“Olaylar”ın fəaliyyətə
başlamasından 24 il keçir...
Elman Cəfərli:
“Olaylar” qəzeti sanki dünya azərbaycanlılarının,
türklərinin haqq bağıran səsi kimi doğuldu”
Alim
Hüseynli: “Olaylar” həm də bir praktik jurnalistika məktəbi
kimi özünü doğruldub”
Süleyman
İsmayılbəyli: “Olaylar”da bu qədər uzunmüddətli
işləyə biləcəyimi özüm də təxmin
edə bilmirdim”
Mənsur
Rəğbətoğlu: “Olaylar” böyük bir jurnalistika məktəbinin
adıdır”
Bu gün “Olaylar” qəzetinin fəaliyyətə
başlamasının 20-ci ildönümüdür. “Olaylar” bu
müddət ərzində uzun inkişaf yolu keçib. Qəzet həmişə Azərbaycan mətbuatında
özünəməxsusluğu ilə seçilib, ictimai təsir
baxımından önəmli yer tutub. Biz də
qəzetin kollektivini təbrik etməklə yanaşı
yubiley münasibətilə onların fikirlərini öyrəndik.
Baş
redaktorun müavini Elman Cəfərli dedi ki, “Olaylar” qəzetinin
ilk nömrəsi 1995-ci ilin aprelin 24-də işıq
üzü görüb: “Bir igidin ömrü olan 20 ili “Olaylar”
elə igid kimi yaşadı. Şər-böhtanla
üz-üzə qaldı, məhkəmələrə çəkildi,
ancaq doğru bildiyi yoldan çəkilmədi. Düzlüyü, çevikliyi və obyektivliyi
başlıca prinsip kimi qəbul edən “Olaylar” ailəsi daim
bu meyarlara sadiq qaldı. Qəzetin
yaranması da maraqlı tarixə təsadüf edir.
Bildiyimiz kimi aprelin 24-ü hər il qondarma
erməni soyqırımının ildönümü kimi qeyd
olunur. Bu tarixdən çap olunmağa
başlayan “Olaylar” qəzeti sanki dünya azərbaycanlılarının,
türklərinin haqq bağıran səsi kimi doğuldu”.
“Xaricdə
yaşayan soydaşlarımızın tribunası olduq”
Elman Cəfərli
bildirdi ki, “Olaylar” qəzeti dünya ölkələrində
yaşayan, haqqı tapdanan hər bir azərbaycanlının
tribunasına çevrildi: “Əsas işimiz xəbər yaymaq
olsa da, milliliyi, azərbaycançılığı da
başlıca prinsip olaraq qəbul etdik. “Olaylar”
qəzeti Güney Azərbaycan, Kərkük, Dərbənd,
Borçalı türklərinin haqqlarının müdafiəsində
böyük rol oynayıb. Qəzetin özəlliklə
Güney türklərinin milli şüurunun oyanmasında,
Güney Azərbaycan türklərinin milli haqqlar uğrunda
davasının dünyaya tanıdılmasında böyük
xidmətləri var.
“Olaylar” qəzeti
və “Olaylar” informasiya agentliyinin Azərbaycan mətbuatının
inkişafında özünəməxsus rolu var. Fəaliyyətində
daim peşəkarlığı, obyektivliyi, qərəzsizliyi
başlıca meyar olaraq götürən “Olaylar” qəzeti bu
illər ərzində bir məktəb kimi formalaşdı. Bu
gün Azərbaycan mətbuatında “Olaylar” qəzetində
yetişmiş onlarla imza sahibi var. Azər Həsrət,
Müşfiq Ələsgərli, Arzu Şirinova, Xaqani Səfəroğlu,
Mübariz Aşırlı, Ləman Əliəşrəfqızı,
Ülviyyə Telmanqızı, Emil Hüseynli, Səbuhi Səfiyarlı,
Rüfət Abbasov, Səlim Balayev və digər ünlü qələm
sahibləri bir zamanlar “Olaylar” qəzetində
çalışıblar.
“Olaylar” qəzetinin
milli dəyərləri uca tutan, mehriban bir kollektivi var. Qəzetin
baş redaktoru, yazıçı-publisist Yunus Oğuz redaksiyada
tam yaradıcı bir atmosfer, demokratik bir ortam yaratmağa nail
olub. Qəzetdə Fatma Abbasquliyeva, Hafiz Mirzə, Alim
Hüseynli, Süleyman İsmayılbəyli kimi peşəkar,
təcrübəli, Mənsur Rəğbətoğlu, Yegzar Cəfərli
kimi gənc, istedadlı yazarlar fəaliyyət göstərir.
Qəzetin texniki heyəti hər nömrənin
dil, üslub və texniki baxımdan təmiz, yüksək səviyyədə
çıxmasına çalışır. Korrektorumuz təcrübəli Nərminə
Dadaşova bu işdə gənc Ülkər Mustafayeva, Qurban
Qafarlıya və Fidan Bayramovaya nümunədir.
