İşğal ərəfəsində Bakıda erməni casusları vardı

 

100 ildir dünyanın zəhləsini tökən ermənilər 28 Aprel işğalı zamanı da canfəşanlıq göstəriblər

 

100 ildir ki, guya ermənilərə qarşı soyqırım olduğu ilə bağlı “dünyəvi həşir”, oyun yaradan ermənilər bunun cəfəngiyyat olduğunu gözəl bilirlər. Ona görə dünya ermənilərin tərəfindədir ki, erməni dünyanın istəyinə uyğundur. Bütün bu “erməni soyqırımı” cəfəngiyyatı yalnız bir hədəf tanıyır: türkü tamamilə diz çökdürmək, az qala yox etmək, bu, mümkün olmadıqca sarsıntılarla başını qatmaq, enerjisini tükətmək, dünyadan tamamilə asılı etmək.

Çağımızda dünya bizi özümsüzləşdirmək, ulusallıqdan uzaq salmaq, bütün vasitələrlə yadlaşdırmaq istəyir. Ona görə ki, özgələşənləri, dünyanın halına uyğun olanları idarə etmək, təbii ki, sonda tamamilə dövlətsizləşdirmək çox asan olur. Bir məqam: ulusun varlığının təsdiqi yetkin fərdlərdir. Fərdsiz də ulus yoxdur. Deməli, bizi sarsıtmaq, yox etmək istəyənlərin hədəfi hər birimizik. Özümüzdən ayrılmaqla, dünyanın hədyanlarına, böhtanlarına boyun əyməklə dünya kimi olacağıq, oluruq. Ona görə də aqibətimizin yiyəsi olmalıyıq. Bilməliyik ki, ulus olaraq özümüzəməxsus keyfiyyətlərimiz (halallıq, mərdlik, birüzlülük, həqiqətçilik, inamçılıq və b.) gerçəkdən özündən ayrılımış, yox olmağa doğru gedən dünyaya hava-su kimi gərəklidir.

Nə qədər məntiqsiz görünsə də, dünyanın türkə qarşı açdığı amansız, ruhsuz, insansız savaşı Illərdir “erməni-müsəlman”, “xristian-müsəlman” savaşı kimi anlayanlar və bunu özünə, başqalarına təlqin edənlər tapılır. Başqa yandan da bunu “Qərb-Şərq” savaşı kimi sunanlar var: bu, qismən anlaşılandır, ancaq Şərq hadisəsi olan Türklə bağlı Qərbin ayrıca yanaşması, əslində “Qərb (Dünya) – Türk” savaşının olduğunu qəbul etmək gərəkdir. Ən zəif halımızda belə insani-ulusal imkanımızın yox olmadığını düşünənlər təbii ki, yanılmırlar. Ancaq insanlığımız - xilasçılığımız bundan sonrakı dönəmdə yalançı “erməni soyqırımı” ittihamına, hədyanına tuş gələn ulusumuzun dünyaya hava-su kimi gərəkliyini bir daha təsdiq edəcək.

Kim elə sanır ki, erməni hardasa arxayınlaşacaq, yanılır. Bundan sonra erməni dünyanın şəxsində daha da həyasızlaşacaq. Deməli, bundan sonrakı dönəmdə ulusal keyfiyyətlərimizin hər birimizdə yaradıcı səviyyədə aşkarlanması üçün çalışmalı, dünyanın gedişatını dərindən bilməklə həm də o dərəcədə ruhlu, inamlı olmalıyıq ki, dünyanın ruhsuz, ümidsiz, amansız əhvalı bizə təsir eləyə bilməsin. Bilməliyik ki, bundan sonrakı gedişat çox çətin olacaq…

Tarixi taleyimizdə faciəvi günlərdən biri: 1920-ci il aprelin 28-də Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunmasından 95 il ötdü. Faktlar göstərir ki, xüsusən son 100 ildə gecə-gündüz ağlamaqla dünyanın zəhləsini təkən ermənilər 28 Aprel fəlakətinin yaranmasında canfəşanlıq göstəriblər, inqilabdan sonra yüksək vəzifələr tutublar, soydaşlarımıza qarşı terror, əslində soyqırımı həyata keçiriblər.

Əslində çar Rusiyasının müstəmləkəçilik siyasətini həyata keçirən bolşeviklər Azərbaycan Demokratik Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində onu hər an yıxmağa cəhd edirdilər. Ortaya sual çıxır: 28 Aprel fəlakəti reallaşmaya bilərdimi? Görəsən, fəlakətin baş verməsini yaradan səbəbləri niyə vaxtında görə və qarşısını ala bilmədik? Xalq niyə Demokratik Cümhuriyyəti sözün əsil mənasında müdafiə etmək qüdrətində olmadı?

