Ustad oğlu şəyird olmaz...

Şirvan aşıq mühitinin tanınmış nümayəndələrindən biri də Aşıq Abbas Musaxanoğludur

 

Şirvan aşıq mühitinin tanınmış nümayəndələrindən biri də Aşıq Abbas Musaxanoğludur. Sənət şəcərəsinə görə Şirvanın ustad sənətkarlarının nəslinə mənsub olan Aşıq Abbasın sənət yolu müasir Şirvan aşıqlığının ən mükəmməl sənət ənənələrini davam etdirməsilə diqqəti çəkir. Aşıq Abbas Musaxanoğlu müasir Şirvan aşıqlarına xas olan saz, söz və ifaçılıq ənənələrini öz yaradıcılığında davam etdirib və bu möhtəşəm irsi daha da zənginləşdirib. Onun yaradıcılığında diqqəti çəkən məqamlardan biri budur ki, şeirdə, poeziyada ifadə olunan Şirvanın təbii gözəlliyi, insan mənəviyyatının gözəlliyi və bunları ən nikbin və kamil bir şəkildə tərənnüm edən sənət gözəlliyi harmoniya yaradır. Şirvana məxsus olan yüksək mədəni-mənəvi dəyərlər, əxlaq və davranış, mərifət və sənət, təbiət gözəlliklərindən insanı daxili dünyasının təqdimində optimal istifadə olunması aşığın yaradıcılığını səciyyələndirən əsas göstəricilərindən sayılır. Aşığın yaradıcılığında bir tərəfdən mənsub olduğu sənət şəcərəsindən gələn ənənələr davam etdirilir, başqa tərəfdən isə fərdi yaradıcılıq hesabına bu ənənə daha da zənginləşdirilir.

Müasir Şirvan aşıqlığında sözün bədii-estetik çəkisi daha da artır. Musiqidə vokallaşmadan uzaqlaşma və instrumentallaşmaya meylliliyin güclənməsi çoxaldıqca sazın simvolikləşməsi də özünü daha çox göstərməyə başlayır. Saz və söz nisbətinin ikincinin xeyrinə dəyişməsi sözlə daha çox məsuliyyətli davranmağı zəruri edir. Bu səbəbdən də Şirvan aşığı müəyyən sənət normasından və müəyyənləşmiş kriteriyalardan aşağı səviyyədə çıxış etməkdən məhrum kimi görünür. Bəlli sənət səviyyəsinin tələblərindən yayınma aşıq şeirinin dinləyicinin duyğularına və qəlbinə doğru gedən estetik məlumatın məsafəsini uzadır və effektli təsir imkanlarını məhdudlaşdırır. Buna görə də Şirvan aşıq şeirində sözün forma və məzmununda estetik bir vəhdətin və tamlığın olması tələbi də qarşıya çıxır. Az sözlə çox məna ifadə etmək, həm də bunu maksimum dərəcədə xalq ruhunun dilində təqdim etmək tələb olunur. Biz belə sənət tələbkarlığını Şirvanın ustad sənətkarlarının hamısının yaradıcılığında müşahidə edə bilirik. Aşıq Abbas Musaxanoğlu da belə sənətkarlardandır.

Aşığın poeziyası janr baxımından zəngindir. Aşıq yaradıcılığı üçün xarakterik olan qoşma və gəraylı kimi populyar janrlar Aşıq Abbasın yaradıcılığında yeni məzmun qazanır və yeni obrazlarla öz sənət ifadəsini daha da mükəmməlləşdirir. Şeirlərin məzmunu geniş əhatəlidir. Daha çox mənəvi dəyərlərin tərənnümünə diqqət verilir. Ustadnamələrdə klassik aşıq yaradıcılığında olduğu kimi bəşəri dəyərlərin tərənnümü xüsusi yer tutur. Çünki belə nümunələrdə İnsan problemi ön plandadır; insan və dünya, insan və cəmiyyət, insanın Allah və İnsan qarşısındakı vəzifələri, daşıdığı məsuliyyət və başqa bu kimi əbədi mövcud olan suallar onu da narahat edir və onlara cavab axtarışına Aşıq Abbas Musaxanoğlu da qoşulur. Həyat həqiqətlərinin sənət həqiqətlərinə çevrilməsi ilə, həyatda olan problemlərin sənətdə həlli ilə məşğul olmağı Aşıq Abbas da özünə mənəvi borc bilir. Bu mənada Aşıq Abbas Musaxanoğlu üzərində olan sənət məsuliyyətini aydın bir şəkildə dərk edir və davam etdirdiyi irsin sənət təəssübünü də daim diqqətdə saxlayır.

