Azərbaycanda vətəndaş cəmiyyətinin
vəziyyəti
QHT sektorunda problemlərin
yaranma səbəbləri və həlli
yolları
(əvvəli ötən sayımızda)
Qanuna əsasən əmək haqlarına görə 22% həcmində məcburi dövlət sosial sığorta haqqı istisna olmaqla QHT-lər hüquqi şəxs kimi qrantlardan heç bir vergi ödəmirlər. Texniki olaraq QHT-lər ƏDV-dən azad deyil, ancaq 0% həcmində ƏDV ödəyirlər ki, bu da vergi orqanlarına əlavə hesabatların verilməsini tələb edir. İşçilər həmçinin gəlir vergisi verir və sosial müdafiə ödənişləri edir. Lakin bir çox qrant müqaviləsi qısa müddəti əhatə etdiyindən (orta hesabla altı aydan bir ilə kimi), QHT-lər öz əməkdaşlarını əmək müqaviləsi yox, müvəqqəti xidmət müqaviləsi əsasında işə götürürlər və işçilər sadələşdirilmiş sistemlə vergi ödəyirlər. Xidmət göstərən şəxslər vergi orqanlarında qeydiyyatdan keçir və fərdi VÖEN-ə sahib olur, öz vergi və sosial müdafiə ödənişlərinə görə özləri məsuliyyət daşıyırlar. 2011-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurası vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə bir sıra qanun layihələri hazırlayıb və müzakirəsini keçirib. Onlardan İctimai iştirakçılıq haqqında qanun bu yaxınlarda qəbul edilib. Peşə birlikləri haqqında qanunun qəbulu isə bu hesabatın hazırlandığı müddət ərzində hələ gözlənilirdi. “Sosial sifarişlər haqqında” qanun layihəsi də parlamentin gündəliyinə daxil edilib.
Resurslar
Səmərəli şəkildə fəaliyyət göstərmək üçün vətəndaş cəmiyyəti təşkilatları müvafiq maliyyə və insan resurslarına təcrübədə nə dərəcədə sahibdirlər?
Şəffaflıq Azərbaycan təşkilatının keçirdiyi sorğuya əsasən QHT-lər islahatların təşviqi yönündə fəaliyyət göstərmək üçün nisbətən azaddır (sorğuda iştirak edə QHT təmsilçilərinin 60%-i belə düşünür, 22% isə tam azad olduqlarını hesab edir). Ümumilikdə, hökumət konstruktiv tənqidlə məşğul olan QHT-lərlə könüllü əməkdaşlıq edir, lakin müxalif yönümlü hesab etdiyi vətəndaş cəmiyyəti qrupları ilə əməkdaşlığa bir qədər ehtiyatla yanaşır. Dayanıqlı maliyyə axınlarının olmaması Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının qarşılaşdığı əsas çətinliklərdən biridir. Azərbaycanda xeyriyyəçilik fəaliyyəti geniş yayılmayıb və buna görə də əksər QHT-lər yalnız qrant vəsaitləri hesabına fəaliyyət göstərir. Bir sıra mənbələrin məlumatına əsasən yerli təşkilatların yaxın zamanlara qədər aldığı qrant vəsaitlərinin əksər hissəsi xarici donorlardan – qeyri-kommersiya qurumlarından və xarici hökumətlərin yardım agentliklərindən qaynaqlanırdı. Azərbaycan hökumətinin maliyyə yardımı, o cümlədən 2007-ci ildə təsis edilmiş QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsilə ayrılan vəsaitlər QHT-lərə maliyyə yardımının dörddə birindən az hissəsini təşkil edirdi. İqtisadi və Sosial İnkişaf Mərkəzinin hesablamalarına əsasən 2012-ci ildə, qeydiyyatdan keçmiş QHT-lər xarici və yerli donor təşkilatlarından 1,054 qrant vasitəsilə 39,5 milyon manat həcmində maliyyə yardımı əldə edib. Bu donor təşkilatlarının 18-i yerli təşkilatlardır və onların da 10-u dövlət orqanlarıdır. 