2009-ci ildə Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi Şurasının yaranması
“Olaylar” qəzetinin fəalliyyətində növbəti mərhələnin
əsasını qoydu. Mətbuatın inkişafına dövlət
dəstəyi konsepsiyasına uyğun olaraq KİV DF-nin
ayırdığı maliyyə yardımı qəzetin
redaksiyasının maddi texniki bazasının və jurnalistlərin
sosial vəziyyətinin yaxşılaşmasına səbəb
oldu”. O. Həmçinin “Olaylar” ailəsi olaraq Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin mətbuata
dəstəyini hər zaman hiss etmişik”,-deyə
vurğulayıb: “ 2013-cü ildə
dövlət başçısının göstərişi
ilə mətbuat nümayəndələri üçün
tikilmiş evdən redaksiyamızın 3 əməkdaşına
mənzil verildi. Buna görə cənab prezidentə
minnətdarıq. “Olaylar” qəzeti nə qədər
var, azad sözə, Azərbaycana, türk dünyasına xidmət
etməkdə davam edəcək”.
“Bir
jurnalist kimi “Olaylar”da əmək fəaliyyətinə
başladım”
Qəzetin
əməksdaşı Alim Hüseynli bildirdi ki, müasir
çap və internet resurslarının bolluğu şəraitndə
“Olaylar” qəzeti və eyni adlı informasiya agentliyi
özünün xüsusi yeri və dəst-xətti olan mətbuat
orqanı kimi fərqlənir: “Qətiyyətlə demək
olar ki, bu mətbuat orqanı fəaliyyəti dövründə
cəmiyyətdə söz və fikir
azadlığının gerçəkləşməsində
xüsusi rol oynayıb. Faktdır ki,
sözügedən media orqanı Azərbaycan mətbuatının
bir nümunəsi kimi dünya mətbuatının ümumi
inkişaf xəttinə uyğun şəkildə fəaliyyət
göstəririr. Eyni zamanda, səhifələrində
Azərbaycan jurnalistikasının özünəməxsus ənənələrini
layiqincə davam etirir. Fəxarətlə
deyə bilərəm ki, “Olaylar”ın bu müqəddəs
işində bir jurnalist, bir qələm əhli kimi mənim də
üzərimə müqəddəs, eyni zamanda məsuliyyətli
bir vəzifə düşür. Mən
bir jurnalist kimi “Olaylar”da əmək fəaliyyətinə
başladım, əsil jurnalistikanın sirlərinə burada
yiyələndim. On ildən artıqdır
ki, bu mətbuat orqanında çalışıram. Bu müddət ərzində kollektivin daim sağlam
və səmimi şəraitdə
çalışdığının şahidi oldum. “Olaylar” həm də bir praktik jurnalistika məktəbi
kimi özünü doğruldub. Hazırda
ölkə mətbuatının bir çoxunda “Olaylar”ın
yetirmələri fəaliyyət göstərir. Sirr deyil ki, son illər internet medianın geniş
vüsət alması nəticəsində qəzetlərə
oxucu tələbatı da azalıb. Lakin
bütün bu çətinliklərə baxmayaraq “Olaylar”
stabil oxucusu olan qəzetlərin sırasındadır,
oxucuları ilə müntəzəm təmasdadır. “Olaylar” daim dövlətçilik ənənələrini
müdafiə edib, dövlətin maraqlarını hər
şeydən üstün tutub. Bu işdə
“Oalylar” qəzetinin rəhbərliyinə və yaradıcı
kollektivinə uğurlar diləyirəm”.
“Səmimiyyət,
mehribançılıq məhz “Olaylar”da mövcuddur”
Qəzetin əməkdaşı Süleyman İsmayılbəyli “18 illik jurnalist fəaliyyətimin 13-cü ilidir ki, “Olaylar”da çalışıram,-deyə vurğuladı: “Olaylar”a gələnə qədər müxtəlif mətbu orqanlarda çalışsam da, lakin az-çox jurnalist kimi formalaşmağımda “Olaylar”ın böyük rolu olub. Açığı “Olaylar”da bu qədər uzunmüddətli işləyə biləcəyimi özüm də təxmin edə bilmirdim. Hətta çalışdığım ilk aylarda hansısa kiçicik bir qüsur səbəbindən işdən azad edilə biləcəyimi düşünürdüm. Onu da etiraf edim ki, 13 il ərzində jurnalist, işçi kimi müəyyən xətalarım da olub. Lakin redaksiya rəhbərliyinin öz böyüklüyünü göstərərək həmin xətaların üstündən keçməsi, çalışdığım yerdə olan səmimi, mehriban münasibət mənə “Olaylar”la birlikdə 13 illik bir yol keçməyi nəsib edib. Məhz “Olaylar”ın əməkdaşı olmaq mənə ümummilli lider Heydər Əliyev və cənab prezident İlham Əliyevlə birgə bir sıra səfərlərdə iştirak etmək şansı qazandırdı. “Olaylar”ın əməkdaşı kimi xarici ölkələrə səfərlərim reallaşdı. Nəhayət, “Olaylar”ın əməkdaşı olmaq başda cənab Prezident İlham Əliyev və redaksiya rəhbərliyi olmaqla mənə uzun illərin arzusu ilə yaşadığım mənzili nəsib etdi. Tam əminliklə deyə bilərəm ki, əskər media qurumlarında olmayan səmimiyyət, mehribançılıq məhz “Olaylar”da mövcuddur”.
