Süzüldü ruhuma Azərbaycanım...

Bəxtiyar Vahabzadə qələmə aldığı mövzunu, hadisəni sadəcə müşahidə etməyib, onları yaşayıb

 

Bəxtiyar Vahabzadə qələmə aldığı mövzunu, hadisəni sadəcə müşahidə etməyib, onları yaşayıb, bilavasitə iştirakçısı olub, özündən heçuydurmağa çalışmayıb, duyduğunu yazıb və yaşadığı hisslərin, duyğuların həssas ürəkli bir şair kimi səmimi ifadəçisi olmağı bacarıb. Bu inancda olub ki, şair insan kimi duymalı, şair kimi yazmalıdır.

Bəs insanzaman həyatı və dünyanı duymağa başlayır? Təbii, iztirab odundan keçdikdən sonra... Bundan sonra başlanır yana-yana yaşamaq, bundan sonra başlanır qorxu, ehtiyat, həyat...

Qorxu şeirində yazdığı kimi:

 

Mən oddan qorxmadım yanana qədər,

Mən qorxu bilmədim qanana qədər.

Elə ki, yandım,

Odla oynamaqdan qorxdum, dayandım...

 

Bu yanğının, odun, qanmağın nəticəsində sözlər sinəsindən bulaq kimi qaynayıb daşıb, vulkan kimi alovlanıb, odu özünü , oxucusunu da yandırıb-yaxıb. Duyub hiss etdiklərini yazan Bəxtiyar Vahabzadə ilahilər təkin ana laylası ilə rişələndiyi, kökləndiyi böyük ruha sadiq qalıb. Daim o düşüncədə olub ki, Muğam üstündə həzin-həzin söylənən laylaların ecazkar ahəngi körpəni minillərin o üzündən süzülüb gələn doğma ruha

milli varlığımıza, özümüzə, soykökümüzə bağlayır. Bu məsələnin önəmliliyini Beşik şeirində göstərib

tərbiyənin, insanın hansı ruhda formalaşmasının, kimliyini dərk etməsinin məhz beşikdən, ananın südü ilə, pıçıldadığı mətləblərlə, söylədiyi layla, oxşama, bayatıların şirin ahəngi ilə başlandığını diqqətə çatdırıb:

 

Laylanın hər xalı bir ümid, güman,

Onun ahəngilə qaynadı qanım.

Anamın yanıqlı laylalarından,

Süzüldü ruhuma Azərbaycanım...

 

Şair insan qəlbində yanğının, doğma dilə, ana torpağa, bağrından qopduğu xalqa, Vətənə yanğının əbədi

sevginin laylalardan qaynaqlandığını əsərlərində önə çəkir. Onun üçün Vətən gözəlliklər məskəni, gözlə görünən, əllə götürülə bilən bir nəsnə, maddiyyat deyil. Vətən əbədi şölə saçan günəş deyil. Vətən ilk öncə, onun torpağı üstündə, sinəsində gəzən insanların tarixi, dili, dini, mədəniyyəti, ədəbiyyatı, adət-ənənələri, törələri, musiqisi, ruhani dünyası mənəviyyatıdır. Şair yaradıcılığında bu mənəviyyatın qədrini bilən müqəddəs keşikçiləri, əbədi yaşadan qələm sahiblərini, kəfəni boynunda mübarizə meydanına atılan, millətinin tarixini yaradan yazan, tarixin özü qədər dəyərli böyük olan ərənlərimizi, şəhidlərimizi vəsf edir,

iztirablarını poetik sözə çevirir.

Şəbi-hicranda dahi Füzulinin, Ağlar-güləyəndə ölməz Sabirin, Zindanda şeirdə qüdrətli H.Cavidin,

Nakamda dərdli M.Hadinin, İstiqlal Şəhidlərdə müqəddəs şəhidlərimizin obrazlarını yaradan Bəxtiyar

Vahabzadə onlara ədəbi heykəl qoymaqla bərabər, qədirdanlığını da yansıdır. Şair yazdı yazdıqlarına inandı ki:

 

İnsan insan olur öz hünəriylə,

Millət millət olur xeyir-şəriylə.

Torpağın bağrına cəsədləriylə

Azadlıq toxumu səpdi şəhidlər.