2012-ci ildə Azərbaycan hökuməti QHT-lərə ümumilikdə 10 milyon manat həcmində vəsait ayırıb, QHT-lərin maliyyəsinin dörddə üç hissəsi isə xarici donor təşkilatlarından gəlib. Bu vəziyyət 2013-cü ildən etibarən kəskin dəyişib. Yerli donorlar əvvəlki illərlə müqayisədə daha artıq rol oynamağa başlayıblar. Ədliyyə Nazirliyinin təqdim etdiyi məlumatların sadə təhlili göstərir ki, 2013-cü ildə 67,217,000 manat həcmində 1,817 qrant nazirlik tərəfindən qeydiyyata alınıb. Bu maliyyə vəsaitinin cəmi 35%-i və ya 23,551,000 manatı xarici donor təşkilatlar tərəfindən ayrılıb. Özəl sektordan maliyyə ayrılması, üzvlük haqları və vətəndaşların ianələri son zamanlara qədər QHT-lərin əsas gəlir mənbələrindən deyildi. Lakin bu istiqamətdə də vəziyyət sürətlə dəyişməkdədir. Yeni tələblərə müvafiq olaraq qeydiyyatdan keçən qrantlar barəsində Ədliyyə Nazirliyinin təqdim etdiyi rəqəmlərdən 50 aydın görünür ki, 2013-cü ildə QHT-lərə maliyyə ayıran 29 yerli donor təşkilatının 17-si biznes qurumudur və onlar yeni yaranan korporativ sosial məsuliyyət proqramlarına əsasən vətəndaş cəmiyyətinin fəaliyyətlərinə yardım göstərirlər. Hər üç, ya dörd QHT-dən biri yeni maliyyə qaynaqlarının cəlb edilməsi (fandreyzinq) üzrə məsul işçi saxlayır, digər hallarda bu məsuliyyət təşkilatın rəhbərinin üzərinə düşür. Bir qayda olaraq ixtisaslı insan resurslarının çatışmazlığı QHT-lərin qarşılaşdığı ciddi problemlərdən biridir, xüsusən də ingilisdilli əməkdaşların azlığı QHT-lərin xarici donor maliyyəsinə çıxışını əngəlləyir. Bu vəziyyətin aradan qaldırılması məqsədilə QHT-lərə Dövlət Dəstəyi Şurasının Təhsil və Təlim Mərkəzi universitetlərdə vətəndaş cəmiyyətinə kadr hazırlayacaq xüsusi proqramların yaradılması təkliflərini hökumətə təqdim edib. Bir çox QHT-lər öz fəaliyyətlərinə könüllüləri, adətən universitet tələbələrini cəlb edirlər. QHT-lərdə könüllülərin sayı əməkdaşların sayından iki dəfə çoxdur. Maliyyə problemləri səbəbindən QHT-lərin ancaq layihə müddətinə işçi götürməyə məcbur olması və nəticədə vətəndaş cəmiyyətində məşğulluğun dayanıqsızlığı QHT-lərin iş yeri kimi cəlbediciliyinə mənfi təsir göstərir. İnkişaf edən biznes sektorunda QHT-lərlə müqayisədə maaşlar daha yüksək və iş yerləri daha stabildir. QHT-lərin ancaq kiçik bir hissəsinin öz ofisi var və bu faktor da vətəndaş cəmiyyəti təşkilatlarının dayanıqsızlığına öz təsirini göstərir. Vətəndaş cəmiyyəti təşkilatlarının öz xidmətləri qarşılığında gəlir əldə etmək imkanları qanunvericilikdəki boşluqlarla məhdudlaşdırılıb. Qanun QHT-lərin gəlir əldə etməsini qadağan etməsə də, biznes sektorunda olduğu kimi qeyri-kommersiya qurumları üçün də heç bir vergi güzəşti nəzərdə tutmur . Azərbaycanda QHT-lərin təxminən yarısı üçün əhəmiyyətli problemlərdən biri də donor təşkilatların tətbiq etdiyi, qrantların kiçik həcmi və ya icazə verilməyən büdcə xərcləri kimi məhdudiyyətlərlə bağlıdır. İrihəcmli xarici qrant müsabiqələrində bir qayda olaraq yerli təşkilatlar deyil, Azərbaycanda fəaliyyət göstərən xarici QHT-lər qalib gəlir, çünki yerli QHT-lərin irihəcmli qrantları idarə etmə potensialı aşağıdır, xərclərin paylaşılması şərti tətbiq ediləndə isə yerli QHT-lər digər mənbələrdən maliyyə cəlb edə bilmirlər. Bu vəziyyəti aradan qaldırmaq məqsədilə QHT-lərə Dövlət Dəstəyi Şurası 2013-2018-ci illəri əhatə edəcək “QHT-lərin inkişafı üzrə Milli Fəaliyyət Proqramı” hazırlayıb və hökumətə təqdim edib. Bütün bunlara baxmayaq, Azərbaycan QHT-ləri son 20 il ərzində vətəndaş cəmiyyəti anlayışının özünün yeni yarandığı bir zamandan bu yana uzun inkişaf yolu keçib.
