonimidir...
Asif Hacıyev,
araşdırmaçı
Xalq Cəbhəsi.- 2015.- 17 aprel.- S15.