Güney Azərbaycanda son on illik ədəbi proses

 

Güneyli şairlərimiz nikbinliklərini, arzu və ideallarını emosional bir dillə şeirə çevirməyi bacarıblar

 

Bədii düşüncədə də, fəlsəfi axtarış və narahatçılıqda da Səməd Behrəngi və Şəhriyarın hüdudlarına bu gün daha çox ehtiyac var. Cənubi Azərbaycanda dahi Şəhriyarın sənət aləminə gəlməsi ilə estetik təfəkkürün formalaşmasında həqiqi çevriliş oldu. Bunun isə əsas səbəblərindən biri Şəhriyar poeziyasında bədiiliyin həddindən artıq güclü olması ilə əlaqədardır. Bədiilik həyatı estetik, obrazlı dərk və əks etdirmə formalı olan incəsənətin spesifik xüsusiyyətidir. O, həm də ədəbiyyatın mükəməllik ölçüsüdür. Onun vasitəsi ilə insanlara emosional-estetik təsir göstərmək mümkün olur. Bədiilik sənət əsərlərinə xas olan mükəmməllik səviyyəsinə qaldırılan məcmudur. Klassik sənətkarlar daim qayənin dərinliyini, təkrarolunmazlığını, mükəmməl formaların tətbiqini, əsərin quruluşunu, ideya və obrazın əsaslandırılmasını, həyat həqiqətinin təcəssümünü, gözəllik və ahəngdarlığını, ifadəliliyi və ümumiyyətlə, şeirin yüksək bədiiliyi üçün mühüm amillərin hamısını nəzərə alıblar.

Güneyli şairlərimizin isə həmişə əsas ideya və mövzu dünyasını ayrılıq nisgili, Vətənin kədəri, azadlıq arzusu təşkil edib. Onlar öz nikbinliklərini, arzu və ideallarını olduqca emosional bir dillə şeirə çevirməyi bacarıblar. Son illərdə Güney Azərbaycanda yaranan şeirlərdə şairlərin mənəviyyat¬larını tərənnüm yolu ilə ifadə

əsas yer tutur.

Çağırış, ehtiras, səfərbərlik ruhu, poeziyanı, ictimai amalı idealogiyanı fəal ifadəsinə çevir¬mək – Mirzə Əi Möcüzdən, Zeynalabdin Marağayidən, Mir Əbdü¬hü¬seyn Xaznidən, Səid Səlmasidən, Mirzə Əli Ləlidən, Bayraməli Abbaszadədən, Hacı Mehdi Şükuhidən, Mədinə Gülgündən, Balaş Azəroğludan, Səməd Behrəngidən, Şəhriyardan gələn səslərə səs verir müasir Güney Azərbaycan şeirləri...

Bunlar da öz sələfləri kimi haray salır, car çəkir, fəryad qoparırdılar. Vətən, torpaq, millət sevgisini, eyni zamanda düşmənə nifrətini car çəkən bu şairlər hadisələrə münasibətlərində öz mövqelərini də unutmurlar:

 

Dinlə sözümü şöhrətli-şanlıyam mən,

Oğuz ellərindənəm, azərbaycanlıyam mən.

Əyər açıb oxusan tariximin varağın,

O, sənə verəcəkdir Koroğlunun sorağın.

 

Vüqarlı görəcəksən Nəbinin çal papağın,

Babəklər nəslindənəm, möhkəm imanlıyam mən.

Dağların zirvəsindən gəlir Babəkin səsi,

Düşmənləri titrədir Bağırxanın nərəsi.

 

Qəlbimə axır, dolur “Əmoğlunun”nəfəsi,

Səttar xan övladıyam, çox dəliqanlıyam mən.

Zeynəb paşadı anam, azərbaycanlıyam mən.

Tarixin hər çağında bir çox iftixarı var,

 

Şairlərdən bir yerdə çoxlu yadigarı var.

Keçmişdə Sabirim, indisə Şəhriyarım var,

Dədə Qorquddur babam, adlıyam, sanlıyam mən,

Hicran yükünü çəkən azərbaycanlıyam mən.

 

(Saplaq)

 

Misralar inandırır: doğrudan da Saplağın bir çox şeirlərində kəskinlik və mübarizlik ruhu şairin müraciət etdiyi bədii ifadə forma və üsullarında da özünü göstərir. Bu formaların hamısında şairin lirik “mən”i çox fəal şəkildə təzahür edir. Lakin “Mən” bu şeirlərdə adi ifadə vasitələrindən biri deyil. ”Mən” Saplaqda bir sistemdir. Daim “Mən”dən danışmaq Saplağın təsvir etdiyi obyektə qarşı daha fəal olmaq, ona bu “Mən”in qanını, hissiy¬yatını və ehtiraslarını, qəzəbini, kədərini, eyni zamanda sevincini hopdurmaq üçün çox lazımdır.