I Dünya Müharibəsinin sonuna yaxın Avropada, dünyanın başqa bölgələrində, eləcə də Qafqazda geosiyasi durum daha gərginləşmişdi. Qərb dünyası bir tərəfdən Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan kimi dövlətlərin yaranmasını alqışlayır, başqa tərəfdən də Rusiya imperiyasının caynağından qurtulmuş dövlətlərin müstəqilliyini tərəddüdlə qarşılayırdı. Çünki ortada Rusiyanın imperiyaçılıq xəttinin cani-dildən qoruyucusu olan bolşevik Rusiyası var idi. Siyasətin öz dili olur. Qərb bu məkanın Rusiyaya güzəştə gedilməsini məqbul saydı.

28 Aprel fəlakətimiz birdən-birə yaranmadı. Bu fəlakətin cizgiləri əslində türkü sevməyənlərin xəbis niyyətlərində yaşayırdı, imkan tapan kimi gerçəkləşdi.

Belə bir gərgin zamanda cümhuriyyəti nəinki elan etmək, üstəlik də onu 23 ay yaşatmaq hünər idi. Ancaq ADR hökuməti təəssüf ki, gördüyü böyük işin dəyərini kütlələrə istənilən səviyyədə anlada bilmədi. Əgər bu, baş tutsaydı, o zaman milli dövlətimizin ömrü daha uzun ola bilərdi. 23 ay ərzində Cümhuriyyətin daxilində müxtəlif qüvvələr tərəfindən çoxlu iğtişaşlar törədildi. Təbiidir ki, bu, hökumətin qüvvəsinin parçalanmasına, bir neçə tərəfli mübarizə aparmasına səbəb olurdu. Bir neçə dəfə kabinet dəyişikliyi baş verdi. Belə bir vəziyyətdə ölkədə bolşevizm təhlükəsi gündən-günə artırdı. Bolşeviklərin uydurduğu ideyalar fəhlə və kəndliləri şirnikləndirirdi. "Fabrik-zavod fəhlələrə, torpaq kəndlilərə" şüarı cəlbedici səsləndiyi dərəcədə milli dövlətimizi yıxacaq bir təhlükəli güc halına gəlirdi. Azərbaycanın daxilindəki müxtəlif əqidəli bəzi şəxslər son məqamda satqınlıq etdilər. Səmədağa Ağamalıoğlunun "O olmasın, bu olsun" məşhur kəlamı buna gözəl sübutdur.

I Dünya Müharibəsindən məğlubiyyətlə çıxan, əsrin əvvəllərindən bəri dəfələrlə inqilab edərək əldən düşən, vətəndaş müharibəsinin birtəhər səngiməyə başladığı Rusiya Bakı neftinə, ümumiyyətlə, Azərbaycan kimi hər mənada zəngin bir ölkəyə yiyələnməyin əhəmiyyətini çox gözəl başa düşürdü. Bu baxımdan da Moskva Azərbaycanda ötən illər ərzində tərəfdarlarını yarada bilmişdi. Bu şəxslər o dövrün inqilab havasının təsiri ilə fanatlıq dərəcəsinə gəlmişdilər. Çox az sonra, 30-cu illərdə bu şəxslərin demək olar, hamısını sovet ideologiyası fiziki cəhətdən məhv etdi.

28 Aprel fəlakəti həm də Güney Azərbaycanda məşhur Xiyabani hərəkatının süqut etməsindən az sonraya təsadüf edir. Bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən- dırnağa qədər silahlanmış ordu ilə gəlirdi. Faktiki olaraq milli dövlətimizin bu qədər hərbi qüvvənin qarşısında dayanmağa gücü yox idi. Fəlakət yeni fəlakətli hallar yaratdı: 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər, 1930-cu illərdə isə türk xalqına qarşı yeni terror silsiləsi yaratdılar. Xalqımızın ruhu ardıcıl olaraq sarsıdıldı. Onun məhv edilməsi üçün bəşər tarixində misli görünməyən vəhşi üsullara əl atıldı. Təəssüf ki, hələ də soydaşlarımız 28 Aprel fəlakətinin yaratdığı fəsadları, Demokratik Cümhuriyyətin süqutunu tam anlamayıblar. 28 Aprel fəlakəti bir dərs olaraq bizdən qarşıda gözlənilən yeni-yeni təhlükələri qabaqcadan görməyi, ona qarşı durmağı tələb edir.

