“Parlament seçkiləri
öncəsi...”
Polis
polkovniki Gülşən Əhmədova:”Biz şəxsiyyət
vəsiqələrinin verilməsi ilə bağlı əlavə
tədbilər görəcəyik”
Daxili
İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və
Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi
şöbəsinin rəisi polis polkovniki Gülşən
Əhmədovanın Trend-ə müsahibəsi
- Bu ilin
payızında Azərbaycanda parlement seçkilərinin
keçirilməsi nəzərdə tutulur. Bununla
əlaqədar vətəndaşların öz seçki
hüquqlarını həyata keçirə bilməsi
üçün sizin şöbə tərəfindən
hansı işlər görülür?
- 2015-ci
ilin payızında ölkədə baş tutacaq parlament
seçkiləri ilə bağlı hər bir vətəndaşın
öz seçki hüququnu həyata keçirə bilməsi
üçün biz indidən tədbirlər
görürük. Bilirsiniz ki, 16 yaşı
tamam olmuş hər bir vətəndaş şəxsiyyət
vəsiqəsi götürməli, 25 və 50 yaşları
tamam olduqda isə şəxsiyyət vəsiqələrini dəyişməlidirlər.
Biz indi əsasən şəxsiyyət vəsiqələrinin
müddəti bitdiyinə görə dəyişmə
vaxtı çatmış, eləcə də ad və
soyadında dəyişiklik baş vermiş vətəndaşlarla
aktiv şəkildə işləyirik. Bununla
bağlı maarifləndirmə işləri
görürük. Əhali xəbərdar
olmalıdır. Adam var ki, 50 yaşı
tamam olub, amma heç fikirləşmir ki, şəxsiyyət
vəsiqəsini dəyişmək lazımdır. Adam isə hesab edir ki, onun şəxsiyyət vəsiqəsi
var və o, parlament seçkilərində iştirak edə
bilər. Həmin sənəd vətəndaşın
50 yaşı tamam olduğu gündən etibarən hələ
bir ay da etibarlı hesab olunur. Lakin sonra həmin
sənəd tam etibarsız olacaq. Axı
niyə gərək hamı son günü gözləsin?
Bunu vaxtında etmək lazımdır.
Digər
tərəfdən, qarşıdan yay ayları
yaxınlaşır, xaricə istirahətə getmək istəyən
çox adam ümumvətəndaş
pasportu almağa gələcək. Bunun
üçün isə ilk növbədə hamının
şəxsiyyət vəsiqəsi olmalı, yaş həddi
tamam olanlar isə şəxsiyyət vəsiqəsini dəyişməlidirlər.
Ona görə də respublikanın ərazisində
səyyar qruplar şəklində xidmətə
başlamışıq. Bu iş fəal surətdə
davam etdirilir. Məsələn, son zamanlar təşkil
edilən səyyar xidmətlər zamanı Goranboy, Qazax,
Pirallahı rayonlarında yüzlərlə vətəndaşa
şəxsiyyət vəsiqəsi verilib. Ümumiyyətlə,
Baş İdarə tərəfindən göstəriş
verilib ki, bu səyyar xidmətlər bütün ölkə
boyu həyata keçirilsin. Əsas hədəf
isə hərəkət məhdudiyyəti olan, yol şəbəkəsi
pis olan ucqar rayonlarda və kəndlərdə yaşayan
insanlardır.
Biz görürük ki, səyyar xidmət forması səmərəli
nəticələr verir. Ona görə də parlament seçkiləri
öncəsi biz şəxsiyyət vəsiqələrinin
verilməsi ilə bağlı əlavə tədbilər
görəcək, səyyar xidmətlərin sayını daha
da artıracağıq. Artıq bununla
bağlı yerlərdə tapşırıqlar verilib. Biz həmçinin Bakının qəsəbələrində
uşaq evlərində əqli qüsurlu uşaqlara şəxsiyyət
vəsiqələrinin verilməsini təmin etdik. Bu
iş də intensiv davam etdiriləcək. Biz 1
iyun – Uşaqların Müdafiəsi Günü kütləvi
tədbirlərin keçirilməsini
planlaşdırırıq. Həmçinin may ayında
qocalar evində səyyar xidmət göstəriləcək. Psixiatrik dispanserdə, cəzaçəkmə
müəssisələrində, eləcə də məcburi
köçkünlərin məskunlaşdığı yerlərdə
də belə tədbirlər həyata keçirilib və
davam etdiriləcək. Kimlər ki, yataq xəstəsidir,
hərəkət imkanları məhduddur, bizə müraciət
ediləcəyi təqdirdə həmin şəxslərə
də səyyar şəkildə xidmət göstərməyə
hazırıq. Belə hallar olub.