 

1990-cı ildən səpilən azadlıq toxumları öz bəhrəsini verdi, Azərbaycan tarixi müstəqilliyinə qovuşdu, milyonlarla soydaşlarımız kimi, Bəxtiyar Vahabzadə sandı ki, Bəxtiyarlığına qovuşdu. Müstəqillik adlı əvəzsiz nemətin qorunması, əldən verilməməsi üçün yenidən mücadiləyə qoşuldu. Lakin ömrü boyunca olduğu kimi, yenə millətinin uğuruna, sevincinə sevindi, nöqsanlarına, çatışmazlıqlarına, dərdlərinə kədərləndi.

İmperiya buxovlarından qurtulan Azərbaycanın yeni savaşa, Qarabağ uğrunda işğalçı Ermənistanla ədalətsiz

müharibəyə sürüklənməsi sinəsinə dağ çəkdi. Qarabağ dərdi dözülməz ağrıya çevrildi ürəyində... İtirilən

torpaqlarımızın, şəhid ruhların fəryadından qulaqları tutuldu. Ölkəni bürüyən çadır şəhərciklərinin, bu

şəhərciklərin döyməyə qapısı belə olmayan, yağışdan sonra çıxan göbələyin papaqlarına bənzər, eyni ölçülü, qoluzorlu məmurların, erməni tapdağında inləyən əsir torpaqlarımızın adlarını restoran, şadlıq evləri kafelərə verərək yaşatmağa çalışan vətən övladlarının qeyrət damarının bu dərəcədə boşalmasının dərdini çəkir. Onlara nələri itirdiyimizi, böyüklükdə mənəvi itkilərə məruz qaldığımızı, bu itkilərin miqyasını anlatmağa çalışır...

Vətəni namusu, vicdanı, şərəfi sanan Bəxtiyar Vahabzadə gözlərinə qaranlıq çökə-çökə, nəfəsi kəsilə-kəsilə,

ağzında dili yana-yana: - Qarabağı itirdik, biz o cənnət torpağı cəhənnəmə bənzəyən çadırlara gətirdik, Qara

hara, hara? Gəlin, Qarabağlı deməyək, çadırlı deyək orda yaşayanlara... Qarabağın yolunda sinəmizi gərmədik, biz yalnız buz bulaqlı, saf havalı yaylaqları, kəklikli-turaclı, marallı, ceyranlı-cüyürlü dağları

itirmədik, o yurddan qəlbimizə əsən yenilməz ruhu itirdik, bizi biz edən nəğmə bulaqlarının şırıltısını,

Qarabağda köklənən tarın pərdəsindəki o təkrarsız xalları, gələcək nəğməkar Bülbülləri, loğman Üzeyirləri

itirdik, əslində qarabağlı dahilər ölməmişdilər, onlar Qarabağın öldüyünü biləndə öldülər - deyirdi:

 

Budur məni yandıran,

Gecə-gündüz özümü

özümdən utandıran.

Torpaq çölmü, çəmənmi, torpaq qayamı, daşmı?

Torpaq kolmu, çayırmı, ağacmı, gəndalaşmı?

Torpaq cəddim, tarixim, torpaq yurdum, məkanım.

Torpaq mənim namusum, torpaq mənim ünvanım.

O torpaqda qeyb olan şöhrətimin, şanımın, öz adımın məzarı.

Necə dözdük bu dərdə, ay ellər, biz daşmıyıq?

Düşmənə verdiyimiz o halal torpaqlara

halal vətəndaşmıyıq?

Biz Vətəni itirib Vətən torpaqlarında, cansız,

ruhsuz daş olduq.

Vətəni itirirkən necə vətəndaş olduq?

Yalanlara aldanıb doğrumuzu itirdik,

düzümüzü itirdik...

Kişi mənliyimizi salıb ayaq altına,

özümüzü itirdik...

