Mənim anamdı Vətən…
Rəsul Rəhimi Dizəcinin, Rəşid
Kərbasinin, Məhəmmədrza Məlikpurun, İbrahim Zahid
Xəzayerinin şeirləri haqqında
Çağdaş
Cənub Azərbaycan şeirinin yeni nəslinə mənsub
olan istedadlı şairlərindən biri də Rəsul Rəhimi
Dizəcidir. Rəsul bir qədər şimal oxucusuna
tanışdır. Şeirləri bu sətirlərin müəllifi
tərəfindən «İki sahil» və «Axtarış» qəzetlərinə
təqdim olunaraq çap olunub, habelə Azərbaycan radiosunda
səslənib. Gənc şair 15 ildən çoxdur ki, qələmini
şeir və hekayə janrında yoxlayır.
Yaşıl
yarpaqların solmaqdadır varlıq budağında,
Məni
bu qorxulu biyaz yaman sıxışdırdı bağında.
Rəsul
Rəhimi iki dildə yazır və iki dildə də çap
olunur. Şeir və hekayələri «İttilaat»,
«Cavanşir», «Şeir həftəliyi», «Surə», «Mehdi Azadi» və
s. qəzet və jurnallarında çap olunub. Şeirlərində
Nazim Hikmət təsiri duyulan Rəsul neçə illərdir
ki, Türkiyə və Azərbaycan poeziyasından nümunələri
fars dilinə çevirməklə məşğuldur. Mehmet
Emin Yurdakulu, Haşim Kanarı, Cahid Sidqini, Faruq Nafisi, Arif
Nihatı, Qorxmazgili, Bəxtiyar Vahabzadəni, Nəbi Xəzrini,
Məmməd Arazı, İsa İsmayılzadəni, Fikrət
Qocanı və başqalarını fars dilinə tərcümə
edib. O, ədəbi poetik əlaqələrin inkişafına
xidmət göstərdiyi kimi, bu şairləri tərcümə
etməklə İran ədəbiyyatına üslub, ideya və
mövzu rəngarəngliyinin gəlməsinə şərait
yaradır.
Rəsulun,
eləcə də digər gənclərin poeziyasının əbədi,
əzəli mövzularından olan məhəbbət
mövzusunda şeirlərinə rast gəlirik. Rəsulun
yaradıcılığında məhəbbət şeirləri
bədii söz axtarışlarının səviyyəsindən,
saf mövzuya bədii münasibətin yüksəkliyindən
xəbər verir. Rəsulun «Gözüm vardır», «O
axşam», «Səslədilər onu» şeirləri
könülaçandır.
Soyuq
keçmə kənarından
Soruş
bir halı-zarumdan,
Payız
xoşdur baharımdan,
Tanışlıq
ver, sözüm vardır.
Rəşid
Kərbasinin 37 yaşı var. O da Rəsul Rəhimi ilə həmyerlidir.
Şəbüstər mahalının Dizəc kəndində əkinçi
ailəsində anadan olub. Üç il teatr-kino rejissorluğu
üzrə texnikumda təhsil alıb:
Gəl,
al məni çənli yaşayış zirvələrindən,
Bu tutqun
evin şaşqın olan ləhzələrindən,
Qurşunlu
hava, dərdli bulud, bir acı tüstü,
Ay da
boğulub qara gecə hörmələrindən.
Rəşidin
şeirləri ilə tanış olduqda yaxşı haldır
ki, elə ilk andan özünəməxsus poetik nəfəsini,
dəsti-xəttini, deyim və duyumunu hiss edirsən. «Dərdli
bulud», «Qurşunlu hava», «Div zərbələrindən»,
«İlbizlərin nəğmələri» və s. frazeoloji birləşmə
və ifadələr şeirin poetik sintaksisini zənginləşdirir.
Bunlar şeirdə nisbətən yeni deyimlər olduğundan Rəşidin
işıqlı gələcəyindən xəbər verir.
Şeirlərdə irad kimi sayılan bir məsələni
qeyd etmək istəyirəm. Bu irad da gənc şairlərin ədəbi
təhsilinin olmaması ilə bağlıdır. Məsələn:
Hər hansı bir gənc şairin «qəzəl» kimi təqdim
etdiyi şeir görürsən ki, qəzəlin janr tələblərinə
cavab vermir. Bu, əslində hecanın 13,14 və ya 15-lik
növüdür. Bir çox cənub şairləri
misraları hər sətirdən bir qafiyyələndirməklə
bunu «qəzəl» hesab edirlər.
Başqa
bir irad: şimallı şairlərdə də
özünü büruzə verən sərbəst şeirdə
tam sərbəstlik. Bir çox şeirlərdə sərbəstlik
tam həddini aşır, poetik əndazə,
ölçü-biçi gözlənilmir, misralar sözlər,
ifadələr yerinə düşmür. Düzdür, gənc
yazarı ruhdan salmazlar. Özgə millətin hakim olduğu
bir məmləkətdə, şair doğma ədəbi
mühitdən bir qədər uzaq düşdüyündən
bunlar mümkündür, həmin iradlara malik şairlərə
nöqsanlarını təklikdə dediyimdən məqalədə
konkret olaraq ad çəkmək istəmirəm. Sərbəst
şeirin yaxşı nümunələrindən - Rəsul Rəhimidən
bir poetik parçanı misal göstərmək istəyirəm:
Gül dəstəsi
əldə baxıram yola,
Gözləyirəm
gələsən bu durnalarla
Gözləyirəm
uşaqlıq qayıda sənlə,
Qalmışam
heyrətdə bilmirəm daha,
Özünü
gözləyirəm, ya da səni burada…
Məhəmmədrza
Məlikpurun «Ulduzlu dünya» adlı Azərbaycan dilində
şeirlər kitabı var. Kitaba üç cildilk «Ədəbiyyat»
ocağının müəllifi, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, ədəbiyyatşünas,
Təbrizdə yaşayıb-yaradan Yəhya Şeyda «Ön
söz» yazıb: «Düşünürəm ki, iqtidarlı ədib,
duyğulu şairə türk, fars və ərəb ədəbiyyatında
müsəllət bir əsər yazmaq olar? Mənim yazmağa
əsrarım varsa, qələm öz
ecazkarlığını göstərir və mən belə
röyalı adı indiyədək az görmüşəm.