- Bu
günədək Azərbaycan vətəndaşlarına nə
qədər şəxsiyyət vəsiqəsi verilib? Xüsusən uşaqların şəxsiyyət vəsiqələri
ilə təmin edilməsi sahəsində vəziyyət necədir?
-
Ümumiyyətlə, Azərbaycanda vətəndaşlara
2015-ci ilin martın 31-dək 7 milyon 187 min 179 şəxsiyyət
vəsiqəsi verilib. Bunlardan 6 milyon 543 min 88-i 16
yaşından yuxarı, 644 min 91-i isə 16 yaşından
aşağı vətəndaşlara verilib.
Biz səyyar xidmətləri əsasən məktəblərdə
keçirirdik ki, uşaqlar da şəxsiyyət vəsiqələri
ala bilsinlər. Məsələn, Goranboyda valideynlər
uşaqları ilə birgə gəlirdilər. Valideynlər həm öz şəxsiyyət vəsiqələrini
dəyişir, həm də uşaqlarına şəxsiyyət
vəsiqəsi götürürdülər. İndi hələ ki, aprel ayıdır. Azərbaycan vətəndaşlarının
imkanları genişləndikcə yay aylarında xarici ölkələrdə
istirahətə gedənlərin sayı da getdikcə
artır. Lakin çoxlarının
yalnız səfər öncəsi yadına düşür
ki, uşaqlara pasport almaq, bundan əvvəl isə şəxsiyyət
vəsiqəsi götürmək lazımdır. Biz isə indidən bu tədbirləri keçiririk
ki, yay aylarında nə vətəndaşlar, nə də
bizim üçün gərginlik yaşanmasın. Mən uşaqları ilə birgə xarici ölkələrə
səfərə getməyə hazırlaşan valideynlərə
əlavə gərginlik və problemlərlə üzləşməmək
üçün övladlarının sənədləşmə
məsələlərini vaxtında həll etmələrini
tövsiyə edirəm.
Qanuna əsasən,
1 günlüyündən tutmuş 16 yaşı tamam olanadək
uşaqlara şəxsiyyət vəsiqəsinin verilməsi
üçün onun valideynləri, əgər valideynləri
yoxdursa, qəyyumu bizim İdarəyə ərizə-anketlə
müraciət etməlidir. Bundan əlavə,
mütləq şəkildə uşağın doğum
haqqında şəhadətnaməsi təqdim edilməlidir.
Şəhadətnamədə pozuntular, düzəlişlər
olanda valideynlər və ya qanuni nümayəndələr buna
ciddi diqqət yetirməli və Ədliyyə Nazirliyinə
müraciət edərək ya onun dublikatını, ya da
notarial qaydada təsdiq edilmiş variantını alaraq bizə
təqdim etməlidirlər. Şəxsiyyət
vəsiqəsi 16 yaşınadək vətəndaşlara
şəkilsiz verilir. Uşaqlara şəxsiyyət
vəsiqəsinin verilməsi üçün heç bir
rüsum tələb olunmur.
- Əhalinin şəxsiyyət vəsiqələrinin
verilməsi ilə bağlı təşkil edilən səyyar
xidmətlərə münasibətiniz necədir?
- Vətəndaşlar
da bu tədbirləri çox yaxşı qəbul edir,
razı qalır və minnətdarlıq edirlər. Çünki bir var ki, vətəndaş özü
polisə gəlib müraciət edərək şəxsiyyət
vəsiqəsi götürsün. Bir də
var ki, polis özü onun qapısına getsin. Vətəndaş
hiss edir ki, polis ona diqqət yetirir, dövlət ona
qayğı göstərir. Digər tərəfdən,
bu tədbirlər bir daha göstərdi ki, Azərbaycan vətəndaşı
öz polisinə etibar edir və onu özünün
mühafizəçisi və müdafiəçisi kimi
görür. Bu müddət ərzində
qəbul etdiyimiz vətəndaşlar bizə, elə şəxsən
özümə də müxtəlif problemlərlə
müraciət ediblər.
Səyyar xidmətlər çox yaxşı nəticələr
verir. Bu idarənin əsas vəzifəsini ümumvətəndaş
pasportu və şəxsiyyət vəsiqələri ilə təmin
etmək, onların qeydiyyat məsələlərini həll
etməkdir. Şəxsiyyət vəsiqəsi
olmadıqda insan ictimai həyatda iştirak edə bilmir.
O demək olar ki, hüquqi cəhətdən mövcud olmur.