Aşıq Abbasın şeirlərində Azərbaycan aşıq sənətinin bütün sənət əlvanlığı özünü parlaq şəkildə göstərir. Bu poeziyanın sənətkar obrazlarında həm mənəvi, həm də yaradıcılıq məsələlərinin bədii təsviri kamil şəkildədir. Aşıq Abbas Musaxanoğlu bu gün də ustadlarımızdan miras qalan sazlı, sözlü, ecazkar gözəlliyi ilə qəlbləri fəth edən aşıq sənətini yaşadır, xalqımızın bu ulu yadigarını qoruyur, yeni-yeni şeirləri ilə mənəvi dünyamızın dərinliklərinə nüfuz edir, ruhumuzu oxşayan sənət inciləri yaradaraq milli-mənəvi varlığımızın sabaha, gələcəyə və gələcək nəsillərə saf və təmiz şəkildə, daha estetik bir mükəmməllikdə gedib çata bilməsi üçün sənət axtarışlarını böyük bir şövqlə davam etdirir. Ümumtürk aşıqlığında, eləcə də müasir Şirvan sənət məktəbində Abbas Musaxanoğlu sanballı ifaçılığı, şirin təhkiyəsi, nüfuzlu şəxsiyyəti ilə seçilən, fərqlənən və öndə gedən aşıqlardandır.

Abbas Güləliyev qara zurnanın və balabanın mahir ifaçısı ustad Musaxan Güləliyevin ocağında dünyaya gəlib. Musaxan Baycan oğlu zurna-balaban ifaçısı kimi şöhrət qazansa da, başqa alətlətin də özəl xüsusiyyətlərini bilirdi. Eləcə də aşıq sənətinin mükəmməl bilicilərindən idi. Dövrünün tanınmış aşıq və sənətçiləri ilə daima təmasda olub, onlarla sənətə gedib, el şənliklərində və dövlət tədbirlərində birgə iştirak edərək həm solo, həm də müşayiətçi kimi şöhrət qazanıb. Təəssüf ki, onun sənət irsindən əlimizdə iki ifası istisna olmaqla (Koroğlu və Tərəkəmə) heç nəyi qalmayıb.

Musaxan dövrünün görkəmli sənətkarı olmaqla öz ardıcıllarını da qoyub gedib. XX əsr Azərbaycan mədəniyyətinin inkişaf dövrü kimi səciyyəvi olub. İncəsənətin bütün növləri arasındakı təbəddülat apaydın sezilirdi. Muğam sənətində, aşıq sənətində, eləcə də digər instrumental ifaçılıq sənətində nəhəng simalar dünya mədəniyyətinə öz töhfələrini verməkdə davam edirdilər. Xan və Seyid Şuşinskilər, Mütəllim Mütəllimov, Əbülfət Əliyev, İslam Ağayev, Ağabala Abdullayev, İslam Rzayev, Eynulla Cəbrayılov, Qulu Əsgərov və başqaları muğam sənətində, Aşıq Qurbanxan, Aşıq Bəylər, Aşıq Abbas Cəyirli, Aşıq Şamil, Aşıq Pirməmməd, Aşıq Şakir, Aşıq Barat, Aşıq Xanmusa, Aşıq Soltanmurad, Aşıq Şirsoltan, Aşıq Pənah, Aşıq Xanış, Aşıq Şərbət Səfərov, Aşıq Hacalı, Aşıq Məmmədağa, Aşıq Şərbət Fətiyev və b. aşıq sənətində, Əli Kərimov, Ələfsər Şəkili, İzzətalı Zülfüqarov, Həsrət Hüseynov, Manaf Manafov kimi zurna-balaban ustaları musiqi ifaçılığında Azərbaycan mədəniyyət tarixinin şanlı səhifələrini yazırdılar. Azman sənətkarların zirvələri fəth etdiyi bir zamanda Musaxan Baycan oğlu sənət dünyasına qədəm qoyur. Yuxarıda adı çəkilən sənət korifeyləri zamanında sənətə gələn ifaçıda şirin barmaq, intəhasız nəfəs və ürək lazım idi. Sənətə vurğunluq Musaxanın qarşısındakı bütün baryerləri aşmaq imkanını onun qəlbində cəmləşdirirdi.

Oğlu Abbasın dediklərindən: Sənət mənə ulularımdan keçib. Bizim məlum sənət şəcərəmiz var. Atam Musaxan tanınmış zurna-balaban ustası idi. Onun atası, mənim babam Baycan kişi incəsənət vurğunu olub. Ana babalarım bəy olub. Səs İskəndər babamdan atama, atamdan da mənə keçib. Məndən də oğlum Emilə keçib. Düzdür, atam aşıq olmayıb, ancaq onun gözəl səsi və avazı var idi. Oxusaydı, yaxşı aşıq və ya xanəndə olardı. Səsi eynən Mütəllimin səsiydi. Lakin zurnanı və balabanı o qədər sevmişdi ki, ona görə də yalnız və yalnız bu alətin ifaçısı olmuşdur. Bəlkə də ilk dəfə gözünü açıb bu aləti gördüyünə görə onun sehrli səsinin cazibəsindən çıxa bilməmişdi. Atamın dayısı Zəbişah zurna ifaçısı olub. Lakin amansız müharibə (II Cahan müharibəsi (1941-1945-ci illər) onun sehrli barmaqlarını şikəst edib. Müharibədə barmaqları yaralandığı üçün bir daha sevimli alətini ifa edə bilmir.