Hər şeyin adından çıxış etməyi, hər şeyi “Birinci şəxsin dilinə” çevirmə haqqını şairlərə verən də məhz bu hisslər, bu duyğlardır. Elə ona görədir ki, “Mən”in tərənnümü qeyri-təbii səslənmir, “öz-özünü”, fərdiyyətçilik təsiri buraxmır.

Bütün bu müsbət keyfiyyətlər şeirlərin leksikasında, ifadə və söz sırasında, bədii sintaksisində də özünü göstərir. Bu şeirlə feilin ən çox inkarlı, yaxud təsdiqli muzare zaman formasına müaciət edir. Bütün bunlar isə şeirdə emosional vüsətə, bədii təsir və nüfuz məqsədinə xidmət edir. Bu şeirlərdəki misralar –hayqırtıar, haraylardır. Duyğsuz, hissiz söz, ürəkdə odda yanmayan misralar Güneyli şairlərin üslubuna yaddır. Güneyli şairlər öz qabaqcıl ideyalarının ən yaxşı tərənnümü üsulunu tapmaq üçün bütün mümkün vasitələrdən, xüsusən klassik şeirin müxtəlif bədii formalarından istifadə edir, qəzəli və qoşmanı da müasir şeirin ən kəskin növləri səviyyəsinə qaldırırlar.

Tutarlı rədif və təkrirlər, qafiyəyə bu şeirlərdə xüsusi bədii qüvvətlə səslənir:

 

Dayanan dayansın, biz dayanmırıq,

Bizi ucalmağa səsləyir göylər.

Alışıb kül olmaq üçün yanmırıq,

Bizi od olmağa səsləyir göylər.

 

Lalə Cavanşir

 

Qəzəl və qoşma novatorluğu açıq formal əlamətlərdə, texniki elementlərdə əks olunmasa da, şeirlərin ruhunda və mənasında özünü qabarıq şəkildə göstərir və müasir şeirimizdə bədii yeniliyin müxtəif formalarından birini təşkil edir. Son on il əzində Güney Azəbaycanda qələmə alınan şeirlərin əksəriyyəti “daxili nitq” və avtobioqrafik monoloq formasındadır. Güneyli şairlərimiz şeirdə estetik ölçüləri itirməməyə çalışırlar, nitqin hərfi təsirində yox, bu nitqdə yaranan emosional iqlimdə yazıb yaradırlar.

Şübhəsiz ki, bu poeziya məktəbi klassiklər tərəfindən yalnız ideyaca silahlandırılmamışdı. Bu, klassiklərimizin timsalında bədii fəhm arsenalının bütün spesifik forma - üslub, janr, poetika, sənətkarlıq imkanları ilə də bəhrələnərək zəginləşib.

Güney Azərbaycan poeziyasında hər şeydən əvvəl milli – ictimai həyatı, konkret – tarixi inkişaf və hərəkətin, real gerçək¬liyin öz fəlsəfəsi, qanunauyğunluğu dərindən hiss olunur. Klassik poe¬ziya ilə müasir poeziyanı da məhz bu istiqamətdə fəth olunan ide¬ya-bədii zirvələin eyni möhtəşəmlik ölçüləri birləşdirir. Lakin bu eynilik həm də həmin zirvələrin formasına və janr xüsusiy¬yətlərinə aid deyil. Əgər elə olsaydı, müasir poeziya klassik poeziyanı təkrarı kimi görünə bilərdi.

Güney Azərbaycan poeziyasında lirika anlayışına biz bir neçə mənada rast gəlirik. Lirika istilahı Güney Azərbaycan poeziya¬sında hər şeydən əvvəl ideya-estetik və emosional münasibətin müəyyən tipi mənasında işlədilir. Güney Azərbaycan şairləri buna bədii təəfəkkürün fitri xüusiyyəti, konkret tarixi metod və cərəyan hüdudlarından azad bir keyfiyyət kimi baxırlar. Məlum məsələdir ki, lirika həyata emosional və estetik münasibətin spesifik tipidir. Füzuli, Hafiz, Seyid Əzim, Müşfiq, Vahid, eyni zamanda Şəhriyar gözəl lirikdirlər. Lirika realizmin, romantizmin, orta əsrlərdə yaranan Şərq ədəbiyyatının və Avropa antik dövrünün ülvi xüsusiyyətidir. Firdovsi, Sədi, Nizami kimi böyük sənətkarların yaradıcılığında realist və romantik başlanğıclar həmişə sənətdə həyatı və həqiqəti əks etdirməyin iki müxtəif üsulu, iki eyni hüquqda forması olub. “Əgər biz uzaq keçmişdəki sələflərimizin yaradıcılığına müraciət etsək, yenə də görərik ki, poeziyada romantik forma həyat həqiqətinin və insanı realistcə¬sinə göstərməyin xüsusi bir rolu olub” (S.Vurğun).

