Silahlı münaqişələr
dövründə qadın və uşaqların
hüquqlarının müdafiəsi
Beynəlxalq hüquq silahlı
münaqişələr dövründə mülki əhalinin
müdafiəsinin xüsusi üsullarını nəzərdə
tutur
I yazı
Yaxşı cəmiyyətin özülü
yaxşı insanlardır. Uşağa insani
münasibət ilk sırada ailədən başlayır.
Yüzillərdir ki, incəsənətin
müxtəlif sahələri sirli-sehrli qadın
dünyasının əsrarəngizliyi, özünəməxsusluğu
barədə yazır, mövzu bitmək bilmir ki, bilmir.
İndi dünyanın bir tərəfində baş verən
hadisə az sonra o biri tərəfində
insanda reaksiya doğurur. Bunun zərbəsi isə
ilk növbədə ailələrə, ailələrdə
böyüyən uşaqlara dəyir. Zamanın
bütün dəyişkənliyinə, ziqzaqlarına davam gətirmək,
ailəni qorumaq, son dərəcə çətin məsələdir.
Ancaq bu, həm də olduqca vacibdir. Əgər dünyada qan-qada, müharibə
gerçəkliyi qalırsa, uşaqların hansı beynəlxalq
müdafiəsindən danışıla bilər? Dünyada insan alveri tüğyan etməkdədir ki,
bunun da qurbanı daha çox uşaqlar və qadınlar olur.
Araşdırmaçı Zamiq Aslanovun fikrincə, bu
gün bütün dünya dövlətlərində,
xüsusən də silahlı münaqişə şəraitində
olan ölkələrdə qadın və uşaq
hüquqlarının müdafiəsi müxtəlif formalar,
mexanizmlər, orqan və təşkilatlar çərçivəsində
həyata keçirilməlidir. Tərəflərin hərbi
münaqişədə əsas humanitar öhdəliklərinə
əməl olunduğu şəraitdə daha ədalətli və
humanist dünya düzəninə nail olmaq olar. Humanitar
hüquq normalarına bütün hallarda əməl
olunmalıdır. Çünki bu, bəşəriyyətin
həyatının və ümumbəşəri dəyərlərin
qorunub saxlanılmasında mühüm rol oynayır:
“Uşaqlar dövlətin və cəmiyyətin gələcəyidir.
Ona görə də onların
hüquqlarının müdafiəsi və problemlərinin həlli
günümüzün ən aktual məsələlərindən
birini təşkil edir. Müasir
qloballaşma şəraitində uşaqların
hüquqlarının dolğun şəkildə təmini
konkret bir dövlətin imkanları xaricində olmaqla,
bütün dünya birliyinin səylərinin birləşdirilməsini
tələb edir. Müasir silahlı
münaqişələri xarakterizə edən təhlükəli
tendensiyalardan biri onların iştirakçılarının
gəncləşməsidir. Bir çox
silahlı münaqişələrdə məhz gənc
insanlar, çox zaman isə uşaqlar həm birbaşa
kombatant (silahlı qüvvələrin tərkibinə daxil
olan şəxs) kimi, həm də dolayı şəxslər
kimi fəal rol oynayırlar. Bu baxımdan
uşaqlar silahlı münaqişədə silahlı əsgər
kimi də çıxış edə bilərlər. Ona görə də silahlı münaqişə
dövründə uşaqların hüquqi statusu əhəmiyyətli
dəyişikliyə məruz qalır. Belə ki,
silahlı münaqişə zamanı onlar həm
zorakılıq subyekti, həm də obyekti ola
bilərlər. Statusuna görə subyekt olan
uşaqlara silahlı münaqişə dövründə
müəyyən hallarda silah tətbiq edilə bilər, obyekt
uşaqlara isə heç bir halda silah tətbiq edilə bilməz.
Çünki subyekt uşaqlar silahlı
münaqişənin bilavasitə iştirakçısı
kimi, obyekt uşaqlar isə mülki əhalinin bir kateqoriyası
kimi nəzərdən keçirilir. 1998-ci
ildən etibarən BMT Baş Katibinin uşaqlar və
silahlı münaqişələr üzrə ilk xüsusi
nümayəndəsi öz işinə başlamış və
BMT Təhlükəsizlik Şurası bu məsələ ilə
bağlı ilk açıq müzakirələrini
keçirib. Lakin bütün bunlara baxmayaraq
bu gün yenə də silahlı münaqişələr
dövründə uşaqların
qarşılaşdığı və öz həllini
gözləyən çoxsaylı problemlər mövcuddur.