Dayısında gördüyü möcüzəli qamışla oyanaya-oynaya mahir ifaçıya çevrilir. Musaxan kişi sənətin ilk sirlərini daysından öyrənir, daha sonra şöhrətlənməsində İzzətalı Zülfüqarovun və Əli Kərimovun ustalığıbından bəhrələnir. Musaxan Baycanoğlu aşıq sənətinin də mükəmməl bilicisi idi. Mirzə Bilal ənənəsini sənətdə Aşıq Abbas Söhbətovdan, Aşıq Şamildən, Aşıq Şakirdən öyrənib. Bildiklərini də gənc aşıqlara öyrətməkdən həzz alırdı. Musaxan Güləliyevin sənətə gəlişi ilə bağlı bir hadisə Şirvan sənətkarları arasında hələ də danışılmaqdadır. Musaxan kişinin çalğısının yerli-yerində, ölçüsünün-biçisinin nizamda olduğunu görən İzzətalı Zülfüqarov onu Şamaxıya aparır və orada məşhur zurna-balaban ustadı Əli Kərimovla görüşürlər. Əli Dədə İzzətalıdan soruşur ki, bu oğlan nəçidir? İzzətalı kişi Musaxanı şəyirdi kimi təqdim edir. Əli Kərimov deyir ki, elə isə qoy mənim şəyirdimlə yarışsın. Əvvəl Musaxan ifa edir. Musaxanın ifasından sonra Dədə Əli məzəmmətqarışıq təbəssümlə İzzətalını süzərək: - Bu ki, tamam-kamal ustadır. Bəs deyirsən şəyirddir? Daha mənim şəyirdimin ifasına ehtiyac yoxdur. Bu olay gənc Musaxan üçün həm sınaq-imtahan, həm də bir ustad xeyir-duası idi.

Musaxan Güləliyev Azərbaycan ifaçılıq sənətinin bir-birindən aralı, hərəsi də orijinal, özünəxas, eyni zamanda əlçatmazlıq təşkil edən zirvələrini Əli Kərimovu, Şəkili Ələfsəri, İzzətalı Zülfüqarovu, Həsrət Hüseynovu, Manaf Manafovu öz içində birləşdirərək milli instrumental ifaçılığımıza yeni nəfəs, yeni ifa dəsti-xətti gətirib. Qara zurnadan süzülən zümzümə kövrək qəlbinin səsi idi. Musaxan kişi zurna-balabanla pıçıldaşanda sanki çaylar dəryaya baş vururdu. Onun çalğısında sevinc də vardı, qəm-qüssə də, həsrət də, vüsal da. Musaxan əmi çalanda sanki dağlar yallı gedir, qayalar nərə çəkir, bülbüllər nalə edir, güllər-çiçəklər şövqə gəlirdi.

Usta Musaxan az yaşadı. Ancaq qısa ömründə çox izlər qoydu. O, çoxəsrlik sənəti özünün fenomenal ifasında mühafizə edərək günümüzə ötürüb. Musaxan əminin sənətkarlığı milli ruhumuzdan, klassik irsimizdən mayalanıb. Sənətkar şüurlu həyatında heç vaxt xalqın və dövlətin diqqətindən kənarda qalmadı. Həmişə sevildi, böyük miqyaslı tədbirlərə, festivallara, müsabiqələrə dəvət olundu. Hər tədbirin də birincisi, laureatı və diplomantı oldu. Güləliyevlər Azərbaycanda barmaqla sayılacaq ailə ansambllarından birini yaratmağa nail olub. Və həmin ailə ansamblı da dəfələrlə müsabiqələrin iştirakçısı olub və sənəti layiqli təmsil ediblər.

Musaxan Güləliyev 1976-cı ildə Moskvada keçirilən mədəniyyət dekadasından vətənə qızıl medalla dönür. 1934-cü ildə Şıxzərli kəndində anadan olub, 1983-cü ildə vəfat edib. Musaxan əminin ailə ansamblı, Aşıq Abbas Söhbətov, Aşıq Barat, Aşıq Xanmusa kimi ustadlarla el şənliklərində və digər tədbirlərdə iştirak edib. Onun sənət şəcərəsi qırılmayıb, övladları Aşıq Abbas, Əlzaman, Ağazaman, Abuzər, nəvələri Emil, Amal, Elmin tərəfindən ləyaqətlə davam etdirilir. Biz Musaxan kişi haqqında öyrəndiklərimizi və eşitdiklərimizi yazıya aldıq.

 

Qalib Sayılov,

filologiya üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2015.- 30 aprel.- S.14.