Kitabın ünvanı belə duyğulu olduğu
üçün gələn sözlər və məzmunlar tərəddüdsüz
ki, dolğun olacaq…»
Yəhya
Şeydanın fikirləri həqiqətdir. Həqiqətən
də kitabla tanış olduqda vətəndaş bir şairlə,
qüdrətli bir türk şairi ilə
qarşı-qarşıya qalırsan. Şair türkcə
yazan qələmdaşlarına müraciət-alqış
edir:
Həm əlin,
həm qələmin türkcə yazan var olsun,
Sənə
mövla əli hər yerdə negahdar (saxlasın – V.Ə.)
olsun.
Türk qeyrətli,
şəhamətli igidlər dilidir,
Qoymayın,
can sizə qurban böylə dil xar olsun.
Doğma
türk dilinə, Azərbaycan elinə sadiq olan şair dilinin
zənginliyini və bədii imkanlarının
böyüklüyünü duyur və bu dilin
hüquqsuzlaşdığına etiraz edərək onu xar
olmağa qoymamaq üçün həmvətənlərinə
müraciət edir. El-obanın «O tay-bu tay» regional
bölümü qismən də olsa itməkdədir.
«Güney və Qüzey ədəbiyyatları»
anlayışı ədəbi-bədii qovuşma çərçivəsində
əriməkdədir.
Çağdaş,
cənub türk şeirinin müasir poetik aləmində qeyd
etdiyimiz kimi bir çox şairlər öz istedadları,
deyimi, duyumu, həyata həssas və ədəbi münasibətləri
ilə fərqlənirlər. Onlardan biri də Tehranda
yaşayan şair, daha doğrusu, şair-musiqiçi
İbrahim Zahid Xəzayeridir. İbrahimin 26 yaşı var. Cənubi
Azərbaycanın Muğan-Germi şəhərinin ətrafındakı
Tülün kəndində anadan olub. Gözəl qarmon
çalır. Musiqili-poetik məclislərə həm
şair, həm də musiqiçi kimi dəvət olunur.
«Qarabağ» ansamblının bədii rəhbəridir.
Şeirlərində, əməllərində və
çalğısında milli təəssüb, milli
ayrıseçkiliyə etiraz, bölünmüş Vətən
hissələrinin təzahürü daha qabarıqdır.
O yanda qardaşım
qanına batır,
Bu
yandakı başın basdırır yatır.
Nədir
ki, «dost məni» düşmənə satır,
O
dostların gərək varlığın danım,
Kimə
arxalansın, Azərbaycanım?
İbrahim
heca vəznində şeirlər yazsa da, əsasən gözəl
qəzəllər müəllifidir. Qəzəllərində
Əliağa Vahid təsiri açıq-aşkar duyulur. Burada
bir məsələni də qeyd etmək istərdim ki,
İranda Vahid şeirinə xüsusi məhəbbət var.
Vahid misraları bütün məclislərin bəzəyidir.
Fəhlədən tutmuş dövlət işçisinə
qədər bütün türklər Füzulini, Seyid
Əzimi, Vahidi əzbərdən bilir. Sözüm ondadır
ki, adlarını çəkdiyimiz klassiklərin mütaliəsi
ilə şeir dünyasına qədəm qoymuş
İbrahimin də poetik istedadı bu kökdən pərvəriş
tapıb:
Mənim
anamdı Vətən, mən ona bir övladam.
Bakı,
Muğan, Xoy, Təbriz ya harası, ölkəmizin.
Vətən
sənindir, sən ona can fəda qıl, ey Zahid
Sən
ölməyinlə gözəlsə, sorası ölkəmizin.
Məqsədimiz
müxtəlif vəznli, müxtəlif şəkilli şeirlərin
hansınısa təqdir etmək və ya pisləmək deyil.
Son illərdə Güney şeirinə gəlmiş gənclərin
bir qisminin yaradıcılıq potensialı barədə bəzi
fikirləri qeyd elədik. Narahatlıq ondadır ki, bu tərəfdə
olduğu kimi, o tərəfdə də gənc şairlərdən
bəziləri ötən onilliklərdə yaranan poeziyanı
şablon sayır, bir-birini qəlib və stereotiplərdən
uzaqlaşmağa çağırır, yenilik xətrinə
yenilik etmək istəyirlər. Amma unutmaq olmaz ki, Azərbaycan
poeziyası daha dərin köklər üzərində
qurulub.
Biz ədəbi
gəncliyin bir neçə nümayəndəsinin
yaradıcılığından söhbət açdıq,
onların bədii keyfiyyət baxımından daha çox
diqqəti cəlb edən şeirləri haqqında imkan dairəsində
mülahizə və iradlarımızı bildirdik. Ədəbi
mühitdə yeri və mövqeyi görünməyə
başlayan gənc yaradıcı nəslin uğurları və
qüsurlarını mütəmadi olaraq göstərmək həm
onların, həm də poeziyamızın xeyrinə olar.
Vüqar Əhməd
professor
Xalq cəbhəsi.-2015.- 7 avqust.- S.14.