Bu məqsədlə BMT Təhlükəsizlik Şurası
beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq
münaqişə şəraitində uşaqlara qarşı
kobud rəftarın aşağıdakı altı
növünü ön plana çəkib:
- öldürmək və şikəst etmək;
- oğurlamaq;
- uşaqlardan əsgər kimi istifadə etmək;
- seksual zorakılıq etmək;
- məktəb və xəstəxanalara hücum
etmək;
- humanitar imkandan imtina etmək”.
Həmçinin
BMT Təhlükəsizlik Şurası müşahidə və
hesabat mexanizminin yaradılması təklifini irəli
sürüb: “Hazırda bu mexanizm fəaliyyət göstərir
və BMT-nin uşaqlar və silahlı münaqişələr
məsələsi üzrə xüsusi nümayəndəsinin
başçılıq etdiyi Məqsədli Qrupa məlumatlar
verir. Bu məlumatlar BMT Baş Katibinin uşaqlar
və silahlı münaqişələr məsələsi
üzrə BMT TŞ-nın işçi qrupuna təqdim etdiyi
məruzənin hazırlanması və uşaq
hüquqlarını pozan tərəfə qarşı məqsədyönlü
tədbirlərin görülməsi üçün əsas
kimi çıxış edir. Bu tədbirlər
nəticəsində münaqişə tərəfləri
uşaq hüquqlarına əməl olunmasının təmin
edilməsi məqsədilə konkret hərəkətlər
planı hazırlamağa razılıq verirlər.
Qeyd etmək lazımdır ki, uşaqlarla yanaşı
qadınlar da müharibədə daha çox əziyyət
çəkən, iztirab və məhrumiyyətlərə məruz
qalan əhali kateqoriyasına aiddir. Bu baxımdan müasir
dövrdə onların beynəlxalq müdafiəsi məsələsi
beynəlxalq birliyin diqqət mərkəzində olmaqla
xüsusi aktuallıq kəsb edir. Qadınların
beynəlxalq müdafiəsi ictimai həyatın bütün
sahələrində qadın hüquqlarına hörmət və
əməl olunmasının təmin edilməsi, həmin
hüquqların təminat səviyyəsinin və mexanizmlərinin
artırılması məqsədi ilə dövlətlərin
və müvafiq beynəlxalq təşkilatların əməkdaşlığını
tənzim edən beynəlxalq hüquq normalarının məcmusundan
ibarət hüquq institutudur”.
Araşdırmaçı hesab edir ki, qadınlar
müharibənin gedişində və sülhün
qorunmasında mühüm rol oynayırlar (xüsusən, də
tibbi və inzibati işçilər kimi). Lakin buna baxmayaraq onlar
sülh danışıqlarında və silahlı
münaqişə ilə bağlı siyasi qərarların qəbul
edilməsi prosesində demək olar ki, iştirak etmirlər:
“Adətən qadınlar silahlı qüvvələrdə
xidmət etmirlər. Son dövrlər isə bir
sıra ölkələrdə qadın hərbi
qulluqçularının sayının artırılması
üzrə tədbirlər görülüb. Bu, qadınların öz ölkələrinin
silahlı qüvvələrində xidmət etmək
hüququnun tanınmasından irəli gəlir. İnsan hüquqlarının ayrılmaz tərkib
hissəsi kimi qadın hüquqları əksər dünya
dövlətlərində tam şəkildə
reallaşdırılmır. Bu isə
qadınların cəmiyyətdə rolu ilə bağlı ənənəvi
yanaşma ilə bağlıdır.
Silahlı
münaqişələr hüququ (jus in bello) silahllı
münaqişələr şəraitində fəaliyyət
göstərən beynəlxalq hüququn xüsusi bölməsi
olub, müharibələr, beynəlxalq və qeyri-beynəlxalq
silahlı münaqişələr zamanı tətbiq olunan,
silahlı münaqişə tərəfləri arasında
yaranan müxtəlif münasibətləri tənzim edən,
müharibənin aparılmasının bir sıra metod və
vasitələrini qadağan edən və ya məhdudlaşdıran,
silahlı münaqişələr zamanı fərdin
hüquqlarını təmin edən normaların məcmusunu
özündə əks etdirir.
Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq
beynəlxalq silahlı münaqişə beynəlxalq hüquq
subyektliyinə malik olan iki və daha çox dövlət və
ya digər silahlı qüvvələr arasında yaranan və
mövcud olan silahlı qarşıdurmanı ifadə edir.
Göstərmək lazımdır ki, silahlı
münaqişələr hüququ kimi tanınan beynəlxalq
humanitar hüquq iki qoldan – Cenevrə hüququ və Haaqa
hüququndan ibarətdir. Cenevrə hüququ döyüşdə
artıq iştirak etməyən hərbçilərin və
döyüş əməliyyatlarında bilavasitə
iştirak etməyən şəxslərin, yəni mülki əhalinin
mühafizəsinə yönəldiyi halda, Haaqa hüququ hərbi
əməliyyatlar zamanı döyüşən tərəflərin
hüquq və vəzifələrini müəyyən edir və
düşmənə qarşı istifadə edilən vasitələri
məhdudlaşdırır”.
