“Dünyanın inkişaf etmiş ölkələrində
dövlətlə vətəndaş cəmiyyəti
institutları arasında xüsusi münasibətlər
mövcuddur”
“Bu münasibətlər
ilk növbədə dövlətçilik ənənələrinə,
prinsiplərinə söykənir”
Vətəndaş cəmiyyətinin inkişafını
səciyyələndirən amillərdən biri də dövlət
və vətəndaş cəmiyyəti institutları
arasında münasibətlərin tənzimlənməsidir. Azərbaycanda
dövlət və vətəndaş cəmiyyəti
institutları arasında münasibətlər hansı prinsiplərlə,
necə tənzimlənir?
Bu barədə
danışan Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının katibliyinin icraçı
direktoru Fərasət Qurbanov bildirib ki, vətəndaş cəmiyyəti
institutlarının iştirakı olmadan hər hansı
inkişafı təsəvvür etmək mümkün deyil:
“Dünyanın inkişaf etmiş ölkələrində
dövlətlə vətəndaş cəmiyyəti
institutları arasında xüsusi münasibətlər
mövcuddur. Bu münasibətlər ilk növbədə
dövlətçilik ənənələrinə, prinsiplərinə
söykənir. Təcrübəyə
görə, dövlət qurumlarının QHT sektoru ilə əməkdaşlıgı
dövlət və cəmiyyət üçün problemlərin
həllinin gerçəkləşməsidir.
Avropada olan təcrübəyə nəzər yetirir və
görürük ki, vətəndaş cəmiyyəti
quruluşları ilə dövlət qurumları arasında
sıx münasibət əsasən iri ölkələrdə
müşahidə edilir. Burada əsas amil odur ki, dövlətin,
onun rəhbərinin vətəndaş cəmiyyəti
institutları istiqamətində siyasi iradəsi olsun. Sözsüz ki, Azərbaycanda bu siyasi iradə var. Azərbaycan
Prezidenti vətəndaş cəmiyyəti
quruluşlarının inkişafı üçün
yüksək siyasi iradə nümayiş etdirir. QHT-lərin fəaliyyətinə bütün
mümkün şərait yaradılıb. Bu gün qeyri-hökumət-dövlət münasibətləri
yeni bir əməkdaşlıq müstəvisindədir.
"Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Konsepsiyası"nda dövlət vətəndaş
münasibətləri aydın şəkildə əks olunub,
dövlətin vətəndaş cəmiyyəti
institutlarını dəstəklədiyi prioritet sahələr,
əsas istiqamətlər göstərilib. Azərbaycan Prezidenti
yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət
Dəstəyi Şurasının modeli isə əksər
Avropa ölkələri üçün də nümunə ola bilər. Biz Avropa ölkələrində
Azərbaycanda vətəndaş cəmiyyətinin
inkişafının hazırkı durumunu təqdim etdiyimiz
zaman yaxşı mənada təəccüblə
qarşılanırıq. Bu, dövlətimizin,
Prezident İlham Əliyevin vətəndaş cəmiyyəti
institutlarına, QHT sektoruna verdiyi önəmin uğurlu nəticəsidir”.
Hazırda
QHT-lərin təşəbbüskarlıq və fəallıq
meyarlarının nə yerdə olduğu barədə
danışan Fərasət Qurbanov deyib ki, QHT sektorunun kimliyinə
nəzər yetirək: “QHT-lərdə təmsil olunan şəxslər
kimlərdir? Əlbəttə, bunlar cəmiyyətin
içində ictimai fəallığı ilə seçilən,
könüllü şəkildə öz enerjisini ictimai
işə sərf edən, cəmiyyət üzvləri,
müxtəlif peşə sahələrində seçkin
insanlardır. Çalışırlar ki,
cəmiyyətin mövcud olan problemlərinin həllinə
könüllü olaraq ictimai töhfə versinlər.
Bu, QHT-lərin fəlsəfi təsviridir və hər zaman
praktikayla uzlaşmaya, ayrı-ayrı fərdlərin də
marağı ola bilər. Bəzən
QHT-nin fəlsəfi mənadan kənara çıxaraq bir qədər
siyasətə meyl etməsinə rast gəlinir. Bu cür yanaşmaları başqa dövlətlərdə
də görmək mümkündür.
QHT sektoru dövrün tələbləri ilə
ayaqlaşmalıdır. Bu günün ictimai tələbi, dəstəyi
nəyi diqtə edirsə, QHT sektoru da layihə və
proqramlarını həmin istiqamətə yönəldir.