Şəxsə təhsil almaq, işə düzəlmək,
müqavilə bağlamaq, kredit götürmək, nikaha girmək
və s. məsələlər üçün mütləq
ilk növbədə şəxsiyyət vəsiqəsi
lazımdır. Hətta ən son nöqtəmiz
olan ölümdən sonra da onun ölüm faktını qeydə
almaq üçün şəxsiyyət vəsiqəsi
lazım olur və sonda vəsiqə DİN-ə qaytarılır.
- Bəs
işinizdə ən çox rastlaşdığınız əsas
problem və çətinliklər hansılardır?
- Artıq 30 ildən çoxdur ki, bu xidmətdəyəm.
Amma bu qəbullar
mənim üçün demək olar ki, bir kəşf oldu. Məsələn,
vətəndaşa deyirik ki, sizin mülkiyyət hüququnuz təsdiqlənməyib.
Sizə deməyiblər ki, gedib evin
“kupça”sını alın, əmlakın hüquqi
qeydiyyatını keçirin, bunu hüquqi formaya salıb sənədləşdirin?
Deyirik ki, mülkiyyət hüququnun təsdiqlənməsi
polisin səlahiyyəti deyil, gedin müvafiq dövlət
orqanına müraciət edin. Yalvarırıq,
“qurban olum” deyirik. Amma vətəndaş
israr edir ki, yox, bu işi ancaq polis təşkil edə bilər.
Sonra da axırda gedib şikayəti də polisdən
edir ki, məni qeydiyyata almırlar. Polis səni
necə qeydiyyata alsın ki, tikdiyin evin nə icazəsi, nə
də “kupça”sı var? Deyirik ki,
axı bunun üçün müvafiq, aidiyyatı orqana
müraciət etmək lazımdır. Deyir
ki, yox, mənə yalnız polis kömək etməlidir.
Bəzən vətəndaşlığı müəyyən
olunmayan və ya başqa dövlətdə doğularaq Azərbaycanla
heç bir bağlılığı olmayan, nə
qeydiyyatı və nə də hər hansı siyahıda
adı olmayan şəxs Azərbaycan vətəndaşı
olmaq üçün bizə müraciət edir. Başa
salırıq ki, vətəndaşlıq məsələsinin
həlli başqa dövlət orqanının, Dövlət
Miqrasiya Xidmətinın səlahiyyətindədir və ora
müraciət edilməlidir. Lakin yenə də
gedir bizdən şikayət edir ki, ona şəxsiyyət vəsiqəsi
vermirik.
Bunun digər, bizim üçün xoş olan tərəfi
də var. Çünki bu göstərir ki, vətəndaşlar
onların problemlərinin həllini məhz polisdən gözləyir. Vətəndaş
polisi özünə yaxın hesab edir. Vətəndaşlar
bilsinlər ki, idarədə şəxsiyyət vəsiqələri
və qeydiyyatla bağlı hər bir şəxsi qəbul etməyə
hazırıq. Əgər onlar bizim əməkdaşlarımızdan
kimsə tərəfindən hansısa problemlə
rastlaşıblarsa və hesab edirlərsə ki, onlarla
düzgün davranılmayıb, əlavə sənəd tələb
edilib və ya haqlı olduğu halda məsələlərin
həlli onları qane etməyib, onları hər zaman qəbul
edib şikayətlərini dinləməyə hazırıq.
Ancaq bir şərtlə ki, onların özlərinin
istəkləri də qanuni çərçivədə,
hüquqi əsaslandırılmış olsun.
Bizim şöbənin əsas funksiyası respublikada
qeydiyyat və şəxsiyyət vəsiqəsi üzrə
xidmətlərin fəaliyyətini təmin etmək, bu sahədə
təhlil və nəzarət işləri aparmaqdır. Məqsədimiz
odur ki, vətəndaş məmnunluğu təmin edilsin, onlar
əsassız imtinalarla üzləşməsinlər. Əgər vətəndaş bizim xidmətə
hansısa problemlə bağlı müraciət edirsə,
çalışırıq ona hərtərəfli diqqət
və köməklik göstərilsin. Bizim
üçün vacibdir ki, əməkdaşlarımız vətəndaşlarla
nəzakətli davransınlar. İndi fəaliyyətimizi
əsasən bu istiqamətdə qururuq. Bizim
xidmətdə bu məsələ xüsusilə vacibdir.
Çünki hər bir vətəndaş polis
orqanına müraciət edərək şəxsiyyət vəsiqəsi
alır. Ona görə də nəzakətli
davranışa xüsusən diqqət yetiririk. Çalışırıq ki, bütün məsələlər
və problemlər hüquqi müstəvidə həll olunsun,
qanunsuz hərəkətlərə yol verilməsin, əsassız
sənədlər tələb olunmasın.
Xalq Cəbhəsi.-
2015.- 21 aprel.- S.9.