“Olaylar” arzularımı gerçəkləşdirdi”
“Olaylar”ın əməkdaşı Mənsur Rəğbətoğlu “Olaylar”da iməklədim və burada yeriməyə başladım, - deyə bildirdi: “Burada da qocalıb əldən düşməyə, indi arxasında əyləşdiyim masaya başımı qoymağa hazıram. Ola bilsin ki, hələ də yaxşı jurnalist deyiləm, lakin bunun səbəbini “Olaylar”da axtarmıram. “Olaylar” irəliləməyim üçün qarşımda geniş yol açıb. Nəzərə alsaq ki, bu gün Azərbaycan mətbuatının gündəmini formalaşdıran mətbu orqanların müəyyən qisminin rəhbərləri və əməkdaşları buranın yetirmələridir, demək “Olaylar” böyük bir jurnalistika məktəbinin adıdır. Həm də ən çətin dönəmlərdə belə yoluna davam etməyi bacaran qəhrəmanın... Mənim bura gəlməyim çox maraqlı idi. Hərbi xidmətimi başa vurduqdan sonra mətbuatdakı işimi davam etdirmək qərarını verdim. Tələbə olan vaxtlarda “Ədalət” və “Gün” qəzetlərində yazılarım dərc olunmuşdu”. O, bildirib ki, jurnalist olmaq üçün özündə nəsənin olduğuna inanıb: “Həmin nəsə əllərimdən tutub məni rayondan Bakıya gətirdi. Təbii ki, iş tapmaq çətin, ciblərimin astarı da ki dəlik. Ciblərimin dəliyini qapamaq üçün restoranlardan birində ofisiant kimi işləməyə başladım. Əlimdə çəngəl-qaşıq, ürəyim isə redakasiylarda idi. Tənbəllik eləmədim. Hər gün işə gedəndə kirayə qaldığım evin yaxınlığındakı köşkdən həftə içi hər gün çıxan qəzetləri almağa başladım. Yığdım bir yerə. Məqsədim redaksiyaların nörmələrini götürüb zəng etmək idi. Belə də etdim. Restoranın administratoruna dedim ki, bəs məni CV göndərdiyim qəzet işə çağırır, üzürlü hesab edin işdən çıxıram. Təbii ki, mən yalan danışırdım, ortada nə fal vardı, nə yumurta. Əgər edəcəyim zəngələrin hamısı məni geri çevirsəydilər, həm Əli aşından, həm də Vəli aşından olacaqdım. Lakin içimdəki kiçik ümid işartısı məni bu yalanımın kəffarəsi olacağına inandırdı. Nə isə, işdən çıxıb evə getdim, 10-a yaxın zəng etdiyim redaksiya tutuquşu kimi eyni sözü təkrarlayırdı: “Yox”. Adamlar haqlıydılar. Tanınmırdım, bəlkə də onlar üçün “telefon manyakı” idim və buna görə ciddiyə almadılar. “Olaylar”a zəng etdim. Yunus bəy cavab verdi. Dərdimi dedim, “gəl” dedi, getdim. Bura gələndə Allahın “fləşka”sı da yox idi. Dəftər vərəqinə yazdığım iki xəbərlə gəlmişdim. Yunus bəy yazdığım kiçik informasiyaları oxudu. Məni müavini xanım Fatma Abbasquliyeva və redaktor Elman Cəfərliyə tapşırdı. Bir ay mənlə məşğul oldular. Verilən tapşırıqları maksimum mükəmməl yerinə yetirməyə çalışırdım. Nəzərə alsaq ki, o ana qədər hələ də, tələbə qələmini yerə atmamışdım, demək ki, mükəmməllikdən söhbət belə gedə bilməzdi. Hər halda məni buranın əməkdaşı etdilər. “Olaylar” arzularımı gerçəkləşdirdi. Bundan sonra həm rəhbərlik, həm də iş yoldaşlarım – Alim Hüseynli, Samir Güləliyev, Ədil Ədilzadə və Süleyman İsmayılbəyli püxtələşməyim üçün lazım olan köməkliyi etdilər. Ümid edirəm ki, bu gün o günkü “əlində tələbə qələmi olan jurnalist” deyiləm. Əgər, bu gün peşəkarlığa doğru inkişaf edirəmsə, bunu məhz redaksiya qapılarından qovulduğum vaxt, əllərimdən tutub yanına çəkən “Olaylar”a borcluyam. 20-ci baharın mübarək”.
Əli
Xalq Cəbhəsi.- 2015.- 24 aprel.- S.6.