 

Bəxtiyar Vahabzadə lazım gələndə meydanlara atılan, ən mötəbər tribunalardan belə sözünü deməyi

bacaran, möhtəşəm inqilablar etməyə qalibiyyət bayrağını ən uca zirvəyə sancmağa qadir olan bir xalqın

məqamı gəlincə, onu azadlığına qovuşdurub qalibiyyətini daim əlində saxlayacaq, xoşbəxtliyə, firavanlığa

aparacaq qəhrəmanlara bütün zamanlarda ehtiyacı olduğunu dərindən anlayırdı... Lakin çadırlarda Üzeyirlərin doğulmayacağını, qoç Koroğluların, Fətəli xanların yetişməyəcəyini dərk

edirdi. Cəmiyyətdəki çirkinlikləri, eybəcərlikləri qamçılayan sələfləri böyük Mirzə Cəlil, Sabir, dahi Üzeyir bəy kimi ölkədəki hərc-mərcliyi, mövcud durumumuzun mürəkkəbliyini, ciddiliyini, hər bir sahədə, istər bədii yaradıcılıq olsun, istərsə istehsal sahəsi, fərqi yoxdur, tost ənənəsinin kəhər atlartək şahə qalxmasını da nəzərindən qaçırmırdı... Yanıq Kərəmiyə şıdırğı oynayan cavanların zövqsüzlüyünün, ana dilində danışmağı əskiklik sayan ədabazların əqidəsizliyinin, həyata mədəsinin gözü ilə baxan məsləksizlərin dərdi isə şairin yuxusunu ərşə çəkirdi. Daim öz-özü ilə cəngi-cidalda olan, narahat ömür yaşayan, hər axşam özünü: Məni

yurddaş edən bu el-oba üçün gün etdim? deyib sorğulayan Vətən oğlu kimi, xalqının heç olmazsa, ümummilli məsələlərdə cəbhələrə bölünməyərək bir araya gəlməsi, böyük Vətən naminə, xoşbəxt gələcək,

bütün dərd-lərdən azad Azərbaycan naminə əl-ələ verməyi vacibdən vacib sayan Bəxtiyar Vahabzadə bu birlik olmayınca diriliyin taleyimizdən qaçaq düşəcəyinin ağrısını yaşayırdı:

Verib yurdumuzu çirkin əllərə,

Bir ovuc vətəni məhəllələrə

Bölüb, kiçiltməyi tərgitməyincə,

Köhnə vərdişləri tərk etməyincə,

Ucalıq taxtından enən millətin,

Bu gün dilənçiyə dönən millətin

şərəfi, şöhrəti, ulu mənliyi,

Kimliyi, qüruru, bəy ərənliyi

Yenidən özünə qayıtmayınca,

Dilindən, dinindən, özündən dönən,

Əhdə vəfasından, sözündən dönən

Yaltaq tüfeylilər faş olmayınca,

Zibil qutusuna atılmayınca,

Vallahi, dünyamız düzələn deyil.

Arzu etdiyimiz gün gələn deyil.

Dollar qabağında diz çökənlərin,

Qaçqının payına göz dikənlərin

O həris gözləri ovulmayınca,

Yalanlar gerçəyə ov olmayınca,

Yalnız özümüzə güvənməyincə,

Dostun xoş gününə sevinməyincə,

Lap yeri gələrsə min bir hiyləni

Tülkü ermənidən öyrənməyincə,

Özünü danandan iyrənməyincə,

Bizə tor atana tor atmayınca,

Dirçəldib, təzədən yaratmayınca

Əsrin əjdahası udacaq bizi,

Heçə döndərəcək mənliyimizi.

 

Bu şeiri döyüşkən ruhlu şairimiz 2000-ci ildə qələmə alıb... Bəzən onu mövqeyində yumşalmalara görə

bica yerə qınayanlar, bəzi məsələlərin üstündən 70-ci illərin ehtiyatlılığı ilə adladığını söyləyənlər tapılır.

Qəribə xalqıq biz... Bir sıra məsələlərdə olduğu kimi, Bəxtiyar müəllimin yazdıqlarını, illərdən bəri qələmə

aldıqlarını saf-çürük etmədən qərar verməyə tələsirik həmişə. Məni siyasətdə deyil, şeirlərimdə axtarın, deyən şairin axı bu üsyankar, döyüşkən poeziyasının hər misrasında onun yaralı, dərdli ürəyi çırpınır!

 

Esmira Fuad

ədəbiyyatşünas-publisista

Xalq Cəbhəsi.- 2015.- 12 avqust.- S.14.