Burda Şuranın üzərinə məsul vəzifələr
düşür. Qeyri-hökumət təşkilatlarının
potensialını, imkanlarını düzgün istiqamətləndirmək
üçün qrant müsabiqələrinə elə
mövzular təqdim edirik ki, cəmiyyətimiz
üçün aktual olsun.
Şura ölkədə yaranmış ilk donor olaraq 14 fəaliyyət
istiqamətini dəstəkləyir. Buna sosial məsələlər,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə
ictimai dəstək, müdaxilə tələb edən problemlər
təsbit olunub. Buna uyğun da qrant və
müsabiqələr elan edilir. QHT-lərin
təklifləri heç də hər zaman müsabiqə
mövzuları ilə uzlaşmır. Təbii
ki, bunların içərisindən ən
yaxşılarını, faydalı olanları seçirik”.
Azərbaycan
QHT-lərinin cəmiyyətin inkişafındakı rolunun səviyyəsinə
gəlincə isə o, deyib ki, Azərbaycanda QHT-lərin səviyyəsini
belə təsnifatlaşdırmaq olar: inkişaf etmiş təşkilatlar,
inkişafa keçid mərhələsində olanlar və
yeni yarananlar: “Cəmiyyətdə tanınan təşkilatlarımız
var. Dövlətimiz belə QHT-lərlə əməkdaşlıq
edir. Şura təsnifatlaşdırma üzrə
xüsusi proqram həyata keçirməyi nəzərdə
tutur. İnkişaf etmiş ölkələrdə
ictimai faydalı təşkilatların faizi ayrıca təsnifatlaşdırılıb.
Bəzi ölkələrdə QHT Standarları
deyilən bir sənəd var. İnkişaf etmiş,
inkişafa keçid mərhələsində olan və həmçinin
yeni yaranmış təşkilatlara sertifikatlar verilir. Dövlət də, beynəlxalq təşkilatlar da
QHT-lərə münasibətdə sertifikat amilini əsas
götürür. Nüfuzlu təşkilatlara
böyük qrant müsabiqələrində
üstünlük verir.
Ölkəmizdə də QHT işinin böyük tarixi
olmasına baxmayaraq, bu sektora dövlət dəstəyi 2008-ci
ildən başlayır. Ötən 7 ildə dünya səviyyəsində
tanınan bir QHT fəaliyyəti ortaya qoymaq çətin olsa
da, Avropa ölkələrinin keçdiyi yolun çox hissəsini
qət etmişik. Dünyada mövcud olan
elə bir praktika yoxdur ki, bizdə o tətbiq olunmasın”.
Şuranın
türk dünyası ölkələri ilə əlaqələrinə
də toxunan Fərasət Qurbanov diqqətə
çatdırıb ki, türk dünyasının bir hissəsi
olaraq qardaş ölkələrlə əməkdaşlığa
can atırıq: “Türkiyənin Daxili İşlər
Nazirliyinin nəzdindəki Dərnəklər Dairə
Başkanlığı ilə işgüzar təmaslarımız
var. Qeyri-hökumət təşkilatlarına dövlətin
verdiyi dəstəyin prinsip və mexanizmlərində oxşar
cəhətlərimiz var. Türkiyədə müxtəlif dərnəklər,
Sivil Toplum Kuruluşları (STK), fondlar var ki bunların
hamısı humanitar fəaliyyətlə məşğuldur.
Vaqfların forması və fəaliyyət dairəsi
xüsusilə fərqlidir. Vaqflar əldə
etdiyi gəliri məhz xidmət etdiyi sahəyə yönəldirlər.
Fikrimcə, cəmiyyətin inkişafı
üçün olduqca faydalı model olan bu vaqfların təcrübəsini
öyrənməliyik. TİKA ilə
yaxından əməkdaşlıq edirik. Təşkilat
Bakıda QHT-lər üçün bir təlim-resurs mərkəzinin
yaradılmasında Şuraya dəstək olub. Yaxınlarda isə Şura TİKA ilə əməkdaşlıq
haqqında Memorandum imzalayıb.
Dost ölkənin bir neçə STK-na ümumi
maraqlarımızla, xüsusilə də Dağlıq
Qarabağ problemi ilə bağlı layihələrin maliyyələşməsinə
dəstək veririk. Türkiyənin iri şəhərlərində
və Avropada Xocalı soyqırımının dünyaya
tanıdılması istiqamətində, həmçinin
Dağlıq Qarabağ münaqişəsinə dair bir
sıra tədbirlər, sərgilər təşkil olunub.