Professor Qüdrət Əbdülsəlimzadə hesab edir ki, 28 Aprel faciəsi xalqımızın çoxəsrlik tarixinin ən acı səhifələrindən biridir: "O dövrdə Azərbaycanın daxilində birlik yox idi. Daxildə müxtəlif partiyaların, hərəkatların ictimai qüvvələrin birliyi yaranmadı. Bolşeviklərin erməni daşnaklarla həmrəyliyi nəticəsində yeritdikləri siyasi xətt açıq-aşkar Bakını Azərbaycandan ayırmaq məqsədinə xidmət edirdi. Getdikcə bu cür cəhdlər artdı və Demokratik Cümhuriyyətin süqutu ilə nəticələndi. Böyük dövlətlər həmişə öz siyasi xətlərini davam etdirmək inadı ilə yaşayırlar. Kiçik dövlətlər isə həmişə böyük dövlətlərə yarınmaq siyasəti yürüdürlər. Belə bir vəziyyətdə xarici və daxili təhlükələrə qaşı dövlətin həmişə ayıq olması zəruridir.

28 Apreldən həm daxili qüvvələrin birliyi baxımından, həm də xarici təhlükəyə qarşı uzaqgörən siyasi nəticə çıxartmaq olar. Əlbəttə, indiki mürəkkəb zamanda hər hansı bir dövlətin müstəqilliyinin qorunub saxlaması olduqca çətin məsələdir, hər halda buna həmişə çalışmaq lazımdır".

Respublika Milli Arxivinin rəisi, tanınmış tədqiqatçı Ataxan Paşayev isə bildirir ki, o zaman da mühüm geopolitik regionda yerləşən, Şərqlə Qərb arasında körpü rolunu oynayan və təbiətən çox zəngin ölkə olan Azərbaycana dünya dövlətlərinin marağı böyük idi. Azərbaycana qarşı ən böyük təhlükə "vahid və bölünməz Rusiya" uğrunda mübarizə aparan Denikin orduları, "proletar beynəlmiləlçiliyini" əlində bayraq edən bolşevik Rusiyası və "böyük Ermənistan" yaratmaq xülyası ilə azərbaycanlılara qarşı hər cür vəhşiliklər törədən Daşnak Ermənistanından idi. Bu qüvvələr ölkədə, xüsusən də Bakıda geniş təxribat işləri aparır, hər vasitələrdən istifadə edərək cümhuriyyətin möhkəmlənməsinə mane olamağa çalışırdılar. Bakı Denikin və erməni casusları ilə dolu idi. Bolşevik Rusiyasının nümayəndələri isə daxildə təxribat işləri görür, tətillər təşkil edir, Sovet Rusiyası ilə birləşmək təbliğatı aparırdılar. Bakıda Denikin ordusunun casusları ilə erməni daşnaklarının casusları sıx əlaqədər işləmiş və geniş casusluq şəbəkəsi qura bilmişdilər. Bu sənədlər sübut edir ki, Denikin ordularında xidmət edən ermənilər və erməni casuslarının başlıca məqsədi "Vahid Rusiya"nın qorunub saxlanılmasına deyil, "böyük Ermənistan"ın yaradılması xeyrinə iş görmək idi".

Tarixçi Xəliyəddin Xəlilli hesab edir ki, bu gün Azərbaycanın milli dövlət quruculuğu və inkişafı prosesində rastlaşdığı çətinliklərin əksəriyyəti sovet imperiyası dövründə xalqımızın mənəviyyatına vurulan zərbələrin nəticəsidir: "Əgər 30-cu illərdəki amansız represiyalar olmasaydı, o dövrdə Azərbaycan tarixçilərinin milli tariximizi yazacaq yeni nəsli yetişəcəkdi, bu tarixdən milli ruh bütün çalarları ilə hiss olunacaqdı. Sovet tarixşünaslığı Azərbaycanda milli ruhu bilavasitə məhv etməyə yönəldilmişdi. Bu tarixşünaslığın məqsədi Azərbaycanda milli ruhu öldürmək, etnososial prosesləri mexaniki hadisə kimi qələmə vermək idi. Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və başqaları demokratik cəmiyyət ideyasının gerçəkləşdirilməsi uğrunda mübarizə aparırdılar. Cümhuriyyətin 23 aylıq mövcudluğu dövründə qəbul etdiyi qanunlar ABŞ-ın və İngiltərənin qanunlarından da qabağa getmişdi. Demokratik Cümhuriyyət Şərqdə ilk dəfə qadınlara seçki hüququ verirdi. Ancaq müstəmləkə həyat tərzindən sıyrılıb çıxmış, savadlı təbəqəsi az olan bir ölkədə bütün bu istəkləri gerçəkləşdirmək çətin idi. Sovet hakimiyyəti Azərbaycanda bərqərar olan kimi milli düşüncə ilə bağlı nə soraq varsa, hamısının daşıyıcılarını məhv etdilər".

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 29 aprel.- S.13.