Müstəqillik
Vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətlərinə əsassız kənar müdaxilələrin qarşısını almaq üçün hüquqi təminatlar nə dərəcədə mövcuddur? Qanunla QHT-lərin öz fəaliyyət istiqamətləri çərçivəsində fəaliyyətinə müstəqillik verilir. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan, ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər. Qanunda qeyd olunur ki, qeyri-hökumət təşkilatının hüquqları bütün dövlət orqanları tərəfindən qorunur. Qanunda eyni zamanda, göstərilir ki, dövlət orqanları qeyri-hökumət təşkilatlarına maliyyə və başqa formalarda yardım edə bilərlər. Son dəyişikliklərə görə qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun bu bəndində qeyd olunan qaydalar hazırlanır və bu prosesə vətəndaş cəmiyətinin də cəlb olunacağı bildirilir. Bununla yanaşı qeyri hökumət təşkilatlarının fəaliyyətini dayandırmaq üçün imkanlar artırılıb. Belə ki, son dəyişikliklərdən sonra bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verilərsə QHT müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. Bununla yanaşı qanunvercilikdə dövlətin QHT-lərin işinə birbaşa müdaxiləsi ilə bağlı qayda mövcud deyil. Belə ki, qanunda dövlət nümayəndələrinin QHT-lərin idarə heyətlərində təmsil olunmaları və iclaslarında iştirak etmələri ilə bağlı ayrıca öhdəlik nəzərdə tutulmayıb.
Vətəndaş cəmiyyəti əsassız kənar müdaxilə olmadan mövcudluğunu nə dərəcədə davam etdirə və fəaliyyət göstərə bilər? “Şəffaflıq Azərbaycan” təşkilatının vətəndaş cəmiyyəti üzvləri arasında keçirdiyi son sorğu aşkar edib ki, QHT-lər hökumətin vətəndaş cəmiyyətinə müdaxiləsini birmənalı dəyərləndirmir. Respondentlərin təqribən yarısı QHT-lərin hədsiz hökumət müdaxiləsi olmadan fəaliyyət göstərdiyini hesab edib. Respondentlərin dörddə biri müdaxilənin ifrat olduğunu hesab etsə də, digər dörddə biri hökumətin sərt nəzarətinin olmadığı bildirib. Buradan belə qənaətə gəlmək olar ki, QHT-lərin bu məsələ ilə bağlı birmənalı yanaşması mövcud deyil.
Şəffaflıq
Vətəndaş cəmiyyəti təşkilatları nə dərəcədə şəffafdı? Təəssüflər olsun ki, QHT-lərin özlərinin şəffaflıq səviyyəsi nümunəvi deyil və bu sahədə şəffaflığın artırılmasına ehtiyac duyulur. Fəal QHT-lərin ancaq yarısı qanunvericiliyin tələbinə uyğun olaraq illik maliyyə hesabatlarını təqdim edir. Maliyyə auditindən keçən təşkilatlar öz audit hesabatlarını ya İnternet saytlarında yerləşdirir, ya da dərc edərək yayırlar. Beləliklə, vətəndaş cəmiyyəti təşkilatlarının yarısından az bir hissəsi öz gəlirləri və xərcləri barəsində məlumatları ictimaiyyətlə bölüşür. Lakin QHT-lərin əksəriyyəti öz fəaliyyətlərinə dair illik hesabatlar dərc edir, onları İnternet saytları, yerli qəzetlər, sosial şəbəkələr və elektron məktublar vasitəsilə ictimaiyyətin nəzərinə çatdırır. QHT-lərə Dövlət Dəstəyi Şurası öz qrant müsabiqələri vasitəsilə vətəndaş cəmiyyətinin şəffaflığının artırılmasına çalışır. Onların qrant müsabiqələrinin qaydaları şəffaf qaydalardan hesab olunur.
Cavid
(Davamı var)
Xalq Cəbhəsi.- 2015.-
12 avqust.- S.13.