1949-cu ildə
İsveçrənin Cenevrə şəhərində
keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul
edilib: “Birincisi, “Qurudakı silahlı qüvvələrdə
yaralıların və xəstələrin vəziyyətinin
yaxşılaşdırılması haqqında”, ikincisi, “Dənizdəki
silahlı qüvvələrdə yaralıların, xəstələrin
və gəmi qəzasına uğrayanların vəziyyətinin
yaxşılaşdırılması haqqında”,
üçüncüsü, “Hərbi əsirlərlə rəftar
haqqında” və dördüncüsü, “Müharibə
zamanı mülki şəxslərin müdafiəsi
haqqında” konvensiyalar. 1977-ci və 2005-ci ildə
Konvensiyaya üç əlavə protokol qəbul
edilmişdir. I Əlavə Protokol beynəlxalq
silahlı münaqişələr zamanı, II Əlavə
Protokol qeyri-beynəlxalq silahlı münaqişələr
zamanı tətbiq edilir. III Əlavə
Protokol isə Qızıl Kristal embleminin qəbulu ilə
bağlıdır.
Silahlı münaqişələr dövründə
mülki əhalinin müdafiəsinin ümumi məsələləri
də mühümdür. Silahlı
münaqişələr (müharibələr) dövründə
mülki əhalinin müdafiəsi 1899-cu və 1907-ci illər
Haaqa konvensiyaları, “Müharibə qurbanlarının
müdafiəsi haqqında” Cenevrə Konvensiyası (1949) və
ona I və II Əlavə protokollar (1977) və digər beynəlxalq
hüquqi sənədlərlə tənzimlənir. Beynəlxalq hüquq silahlı münaqişələr
dövründə mülki əhalinin müdafiəsinin
xüsusi üsullarını nəzərdə tutur. Qeyd etmək lazımdır ki, silahlı
münaqişələr dövründə həm insan
hüquqları sahəsində normalar, həm də beynəlxalq
humanitar hüquq sahəsində normalar tətbiq olunur. Silahlı münaqişələr dövründə
beynəlxalq humanitar hüquq çox vaxt daha səmərəli
olur. Belə ki, beynəlxalq humanitar
hüquq normaları konkret olaraq silahlı münaqişə
dövründə bilavasitə yaralılara və digər
şəkildə hərbi əməliyyatlardan kənarda qalan
hərbi qulluqçulara və mülki əhaliyə
münasibətdə insan hüquqlarının pozulması
hallarının məhdudlaşdırılmasına və
qarşısının alınmasına yönəlib.
“Müharibə qurbanlarının müdafiəsi haqqında”
Cenevrə Konvensiyası (1949) və ona əlavə protokollar
(1977) hərbi əsirlərə, orduda iştirak edən
yaralı və xəstələrə, dənizdə
silahlı qüvvələrin tərkibinə daxil olan
yaralılara, xəstələrə və gəmi qəzası
nəticəsində zərər çəkən şəxslərə,
mülki əhaliyə müdafiə təqdim edir.
Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq
silahlı münaqişələr dövründə mülki
əhali dedikdə münaqişə və ya işğal
şəraitində münaqişədə iştirak edən
və ya işğal edən vətəndaşı
olmadığı tərəfin (dövlətin) hakimiyyətində
olan şəxslər başa düşülür. Göstərmək
lazımdır ki, ikinci dünya müharibəsində və
ondan sonrakı dövrdə müharibə nəticəsində
mülki əhali arasında itkilər əhəmiyyətli dərəcədə
artıb. Əgər Birinci dünya
müharibəsində 10 milyon insan ölmüşdüsə,
İkinci dünya müharibəsində ölənlərin
sayı 55 milyon olub. XXI əsrdə də
silahlı münaqişələrin və bu münaqişələrdə
ölən dinc və köməksiz insanların sayı
getdikcə artır. Silahlı münaqişələr
dövründə mülki əhaliyə qarşı
aşağıdakılar qadağandır:
- əsas məqsədi terror olan zorakılıq
aktları və təhdidi;
- siyasi təzyiq tədbirləri qaydasında
mülki əhaliyə hücum;
- yaşayış məntəqələrinin və ya
obyektlərin hərbi əməliyyatlardan müdafiəsi məqsədi
ilə mülki şəxslərdən istifadə və s.”
Uğur
Xalq cəbhəsi.-2015.-
4 avqust.- S.13.