Güney Azərbaycan şairlərinin romantik konsepsiyasında bu gün bizim üçün daha maraqlı və prinsipial görünən, konstruktiv əhəmiyyətli məqam odur ki, şairlər romantikanı bütünlüklə müasir realizmin tərkib komponenti elan etməklə kifayətlən¬mirlər: öz fikirlərini məntiqi ardıcıllıqla sona çatdıraraq, müasir estetikada yeni söz deyirlər: romantikanın ayrıca, xüsusi bədii forma, müstəqil ədəbi üslub səviyyəsində estetik əhəmiyyətini yaşamaq, var olmaq ruhunu son illərin ictimai nəzəri fikrində ilk dəfə olaraq belə geniş prespektivli şəkildə irəli sürürlər. Romantik təmayül müasir, yetkin ədəbi prosesə məxsus bədii üslublar əlvanlığının və zənginliyinin təzahürü kimi özünü biruzə verir.

Estetik aləmin həyatımıza daha dərindən nüfuzu şəxsiyyətin daxili aləminə ideya və arzularına, düşüncəsinə, əxlaqi və mənəvi cəhətdən kamilləşməsinə daim təkan verib. Bunun da başlıca səbəbi yazılı ədəbiyyatdır. Yazılı ədəbiyyat tarix boyu fasiləsiz inkişaf edərək məzmun və formasını, bədii təsvir və ifadə üsullarını zaman-zaman dəyişib, şəkildən-şəklə düşüb, ədəbi inkişafın bütün mərhələlərində yeni janrlar yaradıb. Öz kökünü ərəb poeziyasında tapan qəzəl janrı məlum olduğu kimi bütün Şərqdə, o cümlədən Azərbaycan məkanında çox sevilən poetik janrlardan birinə çevrilib, daim bütün Şərq poeziyasıda olduğu kimi, Azəbaycan poeziyasında da ön sıralarda gedən janrlardan biri olub.

Güney Azərbaycanda Muxtari, Sənan Əttar, Ənvar, Zahir, Xacu, Xosrov, Məlik, Ünvan, Növi, Cami, Şəfan, Məğribi, Səhabi, Arifi, Urfi, Fani, Fəqani, Faizi, Feyzi, Tənha, Vahid, Fəqir, Qədi, Zühuri, Nəziri, Mir Fəsihi, Mir Şövqi, Mir Heydər, Mir Hüseyn, Mir Məsum, Əhli, Valehi, Misal, Cəlal, Muti, Məsih, Raqim, Kəlim, Talib, Fərəc, Nüsrət, Səncər, Şapur, Şeyda, Əhsən, Ədhəm, Qafil, Həqd Heydər, Saib Təbrizi və başqaları kimi qüdrətli qəzəl ustaları olub. Müasir Güney Azərbaycan poeziyasında da qəzəl klassik ənənələri davam etdirən ən çox yayılan janrlardan biridir. Vətən təəssübü, ictimai problemlər, xalqımıza qarşı haqsızlıqlar əsərlərinin leytmotivini, əsas ana xəttini təşkil edən İbrahim Zahid öz Sələflərinin yolunu ləyaqətlə davam etdirərək qəzəl janrında olduqca mükəmməl əsərlər yaradır:

 

Can nə lazımdır mənə, ey sərv, canımsan mənim,

Sən həyatımsan, gülümsən, isti qanımsan mənim.

Olmasın heç bir dəqiqəm dəhrdə səndən kənar,

Aşiqi sərgərdənəm, yalnız gümanımsan mənim.

Sanki yaxşı yox, dilim yox, gözəlim, ey sərvi naz,

Həm dilimsən, həm də nuri-didəganımsan mənim.

Çox dolandım mən sənin ardınca sən əyğar ilə,

Zalıma sən baisi ahu-fəğanımsan mənim.

Zahidəm mən, ey qəzəl yazdım sənə bu əsridə,

Sanki əsr üçün qalan məndə nişanımsan mənim.

 

Vüqar Əhməd

Professor

Xalq Cəbhəsi.- 2015.- 14 avqust.- S.13.