Digər türk ölkələri ilə əməkdaşlıq
sahəsində də müəyyən işlər
görülüb. Azərbaycan-Türkiyə qeyri-hökumət
təşkilatları Forumunun keçirilməsi
ideyasını irəli sürmüşük. Bu Forumu təsis etməklə, digər türk
respublikalarını da quruma cəlb etmək nəzərimizdədi.
Forumun ictimai əlaqələrin vasitəsi ilə
regionda sülhə və sabitliyə töhfə verəcəyini
düşünürük”.
Xarici
donorlara üz tutan QHT-lərə gəlincə isə o, deyib
ki, qanunvericilikdə xarici donorlara əməkdaşlığı
məhdudlaşdıran heç bir müddəa yoxdur:
“Hökumət QHT-lərin xarici partnyorlarla əlaqələrinə
qanunla hər cür şərait yaradıb. QHT
və ictimai birliklərin rəhbərlərinin əsas qayəsi
millətinə, Vətənə xidmət olmalıdır.
Əgər bir QHT rəhbəri xarici donorun
maliyyəsinə görə ölkənin milli maraqlarına zərər
vurursa, deməli, o, xəstə təxəyyüllü bir
insandır. İnsan heç bir maddi
yardıma, qranta öz milli kimliyini, milli dövlətçilik
maraqlarını qurban verməməlidir. Hansısa
yerli təşkilat xarici donorla əməkdaşlıq edərək
ölkəmizdə sosial vəziyyətin
yaxşılaşması, uşaqlarla, ətraf mühitlə,
xəstəliklərlə bağlı məsələlərə
dair layihələr həyata keçirirsə, bunu
alqışlayır, dəstək oluruq. Amma
məqsədli şəkildə Azərbaycanın
fondlarına deyil, xarici donorlara üz tutanların niyyətinin
saf və xoş olmadığı ortaya çıxır.
Niyyətin də xoş olmaması dövlətçiliyə,
milli maraqlara zərbədir.
Xarici
donorla əməkdaşlıq edən QHT onun barəsində
bütün məlumatları bilməlidir: bu donorun maliyyəsi
hardandır, vəsaiti hansı niyyətlə verir və s. Bu əməkdaşlığa
gedən hər bir şəxs milli dövlətçilik
maraqlarına sadiqlik nümayiş etdirməlidir”.
O, əlavə
edib ki, yeni proqramlar üzərində
çalışırlar: “Bunlardan biri ictimai-faydalı təşkilatların
müəyyən edilməsi ilə bağlı konsepsiya sənədinin
hazırlanmasıdır. Bu sənəd imkan verəcək
ki, gələcəkdə QHT-lər arasında bir təsnifatlaşma
aparılsın. Eyni zamanda, biznes
qurumları arasında korporativ sosial məsuliyyət mədəniyyətinin
formalaşması istiqamətində müəyyən işlərə
başlamışıq. Hazırda biznes
qurumlarının QHT sektoruna yardımı heç bir qanunla tənzimlənmir.
Biznes qurumları ilə QHT-lər arasında vətənpərvərliyə
əsaslanan əməkdaşlıq ideyasını təbliğ
etmək fikrindəyik. QHT-lərə
müxtəlif pulsuz xidmətlərin təşkili
reallaşıb, Bakı Təlim-resurs mərkəzində ofis
və texniki imkanı olmayan qurumlar pulsuz xidmətlərdən
istifadə edə bilərlər.
Perspektivdə elektron TV yaratmağı da nəzərdə tutmuşuq. Bu, QHT-lər üçün yeni bir tribuna olacaq. QHT-lərlə dövlət qurumlarının əməkdaşlığını işgüzar münasibətlər səviyyəsinə qaldırmaq üçün sosial sifarişlərdə QHT-lərin iştirakını təmin etmək yönündə araşdırma aparırıq. Dövlətimiz QHT sektoru ilə əməkdaşlıqda olduqca maraqlıdır, vətəndaş təşəbbüskarlığını yüksək qiymətləndirir. Cəmiyyətimiz, dövlətimiz də QHT-lərin faydasını hiss etməlidir”.
Əli
Xalq Cəbhəsi.-
2015.- 18 avqust.- S.13.